Serbiyalı məşhur kinorejissor Emir Kusturitsa Patriarx Kirillin 80 illiyinə həsr olunmuş “Bizim xaç suyuna salınma. Patriarx” sənədli filminin çəkilişləri zamanı Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin onun üçün böyük yaradıcılıq ilhamı olduğunu bildirib.
Kulis.az xəbər verir ki, rejissor TASS-a müsahibəsində dövlət başçısının siyasi statusunun arxasında ziddiyyətləri uzlaşdıra bilən lider enerjisi və “incə ruh” gördüyünü qeyd edib.
Kusturitsa bu görüşün Rusiyanın təməlində mənəvi həyatın gücünün, vahid mədəniyyət və vahid xalqın dayandığını bir daha təsdiqlədiyini vurğulayıb.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində çəkilən bu beynəlxalq layihədə Prezidentlə yanaşı, Rus Pravoslav Kilsəsinin nümayəndələri, qubernator Aleksandr Beqlov və rejissor Nikita Mixalkov da yer alıblar.