Dünya musiqisinin əfsanəvi siması Devid Bouinin arxivindən indiyədək geniş ictimaiyyətə təqdim edilməmiş görüntülər üzə çıxarılır.
Kulis.az xəbər verir ki, müğənninin 1978-ci ildəki dünya turu zamanı lentə alınmış konsert filmi 2027-ci ildə xüsusi multimedia layihəsi çərçivəsində nümayiş etdiriləcək.
“Stage” adlanan layihə Bouinin “Isolar II” turnesinin arxiv görüntüləri əsasında hazırlanır. Filmin rejissorluq və bərpa işləri “Moonage Daydream” sənədli filminin müəllifi Brett Morqenə həvalə olunub. Layihədə uzun illər nümayiş olunmayan görüntülərin müasir texnologiya ilə yenidən işlənməsi nəzərdə tutulur.
1978-ci il turnesi Bouinin yaradıcılığının mühüm mərhələlərindən biri hesab olunur. Həmin dövrdə musiqiçi özünün eksperimental səhnə estetikası, qeyri-adi obrazları və musiqi üslubundakı dəyişikliklərlə diqqət çəkirdi. Konsert çəkilişləri isə onun səhnə davranışını və canlı ifa enerjisini qoruyub saxlayan mühüm arxiv materiallarıdır.
Yeni layihənin ən maraqlı tərəfi onun adi kino nümayişi kimi təqdim edilməməsidir. Təşkilatçılar Bouinin səhnədə yenidən mövcud olduğu illüziyasını yaratmağı, arxiv görüntülərini böyük arenalarda xüsusi səhnə quruluşu ilə nümayiş etdirməyi planlaşdırırlar.
Beləliklə, təxminən yarım əsr əvvəl lentə alınmış konsert görüntüləri yeni nəsil tamaşaçılar üçün də əlçatan olacaq. Bu layihə həm Bouinin pərəstişkarları, həm də musiqi arxivlərinin müasir texnologiyalarla bərpası ilə maraqlananlar üçün əhəmiyyətlidir.