Aktrisa olmaq üçün ərindən boşanan, məscidlərdə mərsiyə deyən Əminə Yusifqızı haqqında maraqlı faktlar

Aktrisa olmaq üçün ərindən boşanan, məscidlərdə mərsiyə deyən Əminə Yusifqızı haqqında maraqlı faktlar
9 oktyabr 2025
# 21:00

Kulis.az bu gün vəfat edən Xalq artisti Əminə Yusifqızı haqqında maraqlı faktları təqdim edir.

Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında ışləyib "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

***

Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olub. 1974-cü ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarına çəkilib.

***

Əminə Yusifqızının qiraət sənətinə gəlişi onun istedadının nəticəsi idi. O, 1950-ci illərdə ilk dəfə radioda çıxış edərək poeziya nümunələrini səsləndirib. Az müddət ərzində səsi bütün ölkədə tanınıb, dinləyicilər onu “sözün səsi” adlandırmağa başlayıb.

***

Aktrisaya ən böyük uğuru Səməd Vurğunun eyniadlı poeması əsasında səhnələşdirilən “Komsomol poeması” tamaşasındakı Humay obrazı qazandırıb. Bu roldan sonra tamaşanın yaradıcı heyəti SSRİ mükafatına layiq görülüb. Növbəti nümayiş isə Kremldə keçirilib.

***

Qardaşı onun aktrisa olmasına razılıq verməyib. Əminə teatra gizlicə gedib-gəlib, bu müddətdə isə anası ona böyük dəstək göstərib. Ana qızının teatra getdiyini oğlundan uzun müddət gizli saxlaya bilib.

***

Aktrisa orta məktəbdə birgə oxuduğu sinif yoldaşı ilə gənc yaşlarında ailə həyatı qurub. Bu evlilikdən onun Səadət adlı bir qızı dünyaya gəlib.

Lakin bu ailə uzunömürlü olmayıb. Həyat yoldaşının ailəsi Əminə xanımdan aktrisalıqdan imtina etməsini tələb edib. Sənətinə dərin bağlılığı olan Əminə Yusifqızı isə seçim qarşısında qalaraq həyat yoldaşına bildirib ki, o, ailədən deyil, sənətdən imtina edə bilməz və ayrılmaq qərarına gəlib.

Bu barədə o, belə deyir:

“Mən incəsənətə görə ailəmdən ayrıldım. Onlar deyirdi, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim. Amma etiraf edirəm ki, ailəmin dağılmasında günah məndə oldu. Yaxşı olardı ki, biz bir yerdə olaq. Elə insandan ayrıldığıma görə həmişə peşman oldum. Ancaq mən sənətimi çox sevirdim. Onunla birlikdə olanda, mən sənəti atdım, teatrdan uzaqlaşdım. Yoldaşım gördü ki, mən sənətsiz yaşaya bilmirdim. Nə yemək yeyirdim, nə su içirdim. Yoldaşım onda mənə dedi ki, sən allah get, yoxsa, sən ayaq üstə öləcəksən”.

***

Əminə Yusifqızının repertuarında Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərin poeziyası mühüm yer tutur.

O, uzun illər Azərbaycan Radiosunda və Televiziyasında aktrisa, diktor, aparıcı və qiraətçi kimi fəaliyyət göstərib. O, həmçinin bir çox bədii və sənədli filmləri səsləndirib. .

Əminə Yusifqızı Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Həmçinin, mədəniyyətin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət təltifləri və diplomlarla mükafatlandırılıb.

***

Əminə Yusifqızı həm də Azərbaycanda avtomobil idarə edən ilk qadın sənətçilərdən biri olub. Lakin o, bir dəfə yol qəzası keçirib və bu hadisə ona ciddi stres və qorxu yaşadıb:

“Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra isə mən idarə etmişəm. O zaman ancaq kişilər maşın sürürdü. Təbii ki, bizə qəribə baxırdılar. Bizdən uzun illər sonra başladı xanımlar maşın sürməyə. Dövlət yol polisi əməkdaşları hörmət edirdi, gecə saat neçə olursa-olsun gətirib qaraja kimi məni yola salırdılar. Bu yaxınlarda qəza törətdim. Mənim səhvimdən baş verdi. Çox pis qorxdum, stress yaşadım. Amma sonra iradəmin köməkliyi ilə özümü ələ aldım. Dedim, sən Əminəsən, möhkəm ol”.

***

On il Gənc Tamaşaçılar teatrında, on il də Akademik Milli Dram Teatrında işləyən aktrisa hər iki teatrdan özü gedib. Dram teatrından gedişini isə aktrisa belə açıqlayır:

“Orda məni çox incitdilər. Mən o aktyorların qarşısında ki səcdə qılırdım, onlar məni incidirdilər. Mənimlə bir tamaşada iştirak edən aktyorlar iki-üç tamaşadan sonra iştirak etmirdilər. İndi adlarını çəkmək istəmirəm, rəhmətə gediblər. Tamaşalardan sonra məni tərifləyirdilər. Onların da ürəyi götürmürdü. Aktyorlarda belə qısqanclıqlar olur. Amma sonradan onlar hamısı peşman olmuşdular”.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər