Təxminən min il əvvəl hazırlanmış Bayö qobeleni bu gün gözlənilməz səbəbdən pop-mədəniyyət hadisəsinə çevrilib.
Kulis.az xəbər verir ki, Britaniya Muzeyində nümayiş olunan tarixi tikiliyə maraq bəzi Hollivud filmlərinin nümayişinə olan ilkin marağı üstələyib.
Bank məlumatlarına əsaslanan müqayisə göstərir ki, sərgiyə bilet alanların böyük hissəsini gənclər təşkil edir.
“Monzo” bankının məlumatına görə, bilet satışının ikinci mərhələsinin ilk saatında müştərilərin Britaniya Muzeyinə ödənişləri 14 100 funt-sterlinqə çatıb. Bu, adi çərşənbə səhəri ilə müqayisədə 48 dəfə çoxdur. Alıcıların 55 faizi 35 yaşdan aşağı olub. Eyni göstərici “The Odyssey” filmi üçün 7 min, “Spider-Man: Brand New Day” üçün isə 6 300 funt-sterlinq təşkil edib.
Biletlər də adi kinoteatr biletindən xeyli bahadır: pik saatlarda böyüklər üçün qiymət 33, digər vaxtlarda isə 27 funt-sterlinqdir. Buna baxmayaraq, insanlar sərgini görmək üçün ölkənin müxtəlif şəhərlərindən Londona gəlirlər. Bəzi alıcıların Qlazqodan bilet sifariş etdiyi bildirilir. Satışın ikinci mərhələsində biletlər cəmi üç saata tükənib.
Bayö qobeleni İngiltərədə XI əsrdən bəri ilk dəfə nümayiş etdirilir. Təxminən 70 metr uzunluğundakı bu tikili İngiltərənin normanlar tərəfindən fəthini səhnə-səhnə təsvir edir. Eksponata olan maraq tarixi materialın düzgün təqdimatla və ictimai maraq doğuran hekayə ilə birləşəndə müasir pop-mədəniyyət rəqabətinə qoşula bildiyini göstərir. Muzeydəki sıxlıq səbəbindən foto çəkməyə də məhdudiyyət qoyulub.
Ülvi Bahadır