Uşaqdan uşaq gözləyənlər... - 14 yaşlı qızı nişanlayanlar niyə qorxmur?

Uşaqdan uşaq gözləyənlər... - 14 yaşlı qızı nişanlayanlar niyə qorxmur?
10 sentyabr 2025
# 14:35

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

Yenə səhər açılır. Yenə canını Allaha tapşırıb yola çıxırsan ki, başına nəsə gəlməsin. Bəli, təəssüf ki, cəmiyyət artıq bu sözü dedirdəcək həddə çatıb.

Sabirabad rayonunun Əsədli kəndində 14 yaşlı qızı 20 yaşlı oğlanla nişanlayıblar. Hələ nişan nə deməkdir, bunu belə dərk etməyən bir uşağı hansı səviyyədə vicdansız olmaq lazım gəlir ki, kiminsə evinə gəlin göndərəsən, evləndirəsən, nişan edəsən.

İlk növbədə Azərbaycan Respublikasının qanunvericiliyində uşaq hüquqları qəti şəkildə qorunur və nəzarət altındadır. İkincisi isə Beynəlxalq Uşaqların Hüquqları Konvensiyasına əsasən də 18 yaş gözlənilməlidir.

Sözün açığı, bu, sadəcə, cəmiyyətdə gedən gizli "sosial çürümə"nin artıq çoxdan başladığının, ciddi şəkildə cəmiyyətə siraət etdiyinin göstəricisidir. Baş verən hadisə fərdi faciə deyil, ümumi faciədir, xalq faciəsidir. Əgər bu gün bir evdə baş verirsə, ikinci evdə baş verməyəcəyi heç bir vəchlə sığortalanmır.

Bu, "mədəni" və "sosial" stereotiplərin, əslində, nə qədər qeyri - mədəni və asosial stereotiplər olaraq bizə zərəb vurduğunu görmək o qədər də çətin deyil. Necə?

Əvvələn, uşaq yaşında olan qızın çox inkişaf etmiş başqa bir ev əhalisinin gözündə ciddi gözləntilərlə qarşılaşacaq və əlbəttə, bu, günəş kimi aydındır ki, onları qarşılaya bilməyəcək. İkincisi, onun üstünə qoyulan məsuliyyətlər erkən yaşda ruhuna ağır gələcəyi üçün mənəvi və psixoloji səbatı pozulacaq. Üçüncüsü, mənəviyyat cəhətdən hələ misi kəşf etmədiyi bir dövrdə qalan bir ailənin dəyərlərində ondan “nəvə” istəyəcəklər. Uşaqdan uşaq gözləmək.. Necə də bərbad səslənir.

Məsələnin digər tərəfi də var. O qızın nişanlandığı oğlanın neçə yaşı var? 20.

20 yaşında ana nəvazişindən başqa heç bir ciddi qayğısı olmayan, bərki – boşu görməmiş, bığyeri təzəcə tərləyən birinə haqlı olsa da, olmasa da, belə məsuliyyət yükləmək, belə yükü çiyinlərinə qoymaq tamamilə ağılsızlıqdır, dar dünyagörüşüdür, hətta bir az da dərinə getsək, xəstəlikdir. Ruhi, əqli, mənəvi, zehni, psixoloji xəstəlik.

Polis dindirilməsi zamanı qışqır - bağır salan ata oğlan evinin təkidilə bunu etdiyini deyib. Görəsən, başına silah dirəyiblər ki, mütləq belə olmalıdır? Əks halda, bu necə təkiddir ki? Təkid yox, təhdidlə baş veribsə belə, məsələ yenə polisə çatdırıla bilərdi. Hərhalda, biabırçılıq bu həddə çatmazdı. Amma belə olmadığına əminlik var.

Qızın atası ilə bərabər bəy də inzibati qaydada 8 sutkalıq həbs olunub. Axı bu kifayət deyil..

İllər öncə hələ elmin, maarifin nə olduğunu bilməyən cəmiyyətimin 100-150 il bundan öncəki durumunu işıqlı yazıçılarımızın qələmindən oxuyanda bu halların baş verməsinin anormal olmadığını, müəyyən bir rejimə xidmət etdiyini anlayırdım.

Çünki xüsusi “mollaların, müqəddəslərin” əmri, “Allahın rızası” belə imiş. İndi ki, bu hallar hələ də davam edir, demək ki, 150 il ərzində hələ də bəzi şeylərin düzəlməsinə, aradan çıxmasına yetmirmiş.

Bununla da bitmir. Daha faciəvi bir hal var. Ağdamda 16 yaşlı bir qıza cinsi zorakılıqda təqsirli bilinən 4 nəfər polis tərəfindən saxlanılıb.

Ağdamda ən son illər öncə ermənilər belə biabırçılıqlar edib, cinayətlər törədib. İndi özümüzkülərdən də bunu görəndə, durub fərq axtarmağa başlayanda istər – istəməz iki dəfə düşünməyə başlayırsan. Belələri sutkalıq həbs cəzası kimi yüngül cəzalarla qurtarsa, bunun özü də bir təhlükədir. Kaş ki, edam qərarı tam halda ləğv edilməyəydi. Bəzi istisna hallar saxlanılaydı kaş...

Burdan yeri gəlmişkən səslənmək istəyirəm: Uşaqlarınızı başqa təhlükələrdən qorumaq istəyirsinizsə, birinci öz övladınızı qoruyun. Qayğısını bol edin, gözdən, hər mənada, qoymayın. Harda nə etdiyini, kimlərlə oturub – durduğunu, fikirlərini bilin. Bilmək üçün də, sadəcə, mehriban olmaq lazımdır. Uşaqların ən çox ehtiyacı olan şey budur.

# 310 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər