İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma

İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma
13 yanvar 2026
# 16:00

Kulis.az xarici mətbuata istinadən konsprioloji nəzəriyyələrə inamla bağlı araşdırmanı təqdim edir.

Konsprioloji nəzəriyyələrə meyilliliyin arxasında insanların dünyaya qarşı dərin etimadsızlığı və qeyri-müəyyənliyə dözümsüzlüyü dayanır.

Yeni bir elmi araşdırma göstərir ki, bu cür inanclar nə aşağı təhsilin, nə də həddindən artıq xəyal gücünün nəticəsidir.

"Applied Cognitive Psychology" elmi jurnalında dərc olunan tədqiqatda demoqrafik göstəricilər, ideoloji mövqelər və şəxsiyyət xüsusiyyətlərini əhatə edən 14 fərqli amil konsprioloji düşüncəsi ilə əlaqəsi baxımından təhlil edilib.

Araşdırmada əsasən Böyük Britaniya, ABŞ, Kanada və Cənubi Afrikadan olan, orta yaşı 49 olan 253 nəfər iştirak edib.

“Həqiqət gizlədilir” düşüncəsi mərkəzdə

Tədqiqatçılar xüsusilə güclü qurumların və təşkilatların həqiqəti cəmiyyətdən gizlətdiyinə inamı - yəni "ört-basdır nəzəriyyəsi"ni araşdırıblar.

Bu yanaşmaya görə, dünyada baş verənlərin əsl səbəblərini yalnız konsprioloji nəzəriyyələrə inanan insanlar görə bilir.

Araşdırmanın müəllifi, Norveç Biznes Məktəbinin psixologiya professoru Adrian Furnham bildirib:

“Son on ildə konsprioloji nəzəriyyələri barədə təxminən 20 elmi məqalə dərc etmişəm, lakin "ört-basdır" düşüncəsini mərkəzə alan tədqiqatlar çox azdır.”

Bu məqsədlə alimlər "Siyasətçilər qərarlarının əsl səbəblərini nadir hallarda deyirlər" və "Dövlət qurumları vətəndaşları daim izləyir" kimi fikirləri ölçən 10 maddəlik sorğu hazırlayıblar.

İştirakçılar həmçinin rəqabətçilik və qeyri-müəyyənliyə dözümlülük kimi xüsusiyyətləri qiymətləndirən psixoloji testlərdən keçiblər.

Ən güclü amil: Qeyri-müəyyənliyə dözümsüzlük

Nəticələr olduqca maraqlı olub. Konsprioloji nəzəriyyələrə inanmaqla ən güclü əlaqə qeyri-müəyyənliyə aşağı dözümlülük arasında aşkarlanıb.

Yəni insanı narahat edən, hadisələrin mürəkkəb və çoxqatlı ola biləcəyini qəbul etməkdə çətinlik çəkən şəxslər sadə, lakin səhv izahlar təqdim edən konsprioloji nəzəriyyələrə daha tez yönəlirlər.

Alimlərə görə, mürəkkəb hadisələr qarşısında “asan cavablar” təqdim edən bu nəzəriyyələr, qeyri-müəyyənlikdən qorxan insanlar üçün psixoloji baxımdan daha cəlbedici olur.

Araşdırma həmçinin dünyanın əsasən ədalətsiz olduğuna inanan şəxslərlə qeyri-real və radikal nəzəriyyələrə meyl arasında da güclü əlaqə tapıb.

Belə insanlar gizli qüvvələrin hər şeyi idarə etdiyi fikrinə daha asan inanırlar.

Ən diqqətçəkən nəticələrdən biri isə budur: təhsil səviyyəsi ilə konsprioloji nəzəriyyələrə inam arasında heç bir əhəmiyyətli əlaqə yoxdur.

Bu, konsprioloji inanclarının cahillikdən və ya zəka çatışmazlığından qaynaqlandığı barədə geniş yayılmış fikri ciddi şəkildə sarsıdır.

Tədqiqatçılar daha böyük miqyaslı araşdırmaların bu nəticələri möhkəmləndirəcəyini bildirirlər.

Lakin indiki nəticələr belə mühüm bir həqiqəti ortaya qoyur: insanlar qeyri-müəyyənliklə üz-üzə qaldıqda, bəziləri mürəkkəb reallıq əvəzinə sadə, lakin yanlış izahları seçir.

Bu da göstərir ki, konsprioloji nəzəriyyələri çox vaxt məlumat çatışmazlığından deyil, psixoloji təhlükəsizlik ehtiyacından qaynaqlanır.

# 147 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər