"Qadınları İmam Rzanın məzarı görünən səmtə qoymurlar" - Məşhəd bombalanır, amma biz...

"Qadınları İmam Rzanın məzarı görünən səmtə qoymurlar" - Məşhəd bombalanır, amma biz...
3 aprel 2026
# 12:34

Kulis.az Mehriban Vəzirin yeni yazısını təqdim edir.

Məşhəd bombalanır...

Əlbəttə, bizim insan İranı tanımır, tarixini bilmir, mədəniyyətindən xəbəri yox.

Yəni özünün özündən xəbəri yox!

Son 100 ilin işğal zülmü bizi özümüzə yadırğatdı...

Bunun səbəbi rus-sovet rejimi idi, qısası, kölə olmaq idi, düşmən, bizə öz tarixini öyrədirdi. 15 yaşlı xəstə uşağın - ilk Romanovun taxta çıxma hekayətini əzbər bilirik. Özümüzü bilmirik.

Arazın o tayındakı min illik tarixi yaddaşımızı inkar etdilər.

Son illərin İran rejiminə xas şəriət ixracı isə vətəndaşımızı (çoxluğu) çiyrindirdi.

Dünən unutduğumuza bu gün düşmən kəsildik.

Sözümün canı odur ki, Məşhəd bombalanır...

İran torpağının, ta BəndərAbbasa qədər hansı qarışını tərpətsən altından son min ilin Azərbaycan-Türk Tarixi çıxar - Bizim Tarix.

Dövlətçiliyi ilə, adları ilə, memarlığı ilə, məzarlığı ilə nəhəng bir Türk Tarixi...

Məşhəd bombalanır...

Məşhəd haqqında Azərbaycan insanının bəlli bir fikri var. Və bu fikir haqlı olaraq xurafat düşmənçiliyi zəminindədir.

Lakin bizim insan bilmir ki, Məşhəd, məhz İmam Rza türbəsi, Türbənin ətrafı min illik dövrün böyük şəxsiyyətlərinin - dövlət adamlarımızın məzarlığıdır. Tarixi yaddaşımızdır.

Məşhəd, Nadir şah Avşarın uyuduğu torpaqdır. Böyük imperatorumuzun o şəhərdə qapısı nadir açılan mavzoleyi var. Məşhəd ziyarətçilərinin, nə yerlilərin, nə qonaqların bu məzardan xəbəri yoxdur.

Halbuki İranı - bu gün qədr-qiyməti olmayan - o kişilər İran etdilər.

Bu söhbət uzun söhbətdir. Niskilli söhbətdir...

Qısaca deməyə çalışım.

Ötən gözəl günlərdə bir həftə Məşhəddə qaldım. Otelimizlə ziyarətgahın arası 10 dəqiqəlik məsafə idi. Elə gün olurdu iki dəfə gedirdim - bir səhər, bir axşam. Misilsiz bir aurası var. Gecələri möhtəşəmdir...

Məşhəddə, bu möhtəşəm İmam Rza kompleksində Abbas Mirzənin məzarını axtardım. Bilirdim, orada dəfn edilib.

Günlərlə, əl-ayağıma dolaşan ağır ziyarət libasında kitabxanalara, elmi şöbələrə baş çəkdik, gördüm deyən olmadı. Axırda bir nəfər - bir alim istinad verdi. Və məlum oldu ki, o məzar olduğu yerdə yoxdur, sökülüb (yəqin ki alt qatda qalır).

Dünyadan vaxtsız köçmüş Böyük Vəliəhd, Azərbaycan tarixində misilsiz yeri olan, 25 il rus imperiyasına qarşı dirəniş göstərən Abbas Mirzə ən mötəbər yerdə - İmam Rzanın ayaqları altında dəfn olunubmuş.

Molla rejimi şahlıq irsi ilə mübarizə etdiyi dövrdə bu məzarı da gözdən itirib. Halbuki İslamda məzara toxunmaq günah sayılır...

Demək olar ki, bütün şahların, vəzirlərin, şahzadələrin, sərkərdələrin məzarları dağıdılıb. Onların böyük çoxluğu isə adı tarixə düşmüş türk dövlət adamları idi. Qumda dəfn edilən Fətəli şah Qacarın məzarı belə yerində yoxdu...

Qadınları İmam Rzanın məzarı görünən səmtə yaxın qoymurlar. Uzaqdan durub baxırdım... və bir möcüzə ilə özümü yasaq zonada buldum. İmamın məzarı ətəyində və şahzadənin yatdığı yerdə idim.

Həşəmətli salon, yalnız kişilər - uşaq, böyük oturub... Mən yan-yörəmə baxıram... aradığımın əlaməti belə yox. Sadəcə sağ divarda, diqqət çəkməyən bir yerdə Abbas Mirzə Qacar sözləri yazılıb....

Ürəyimdən qara qanlar axırdı...

Dərin kəlamlarla dolu sinə daşına isə kompleksin muzeyində rast gəldim.

Başdan ayağa niskil...

Məşhəd bombalanır...

Azərbaycan insanı Məşhədin onun öz tarixi üçün nə demək olduğunu bilsə küçələrə tökülər, etiraz edər... amma bilmir...

O qədər bilmir ki... bilmədiyini belə bilmir...

Həmin o gözəl günlərdə İmam Rza kompleksinin kataloqunu da soraqladım. Məlum oldu ki, bu məzarlıqda, hətta İmam Rzadan əvvəl də yatan bütün isimlər kataloqlaşdırılıb. 5 cildə yığılıb şairlər, alimlər, seyidlər, kimlər... 4-cü cild dövlət adamları... yəni bizimkilər.

Mənə, bax, həmin o cild lazım idi...

Gəzmədiyim kitabxana qalmadı. Bütün cildlər var, 4-cü cild yox. Hətta kompleksin nəhəng kitabxanasında belə yoxdu...

Niyə...

Nə deyim... dediklərimdən deməkdiklərimi də bilirsiniz...

Amma bu gün Məşhəd bombalanır... 170 qız uşağına qıyan ağıl bizim tariximizəmi rəhm edəcək...

Müəllifin digər yazıları:

Mühacir və mühacir - Mehriban Vəzir

4-cü cild - Mehriban Vəzirin hekayəsi

# 189 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər