Mağavızın “kiçik Allahı” sayılan Sultan bəy Sultanov – Xalq qəhrəmanı, yoxsa təcavüzkar ağa?

Mağavızın “kiçik Allahı” sayılan Sultan bəy Sultanov – Xalq qəhrəmanı, yoxsa təcavüzkar ağa?
13 avqust 2026
# 10:00

Kulis.az Məcid Rəşadətoğlunun "Sultan bəy Sultanov – xalq qəhrəmanı, yoxsa təcavüzkar ağa?" yazısını təqdim edir.

Xalq yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı Azərbaycan sovet ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Əslən qərbi azərbaycanlı olan Əli Vəliyev bu romanında başına gəlmiş hadisələri, qaçqınlıq həyatını, uşaqlıq və gənclik xatirələrini cəmləyib. Romanın birinci hissəsi yazıçının uşaqlıq illərindən bəhs etdiyi halda, ikinci hissədə onun yeniyetməlik və gənclik illərindən, jurnalistlik fəaliyyətindən geniş söhbət açılıb. Romanın ikinci hissəsini mütaliə edərkən yazıçının olduqca vacib bir məsələyə toxunduğunu gördüm.

Belə ki, Əli Vəliyev kitabın 5-səhifəsində Qarabağda ağalıq edən bəylərin, qolçomaqların xalqa etdiyi zülmlərə və göstərdikləri əzab-əziyyətlərə toxunaraq yazır: “...Çar hökumətinin əsarətindən başqa, Sultan bəy Sultanovun hökmranlığı altında zəhmətkeş kəndlilər hədsiz əzab və əziyyət çəkmişdilər, yaz əkinçi, qış dilənçi olmuş, payızda dalı şələli Qarabağa köçmüş, yaz gələndə dağa qayıtmışdılar. Şələsində qara sacla bir yoğrumluq arpa unundan savayı heç nə olmayan yoxsullar padşaha rəiyyətlik, Sultan bəyə muzdurluq etmişdilər.

Onların bütün hüquqları, hətta evlənmək, ərə getmək ixtiyarları da Sultan bəyin əlində idi. Mağavız dərəsinin “kiçik Allahı” hesab olunan Sultan bəy o dərəcə havalanmışdı ki, özündən qanunlar uydurur, cərimə və cəza təyin eləyirdi. Çorman və Hacısamlı meşələrində, Lülpər, Qaragöl yaylaqlarında azad yaşayıb Ceyran bulağından su içən kürd gözəlləri Sultan bəyin qanlı cinayətlərinin qurbanı olur, ismətləri ləkələnirdi. Namus və qeyrətlərini müdafiəyə qalxan kürd igidləri, Sultan bəyin əlaltıları və gözətçiləri tərəfindən gecə ikən yoxa çıxarılırdılar. Mağavız dərəsində qanunsuzluq, özbaşınalıq həddini aşır, Hacısamlıda dərə xəlvət, tülkü bəylik edirdi...”

Bu beş-on cümlə kifayət edir ki, hələ məktəbli illərindən adı dillər əzbəri olan Sultan bəy Sultanov şəxsiyyətinə yenidən baxaq. Nəyə görə? Çünki sözügedən şəxsiyyət haqqında hər zaman xalqımız müsbət fikirdə olub, nənə-babalarımız Sultan bəy Sultanov kimi şəxsiyyətlərin qəhrəmanlığından ağızdolusu danışıb. Onun erməni daşnaklarına qarşı apardığı mübarizə tariximizin şərəfli səhifələrindən birini təşkil edir. Lakin hazırda qarşılaşdığımız faktla yüz illər boyu deyilənlər arasında çox böyük ziddiyət var? Bunu kommunist ideologiyasının təbliğatı ilə əlaqələndirmək olarmı? Yazılanlar nə dərəcədə reallığı əks etdirir?

Mənə elə gəlir ki, Əli Vəliyev bu hissədə kürd qızları deməklə, əslində, bir növü oxucunu çaşdırır, diqqətini yayındırmağa, faktı oxucu gözündə kiçiltməyə çalışır. Fikrimi daha dəqiq ifadə etsəm, yazıçı əsərdə Azərbaycan qızları ifadəsini işlətmir ki, bu hissə bir o qədər də diqqəti cəlb etməsin. Eləcə kürd qızları deməklə oxucunu, sanki əhəmiyyətsiz faktla üz-üzə qoyur. Ancaq hər birimiz yaxşı bilirki ki, azərbaycanlıların və kürdlərin bərabər yaşadığı regionda mümkün deyildi ki, bir dəstə Sultan bəyin zülmündən öz nəsibini alsın, ancaq digər dəstə bu siyasətdən kənarda qalsın...

Həmin hissənin ardınca yazılıb: “Dörd il idi ki, tülkülər qaçıb gizlənmişdilər. Dörd il idi ki, qadınların üzü gülür, qızların yanağına qan gəlirdi. Kişilərin dili açılır, cavanlar ürəklə danışırdılar. Meşələrdə pöhrəlik dirçəlir, kövşənlər göyərir, kəndlərdə azadlıq nəğmələri ucalır, şuraların ədalət bayrağı dalğalanırdı. Azadlıq nəğmələri səsləndikcə, Kürdüstan dağları əks-səda verir, əsrlərdən bəri tapdanmış yoxsul və muzdurlar qırmızı bayrağın altına toplaşır, kəndlinin qazancını yeyib gözü qızan müftəxorlara qarşı mübarizəni gücləndirirdilər...”

Ola bilsin ki, yazılanları oxuyub kürd, türk, müsəlman ayrıseçkiliyi etmək istəyənlər olacaq. Ancaq söhbət xalqımızın, Azərbaycan kişilərinin humanistliyindən gedirsə, o zaman bu niyyətimizi kənara qoymalı və yuxarıda qeyd etdiyim kimi, yazılanlara obyektiv münasibət bildirməliyik.

Unutmaq olmaz ki, bədii ədəbiyyat tarixin bütün dövrlərində real faktları üstələyib. Götürək Fərman Kərimzadənin “Qarlı aşırım”ndakı Qəmlo obrazını. Və ya Səməd Vurğunun “Vaqif” dramını. Şair həmin əsərdə Vaqifi göyə qaldırmaqla, onu oxucuya nümunəvi şəxsiyyət kimi təqdim etməklə, əslində, Qacarı qəddar və qaniçən obraz kimi göstərir. Lakin həqiqətdə bu belə idimi? Tarixi vərəqləyərkən, görürük ki, Şah Qacar kifayət qədər savadlı, dünyagörüşlü bir şəxs imiş. O, hətta ədəbiyyata və mədəniyyətə də yaxşı bələd olub. Vaqifin isə Cıdır düzündə boyunun vurulması və Vətənə xəyanətdə, ruslarla müttəfiqlikdə ittiham olunması heç birimizə sirr deyil. Ancaq Səməd Vurğunun “Vaqif” dramı bu iki şəxsiyyət arasında elə bir fərq yaradıb ki, illər keçsə də Qacar şəxsiyyəti Vaqifin töhmətindən xilas ola bilmir. Bu səbəbdən də bədii ədəbiyyat, söz sənəti bəzən tarixi reallıqları üstələyir. Və belə olduqda şərait yaranır ki, bizlər illər boyu qəhrəman kimi tanınan insanların şəxsiyyətini yenidən araşdıraq...

Ancaq daha obyektiv və daha düzgün şəkildə!

# 242 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər