Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu

Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu
30 iyun 2026
# 11:50

Kulis.az Baba Vəziroğlunun "Xatirədir" şeirini təqdim edir.

Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...

Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir...

Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...

Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...

Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...

# 170 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər