Kulis.az Mənzər Niyarlının "Sərnişin bileti və baqaj çeki" hekayəsini təqdim edir.
Axşamkı həngamədən – baş ağrılarından, beyin sancmalarından sonra səhərə yaxın gözlərini açdı. Yatıb qaldığını dərk etmədən hövlnak əlinin havasıyla dolabın üstündə saatını axtardı. Tapdı. Hava işıqlansa da otaq qaranlıq idi. Gözlərini qıyıb pəncərədən çölə baxdı, sonra saatı gözünə yaxınlaşdırdısa da, əqrəblərin yerini seçə bilmədi. İndi də eynəyini tapmalıydı. Tənbəllik elədi. Deyəsən, səhərdi axı. Nə pis oldu. Bütün planları pozuldu. Gecə oyansaydı işin birinici fəslini başlayardı. Saata baxmaqdan vaz keçdi. Təzədən başını yastığa atıb gicgahlarını, alnını ovuşdurdu.
Axşam halının qarışmağı yavaş-yavaş yadına düşürdü. Az qalmışdı ki... Ağlına gələn bu qorxunc fikirdən vahimələndi. İndi beynindəki küt ağrılar səngimişdi. Nə başında, nə də ürəyində ağrı-zad hiss eləmirdi. Gicgahları da aramla vururdu. Fikirləşdi ki, yox, deyəsən, mənim evimi yuxusuzluq yıxacaq. Qəribə iş rejimi qurmuşdu özünə. Bu gərgin iş rejiminin cəmi üç, dörd saatını yuxuya ayırmışdı. Yatmaqdan doymasa da mütləq gecənin yarısı ayılıb yazı masasının arxasına keçərdi. Çevrildi. Pəncərədən süzülüb gələn alatoran işıq böyründəcə uzanmış arvadının solğun üzünə zolaq salmışdı. «Bu yazığı da yuxu üzünə həsrət qoymuşam.»
Başında şiddətli ağrılar başlayanda gecə yarısını keçmişdi. Çağırdıqları həkimin iynə-dərmanı, Nazlının ağrıy- an qollarının gücüylə alnını, boynunun ardını ovuşdurmağı sayəsində özünə gəlmişdi. Həkim gedənə yaxın başını bulaya- bulaya xeyli onu danladı.
– Sizə istirahət lazımdır – dedi, - heç olmasa bir ay. Beyin yorğunluğu qansızma vəziyyətinə gətirib çıxara bilər. Özü- nüzdən muğayat olun.
Bu gün görəcəyi işlər yadına düşəndə ürəyi sıxıldı: hansından başlasın? Redaksiya üçün yazacağı gərəksiz məqalə təciliydi, ondan sonra təzə tanış olduğu sifarişçinin dissertasiyasının birinci fəslini (əgər gecənin yarısından başlasaydı) başa çatdırmalıydı, kitabxanadan əldə edəcəyi kitabların, məqalələrin siyahısını tutmaq da bu günün planında idi, müqavilə yolu ilə əməkdaşlıq etdiyi jurnalın xülasələrini alman dilindən rus dilinə çevirməliydi.
Üzünü divara sarı çevirdi. Divara ağ oboy çəkilmişdi, üstündən göy xətlər gedirdi. Oboyu ağ vərəqəyə, göy xətləri isə gecə-gündüz əlindən düşməyən, barmaqlarını qabar eləyən qələminə oxşatdı. Əti çimçəşdi. Özünü ələ alıb təzədən arvadının yatdığı səmtə döndü. Gözlərini bir xeylək alaqaranlıqda ağaran Nazlının solğun üzünə, çılpaq çiyninə, sinəsinə dikdi. Nə vaxt idi ki, axşamlar böyründəcə büzüşüb yatan arvadını görmürdü. Hətta üzünün cizgilərini də, gözlərinin rəngini də unutmuşdu. İşıq zolağı indi də Nazlının sinəsində, boyun-boğazında gəzdi. Çoxdan arzuladığı doğma adamını görürmüş kimi riqqətə gəldi. Bir anın içində gecəli- gündüzlü onu yorub əldən salan baş gicəllənmələrini, beyin yorğunluqlarını unutdu. Əlini Nazlının üzündə, dodaqlarında gəzdirdi. Sonra yavaşca arvadını səslədi. Nazlı ayıldısa, yarıyuxulu halda key-key ərinə baxdı. Sonra tamam ayıldı, təşvişlə başını qaldırıb ərinə sarı boylandı.
– Yenə də?
– Nə yenə?
Nazlı ərinin səsindəki gümrahlığı o saat tutdu. – Ürəyim düşdü. Elə bildim ağrıların təzədən başlayıb.
– Nəkarədi başlasın, - qollarını açıb Nazlını özünə tərəf çəkdi, sinəsinə sıxdı.
– Yavaş… Sür-sümüyümü sındırdın. Axşam yaman bizi qorxutdun. Uşaqlar əsim-əsim əsirdilər. Lətişin rəngi kağız kimi ağarmışdı.
– Lətişə qurban olum.
– Bə Səbişi demirsən?
– Səbişin qadasın alım.
Muradın kefi kök idi. İsti qadın bədəninin hərarəti canına yağ kimi yayılırdı. Dünən axşamki vəziyyətilə indiki halında yerlə göy arasında fərq vardı. Dünən beyin sancmaları ikinci dəfəydi tutmuşdu. İlk dəfə tutanda o qədər də əhəmiyyət verməmişdi, tez keçib getmişdi. Bəlkə, srağa gün özünü möhkəm yormuş, günü gərginlik içində keçmişdi?
Ona görə. Yox… Onsuz da onun hər günü gərgin gün sayılır. Gündə on dörd, on beş saat zehni iş onun əhdini kəsirdi. Dünən səhərdən kitab- xanada başını qaldırmadan yazıb-pozmuşdu. Günorta naha- rında da oradan çıxmamışdı, əlavə kitablar alıb qeydlər aparmış, axşamüstü redaksiyaya gedəndə yadına düşmüşdü ki,
Nazlıyla görüşüb bazara getməlidir. Birisi gün böyük qızı Lətifənin ad günü idi. Yolüstü avtomatdan zəng eləmişdi. Nazlı götürmüşdü dəstəyi və bazarın qabağında görüşmüşdülər. Nazlının şey-şüy almaqdan başı çıxsa da ət, balıq almaqda naşı idi. Özünün ətçisi vardı Muradın. Təxminən iki il idi pulsuzluğun daşını atandan tanış olmuşdu və nədənsə ət satanın quşu qonmuşdu bu gənc alimə, qoyunun, malın ən yaxşı yerin- dən kəsib qoyurdu tərəziyə. O günü hələ toyuq da alınmalıydı. İstəyirdilər Lətifənin ad gününü yaxşı keçirtsinlər.
Çoxdandı əlaqələrini üzdükləri yaxın qohumları, dostları onlara gəlmək üçün fürsət axtarırdı. Balaca qızları Səbinə keçən ildən məktə- bə gedirdi, onu da təbrik etmək istəyirdilər. Ər-arvad əllərinə düşəni alırdılar ki, süfrələrində hər şey olsun. Nazlı ən çox da qızlarının xoşladığı xörəkləri, tortu bişirəcəkdi. Alınası ərzaq- lar tələm-tələsik alındı. Ət də aldılar: dolmalıq, xuruşluq, mer- meyvə də. Göy-göyərtini, xırda-xuruş şeyləri səhərə saxladılar. Evlərinin yanından da almaq olardı. Nazlıya ürəyi yansa da iki dolu zənbili onun ümidinə qoyub redaksiyaya qaçdı. Na- zlının tapşırığı ilə yolüstü bir-iki qutabla gözünün qurdunu öldürdü. Redaksiyada axşam ona kimi işləməli, qəzetin birinci səhifəsini hazırlamalıydı. Saat on birdə evdə olacaqdı. Hələ redaksiyada olarkən özünü pis hiss eləyirdi. Başının ağrıları elə oradaca başladı. Redaksiyadan çıxanda yaxşı ki, yolda tanışına rast gəldi. Tanışı maşınıyla Muradı evinə gətirdi. Başının ağrıları tez-tez tutduğu üçün «İndi keçər» fikirləşdi, ancaq beyin sancmalarının ardı-arası kəsmirdi. Başını uşaqları ilə qatmaq istədi, gicgahlarını, boynunun ardını ovuşdura- ovuşdura kiçiyini qucağında otuzdurdu. Lətifə də gəlib atası- nın böyürünə qısıldı. Səbinə ağrıdan üz-gözünü qırışdıran atasının yanağını sığallaya-sığıllaya təəccüblə soruşdu.
– Ata, sənə nə olub? De də, ata, de... Lətiş dörd alıb, ona görə başın ağrıyır? Murad can dərdi, gülümsədi.
– Hə, qızım, əlbət, dördə görə ağrıyır. Dörd yox, beş almaq lazımdır.
– Beş alsaydı, başın ağrımazdı?
– Ağrımazdı, yəqin ki, ağrımazdı.
– Heç gör mənim dördüm var? Mən ağıllı qızam, hə?
Lətifə incik-incik bacısına baxdı. – Sən də almışdın da dörd.
– Nə vaxt?
Murad qızlarının ikisini də sinəsinə sıxdı: - İkiniz də mənim ağıllı balamsınız. Lətiş söz verib ki, əlaçı olacaq. – Üzünü Na- zlıya tutdu. – Lətişə gərək ingilis müəllimi tutaq. Sonra çətin olacaq qıza.
– Qonşuluqda tapa bilsəydik müəllimi... – Nazlı dedi, - yolu yaxın olardı, uzağa getməzdi.
– Ata, mənim ad günüm dördündədir də... Düz demirəm?
Bunu da Lətifə soruşdu.
– Sabah yox, o biri gün. Kim tapar, atası Lətişə ad günündə nə alacaq? Səbinə Muradın çənəsindən yapışdı. – Bəs mənə? Bəs mən qaldım ki, ata?
Murad kiçik qızının könlünü almağa çalışdı:
– Sən niyə qalırsan, quzum. Sənə də ad günün olanda nə is- təsən alacağam. Ürəyin nə istəsə...
– Düzünü deyirsən, ata? Alacaqsan?
– Əlbəttə, quzum, əlbəttə, alacağam.
– Bax, ata. – Səbinə sevinə-sevinə böyük bacısına baxdı. –
Sən Lətişə bir şey alsan, mən ağlamayacağam ki...
Başının ağrıları güclənsə də Muradı gülmək tutdu: - Pis qız- lar ağlayar, - dedi.
– Mən pis qız deyiləm ki, ata, düzdür?
– Ay şeytan, kim deyir ki, pis qızsan, sən mənim çiçək ba- lamsan. Sən də, Lətiş bala da. – Qızların ikisi də atalarının boynuna sarıldılar.
– Yaxşı, heç demədiniz axı, atası Lətişə nə alacaq? – Aldığı hədiyyəni əvvəlcə göstərmək istəmirdi. Ad günündə böyük qı- zına sürpriz edəcəkdi.
Qızları maraq bürüdü. Ayıdan tutmuş, şirə, saata, ayaqqabıya kimi sadaladılar, ancaq atalarının alacağı hədiyyəni tapa bilmədilər. Bu yaxınlarda yazdığı kurs işinə görə yetmiş minə yaxın pul vermişdilər ona. Həmin pulu qızının hədiyyəsinə xərcləmişdi.
Nazlının dəmlədiyi tünd çay da başının ağrısını kəsmədi.
Küt, kəskin ağrılar isə daha da artırdı.
Fikirləşdi ki, deyəsən, axı çox işləyir. Heç əvvəllər bu qədər yorulmurdu. Ona nolub? Dəli olmasa yaxşıdır. İşin biri qurtarmamış, o biri başlayırdı. Sifarişçilər növbəyə durmuşdular. Redaksiya, tərcümə işləri də onu əldən salıb. Boş, mənasız şeylərdən nə qədər yazmaq olar? Bilmirdi neçə yerə bölünsün. Ehtiyac, pulsuzluq gözünü necə qorxutmuşdusa, ona tapşırılan sifarişləri, haqqı qəpik-quruş olsa da, qəbul edirdi. İndi, Allaha şükür, dolanışığın yönünü tapıb. Uşaqları ətə-qana gəliblər. Nazlının da ürəkkeçmələri axır-vaxtlar seyrəlib. Şükür, işlər yaxşı gedir. Bircə öz həqiqi iş yerinə vaxt eləyib gedə bilmir.
Yüz iyirmi min məvacibi olan (əvvəllər bundan da az idi) instituta təyinatla göndərilmişdi. Üniversiteti qurtaran kimi. Yaxşı oxuduğu üçün elə oradaca saxlamaq istədilər. Özü qalmadı. Onunla oxuyan məzunların çoxu rayonlara, ucqar kəndlərə düşdü. Muradsa işləyə-işləyə mövzu götürdü, institu- tun dissertantı oldu və iki il çəkmədi ki, müdafiə də elədi. Bacarıqlı, istedadlı alim sayılırdı. Çox vaxt müzakirələrdə, müdafiələrdə onun fikriylə hesablaşırdılar.
İndi isə... Gör, neçə ay idi şöbə müdiri Səbuhi müəllimin tapşırdığı plan işini yazıb verə bilmir. Heç işə gedirdi ki, plan işi barədə də fikirləşəydi? Maaş günü institutun gözəl-göyçək katibəsi Muradı telefonla axtarırdı. Bir neçə telefon nömrələ- rini yığa-yığa axır ki, Murad Mərdanovu tapardı. Nədənsə katibə qız işçilərə familiyası ilə müraciət edərdi:
- Mərdanov, axır ki, tapa bildim sizi. Məvacib verirlər. Gəlin alın. Vallah, kassirşa Tubu xala sizin əlinizdən zəncir çeynəyir. Deyir tabeli bağlamalıyam. Qolunuzu çəkməlisiniz axı o tabelə.
– Murad xəcalətindən tər tökə-tökə o biri işlərindən bir saatlıq vaxt ayırıb instituta gedər, xəlvəti özünü xəzinədarın otağına salardı ki, onu heç kəs görməsin. İşdə az-az göründüyü üçün ordan aldığı pula görə xəcalət hissi keçirərdi. Hərçənd ki, institutun verdiyi pul ona çörək pulusunu da ödəmir. Çox vaxt qapının ağzında növbə tutub yarım aylıq məvaciblərinin verilməsini səbirsizliklə gözləyən həmkarlarını görəndə ürəyindən qara qanlar axardı. O da iki il bundan əvvəl maaş gününü intizarla gözləyərdi. Hər gün işə gedərdi. Pulun verilmə vaxtı kecikdiri- ləndə hirslənərdi, əsəbiləşərdi, başqaları kimi çox vaxt da hir- sini xəzinədarın üstünə tökərdi. Onda maaşı paylayan Tubu xala yox, Səyyarə adlı cavan qız idi. İndi hardasa özəl şirkətlərin birində işləyir:
- Aa... – deyərdi, - mən neyləyim? Səyyarə danışanda sözün axırını uzadardı: - Özümü... pul eləməyəcəyəm ki, yoxdu da, pul yoxdu... bildin, qardaş, yoxdu. Hökumət yazıq neyləsin. Xəzinədə, deyilənə görə, bircə qəpik də yoxdu. İstəyirlər xaricdən kreditə pul alsınlar...
Qoy, indi nə qədər istəyirlər alsınlar kredit. Bunların ona dəxli yoxdur. Səbuhi müəllimi isə tez-tez yadına salırdı. Ona görə yox ki, onun şöbəsinin işçisiydi və ondan asılıydı. İş bu- rasındaydı ki, Murad Səbuhi müəllimi çox istəyirdi. Çox istə- diyindən də bu dünyanın əyri işlərindən xəbərsiz, savadlı, ömrünü elmin yolunda çürüdən düznəqulu professorla hərdən qiyabi söhbətləri də olurdu. Avtobusda getdiyi vaxt və yaxud gecə yatdığı yerdə Səbuhi müəllim gəlib dururdu gözünün qa- bağında və onunla bir dost kimi, yaxın həmdəm kimi xəyalən söhbət edərdi.
– Niyə görünmürsən, Murad? Niyə qələmini yerə qoymusan? Olmuya ruh düşkünlüyü yaranıb səndə? Niyə əlin-qolun soyuyub?
– Nə bilirsən yazmıram, Səbuhi müəllim. Yazıram. Əvvəl- kindən də çox yazıram.
– Bəs hanı?
– Hanı? Məsələ burasındadır ki, özüm də bilmirəm hanı? – Və sonra o qədər dəlil-sübutla özünü təmizə çıxarmağa çalışır- dı ki, az qalırdı durub gedə professorun yanına, gecənin yarısı da olsa durğuzub deyə ki, müəllim, mən sizi çox istəyirəm, lap çox, ancaq başa düşün, mən sizin kimi yaşaya bilmədim. Bacarmadım. Əgər mən ailəmi bu elm ocağından aldığım maaşın ümidinə qoysaydım, çoxdan heç olub gedəcəkdim. İn- di qəbiristanlıqda özüm qarışıq balalarımın, arvadımın sümükləri çürümüşdü. Orasını da hələ bilmirəm ki, dörd qəbir- lik yerin haqqını ödəməyi kim öhdəsinə götürəcəkdi. Biz yaşayırdıq, Səbuhi müəllim, ölmürdük və sağ qalmağımıza görə bizə heykəl qoyulmalı idi, bizə qəhrəman adı verilməliydi. İnanmırsınız? İndi oturaq hesablayaq görək aylıq gəlirim nə qədərdi və bu gəlir bir aylıq bizim yaşayışımızı təmin edirdi- mi? Yüz iyirmi min mənim məvacibim, üstə gəl arvadımın al- dığı altmış min. Elədi yüz səksən min. Yüz səksən minin altmış minini ikimizin yol pulumuza çıxıram. Uşaqlarımın məktəbi yaxındı. Piyada gedib-gəlirlər dərsə. Qaldı bizim dolanmağımız üçün yüz iyirmi min, yəni on iki şirvan. Bir ay ərzində gəl dolan görüm, necə dolanırsan o on iki şirvanla. Gündə bir-iki çörək alıram. Çörəyə verdiyim pulun qədəri elədi iki min. İki mini vur otuz günə. Nə qədər elədi? Nə qədər? Altmış min. Bəs bunun ev pulusu, su pulusu, qaz pulusu, işıq pulusu. Çayını, qəndini hələm nəzərdə tutmuram. Ayın, Səbuhi müəl- lim, gərək bu başından o başına ailəliklə oruc tutaq ki, borca qaçmayaq, dilənməyək. Hələ əyin-başı demirəm. Bilirəm, sizin üçün də çətindi. İndiyə kimi bir şöbədə işləyən xanımınıza yönlü bir palto da almamısınız. Nimdaş plaşında gəzir. Özünüzün əyin-başınız da tökülür. On beş ildi bir kostyumun için- dəsiniz. Niyə elə baxırsınız mənə, Səbuhi müəllim? Yaxşı, yaxşı, mən, vallah, geyinbaz deyiləm. Ağlamayana, məsəl var deyərlər, pəpə verən olmaz. Sizsə öz aləminizə qapılıb qalmısı- nız. Başınızı qaldırın, ətrafınıza bir nəzər salın. Görün, necə qapa-qapdı bu dünya. Vəzifə üçün, ev üçün, pul üçün xaricə getmək üçün dəridən-qabıqdan çıxırlar, əgər lazım gəlsə yal- taqlığı da, tərifləməyi də, sözükeçən adamların saqqalının altından keçməyi də bacarırlar. Qapılar onların üzünə həmişə açıq olub. O qapılardan biri, Səbuhi müəllim, sizin üzünüzə niyə açılmır? Elə götürək tez-tez xaricə gedən nümayəndə hey- ətini, o heyətin birinə sizi sala bilməzlərmi? Axı institutun iki- üç əsl alimi varsa, onun da biri sizsiniz. Axı siz, dünyanın ən gözəl şəhərlərini demirəm, ömrünüz boyu arzulamısınız ki, Təbrizi görəsiniz, Şəhriyarın qəbrini ziyarət edəsiniz. Sizdən soruşuram, bir şöbə müdiri kimi, o müşavirələrdə, konfranslara, yığnaqlara gedənlərin siyahısında sizin niyə adınız görünmür? Sizin bir xasiyyətinizi də deyim: dərdinizi heç kəslə bölüşdürmək fikrində deyilsiniz. Ancaq yerin də qulağı var və eşitdiyimə görə dolana bilmədiyiniz üçün bu yaxınlarda üço- taqlı mənzilinizi iki otağa dəyişmisiniz. Böyük külfətinizi də yığmısınız o balaca quş damına. Evin üstündə aldığınız pulu da ömürdən gedən vaxt kimi, gün kimi, ay kimi qırıq-qırıq xərcləyirsiniz. Əlinizdəki o evin parası qurtaranda nə edəcək- siniz, Səbuhi müəllim? O biri müdirlər kimi (hamısı üçün babal yuya bilmərəm) cavan aspirantları, istedadlı dissertantları süründürün, gecikdirin işlərini, qol qoymayın yazdıqlarına, çoxlu-çoxlu əmmalar tapın.
Onlar da təşvişə düşüb ev ünvanını öyrənsinlər, sizə görüm-baxım eləsinlər. O zaman geyiminiz- keçiminiz də adam içərisinə çıxarılası olar, onda yuxarıların da yadına düşərsiniz, konfranslara, müşavirələrə gedənlərin siyahısında sizin də adınız görünər, ürəyinizin nisgilli yeri Təb- rizdə də olarsınız, ay mənim adamayovuşmaz müdirim. Axı hardan biləsiniz ki, mən sizi nəyə görə çox istəyirəm? Yadınız- dadır, bir neçə il bundan əvvəl bizim istedadlı akademikimiz Mirdamədovun şok vəziyyətdə xəstəxanaya düşməyi? Siz aka- demikin ağır vəziyyətini eşidəndə ağladınız və bilirdim ki, sizin heç vaxt göz yaşlarınızı görməyiblər: təsadüfən gəlib üstünə çıxdım. Özünüzü ələ alıb dediniz ki, Mirdamədovun ölümü Azərbaycan elmi üçün böyük faciə ola bilərdi, şükür, hər şey yaxşı oldu. Nə olsun ki, dediniz. Ona dəyməyə kimlər getmə- mişdi, bircə sizdən başqa. Axı o sizə lazım idi. Bu o vaxt idi ki, bir neçə alimin akademiyanın müxbir üzvlüyünə namizədlik uğrunda mübarizəsi gedirdi və Mirdamədovun imzası sizin taleyinizi həll edə bilərdi. Xəstəxananın qapısında növbəyə dayananlar çox idi. Kimsə sizi başa salmağa çalışırdı ki, onun yanına getməyin lazımdır. – Mənə ehtiyacı olsaydı gedərdim, - dediniz. Və heç kəs də sizə inanmasa, sizin səmimiliyinizə mən inanırdım. Ona görə ki, sizin buna oxşar qəribəliklərinizi çox görmüşdüm və onu da gördüm ki, həmin vaxtlarda heç kimin yadına düşməyən, ömrünün son günlərini yaşayan şəhid atası təqaüdçü alimin qapısını sizdən başqa açan olmadı. Akade- miyanın müxbir üzvlüyünə isə sizi yox, o yerə layiq olmayanı seçdilər. İndi mən sizin gözünüzə necə görünüm, Səbuhi müəl- lim? Necə deyim ki, vaxtımı, ömrümü nəyə sərf edirəm? Ancaq mənə elə gəlir ki, sizə hər şeyi danışsam məni başa düşərsiniz və qınamazsınız.
Qiyabi (gerçəkdən yox ha, Allah eləməsin, aralarında pərdə vardı) Səbuhi müəllimlə xeylaq danışıb ürəyini boşaldandan sonra Muradın plan işi yadına düşürdü və fikirləşirdi ki, işi yazıb mütləq verməlidir. Ancaq pulsuzluq, ailə qayğıları öz tay-tuşları kimi onun da əlini işdən soyutmuşdu. Dərd çəkə- çəkə yaşından əvvəl qocalırdı və belə vaxtların birində Fazilə rast gəldi. Allah bu Fazili onun üçün hardan yetirdi, özü də baş aça bilmirdi. Fazillə universitetdə bir oxumuşdular. Mək- təbi qurtarandan sonra bir dəfə də olsun rastlaşmamışdılar.
Görüşdülər, öpüşdülər. O vaxtlar Muradın qanının qara vaxtlarıydı. Səhər tezdən evdən çıxırdı, özünə iş axtara-axtara bir də axşam dönürdü evə. Bir neçə xarici firmalara dəymişdisə (fikirləşirdi ki, onlara tərcüməçilik eləyər) – Boş yerimiz yox- dur – deyirdilər. Alman dilini ana dili kimi bilirdi. Şirkətlər qəzetlərə elan verib, tərcüməçi istəyirdilər. Murad da elə bu elanlara şirnikmişdi. Elanlardakı şərtlərə o qədər də fikir ver- mirdi. Axı onların nəyinə lazımdı: tərcüməçi qız olsun, özü də iyirmi beş yaşından yuxarı olmamaq şərtiylə.
Muradın indiki kimi yadındaydı. O günü cibində nəinki papiros, heç çörək almağa da pulu yox idi. Fazil arvad- uşağıyla (hamısı da geyimli-keçimli) Sahil parkında gəzişirdi- lər. Maşınını kənarda saxlamışdı. Görünür, təmiz hava almaq üçün indi də başmaq seyrinə çıxmışdılar. Fazilin danışığından məlum oldu ki, ev dəllallığı eləyir. Əvvəllər tələbə vaxtı da di- ribaş idi. Diribaş olsa da siyasi məsələlərdən, partiyalardan uzaq gəzərdi. Heç vaxt qəzet oxumazdı. Köşklərdən ancaq səhifələrində televiziya proqramı, elanlar olan qəzet alardı. Vəssalam.
Fazil tələbə yoldaşının əyin-başından hiss elədi ki, bilik dağarcığı Muradın dolanışığı fırıqdı. Tələbə yoldaşının cibləri süzülmüş boz gödəkcəsini, dabanlarının bir neçə yerindən ya- maq vurulmuş ayaqqabılarını bir də nəzərdən keçirtdi, sonra əllərini xəz paltosunun cibinə saldı, ətəyini yellədə-yellədə, o tərəf, bu tərəfə gərdiş edə-edə öz iş-gücündən danışdı və qəfil- dən keçdi Muradın işinə.
– Görürəm, - dedi, - vəziyyətin o qədər də qənaətbəxş deyil.
– İnstitut illərində bir-birlərinə «qənaətbəxş» sözünü tez-tez işlədən bir müəllimi yamsılamaq xətrinə deyərdilər. Murad gülümsədi.
– Çıx institutdan... Qəpik-quruşdan ötrü özünü buxovlama ora... Sən mənə qulaq as... Mənim yaxşı təklifim var.
Murad Fazilin sözlərinə şirniksə də:
– Yox, ordan çıxmaram, - dedi. – Ömrümün ən yaxşı illəri o institutla bağlıdır. Ancaq Fazilin ona nə təklif edəcəyini də intizarla gözlədi.
– Kəllən doludur sənin, Murad. İncimə ha, amma ondan is- tifadə etməyi bacarmırsan.
– Neyləməliyəm ki?.. – Murad qeyri-ixtiyari əlini başına çəkdi. Elə bil özü də kəlləsinin dolu olub-olmadığını yoxlamaq istəyirdi. – Sənə sifarişçi tapmaq mənim boynuma. Bircə sən razılıq ver. Nə qədər dost-tanış var. Biznesmendən tutmuş və- zifəli şəxslərə kimi. Onları demirəm ey... uşaqlarını deyirəm. Çoxu da qız uşaqları. İndi dəbdədir, axı, böyüklərin balaları müdafiə etsinlər. Elmlər namizədi, elmlər doktoru. Məsələn, filankəsin oğlu filan sahə üzrə elmlər doktorudur. Pəh, pəh... Halal olsun. Neçə aspirant, dissertant tanıyıram əllərində mövzu sənin kimi kəlləli adam axtarırlar. Eləsi də var qabağa çəkilmək istəyir. Dekan, kafedra müdiri və ya yuxarılarda yaxşı bir vəzifə... Bir neçə dəfə pula şirnikib özüm istəmişəm girişəm, ancaq elə birinci cümlədən başa düşmüşəm ki, mən girən kol deyil. Əlim soyuyub.
Murad əvvəlcə Fazilin təklifindən çaş-baş qaldı, qulaqlarına inanmadı. Bu nə deyir? Deməli başqalarının əvəzinə o yazmalıdır? Deməli, o öz fikirlərini, sözlərini kiməsə satmalı- dır. Murad görmüşdü ki, əşya satarlar, ev satarlar, pal-paltar satarlar. Ancaq sözü-fikri satmaq... Murad Fazilə qulaq asır- dısa, ancaq daxilən özü-özüylə üsyan edirdi. Fazil Muraddan telefon nömrəsini istəyirdi. Murad əlini pencəyinin ciblərinə salıb qələmini axtara-axtara pörtmüş halda nəsə mızıldanırdı. Fazilin çaş-baş qalan tələbə yoldaşını gözləməyə hövsələsi çatmadı, cəld döş cibindən ucu qızıl suyuna çəkilmiş qələmini çıxardıb Muradın dediyi nömrəni cib dəftərçəsinə yazdı və telefon nömrəsindən təxmin etdi ki, Muradın evi şəhərin ucqa- rında, hardasa yeddinci mikrorayon tərəfdədir. – Sən arxayın ol. Bir həftəyə zəng edəcəyəm sənə. «Hə, yox»un deyərsən, şəhərdə görüşərik.
Fazilin təklifindən sonra bir neçə gün tərəddüd etdi. Ona qəribə gələn bu təklifə alışana qədər iş axtarmağını davam elətdirdi. Fikirləşirdi ki, tərcüməçiliyin yaşa nə dəxli var. Bəlkə ağlını müsabiqədən keçirdə bildi. İyirmi, iyrmi beş yaşlı qızların yerinə, bəlkə, onu lazım bildilər. Axı alman dilini öz ana dili kimi bilirdi. Firmaların, özəl ocaqların qapılarını açırdı. Əvvəllər utana-utana açırdısa, buna da alışdı. O ney- nirdi ki? Oğurluq eləmirdi, dilənçilik eləmirdi, iş istəyirdi, ancaq iş. Almanların açdıqları şirkətlərin birində: - Əlaqə saxla, - demişdilər. – Direktor yoxdur, qəbul işinə ancaq o baxır. – Bu idarədən ümidin üzməmişdi. Hər gün gedib-gəlirdi, qoltuğunda da Nazlının düzəltdiyi pendir-çörək, nadir hallarda kolbasa buterbrodu. Direktorsa iynə olub yerə batmışdı. Bəzən də Fontamaz kimi burdan vurub, ordan çıxırdı. «Almanlar dəqiq millətdirlər, niyə mənə konkret heç nə demirlər?» fikirləşirdi. Sonra onu da fikirindən keçirtdi ki, təqsir onlarda deyil. Əgər neçə ildi ki, burda yaşayırlarsa və buranın suyunu içirlərsə, elə belə də olmalıdır. Ona deyəndə ki, direktor, bəlkə axşam tərəfi gəldi, onda çox vaxt evə qayıtmırdı. Binanın qabağında sütunların birinə söykənib vaxtın keçməsini gözləyir- di. Həyətdə sıra ilə düzülmüş xarici markalı maşınları yuyan Oktayla o həmin direktoru gözlədiyi vaxtların birində tanış oldu. Əvvəllər gözləri içməkdən qızarmış hündürboy, sarıbə- niz adama fikir verməzdi. Sonra bekarçılıqdan onun maşın yumağına tamaşa eləyərdi. Üzdən ziyalıya oxşayırdı. Binaya tərəf kiminsə yaxınlaşdığını görəndə utandığından çömbəlib yuduğu maşının arxasında gizlənirdi. Murada qəribə gəlirdi onun gizlənməyi. Kişinin otuz beş, qırx yaşı olardı. Binanın böyründəcə anbara oxşayan yarımçıq tikilinin bir tərəfini özü- nə köşk eləmişdi. Soyuqda isinmək və yaş əllərini qızdırmaq üçün özünü köşkünə verirdi. Kişi uzun get-gəldən sonra Mu- radın diqqətini cəlb elədi. O da, deyəsən, Muradın buralarda vurnuxmağını maşın yuya-yuya gözaltı görmüşdü. Bir dəfə əlindəki yaş əskisini sıxa-sıxa:
– Müəllim, deyəsən, bir şey alınmır axı, - demişdi. – Bir dəfə də Muradın qəbuluna düşmək istədiyi direktordan söz sal- mış, bir həftəlik Almaniyaya getdiyini xəbər vermişdi, sonra onu qızınmaq üçün köşkünə dəvət eləmişdi. Murad şirkətdə işləyənlərin müqəvva kimi duruşlarını, donuq, etinasız baxış- larını görməkdənsə, Oktayın köşkündə oturmağı üstün tut- muşdu və beləcə tanış olmuşdu Oktayla. O da Oktaya söhbət arası: - Baxıram sizə, vallah, heç maşın yumaq sizə yaraşmır, - demişdi, ancaq kişinin üzünün səyirdiyini görüb hiss etmişdi ki, onun yaralı yerinə toxunur. Deməyinə də peşman olmuş- du. Bir dəfə də məsləhət görmüşdü ki, az içsin, belə getsə çox çəkməz içalatın çürüyər. – Oktayın gözləri yol çəkmişdi:
– Elə bilirsən, kefimdən içirəm. Desəm ki, on beş il mühəndis işləmişəm, inanmazsan. İnstitut diplomunu bilmirəm hara atmışam. Gördüyün o maşınları da yumasam, gərək o günü evə getməyəm, uşaqlarımın gözünə görünməyəm.
Onda Murad oturmuşdu Oktayın köşkündə və Nazlı səliqə - səhmanla salafan torbaya bükdüyü buterbrodu da atamalı kimi yarı bölüb qoymuşdu qəzet parçasının üstünə. Köşk münasib yer idi onun üçün. Burada dərdi yüngülləşirdi. O günü Oktay içməyinin səbəbini danışdı Murada. Onda Murad Oktayın gözlərinin içinə diqqətlə baxmışdı. Aman Allah, bu gözlərdə nə qədər qüssə, kədər var idi. Hələ içməmişdi Oktay, ayıq idi. İçəndən sonra gözlərindəki qızartı kədərin üstünü örtürdü. Oktay keflənəndən sonra ürəyini Murada açdı. Mə- lum oldu ki, bir komada arvadından ayrı yaşayır. Özündən də artıq istəyirmiş onu: - Ordan-burdan az-çox tapıb dolanırdıq,
- dedi.
Sonra köksünü ötürdü. – Zavod ki, bağlandı, qaldım işsiz. Günüm iş axtarmaqla keçirdi, sənin kimi. Hər gün ax- şam əliboş gedirdim evə. Bir gün, iki gün, axır arvad başladı həyasızlıq eləməyə. Mənimlə şərt bağladı ki, evə pul gətirməsən gəlmə. Üç uşaq üçü də yemək istəyirdi, paltar istəyirdi. Eh, qardaş, arvadı gərək çətin gündə sınayasan. Heç kimdən soru- şub eləməmiş getdi girdi işə. Bilmədim işi nə təhər tapdı, kim düzəltdi onu. Nolar, o qədər qadınlarımız işləyir dükanlarda, komisyonlarda. Bu yox, bu başqa cürə işlədi. İşlədiyi bir ayın içərisində geyimini, ədasını dəyişdi. Başladı səfeyləməyə. İşdən sonra ilim-ilim itirdi. Evə gecə yarısı gəlib çıxırdı. Hər gün da- va-mərəkə düşürdü evə, axırda bir bəhanəylə özünü təmizə çı- xarırdı. Bir dəfə güddüm onu. Gördüm işdən sonra komisyon dükanın qapısını qıfıllayıb müdirin maşınına oturdu. Harasa çıxıb getdilər. Axır ki, başa düşdüm, bu həna o hənadan deyil. İstədim izləyəm maşını, ikisini də tapıb öldürəm. Əlimi mun- dar qana bulamaq istəmədim. Tüpürdüm ev-eşiyə, uşaqlara. Papağımı götürüb çıxdım evdən. Bir-iki il yataqxanada, orda- burda qaldım. Bir başı dolandırmağa nə var ki... Əlimə pul düşəndə içirdim... Yaman içirdim. Keflənəndə əlim dinc dur- murdu. Zəng edirdim evə. Uşaqlarımla danışırdım, tək olanda gedib baş çəkirdim onlara. Bir dəfə payız aylarının birində ha- zırlaşırdım ki, Rusiyətə gedəm. Qızlarımdan biri dedi ki, anam day işləmir, elə evdə olur. Bir dəfə də dedilər ki, anamız xəstə-
dir, hər gün həkimə gedir. Sən demə komisyon bağlanıb, mü- dir də görüb ki, bankrota düşüb, arvad-uşağını götürüb hansı cəhənnəməsə gedib. Bu da, üzr istəyirəm, bizim ləçər ikitərəfli sətəlcəm olub, canının hayındadır. Getdim Rusiyətə, qazanc dalınca. Bir-iki ay hərləndim xaxolların içində. Dedim bəlkə, ev-zad tikdirən ola. Ordan da bir şey çıxmadı. Yarı canım da uşaqların yanında. Qayıtdım. – Oktayın qırmızımtıl gözləri yaşarmışdı. – Birbaş evimə getdim. Uşaqlarımı tanıya bilmə- dim. Bir dəri, bir sümük qalmışdılar. Hərəsinin yalan olmasın, nəlbəki boyda gözləri... Mənə sarmaşıb ağladılar, getmə, ata, - dedilər, - bizi atma. Çörək al bizə. – Ürəyimin başı göynədi. Axı bu körpələrin təqsiri nə idi? Niyə mən uşaqlarımın üzünə həsrət qalım. Eh, müəllim, indi evin bir gözündə mən qalıram, bir gözündə də o. Ona aid olan nə varsa evdən çıxartmışam. Toy şəkillərimizi, uşaqlarla birgə çəkdirdiyimiz şəkilləri, onun mənə ad günündə aldığı hədiyyələri, köynəkləri cırıb tullamı- şam. Burdan, Allah bərəkət versin, bu maşınlardan qazan- dığımnan da axşamlar bazarlıq eləyib aparıram evə. Arvadı- mın, üzr istəyirəm, o bədbəxtin üzünü (bu qaradinməz adamı içki danışdırırdı), demək olar ki, görmürəm. Bəlkə də gözümə görünməkdən çəkinir, yox, heç özüm də onu görmək istəmi- rəm. Nə danışır, nə dinir, elə susur. Evin bir küncünə çəkilib oturur. Ancaq səsini eşidirəm. Gecələr səhərəcən öskürür elə... Bu vaxt köşkün qapısı açıldı. İdarənin işçisiydi (Murad onu binanın həyətində hərlənib təsərrüfat işlərinə nəzarət eləyən görərdi). Oktaya tərs-tərs baxıb üstünə çımxırdı.
– Burda oturub nə zəvzəkləyirsən, alə? Maşının ikisi qalıb.
Onları yuyacaqsan, ya yox?
Oktay kişinin sərt baxışları altında ayağa qalxdı. Uşaq kimi sıxıla-sıxıla gödəkcəsini tapıb əyninə keçirtdi. Bəlkə də kişinin ağır sözlərini tək olsaydı udardı. Ancaq Muradın yanında səsi titrəyə-titrəyə, yavaşca: - Ağzını təmiz saxla, Qasım, - deyə mızıldandı. Elə dedi ki, kişi eşitmədi, sonra Muradla xudaha- fizləşmədən ayaqları dolaşa-dolaşa Qasımın ardınca getdi.
O günü Murad direktorun yolunu gözləməkdən vaz keçdi. Oktayın köşkündən çıxıb birbaş evə gəldi və gecəni dirigözlü açdı. Səhər isə Fazilə zəng vurdu. Fazil bir-iki gün keçmədi, onu bir dissertantla tanış elədi. Qırmızıyanaq oğlan idi, hardasa imkanlı yerdə işləyirdi. Namizədliyini müdafiə edəcəkdi. Pulun qədərini Fazil təyin elədi. Özünə və bilik dağarcığı dos- tuna çatılacaq pul iş hazır olandan sonra veriləcəkdi. Pulun qədərini eşidəndə Muradın niqti tutuldu. Gözdən tük qapan Fazil hiss etdi ki, onun nəzərində qəpik-quruş olan pul Mura- da çox görünür. Razılıqla gülümsədi. Muradın ömründə bu qədər pulu olmamışdı. Tezcənə razılaşdı. Özü də haqqını dol- larla alacaqdı. Göy əskinazların üzünü ilk dəfə yazıb hazırla- dığı dissertasiyanı həmin o qırmızıyanaq oğlana verəndə gördü. O günü küçədə cibində dollarlar havalı kimi gəzirdi. Xeylək gəzdi və sonra ayaqları onu istər-istəməz bazar tərəfə sürüklədi. Bazara getməyib, hara gedəcəkdi ki?.. Soyuducu bomboş idi. Çoxdan idi uşaqlarının dilinə ət xörəyi, meyvə dəymirdi. Ət çəkdirdi, toyuq aldı. Balaca qızı toyuq şorbası xoşluyurdu. Mer-meyvə, qənd-çay aldı. Dörd dənə də banan çəkdirdi. O günü evində bayram idi. Qızları meyvənin birini götürüb, o birini qoyurdular. Beş il idi şəhər bazarlarına ayaq açan bananı ilk dəfə gördükləri üçün ona yaxın durmadılar. Nazlının da üz-gözü gülürdü. O yazığın üzünün gülməyən vax- tını görmüşdü ki? Onu gecə-gündüz uşaq kimi dilə tutub bəd- binləşməyə qoymayan, pulsuz vaxtlarında bir-iki para qızılla- rını satmaq istəyən və həmin sarıların çox qiymətli olduğunu (əslində elə bir pula getməyən) israrla ərini inandırmağa çalı- şan arvadı deyildimi?.. Nazlı: - Axı, nəyin fikrini edirsən ey? – deyirdi. – Hamı necə, biz də elə. Kim firavan yaşayır ki, biz də yaşayaq? Çörəyimiz ki, var... Bu üzüyü görürsən? Barmağıma boşdu, heç görmüsən taxam. Vallah, gözümdə yoxdu belə şey- lər. Say, gör neçə qaşı var. Satsan yaxşı qiymətə gedər. Həm də, Murad, eşitdiyimə görə məvaciblər artacaq... yanvarın bi- rindən, baxarsan.
Məvacibi yadına düşəndə hirsindən az qalırdı göyə dırman- sın. Onda əsəbi-əsəbi arvadını acılayırdı: - Sənə nə var, - dey- irdi. – Dünya vecinə deyil. – Nazlı inciyib məxbəxə çəkilərdi. Arvadının qəlbinə dəydiyinə peşman olsa da, onun könlünü almağı ağlına belə gətirməzdi.
Nə yaxşı ki, Fazilə rast gəldi. İndi Fazilin vasitəçiliyilə dis- sertantlar, aspirantlar Muradı axtarıb tapırdılar. Telefon zə- nglərinin ardı-arası kəsilmirdi. Başını itirmişdi Murad. Bilmirdi kimin işini qəbul eləsin, kimikini qaytarsın. Vaxtsa qaçırdı.
Murad vaxtı saxlaya bilmirdi ki, bir an da olsa asudə nəfəs alsın. İşin bir cəhəti pis idi ki, Fazil ağına-bozuna bax- mayıb pul gücünə oxuyan tarxiçiləri, psixoloqları, filosofları da Muradın yanına göndərirdi. Birinə diplom işi yazmalıydı, o birinə kurs işi. Filoloq alimin işi elə buradaca çətinləşirdi. Ta- rixə aid mövzunu işləmək üçün keçmiş biliyini işə salırdı, tarix kitablarını tökürdü ortalığa, həmin işlə əlaqədar çap olunan monoqrafiyaları, məqalələri oxumalı, qeydlər etməli, söz verdiyi müddətə isə işi hazır vəziyyətdə sövdələşdiyi adama çat- dırmalıydı. Gözlərinin nurunu itirə-itirə mövzunu işləyib təzəcə nəfəs alırdı ki, başqa sifarişçi peyda olurdu.
Fazillə sahil parkında görüşündən sonra Murad başağrıları, beyin sancılarını tapsa da, uşaqlarının rəngi-rufları özünə gəlmişdi, həm də elə bil ərköyünləşmişdilər. Məktəbdə qızları- nı əvvəllər heç nəyin üstündə gözümçıxdıya salan müəllimlər indi onların nazlarını çəkirdilər. Bayramlarda, şənliklərdə, müəllim günündə utandığından məktəbə ayağını qoymayan Nazlı indi o biri valideynlər kimi qoltuğunda hədiyyə, əlində gül buketi müəllimlərə görüm-baxım eləyirdi. Nazlının, uşaq- larının əyin-başı da dəyişmişdi. Bu iki ildə Murad arvadının iki-üç dəfə toya da aparmışdı. Düzdür, Muradın vaxtının az- lığı onun asudəliynən axıra qədər toyda oturmağına imkan verməmişdi, hər halda getmişdilər ki, toylara.
* * *
– Yox, Allaha şükür, deyəsən, yaxşıyam.
– Doğurdan, yaxşısan? – Nazlı qorxa-qorxa soruşdu. – Başında ağrı-zad yoxdur ki?
– Vallah yoxdu. – Şübhəli-şübhəli arvadına baxdı. – Necəyəm ki? Rəngim qaçıb?
– Yox, elə gözəl görünürsən, Murad. Rəngin də, maşallah, çuğundur kimi.
– Sən zarafat elə... – Gözlərini yumdu. – Elə yatardım. Bir həftə gecəli-gündüzlü yatsam da yuxudan doymaram.
Hərdən yuxu üçün gözləri qapananda ağlına qəribə fikirlər gələrdi. Fikirləşərdi ki, nə Nazlı ilə tanış olaydı, nə də uşaqları dünyaya gələydi. Gecə yatıb, ömürlük bu dünya ilə vidalaşay-
dı. Bax, beləcə, yataydı və yatıb dərin, dibsiz bir quyuya düşəydi, ömürlük... O vaxt nə beyin sancılarını, nə də ürəyinin ağrısını hiss edərdi. Murad özünə gələndə bu gic sayıqlamaları beynindən çıxartmağa çalışardı.
Hava tamam açılmışdı. İndi yataq otağı da işıqlıydı. Təzədən saatı əlinə aldı. Yeddiyə qalmışdı.
– Bu gün yatıb yuxuya qaldım, Nazlı. Gecə dursaydım, işin birinci fəslini başlayardım.
– Axşam həkim nə dedi sənə? İstirahət lazımdır. Bəlkə, bir- iki həfətəlik atasan hər şeyi.
– Atım? Atasan demək asandır. – Başını bulayıb dikəldi. Nazlı xalatını əyninə keçirib mətbəxə addadı, çayniki balonda durultduğu suyla doldurub odun üstünə qoydu.
Murad da qalxdı. Geyinə-geyinə, - Bir-iki saat işləmək olar,
- dedi. – Sonra ucadan Nazlıya sarı: - Sən mənə, Nazlı, kofe dəmlə, - dedi. Səsini qaldırdı ki, arvadı eşitsin.
Hamamxanaya keçəndə yenə də fikirləşdi ki, indi təxminən yeddidir. Saat ona kimi üç saat işləyə bilər. Sonra yenə də hər günkü həngamələr, redaksiyaya qaçmaq, redaksiyadan kitabxanaya yollanmaq, yenə də lazımsız sətri tərcümələr, sifarişçi- ləri üçün...
Masa arxasında şıdırğı işlədiyi vaxt qızları kürəklərində məktəb çantası bir-birinin ardınca atalarına tərəf boylandılar.
– Ata, biz getdik. Sağ ol.
– Ata, sağlıqla qal.
Həmişə yerindəcə başını vərəqlərin üstündən qaldırmadan əl eləyirdi uşaqlarına. Nədənsə döndü, ikisinə də diqqətlə bax- dı, yanına çağırdı. Bəlkə, axşamkı halı onu kövrəltmişdi. Ay aman, ömür də bir tükdən asılı olar? Qızlar, ikisi də ayaqqabılı olduqları üçün içəri keçə bilmirdilər. Murad ayağa qalxıb qa- pının ağzına gəldi, ikisinin də üzündən öpdü və yenə nədənsə uşaqlarının ardınca baxdı. Muradın baxışlarında qəribə bir təşviş vardı.
Səhər naharını elə yazılarının üstündə elədi. Nazlı ərinin yazılarının üstündən çörək qırıntılarını yığıb otaqdan çıxmaq istəyəndə ayaq saxladı.
– Ay Murad, - dedi, - yadımdan çıxmışdı deyəm. Dünən in- stitutdan zəng eləmişdilər axı... Sizin şöbədə işləyən laborant idi. Məhin. Dedi, Murad müəllimə çatdırın saat onda işdə ol- sun. Kiminsə kitabının təqdimatıdır, saat ikidə də plan işinə baxılacaq. – Diksindi. Yenə də plan işi? Əlindəki qələmi vərə- qin üstünə atıb fikrə getdi. Elə bil boğazı qurudu. Hansı üzlə getsin? Nə desin? Boş əllə yellənə-yellənə gedib açsın qapını.
- «Salaməleyküm, gəlmişəm, Səbuhi müəllim.
– Hə, gəlmisən?
– Gəlmişəm...
– Nə gətirmisən? Nə yazmısan, Murad? Gör nə vaxtdı sən- dən yönlü bir yazı ala bilmirik. Axı sən bu institutun elmi işçi- sisən. Niyə qaçırsan? Niyə görünmürsən? Bəlkə enerjin tükə- nib, bəlkə ruhdan düşmüsən? Bu həngamələr, yurdumuzun başına gətirilən ardı-arası kəsilməyən faciələr səni tərkidünya eləyib? Hə?
– Yox, yox, elə döyül, Səbuhi müəllim. Ruhdan düşmək, cana doymaq bundan yaxşıdır.» - Bəlkə açıq danışım şöbə müdirimlə, deyim ki, işim başımdan aşır, çatdıra bilmirəm, həm də institutun plan işi mənə sərf eləmir. Nəyə görə yazım? Yazsam məgər institutun pulu olacaqmı çap eləsin? Niyə özümüz özümüzü aldadaq. Hələ bu harasıdır. Səbuhi müəllim başa düşər onu. İnstitutun direktoru, müavini, elmi katibi də onu sorğu-suala tutacaqlar, hesabat istəyəcəklər. Nazlının bu telefon xəbəri Muradın kefinə soğan doğradı. İnstituta getsə bir tərəfdən də bir aləm işləri tökülüb qalacaqdı.
– Noldu sənə? Nə fikrə getmisən?
– Durum geyinim. Saat neçədə dedi başlayır?
– Onda.
– Kimin kitabının təqdimatıdır dedin?
– Vallah, bilmədim Əhlimanzadə dedi, yoxsa Bədirzadə.
– Dəqiq de. – Əsəbilikdən gözünün altı səyirdi.
– Noldu axı yenə sənə?
– Heç nə. Bir telefon zənginə də fərli-başlı qulaq asmırsan.
– Ayağa qalxıb üzünü qırxdı, eynəyini təzədən taxdı. Eynəyinin şüşəsi daha gözünə düşmürdü. Gözü xeylək zəifləmişdi. Bir şeyə baxanda başını əyir, yolda rast gəldiyi adamla rastlaşanda gözlərini qıyırdı. Kostyumunu geyindi. Hər gün paltarını dəyişəndə vərdiş eləmişdi ciblərindən kağız-kuğuzunu stolun üstünə töksün, cibində qırıq kağız parçaları, dəsmal, cib kitabçası, açarlar, lazımlıları seçib götürər, lazımsızları zibil vedrəsinə atardı. İndi də ciblərini eşələyəndə üstündə «Sərnişin bileti və baqaj çeki» yazılmış zərf əlinə keçdi. Zərfi bu yaxınlarda ona yolda harasa atüstü qaçanda vermişdilər.
İlahiyyat institutunun tələbəsi idi onun qarşısını kəsən: - Biz – tələbə özü haqda izahat da verdi – «İslamda birlik» cəmiyyətindənik. – Bunu hər bir müsəlmana veririk. Oxuyun və yaxşı-yaxşı fikirləşin. – Yolda çox adam qabağını kəsirdi. Ən çox da dilənçilər. Dilənçilərin qocası da vardı, cavanı da, uşağı da. Tez-tez evinə də gəlib qa- pısını döyürdülər. O dəfə bir qarı gəlib. Nazlı açıb qapını. – Ay bala, - deyib dilənçi, - acından ölürəm. Pul istəmirəm. Bir tikə çörək ver, ürəyim siyrilir. – Nazlı gözləri dola-dola danışırdı o dilənçidən. Tərs kimi evdə çörək yox imiş. Deyib: - Ay xala, vallah, hələ çörək almamışam, xörəyim var. Nazlı bankaya yarpaq dolması çəkib verib arvada və qapını örtüb, ancaq ma- raq onu təzədən qapıya sarı çəkib, gözlükdən baxıb. Qarı elə oradaca çörəksiz acgözlüklə xörəyi gözlərinə təpirmiş. Onların qapısını döyənlərdən bəziləri də xidməti idarələrdən idi. - «Bi- zim məsləhətlərimizdən istifadə edin. Arvadınız hansı firmanın kosmetikasından istifadə edir?» və yaxud «Siz istifadə etdiyiniz suyun keyfiyyətindən razısınızmı? Əgər narazısınızsa bizə müraciət edin, təmiz su gətirək. Bizim firma ancaq pulludur». Pulun adını eşidən kimi qapını örtərdilər: - Yox, yox. Təşəkkür edirik, Kür suyumuz lap əladır. Bulaq suyu kimi. Zərfi yol ge- də-gedə avtobusdaca açıb baxmışdı, elə bilmişdi ona xaricə getmək üçün pulsuz bilet veriblər. Sevinmişdi də. İçindəki ya- zıları oxuduqca maraq onu bürümüşdü, hətta elə bil sehrlən- mişdi, sonra cəmiyyətin bu nəsihətli sözlərinə görə onu gülmək tutmuşdu. «Rəhmli və mehriban allahın adı ilə» başlığında bu biletlə uçulacaq səyahətin şərtləri verilmişdi. «Həzrət Adəmin hər bir övladı ancaq bir istiqamətdə uçmalıdır. Geriyə yol nə- zərdə tutulmur. Son məntəqə – daimi həyat. Tranzit məntəqə – torpaq altında yer. Yola düşmə vaxtı – ölüm anı. Mənzil ba- şına çatmaq vaxtı – qiyamət günü».
Muradın zərfə marağı artdı. Səhifənin altında xırda, qara hərflərlə yazılmışdı: «Tranzit məntəqəyə çatan kimi rüşvət al- mayan auditorlar – Mülkər və Nəkir adlı Mələklər Sizi sorğuya tutacaq.
1. Rəbbiniz kimdir?
2. Peyğəmbəriniz kimdir?
3. Dininiz hansıdır?
Sizin dünyada əməlləriniz haqqında soruşulacaq. Günah iş tutmuşsunuzmu? Yükünüz? Özünüzlə ancaq beş metr parça götürə bilərsiniz». Zərfi oxuyub cibinə qoydu. Üzünə kədər çökmüşdü. Ölüm, kainat, dünyəvi aləm haqqında fikirləşdiy- indən düşəcəyi yerdən keçib getdi. Haçandan haçana özünə gəldi. Tələsik avtobusu saxlatdırıb düşdü. «Aparıb Nazlıya göstərərəm, - fikirləşdi, - deyərəm mənə xarici ölkəyə getmək üçün pulsuz bilet veriblər. Elə səni də özümlə aparacağam, iki nəfərlikdir. Əvvəlcə inandıraram Nazlını, sonra verərəm oxuyar. Oxuyub dəli olacaq.» Hərdən kefinin kök vaxtlarında Nazlıyla belə zarafatı olardı. İndi qanının qara vaxtında və işə gethagetdə zərf əlinə keçmişdi. Gör nə vaxt idi cibində gəzdi- rirdi, tamam unutmuşdu. Onu arvadına göstərməkdən vaz keçdi və təzədən cibinə qoydu. «Sonra, sonra göstərrəm Na- zlıya. İndi inciyib məndən» fikirləşdi və evdən çıxdı. Arxadan Nazlının qayğılı səsini eşitdi: - Murad, dərmanlarını yaddan çıxartma. – «Yox, deyəsən, inciməyib». – Al ha. – Başını tər- pətdi. – Yaxşı. Yenə də Nazlı: - Qayıdanda mağazaya dəy- əcəksən, ya mən gedim, - soruşdu. Tort üçün alınacaq un, yağ, qatılaşmış süd qalmışdı, bir də göy-göyərti. Saatına baxdı. Ba- xa-baxa, - Özün gedərsən, - dedi. Sonra Nazlıya sarı döndü, qapının kandarında dayanan arvadına baxdı və lifti çağırdı, təzədən Nazlıya sarı döndü. İstədi bayaq acıladığı üçün qayı- da, könlünü ala, cibindəki «Sərnişin bileti»ni göstərib: «İkimizə bilet veriblər. Axirət dünyasına getmək üçün hazırlaş, gəlib aparacam səni» deyib güldürə onu. Bu vaxt lift qabağında açıldı və Muradı götürüb aşağıya apardı. Bir xeylaq piyada getdi. Halının get-gedə qarışdığını, ürəyinin bulandığını daya- nacağın lap yaxınlığında hiss elədi. Sonra sərin meh üzünə vurduqca ürək bulanması elə bil dayanırdı. Həmişə xəstələnəndə Allahı çağırar, ondan pənah istəyərdi. Allahdan başqa kimi vardı ki... Uşaqlarının yanından yel ötəndə, Nazlının ürəkkeçmələri başlayanda Allaha yalvarardı ki, təhlükəni, bə- lanı onun evindən uzaq eləsin. Doğrudan da, Allah onun ümidiydi, təsəllisiydi. Yaxın qohumları, tanış-bilişləri öz hay-
larındaydı, hərə öz qınına çəkilib qarışqa balalarına yem axta- ran kimi bir qarın çörək pulu üçün özlərini ora-bura vururdu- lar. Axır zamanlar elə bil adamlar da bir-birlərinə yadlaşmış- dı. Əli pullular nəinki qohumlarından, yaxın dostlarından, hətta öz doğma qardaşlarından da belə uzaq gəzir, imkansız- lar, bir qarın çörəyə möhtaclar isə içlərinə çəkilib qonum- qonşuya görünməkdən utanırdılar.
Onlara gəlib-gedən bircə Seymur idi. O da imtahan vaxtı, semestrdən o biri semestrə kimi. Seymur ucqar kənddə yaşay- an tanışının oğlu idi. Potitexnik institutunda oxuyurdu. İmta- handan qabaq gəlib Muraddan borc pul istəyərdi. Boynunu büküb: - Murad əmi, - deyərdi. – İmtahan götürən müəllim beş şirvandan aşağı düşmür. – Adambaşı beş şirvan gətirməsəniz, deyir, qovulacaqsınız institutdan. İndi birtəhər dilə tutumu- şuq, dörd şirvana razıdır. Əgər varsa verin, dədəm kənddən gələn kimi... – İki-üç il əvvəl Seymur ondan nə məqsədlə pul istədiyini desəydi, Muradın gözü kəlləsinə çıxardı.
Müəllim öz tələbəsindən pul istəyirdi, onunla qiymət alveri edirdi. İndi Murad əksər institutlarda baş verən bu cür natəmiz hadisələri o qədər eşitmişdi ki, Seymurun sözlərinə təbii hal kimi baxırdı. Həm də fikirləşirdi ki, müəllimi də tələbələrin yanında alça- qdan, diləndirən ehtiyacdır. Əlini cibinə salıb səssiz-səmirsiz tanışının oğlunu yola salardı, o biri semestrə kimi nə Seymur- dan səs çıxardı, nə də dədəsi kənddən gələrdi. Murad tanışını heç gözləmirdi də. İşsiz, xəstə adam idi. Pulu hardan tapaca- qdı. Kənd batır acından. O yazıq özünü pul eləməyəcəkdi ki...
Yol gedə-gedə nədənsə yenə də axirət, ölüm haqda fikirlə- şirdi. Sonra birdən Allahı yadına salıb ürəyində heç vaxt istə- mədiyi diləyini alçaqdan pıçıldadı. «Mənim Allahım, mənə nə edirsən et!... Qoy ayaqlarım tutulsun, şikəst olum, ancaq bey- nimi illətə salma, balalarıma rəhm elə». Məclislərdə, yasda mollaların dediyi dualar yadına düşdü. «Ya Allah, sənə pənah gətiririk. Sən bu günü bizə çox görmə, hər evi ruzulu elə, evsiz- eşiksiz qalanlara, ac-yalavaclara kömək əlini uzat, onları düşmən qabağında xəcil eləmə».
Bir xeylaq havada dayanıb nəfəsini dərdi. Ona nolub? Bu yas yerləri, dualar hardan yadına düşdü? Bir neçə avtobusu buraxıb xeylaq beləcə dayandı və tamam sakitləşəndən, toxtayıb özünə gələndən sonra marşrutların birinə mindi.
İnstitutun elmi katibliylə dəhlizdə rastlaşdı. Görməməzliyə vurub özünü otaqların birinə salmaq istəyəndə şöbələrin ağır- lığını çiynində daşıyan elmi katib imkan vermədi... Arxadan Muradı səslədi.
– Murad! Murad müəllim! – Xoşlamadığı, əlindən təngə gəldiyi adamla istehzayla danışardı. – Aya-günə dönmüsən. Sənə bundan sonra «Görünməz adam» demək lazımdır. – El- mi katib Muraddan xeyli yaşlı olduğu üçün ona «sən» deyə müraciət edərdi. Əl verib görüşəndən sonra Murad mızıldandı: - Hə, bir az nasazam. – Əlini cibinə saldı. Papiros çəkmək istədi. Nadir hallarda papiros yadına düşürdü. Yenə də zərf əlinə keçdi, təzədən zərfi bürmələyib cibinə soxdu.
– Rəhmətlik Uells «Görünməz adam»ı yazanda səni nəzər- də tutubmuş.
– Ola bilər. – Eynəyini düzəltdi.
– Səbuhi müəllimdi dözən...
– Bəlkə də.
– O dəfə səni axtarırdı ki, təqdimatda iştirak edəsən.. Çıxışı sənə vermək istəyirdi. Sən də ki... – Laborantlardan biri elmi katibin qabağını kəsdi, ondan nəsə soruşurdu. Elmi katibin başı işçiyə qarışdığından Murad qapıya sarı getdi. İndi qapını açacaq. Qəbirə girmək içəriyə keçməkdən asan gəlirdi ona. Otaq, deyəsən, adamla doluydu. Bircə Səbuhi müəllimin gözünə görünməyəydi. Qapını açdı. Səbuhi müəllim həmin o köhnə pencəyində, köhnə qalstukunda başını dik tutub məclisi aparırdı. Çıxışçıların birinə söz verdiyindən Muradın içəri keçməyini görmədi. Yerlərin hamısı tutulmuşdu, hətta yer çatmadığından qabaq cərgələrdə əlavə stullar düzülmüşdü. Qapının ağzında lazımsız kağız-kuğuz qoyulmuş kətil gözünə dəydi. Ağızucu salam verib oturdu. Səbuhi müəllim oturanlara göz gəzdirdisə, adamların arxasında Muradı görə bilmədi. Murad sevindi ki, nə yaxşı burda yer tapıb oturub. Çıxışlar, təriflər dinlənilirdi. Görən, kimin kitabının təqdimatıdır? Tə- zədən oturanlara baxdı. Çoxunun əlində gül dəstələri vardı. Gözü yenə Səbuhi müəllimə sataşdı. Ürəyində şöbə müdirinə salam verib, fikirləşdi ki, çoxdandır onu görmür. «Sizi nə vaxtdır görmürəm. Yox, yox, bu yaxında kitab mağazasında rastlaşdıq. İstəmədim məni görəsiniz. Sütunların arxasında gizlənib sizə baxırdım. Deyəsən, əlinizdəki kitabı almaq istəyirdiniz. Çox vərəqlədiniz, sonra ciblərinizi eşələdiniz və almaq fikrindən daşınıb təzədən kitabı yerinə qoydunuz». Muradın beyni elə bil yavaş-yavaş keyləşirdi. Başını aşağı salıb əllərini qoltuğuna keçirtdi. Diqqətini toplayıb danışanlara qulaq asmaq istəyirdi ki, görsün söhbət nədən gedir, kimin kitabını göylərə qaldırıb tərifləyirlər. Sonra təzədən dikəldi ki, yerini rahatlasın, gözü tanış simaya sataşdı. Diksindi. Onunla bu yaxınlarda sövdələşən dissertantlardan biriydi. Baxışdılar. Gözlərini birinci özü yayındırdı. Demək, bunun kitabının...
«70-ci illərin nəsrində poetik...» Ən çox ürəyinə yatdığı nasirlərin əsərləriydi. Bu tösmərək, dil pərkarının dissertasiyasını yazdığı vaxtdan çox keçməmişdi. İş hazır olan kimi müdafiəyə də buraxıldı. Qəribədir, nə tez kitabını çap elətdirib? Fikirli-fikirli başını qaldıranda müəllifin qabağında dayandığını gördü. Bə- dirzadə irişə-irişə Murada əl verib görüşdü. O biri əlində təzə, mətbəə qoxusu gələn, cildi nəfis tərtibatla işlənmiş kitabını tutmuşdu. Alıb birinci səhifəsini açdı. «Hörmətli və istedadlı Murad müəllimə can sağlığı, yaradıcılıq nailiyyətləri arzusu ilə. Müəllifdən». «Müəllif ha! Mənə, əlbəttə, can sağlığı arzulayarsan və hələ üstəlik yaradıcılıq nailiyyətləri. Sən, əzizim, mənim canımın sağlığını öz nailiyyətin üçün istəyirsən. Neynək, olsun. Sizə öz təşəkkürümü və sayğılarımı bildirirəm ki, məni, mənim uşaqlarımı, mənim ailəmi aclıqdan qurtardınız». Ancaq Murad çoxdan idi, lap bu instituta gəldiyi vaxtdan arzulamışdı onun da belə bir kitabı çıxsın. Kitabın o üz, bu üzünə baxıb vərəqlədi. Tanış cümlələr, tanış sitatlar, tanış baş- lıqlar. Kitabı vərəqləməsə də bilirdi neçə fəsildir, müqəddimə nədən başlayır, nəticə nə ilə qurtarır, hansı yazıçının hansı əsərindən səthi yazıb, hansının yaradıcılığı üzərində xeyli dayanıb, geniş təhlilini verib. Gözlərini yumdu. Bu onun yazıb sifarişçiyə verdiyi neçənci işi idi? Heç birisi də onu unutmurdu. Kitablarının elə siqnal nüsxəsindən birini ona bağışlayırdılar. Bu nə səsdi belə? Boğazının gur yerinə salıb, ötkəm-ötkəm danışır? Hə indi də Bədirzadəyə söz veriblər. Dinləyənlərin baxışları heyranlıqla ona dikilib. Səbuhi müəllimin də üzündə razılıq ifadəsi var. Görünür, Bədirzadənin kitabı xoşuna gəlib. Bədirzadə Muradın yanındaca ondan oğurladığı fikirləri, sözləri üyüdüb tökürdü. «Niyə oğurladığı? Niyə insafsızcasına danışırsan?» Murad öz-özünü məzəmmətlədi. Məgər bu kitab ona havayı başa gəlib? Az xərc çəkib onu ərsəyə gətirib çıxar- dana kimi? Nə olsun, bircə adını dəyişib. Romantik bir ad seçib kitaba. «Axtarışlar burulğanında». Gözündən gəlsin, Mu- rad. Bəs bazara, dükana kimin sayəsində ayaq açmısan? Kimin sayəsində uşaqların ətə-qana dolub?
Muradın başı get-gedə ağırlaşırdı. Əlləri də sözünə baxmırdı, əsirdi. Özü-özünə təskinlik verdi. Axı nolub? Niyə sarsılıb oturmusan? Əllərin niyə əsir? Özünü ələ al. Beyin sancmaların, baş gicəllənmələrin başlasa bu qədər adamın yanında yaxşı çıxmaz. Ev deyil ki, Nazlı nazını çək, əl-ayağa düşə, dava- dərman dalınca qaça, həkim çağıra. Gör bu iki ildə neçə müəl- lif sənə kitab hədiyyə edib, öz yazdıqlarını sənin özünə təqdim ediblər. Sən də alıb utanmaz-utanmaz təbrik eləmisən onları, sonra da gətirib kitab rəfinə ən əziz, ən yaxın dostunun kitabı kimi düzmüsən. Ancaq, dostum, öz aramızda qalsın. Həmin kitabı evə gətirəndə bir şüşə araq da alardın. Nazlı, uşaqlar yatandan sonra adı özgənin, içi özünün ömrünü gödəldən, gözünün nurunu aparan, səni şirin yuxulardan qoyan kitablarına sağlıqlar deyərdin...
Deyəsən, 70-ci illərin nasirlərindən də gələn var. Muradın gözləri torlaşdığı üçün yaxşı seçə bilmirdi. Tanış gəlirdi ona yazıçı. Onun haqqında əvvəllər çox yazmışdı. Özüylə bacarmayıb tənqid də eləmişdi onu. Yadına düşdü ki, hər yerdə hörmətlə qarşılandığı vaxt yazıçı onunla rastlaşanda soyuq görüşürdü, bəzən də özünü görməməzliyə vururdu. Baxışları toqquşdu. Yazıçı başını tərpətdi, ancaq gülümsəmədi. Üzünün ifadəsi daş kimi soyuq idi. İndi keyləşən beyniylə yadına sala bilmirdi ki, hamının Bədirzadənin kitabı kimi qəbul etdiyi bu kitabında onun haqqında nə yazıb. Beynindəki gecəki sancılar hardansa peyda oldu. Bu nədir, yoxsa başı gicəllənir? Yaxşı ki, qapının ağzında oturub. Yavaşca ay- ağa qalxdı, divardan yapışıb dəhlizə çıxdı və səngərləyə - səngərləyə pilləkənlərə doğru getdi. Otaqların birindən çıxan katibə qız arxadan onu səslədi: - Mərdanov! Murad müəllim, yoldaşınız zəng eləmişdi. Nazlı bacı...
Bir əlilə alnını ovuşdura-ovuşdura çevrilmədən o biri əlini yellədi.
– Sizdən nigarandı. Deyirdi ki, axşam halınız... – Katibə qız Muradın çevrilmədən əl-qolunu yelləməyini ona qarşı eti- nasızlıq kimi fikirləşib dodaqlarını büzdü, otağa keçib qapını örtdü.
– Nazlı? Nazlı! Nazlım! Bircə sən məni... sən məni... – Pilləkənlərin başında gözlərinə qaranlıq çökdü. Əlini gözlərinə apardı. Eynək gözündən düşmüşdü. Sonra elə bildi axşamdı, hava qaralıb, hardansa işıqları söndürüblər. Qaranlıqda Nazlının ağlar gözlərini gördü, sonra qızları göründü və birdən Nazlının yerində on il idi dəfn etdiyi, ağsaçlı qoca anası dayandı. Murad istər-istəməz, heysizcəsinə anasını çağırdı.
– Ana! Ay Ana!
Ağ kəfənə bürünmüş anası zil qaranlıqda durub onu gözləyirdi. Murad harda olduğunu dərk etmədən özünü anasına çatdırmaq üçün qollarını qabağa verdi, əlləriylə havanı yara- yara ayağını pilləkənlərə sarı atdı və müvazinətini saxlaya bilməyib başı üstə aşağıya doğru yumalandı.
* * *
Muradın dəfnindən sonra institut işçiləri otağa yığışıb vaysına-vaysına ondan danışırdılar. Qadınlardan biri: - Rəhmətliyin, - dedi, - ürəyinə damıbmış öləcək. Pencəyinin cibindən
«Sərnişin bileti» çıxıb. Özüylə gəzdirirmiş.
– O nə biletdi elə?
– Nə bilim, vallah, kimsə paylayırmış yolda. Öyüd, nəsihət, nə bilim, o dünyaya gedənlərlə sorğu-sualdı da. Birini də ona veriblər, götürüb qoyub cibinə.
– Hə, mənə də vermişdilər. – Kiçik elmi işçilərdən biri dedi.
– Pasajın yanında başıbağlı bir qız idi, yolumu kəsdi. Soruşdu ki, dininiz hansıdı, imanınız kimdi, rəbbiniz kimdi? Dedim imanımı da tanıyıram, Dinimi də bilirəm. Sonra bilmədim uşaqlar neylədilər o bileti.
– Bədbəxtin yası qızının ad gününə qarışdı.
– Hə, onu deyəcəkdim axı, cibindən bir cüt də firuzə qaşlı sırğa çıxıb. Qızına alıbmış ki, ad günündə qulağına taxsın. Otağa sükut çökdü. Deyəsən, doluxsunmuşdular. Kimsə sükutu pozdu:
– Yaxşı alim idi, amma axır vaxtlar yazı-pozudan uzaqlaşmışdı, iki-üç il olardı ki, susurdu.