Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?
2 noyabr 2026
# 16:00

Bu gün isveçli yazar Moa Martinsonun doğum günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Dünyaya gəlişi rəsmi qeydiyyat dəftərlərində sadəcə bir "qüsur", cəmiyyətin gözündə isə adsız bir kəniz qızının növbəti yükü idi. 1890-cı ilin soyuq bir noyabr günündə İsveçin Vardnes kəndində, uçulub-dağılan bir daxmada doğulan Helqa Mariya Svarts sonralar bütöv bir ədəbi cərəyanın, susdurulmuş fəhlə qadınlarının hayqırtısına çevriləcəkdi. Ədəbiyyat tarixinə düşəcəyi adla desək: Moa Martinson.

Atasının kimliyini heç vaxt dəqiq bilmədi. Anası Kristina Svartsın Motala məhkəməsində uşağın atası olduğu iddia edilən muzdur Anders Teodora qarşı açdığı aliment davası cavabsız qaldı - kişi Amerikaya qaçmış, izini itirmişdi. Bu itkin ata obrazı Moanın uşaqlıq təxəyyülündə əvvəlcə romantik bir sirr kimi dolaşsa da, illər keçdikcə yerini dərin nifrətə, ən sonda isə büsbütün unudulmağa qoydu. Moa atanı yox, Norrköpinqin rütubətli toxuculuq fabriklərində quru qəpik-quruşa yun əyirən, səfalətin içində ləyaqətini qorumağa çalışan anasını özünün ən böyük sirdaşı və həyatının tək həqiqəti bildi.

Ailə Östergötlandın çöllərində, daxmadan-daxmaya sərgərdan gəzdi. Moanın məktəb illəri bir-iki aydan bir dəyişən qəzalı komalarda keçsə də, o, məktəbi ən yüksək qiymətlərlə başa vurdu. On beş yaşında artıq İsveçin ən gənc soyuq qəlyanaltı aşpazı idi.

1906-cı ilin yayında Norrköpinq Sənaye və İncəsənət Sərgisinin əsas restoranında işləyərkən Sylt təpəsinə qalxan 80 pilləni hər gün sayırdı. Həmin pillələrin başında İsveç kralı II Oskar ilə güllərin də ruhunun olub-olmaması barədə etdiyi qısa, şairanə söhbət illər sonra "Kralın qızılgülləri" romanında bədii əksini tapacaqdı. Həmin 80 pillə bu gün də Norrköpinqdə "Moa Martinson pillələri" adlanır.

Lakin həyat şairlik xəyalları quran bir gənc qız üçün heç vaxt saray bağları kimi ətirli olmadı. İşsizlik, böhran və rədd edilən ilk şeirlər onu yenidən əyalətə qaytardı.

1909-cu ilin qışında Moa daşyonan Karl Yohanssonla qarşılaşdı. Meşənin dərinliyindəki Yohanisdal adlı kimsəsiz komaya köçdü. Bu, qaranlıq meşənin içində qadınlıq, analıq və yoxsulluqla aparılan amansız mübarizənin başlanğıcı idi. Bir-birinin ardınca oğlanları dünyaya gəldi. Beşinci oğlu Knutu 1916-cı ildə, daxmanın soyuq mətbəx döşəməsində, təkbaşına dünyaya gətirdi — bu səhnə sonralar İsveç ədəbiyyatında doğuşun ən sarsıdıcı, ən çılpaq və güclü təsvirlərindən birinə çevriləcəkdi.

Amma ən böyük dəhşət qapını 1925-ci ilin aprelində döydü. İki kiçik oğlu — Manfred və Knut, komalarının yaxınlığındakı Stiran gölünün kövrək buzunu yararaq suların dərinliyində boğuldular. Qadının içində bir dünya batdı. O, dəhşətli kədərini boğmaq üçün dayanmadan yazmağa, özünü sözün girdabına atmağa başladı.

Yohanisdalın faciəsi bununla da bitmədi. Əsəb sarsıntıları keçirən, qarabasmalar görən həyat yoldaşı Karl 1928-ci ilin yanvarında ağzına dinamit çubuğu qoyub fitilini alışdıraraq intihar etdi. İki oğlunu və ərini itirən, dörd tərəfi meşə ilə əhatələnmiş komada tək qalan Moa dərin depressiyaya yuvarlandı.

Qadınlar üçün nəşr edilən siyasi jurnallara məqalələr yazarkən o, "Moa" təxəllüsünü seçdi. Bu adı danimarkalı yazıçı Yohannes Yensenin romanından götürmüşdü - bəşəriyyətin ilk anasının adından.

1928-ci ilin yayında Yohanisdala gənc, avara, keçmiş dənizçi və gələcəyin Nobel mükafatçısı Harri Martinson gəldi. Aralarındakı 14 yaş fərqə, tamamilə fərqli xarakterlərə və üslublara baxmayaraq, aralarında alovlu və eyni dərəcədə dağıdıcı bir sevgi başladı. Harri zərif bir modernist, Moa isə cilalanmamış, torpaq qədər qaba və gerçək bir realist idi.

1933-cü ildə Moa ilk romanı - "Qadınlar və alma ağacları"nı çap etdirdi. Bu əsər cəmiyyəti silkələdi. Sağçı tənqidçilər onu yoxsulluğu və çirkinliyi qabartmaqda suçlasa da, o, gerçəkliyin üzündəki tülü yırtmışdı.

Lakin Harri ilə evlilik dinc keçmirdi. Harrinin tez-tez yoxa çıxması, başqa qadınlarla eşq macəraları, qısqanclıq böhranları ailəni uçuruma aparırdı. 1934-cü ildə Harri yenidən qaçıb gedəndə, Moa radio vasitəsilə teleqram yayımladı, ardınca ərinin qoyub getdiyi "Gicitkən çiçək açır" əlyazmasını meşədə basdıraraq intihar edəcəyini yazdı. Harri geri qayıtdı, əlyazmanı torpaqdan birlikdə çıxardılar, lakin bu münasibətin ruhu artıq ölmüşdü. 1939-cu ildə Harri xəstəxanadan çıxdıqdan sonra bir daha Yohanisdala dönmədi və cütlük boşandı.

1940-cı illərdə Moa Martinson artıq İsveçdə "Xalqın anası" kimi tanınırdı. O, təkcə yazıçı deyildi, radiolarda çıxış edir, ölkəni qarış-qarış gəzərək mühazirələr oxuyur, fəhlə qadınlarının hüquqlarını müdafiə edirdi. Onun dili elitar ədəbiyyat salonlarının saxta parıltısından uzaq, toxuculuq fabrikinin tozu, kənd təsərrüfatı muzdurlarının təri və uşaq fəryadı ilə yoğrulmuşdu.

1964-cü ildə, 73 yaşında Sorundada gözlərini əbədi yumdu. O, "Anam ərə gedir" əsərinin ön sözündə bütün ömrünün fəlsəfəsini bu sətirlərlə xülasə etmişdi:

"Qəribə də olsa, məni ən çox qəzəbləndirən universitet təhsili almaq imkanından məhrum edilməyim deyil, anamın çırpındığı həmin adsız cəhənnəmin içinə yuvarlanmağım oldu. Bəlkə də mənim üçün daha ağır idi, çünki oranın cəhənnəm olduğunu aydın dərk edirdim. Hamımıza qarşı edilən bu ədalətsizliyi bütün çılpaqlığı ilə görürdüm və əlimdən heç nə gəlmirdi..."

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər