Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva
1 noyabr 2026
# 13:35

Bu gün tanınmış yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlunun doğum günüdür.

Kulis.az onu təbrik edir və
filologiya üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyevanın "Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri" yazısını təqdim edir.

Müharibənin törətdiyi dəhşətlər bütün dövrlərdə həssas insanları, qələm sahiblərini daim sarsıtmış, duyduqlarını, hiss etdiklərini tarixiləşdirməyə hər zaman ehtiyac hiss etmişlər. İstər Birinci Qarabağ müharibəsi zamanı, istərsə də Vətən müharibəsində baş verənlər təbiidir ki, ziyalılarımızın, yazıçı, şairlərimizin də qələmindən yan keçmədi. Son dövrlər müharibə mövzusunda yazılmış əsərlərdən aşağıdakıların adlarını çəkə bilərik: Sabir Əhmədlinin “Axirət sevdası”, “Ömür urası”, Fazil Güneyin “Qara qan”, Yunus Oğuzun “Cığır”, Kamil Əfsəroğlunun “Çadır”, Aqil Abbasın “Dolu” romanı, Elçin Hüseynbəylinin “Firuzə qaşlı xəncər”, Şərif Ağayarın “Şəkil” hekayələri və s.

Dünya ədəbiyyatında Ernest Hemenqueyin “Əcəl zəngi”, Nodar Dumbadzenin “Mən günəşi görürəm”, Qurban Səidin “Əli və Nino”, Xalid Hüseyninin “Min möhtəşəm günəş” və s. kimi əsərləri də müharibə mövzusuna həsr olunub.

1990-cı illərdən ədəbi aləmə qədəm qoyan yazıçı-publisist Natəvan Dəmirçioğlu bir sıra sanballı əsərləri ilə ədəbiyyat tariximizdə iz qoyan qüdrətli qələm sahiblərindən biridir. Əsərlərinin mürəkkəb arxitektorası, orjinal yazı üslubu, fəqli obrazları (ədəbiyyatda tamamilə yeni olan “Yetim” povestində Qarı)(4), axıcı və şirin dil faktoru bu xanım yazarı ciddi nasirlər sırasına çıxarmışdır.

Dəmirçioğlu nəsrinin sənətkarlıq xüsusiyyətləri, dil və üslub fərqliliyi ədəbi camiədə söz sahibi olan alimlərimizin diqqətini cəlb edib: Professor Cahangir Məmmədli «Natəvan Dəmirçioğlunun nəsr dünyası» adlı elmi məqaləsində “Natəvan xanımın aydın təhkiyəsi, oxucunu çəkib aparan nəsr üslubu var” (7) deyə yazır.

“O, yüksək səviyyəli, hazırlıqlı, elitar oxucu üçün yazır”(8) söyləyən Dövlət Mukafatı laureatı, professor Nizaməddin Şəmsizadənin fikri bu qənaəti daha da gücləndirir.

Filoloq alim “Mənim üçün yazıçı dilə münasibətdən başlayır. Natəvan Dəmirçioğlu ən böyük sərvətimiz olan dilimizin hər sözünə nəsrin fəzasında nəzər salmağı bacarır...” (9) deyə yazır.

"Natəvan Dəmirçioğlunun nəsr əsərləri ilk növbədə, təhkiyə tərzinin yeniliyi ilə seçilir və hətta deyərdim ki, orijinallığı ilə seçilir." Professor Vaiqf Yusifli isə bu fikirdədir.

Yazıçının müharibə mövzusunda yazılmış və növbəti uğurlarından olan “Açar” romanı da digər əsərlər kimi öz orijinal üslubu, bədii xüsusiyyətləri, hadisələrin real, canlı boyalarla təsviri baxımından xüsusən mükəmməldir. Milli koloritin, milli-mənəvi dəyərlərin qorunduğu “Açar” romanının dili olduqca axıcıdır, xalq deyim və inancları, folklor nümunələri yazıçının sənətkarlıq xüsusiyyəti kimi diqqəti cəlb edir. Hələ Birinci Qarabağ müharibəsindən başlayaraq otuz il davam edən və Zəfərlə yekunlaşan döyüş səhnələri, bu acıları yaşamış insanların nakam taleyi əsərin əsas ideya xəttini təşkil edir.

Əsərin yazılma səbəbi ilə bağlı müəllif bunları yazır: “Dövlətimə, xalqıma, şəhidlərimizin ruhuna, taleyindən Vətən müharibəsi keçən bütün insanlarımıza, oğluma, Zəfərimizə ithaf edirəm.” (2, səh 15)

Romanın dil və üslub xüsusiyyətləri kimi onu qeyd etmək olar ki, əsərdə bədii üslubun bütün elementləri zəncirvari şəkildə bir-birini çox uğurla tamamlayır. Süjet boyu əsərin fabulasını təşkil edən müharibə dəhşətlərini yaşamış ayrı-ayrı insanların acı taleyi, müharibə acılarını əks etdirən ayrı-ayrı səhnələr sanki kuliminasıyada birləşərək romanı tam olaraq reallaşdırır və oxucunu emosional təsir altında saxlayır.

Bədii üslubun bütün elementləri: məsələn fonetikanın üslub imkanları kimi alleterasiyalar, assoanslar, bədii suallar, bədii təkrirlər, bədii təsvir və ifadə vasitələrinin bütün forma və növləri, leksikanın üslub imkanlarından olan sinonimlər, omonimlər, antonimlər, frazeoloji birləşmələr, morfologiyanın və digər köməkçi nitq hissələrinin üslub imkanları tamamilə yerində verilmişdir. Fikirlərimizi əsərdən gətirilmiş nümunələrlə əsaslandıra bilərik:

“Göylərin və Yerin açarları ONUN əlindədir... O hər şeyi biləndir... Həmd olsun ona” (“Quran”dan )

Xalq-el deyimlərindən (folklor deyimlərindən): “Özü bağlayan, özü açar!”, “Hər bağlı qapının bir açarı var”, “...sarı yağdan tük çəkər kimi çəkim sözləri ondan” və s.

Rəvayət, etnoqrafik yaddaş kimi “Sarı gəlin” (Əri öləndən sonra qaynına veriləcək gəlinə deyilirdi), “İrəvanda xal qalmadı” (“İrəvanda Xan qalmadı, Gəncədə sultan qalmadı”) mahnısının açıqlamasına da, ilk dəfə bu əsərdə məhz N. Dəmirçioğlunun araşdırmasında rast gəlirik.

Alleterasiyalardan: “Şəhidlik şərbəti içmək”, “Azərbaycan üçün qara qızıl, Qarabağın qızıl açarı ola bilər” ( 2, s.21.), “Qarabağsız ürəyim qara yara bağlayıb” ( 2, s.142.) kimi cümlələrdə “ş” və “q” samitlərinin dəfələrlə təkrarı alleterasiya olub fonetik dil vahidlərinin üslub imkanı kimi və yaxud “Balanız Vətən göylərinin səmasındadır. Tanrının dərgahındadır. Cənnətin ən yüksək qatındadır. Balanız əlçatmazlıqdadır. O şəhadət şərbətini içib. Tanrı dərgahına ucalıb, ona kimsənin əli çatmaz, ünü yetməz, -dedi gələn adam”( 2, s.17.) Bu cümlədə səma, ən yüksək qat, əlçatmazlıq, əl çatmaz, ün yetməz və s. ifadələr, “Bu əməliyyatda ən əvvəl snayper məhv edildi, alay dağıdıldı, yüksəklik alındı, düşmənin mövqe tutduğu strateji səngər ələ keçirildi və bir kənd azad edildi” ( 2, s. 44.) burada məhv edilmək, dağılmaq, alındı, ələ keçirildi, azad edildi və s. leksik dil vahidləri kimi sinonimlik yaradaraq əsərin ifadəliliyini və təsirliliyini artırmağa xidmət edir.

Bədii təkrirlərdən: “Ayağımı atma komandir, ayağım olmasa yaşamaram. Onu döyüş meydanında qoymadım, götürdüm ki, yerinə calasınlar, tiksinlər.... ayaqsız olmaq istəmirəm...istəmirəm...istəmirəm.... ( 2, s. 45.) “Yurdunu itirdi, evini itirdi, səhhətini itirdi”, ( 2, s. 101.) “...indi ürəyimi köz kimi yandırır, yandırır, Söyün əmi, yandırır” ( 2, s. 130.) bu cümlələrdə istəmirəm, itirdi, yandırır kimi dil vahidləri bədii təkrir kimi əsəri xüsusən canlandırır. Və yaxud da “Qoca isə “dağlar qar, bağlar bar, xəstə nar, könül yar istəyən kimi”, bu açarların bağlı qapını açan səsini eşitmək istəyir...” ( 2, s. 20.) qar, bar, nar, yar və s. kimi təkhecalı həmqafiyə sözlər fonetik üslub imkanı kimi nitqdə ahəngdarlıq yaratmağa xidmət edir.

Digər cümlədə oxuyuruq: “Onların da anası var, onların da cibindən sevdiyi qızın min ümidlə baxan şəkli çıxır, onların da atası boyu bərabəri oğul böyüdüb, onun ölümünü eşidəndə qəddi əyilir, onların da qaragözlü balaları onların yolunu gözləyir. Onlara da heyifdir, onlar da cavandır, günahsızdır.” ( 2, s.56.) Bu cümlədə onlar şəxs əvəzliyinin cəmi olaraq hallanır, əsas nitq hissəsi olan morfologiyanın üslub imkanı kimi əsərin təsirliliyinə xidmət edir.

Ağılar - folklor nümunələrindən biri kimi: Şəhid Məhəmmədin anası balasına bu cür ağı deyir: “Yatdığın Yerə, uçduğun Göyə, qazandığın ada qurban olum, ay Məhəmməd. Torpağına, daşına, uğrunda öldüyün Vətəninə qurban olum, ay Məhəmməd. Özüm quruyub ölmürəm, ölöm, yaşım quruyub” ( 2, s.18.)

“Ölöm” sözü bu cümlədə ədəbi dil norması-fonetik normanın pozulması kimi qəbul olunsa da, əsərin təbilliyinə əsla xələl gətirmir və çox təsirli səslənir.

Ritorik suallar da əsərdə kəskin təqdim olunur və məlum acıları həssas oxucunun lap iliklərinə qədər yeridir, sümüklərinə qədər sızladır. Yenə də şəhid anasının ah-naləsi fonunda oxuyuruq: “Bu açarları görürsünüzmü, bu balamın bəy otağının açarıdır. İndi onu hara qoyum, hardan asım, kimə verim?! Gəlinə verəcəkdim...neyniyim mən, qanlı Fələk?!” ( 2, s.18.)

Şivələr, el deyimləri, məsəllər, loru sözlər, dialektlər də əsərə xüsusi rəngarənglik gətirir. Belə sözlərdən məsələn: “buruntaq” (heyvanların boğazından çəkərək, burnuna bağlanan ip), “yelin”, (doğmuş inəyin süd dolu döşləri), “yaranal” (generala deyilib), “eymənmək” (qorxmaq-çəkinmək), “Bizəmi gəlibsən, düzəmi gəlibsən” (laqeyd, diqqqətsiz adamlar üçün deyilib) “Hər insanın bir psixoloqa, bir psixoloqun iki psixoloqa ehtiyacı var”, “Qoç quzuluğundan bəlli olur”, “İnsan yeddisində nədirsə, yetmişində də odur”, “Suya düşmüş itlə, yağışa düşmüş erməninin fərqi yoxdur” və s.

Bədii təsvir və ifadə vasitələrindən: “...dərd yuyub nur topasına döndərdiyi vücudunu köksünə sıxdı” ( 2, s.226.), “Palçıqlı əsgər çəkməsinin içindəki kəsik ayağı da yanındaydı...” ( 2, s. 48.), “Qarabağın açarı.... Qarabağ özü açar olacaq. Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə...İrəvanın qapıları , Dəmir Qapı Dərbənd, hələ Təbriz var...”( 2, s.227.) “hər bir zabit bir tarixdir, bir tarixi şəxsiyyətdir, yeriyən bir parça vətəndir” ( 2, s.54.) yeriyən vətən (metonimiya) bu cümlələrdə dərdin əritdiyi vücud (mübaliğə), Qarabağ özü açara bənzədilir (metaforalar), bənzətmələr, metonimiyalar da bədii təsvir vasitələri kimi əsərin emosionallığını artırır.

Romanda bəzi ifadələr də vardır ki, bu cümlələr yazıçının qələmində sanki aforizm kimi səslənir. Məsələn: Yazıçının şəhid bacısı Vəfa Mansurovanın dilindən səslənən “Diplom Vətən qorumur” ( 2. s.31.) və yaxud da gərgin döyüş anlarında komandirlərin əsgərləri ruhlandırmaq üçün söylədikləri “Təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq” ( 2. s.46.) ifadələri də hələ illər əvvəl məhz N. Dəmirçioğlunun dilindən eşidirik.

Beləliklə bütövlükdə Böyük Qələbəmizə, Zəfərimizə və bu Zəfəri bizə yaşadan Ali Baş Komandanımıza ithaf olunan əsər güclü bədii tutumu ilə seçilir, burada tarixi faktlar elmi əsaslarla üzə çıxarılır, hərb sənətinin sirləri incələnir, siyasi məsələlərə ehmalca, həssaslıqla yanaşılır.

Və beləliklə Ali Baş Komandanın söylədiyi kimi “Əminəm ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” (6) və bütün bu fikirləri biz bir daha və daha əvvəl də yazıçının dilindən eşidirik “Qarabağın açarı.... Qarabağ özü açar olacaq. Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə... İrəvanın qapıları, Dəmir Qapı Dərbənd, hələ Təbriz var...”.( 2, s.227.)

Bəli, heç şübhəsiz ki, cənab Prezidentin sərkərdəlik şücaəti, hərb sənətinin incəliklərini dərindən duyması, məntiqi mühakimələri, ciddi siyasi addımları, dərin və müdrik zəkası, diplomatik manevretmə bacarıqları sayəsində tezliklə biz böyük bir Birliyin, Türk-Turan birliyinin də yaranmasının şahidi olacağıq.

Əsər ən yeni tariximizin işıqlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusilə əhəmiyyətlidir, əsərə maraq günü-gündən artacaq və o elmə, ədəbiyyata, mədəniyyət və incəsənətimizə yüksək qiymət verən dövlətimizin başşısı cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım tərəfindən də layiqli dəyərini alacaqdır. Əminəm ki, roman Dövlət Mükafatına tamamilə layiqli bir əsərdir və onun ssenarisinə əsasən layiqli bir filmin ərsəyə gətirilməsi şəhidlərimizin ruhuna layiqli bir töhfə ola bilər. Yaradıcılığının çiçəkləndiyi bir dönəmdə Natəvan Dəmirçioğluna yeni-yeni uğurlar arzulayırıq.

Yazıçı-publisist Natəvan Dəmirçioğlu bir sıra sanballı əsərləri ilə ədəbiyyat tariximizdə iz qoyan qüdrətli qələm sahiblərindən biridir. Yazıçının müharibə mövzusunda yazılmış və növbəti uğurlarından olan “Açar” romanı da digər əsərlər kimi öz orijinal üslubu, bədii xüsusiyyətləri, hadisələrin real, canlı boyalarla təsviri baxımından xüsusən mükəmməldir. Milli koloritin, milli-mənəvi dəyərlərin qorunduğu “Açar” romanının dili olduqca axıcıdır, xalq deyim və inancları, folklor nümunələri yazıçının sənətkarlıq xüsusiyyəti kimi diqqəti cəlb edir. Hələ Birinci Qarabağ müharibəsindən başlayaraq otuz il davam edən və Zəfərlə yekunlaşan döyüş səhnələri, bu acıları yaşamış insanların nakam taleyi əsərin əsas ideya xəttini təşkil edir.

Romanın dil və üslub xüsusiyyətləri kimi onu qeyd etmək olar ki, əsərdə bədii üslubun bütün elementləri zəncirvari şəkildə bir-birini çox uğurla tamamlayır. Süjet boyu əsərin məzmununu təşkil edən müharibə dəhşətlərini yaşamış ayrı-ayrı insanların acı taleyi, müharibə acılarını əks etdirən müxtəlif səhnələr sanki kuliminasıyada birləşərək romanı tam olaraq reallaşdırır və oxucunu emosional təsir altında saxlayır.

# 216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər