Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!

Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!
2 may 2025
# 16:50

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

“Mənim də balam xaricdə təhsil alsın, qonşudan geri qalmayım” iddiası ilə bəzən özümüzü “yandırırıq”. Özü də hazırda bu sahədə necə deyərlər, “mövsüm” açıq elan edilib, ehtiyatlı olun.

Bu yaxınlarda bir həmkarım zəng edib ki, bəs bir şirkət (bir azdan daha geniş yazacağam) məndən xeyli pul alıb, amma uşağın xaricdə təhsil məsələsi düzəlməyib. Ona bircə kəlmə söz dedim ki, əgər öz haqqını qoruya bilməsən, fırıldaqçıların bir jurnalisti aldatmasına imkan versən, bu günə kimi mediadan “yediyin çörəyi” sənə halal etmərəm. Bu, təzədən oyandı elə bil, səhəri yazdı ki, gedib pulumu dava-savaşla aldım. Afərin! Amma onun yaşadığı stressin, aldadılmağın gətirdiyi utancın təbii ki, kompensasiyası yoxdur.

Övladınızın ayağını sərhəddən kənara qoyub, hansısa universitetin qapısından içəri girməsi belə inanın ki, hələ xaricdə təhsil almaq deyil. Amma heç sərhədin qapısına çata bilməyənlər də var. Anlayıram, insanlarımızın hamısının bu sahədə ciddi-ciddi araşdırma aparmaq imkanları yoxdur. Amma bu barədə mediada dayanmadan yazırıq, bir çoxlarınız heç olmasa arada bir gözünüzü Tik-tok-dan çəkib yerli kütləvi informasiya vasitələrini də oxusanız, fırıldaqçılar pullarınızı mənimsəməz.

Demək, xaricdə təhsil adı altında əsasən insanları necə aldadırlar? Tələbələrə deyirlər ki, sən qəbul olunmusan, amma universitetə qeydiyyatının təmin etmirlər. Əvvəlcədən söz verirlər ki, vizadır, getdiyi ölkədə tələb olunan tibbi sığortadır, filandır bunlar hamısı bizlikdir. Lakin vaxt-vədə yetişəndə dayanırlar kənarda. Viza prosesində o qədər gecikmələr olur ki, gənc hətta qəbul olubsa belə, universitetdən atılır bayıra. İnsanlar aylarla şirkətə ayaq döyüb, yalançı vədlərlə ovudulur, sonra biləndə ki, bunu aldadıblar şirkət ödənişi geri qaytarmır ki, mən səninlə bağlı nə qədər kağız-kuğuz işlətmişəm, yazışmalar aparmışam. Bu zaman valideyn də haqlı olaraq deyir ki, “başına dəysin sənin o işinin ki, sonda nəticə yoxdur”. Düz də deyir. Mən hələ onların yerinə olsam, aylarla ora gəlib-getdiyim nəqliyyat vasitəsinin xərcini, üstəlik aldığım mənəvi travmanın kompensasiyasını da istəyərəm. Görsəm ki, vermirlər gedərəm məhkəməyə. Onu da deyim ki, ölkəmizdə bu istiqamətdə məhkəmələr də az olmayıb.

Bu barədə ən çox "Pilgrim Education" şirkətinin adına rast gəlirik. Gənc xanımımız Xanım Camalovanın şirkətlə məhkəməlik olması uzun müddət sosial şəbəkələrdə gündəm, mediada manşet oldu.

Belə ki, tələbə Xanım Camalova xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün "Pilgrim Education” (əvvəlki adları Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Elə yuxarıda barəsində danışdığım həmkarımın da pulunu zorla aldığı bunlar idi. İndi qayıdaq “şirkətin əvvəlki adı” məsələsinə. Bir çoxları görürlər ki, köhnə adlarının reytinqi o qədər aşağı düşüb ki, özlərinə yeni ad seçirlər. Ona görə, sizlər də gözü açıq olun, müraciət etdiyiniz şirkətin bir keçmişini də araşdırın.

Bundan başqa, mediadan tanış olduğumuz "ABC Təhsil Mərkəzi" adlı şirkətin də əməlləri unudulmadı. Şirkətə qarşı bir neçə tələbə tərəfindən məhkəmə iddiaları qaldırılıb. Camaat nədən şikayətçi idi? Ödənişlərin geri qaytarılmırdı, saxta sənədlər təqdim olunmuşdu. Bu cür məhkəmələrin siyahısını xeyli uzada bilərik. Biz sadəcə nümunə gətirdik ki, bu cür proseslər Azərbaycanda mövcuddur. Yəni, sizə havadan danışmırıq.

Yazıq valideyn bəlkə də o ödənişi bir yerə toplamaq üçün neçə-neçə qapı döyüb. İnsanların arzuları ilə oynamaq, zənnimcə günahların ən böyüyü olmalıdır.

Burda valideynin üzərinə də ciddi məsuliyyət düşür. Şirkətlərin fəaliyyətini araşdırın, əlinizə hər hansı bir sənəd adı ilə kağız parçası verilirsə, onu bir hüquqşünasa da göstərin, təhsil nazirliyinin sonradan həmin universitetin diplomunu tanıyacağından əmin olun, ödənişlər üçün mütləq və mütləq rəsmi qəbz tələb edin, qəbul olduğunuz universitetlə birbaşa özünüz də əlaqə saxlayın. Bəlkə sizi aldadırlar? Ən azından bunları etsəniz aldanma riskini minimuma endirəcəksiniz. Elə edin ki, həm pulunuzdan, həm də universitet xəyallarınızdan məhrum olmayın. Yuxarıda sadaladıqlarımı yoxlamaq üçün, sizə lazım olan sadəcə kompüter və ya ağıllı telefondur. Dönə-dönə məlumatları yoxlayın. Yoxsa sizə deyəcəklər ki, nəinki sizi universitetə qəbul etdirəcəyik, hələ yataqxanada yer də alacağıq. Sonra məlum olur ki, heç universitetin yataqxanası mövcud deyilmiş. Bu da bir qohumun başına gəlib.

Deməli belə, “uşağı xaricə oxumağa göndərəcəm” deyib özünüzü fırıldaqçılara yem etməyin. Artıq etmisinizsə, heç olmasa bizim saytın ünvanına bir şikayət göndərin, sizin yerinizə onlarla biz savaşaq. Onsuz da öyrəncəli canıq...

# 251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #