Kulis.az Sevinc Xanbutayevanın "Tilov" serialı haqqında yazısını təqdim edir.
Cəmiyyətin ucsuz-bucaqsız dəryada “Tilov”a saldığı "günahsız "balıqlar" kimlərdir?” deyə bir sual yaranır insanın içində…
Rejissoru Emil Quliyev (ssenari müəllifləri Pərviz Həsənov, Araz Bayramov və Emil Quliyev) olan “Tilov” bədii serialı müasir dövrün uğurlu nümunələrindən biridir. Bu serialda da Emil Quliyevin üslubu özünü göstərir, on bölümdən ibarət serialın hər bölümü adamı maraqda saxlayır, həyəcanlandırır.
Serialda baş verən hadisələr bir çox hallarda cəmiyyətdə üstüörtülü şəkildə qalan, biganə yanaşılan, kiçik məsələ kimi görülən vəziyyətləri - pedofiliyanı, valideyn-övlad münasibətlərində biganəliyi, təbəqə ayrı-seçkiliyini, cinayətə meyl kimi mövzuları işıqlandırır. Həmçinin, bunlarla yanaşı baş obrazlardan biri Nazimin (Amid Qasımov) timsalında peşəsini layiqli yerinə yetirən, necə deyərlər, haqq-ədalət uğrunda çalışan dövlət işçilərinin qarşılaşdığı çətinlikləri, haqsızlıqları göstərir. “Tilov” serialında bir daha Emil Quliyevin üslubuna xas olan əsas xüsusiyyətlərdən birini görürük: məqsəd təkcə cinayətlərin səbəbini araşdırmaq, cinayətkarı tapmaq deyil. Məqsəd daha çox cinayətlərə gətirən səbəblərə, onların kökünə işıq salmaqdır.

Serialda baş verən əsas hadisəni – uşaqlıqdan anasının biganəliyi, aqressiyası ilə üzləşən Nigarın (Kəmalə Piriyeva) həyatını və onun başına gələnləri məqalənin fundamental mövzusu olaraq seçə bilərik. Amma serial tək bir mövzuya fokuslanıb qalmağa məcbur etmir, əksinə, fərqli situasiyalarda daxili qərar vermə, seçim etmə hüququnu aktivləşdirir.
Emil Quliyevin daha əvvəl ekranlaşdırdığı “Əqrəb mövsümü” və “Əqrəb mövsümü 2: İki dünya bir olsa da” seriallarında müxtəlif səbəblərdən ağır psixoloji travmalar alan cinayətkarlar günahsız insanları öldürür. Lakin “Tilov”da qəhrəmanlardan biri Nigar, qisasını həqiqətən də günahkarları öldürərək alır. Belə demək mümkünsə, cəmiyyəti bir növ “parazitlərdən” təmizləyir. “Tilov”dakı “parazitləri” (pedofil usta, vəzifəsindən və gücündən istifadə edən bələdiyyə rəhbəri, arvadını qətlə yetirən keçmiş ər) rejissor Bonq Cun Honun “Parazitlər” filminin surətləri ilə də müqayisə etmək olar. Düzdür, “Parazitlər” filmində personajlar qeyri-qanuni yollarla sosial pillələrlə qalxaraq, öz sosial statuslarını möhkəmləndirmək istəyirlər. “Tilov”da isə yuxarıda dediyim kimi, “parazitlər” arasında pedofillər, rüşvətxorlar, təcavüzkarlar, qadına zorakılıq göstərən tiplər var. Lakin hər iki nümunə əsasında deyə bilərik ki, “parazitlər” müxtəlif sinfi təbəqələrə aid olsalar da, nəticə olaraq hər təbəqə bir-birindən müəyyən mənalarda “parazit” kimi qidalanır. Yəni onları bir-birindən ayıran, hər iki təbəqənin də əslində özündə olmadığı, əksik məqamlardır. Zamanı gələndə isə həm “Parazitlər” filmində, həm “Tilov” serialında olduğu kimi onlar cəmiyyətdən “təmizlənirlər”. Baxmayaraq ki, film və seriallarda baş verən bu “təmizlənmələr” bir qisim insanı “belə etmək düzgün deyil” qənaətinə gətirmir və həmin “parazitləri” əvəzləyən insanlar cəmiyyətdə yenidən yaranır.
“Tilov”un ilk seriyalarından başlayaraq, amansız qətllər baş versə də, son bölümlərdə qatilin kimliyini, cinayətin səbəblərini bilsək də, onu günahlandırmaq yerinə "bağışlamaq, günahını qəbul etmək" vəziyyətində qalırıq. Yəni qəhrəmana müəyyən mənalarda, istər-istəməz haqq qazandıra bilirik. Baxmayaraq ki, elədiyi cinayətdir. Çünki biz onu yaşadığı situasiyaya görə qətlləri "ağrılarının qisasını alma" səbəbi olaraq qəbul edirik, onun dərdinə şərik oluruq. Hətta qəhrəmanın yerinə özümüz olsaq, bəlkə, elə davrana biləcəyimiz qənaətinə də gəlirik.
Serialda Nazimin işinə sədaqəti ilə yanaşı, onun nakam sevgisinin də şahidi oluruq. Həm də nə olursa olsun sevdiyini hər halı ilə qəbul edərək, özünün də dediyi kimi, "35 il sevmişəm, bir ömür də sevəcəm" fikri ilə serialın sonuna kimi sevgisinə sadiq qaldığını görürük.
Serial boyu süjeti inkişaf etdirən hadisələrin təməlində valideyn-övlad münasibətlərinin düzgün qurulmaması, sevgisizlik, laqeydlik dayanır. Valideyn və övlad arasındakı toksik münasibətlər nəticə olaraq, hər ikisini çıxış yolu olmayan uçuruma aparır. Nigarın anası (Yaqut Paşayeva) qızını vaxtında dinləsəydi, 12 yaşında qızının düşdüyü çarəsiz vəziyyəti sırf öz maraqlarına, mənafeyinə görə ört-basdır etməsəydi, Nigar nə cinayətkar olardı, nə də həyat sevgisi əlindən alınmış bir qadın olardı.
Buna görə serialın əsas məqsədi ailə dəyərlərini inkişaf etdirməyə çağırışdır. Valideynin missiyası dünyaya uşaq gətirməklə bitmir, övladıyla bir böyümək, onun hər vəziyyətində (yaxşı və ya pis) yanında olmaq, ona yön göstərmək valideyn olmaq anlayışını bərpa edir. Çünki cəmiyyət dediyimiz məfhumu da yaradan, inkişaf etdirən, yaşadan hər bir ailənin fərdləridir. "Ailə kiçik dövlətdir" fikri ilə desək, "hər şey ailədən və təbii ki, düzgün valideyn olmaqdan başlayır" fikrinə haqq qazandıra bilərik.
![]()
Serialda sevgi üçbucağına az yer verilsə də, Nazim, Nigar və Asif (Elşən Əsgərov) obrazları bu modeli təsvir edirlər. Fləşbək səhnələrlə onların uşaqlığından, yeniyetməliyindən olan görüntülər verilir. Həmin görüntülər əvvəldən, hadisələrin inkişafında bu üç obrazın atacaqları addımlardan bizi xəbərdar edir. Məsələn, Asifin uşaq vaxtından Nigarı Nazimə qısqanması, serial boyu onun elədiklərinin təməlində durur.
Serial əsasında bir mövzu haqqında da belə qənaətə gəlirik ki, həqiqi sevgi sanki hər zaman uduzur. İnsanlıq elə bir həddə qədər “sığallanmaq”la aldadılıb ki, artıq ona həqiqi dəyər verəni ya görməzdən gəlir, ya da bu səmimiyyəti şəxsi maraqları naminə istismar edir. Elə burada da Nigar Nazimin ona qarşı olan saf və səmimi hisslərini bildiyi halda, sonda öz davranışı ilə həmin sevgiyə mənəvi xəyanət etmiş olur. Nazimin ona qarşı olan səmimi hisslərindən istifadə edir.
Bundan əlavə biz "ögey yaddır, doğma ola bilməz" qəlibləşmiş fikrinin bir daha yanlış olduğunu görürük. Necə ki, rejissor Həbib İsmayılovun "Ögey ana" filmində ögey ananın əslində doğmalıq göstərə bildiyinin şahidi olmuşduqsa, burada da Nigarın atalığının (Şövqi Hüseynov) əslində serial boyu onu hər zaman dinləməyə hazır olan insan olduğunu anlayırıq. Hətta serialda demək olar ki, tək-tük düzgün insanlardan biri odur. Sadəcə, atalıq obrazı sanki tam formalaşmamış kimi bir hiss ötürür. Elə səhnələr var ki, orda atalığın Nigara səmimi münasibətini, qayğıkeşliyini açıq vermək olardı. Bununla da ata obrazı daha tamamlanmış kimi görünərdi.
Serialın işıqlandırdığı problemlər hazırda da mövcuddur və bunun səbəbi problemləri düzəltməyə can atmamaq və həlli üçün öncə özümüzdən - yəni ailəmizdən başlamamaqdır.
"Valideyn böyükdür deyə səhv etməz, o nə edirsə düz edir" fikrinin qabardılmasının müsbət nəticə vermədiyini anlamalıyıq. Çünki məntiqlə düşünsək, valideynin dünyaya gətirdiyi övladlar da sabahın valideyni olacaq və necə deyərlər, "nə görəcəksə, onu da götürəcək". Belə olduğu halda, ailə dəyəri anlayışı zəncirvari şəkildə, zaman keçdikcə öz təsirini itirəcək. Valideynlik duyğusunu sözdə yalandan "ilahiləşdirmək", "müqəddəsləşdirmək" əvəzinə, övladına vaxt ayırıb, onun həyatında gələcəyini doğru yöndə qura biləcəyi sağlam təməl yaratmaq daha önəmlidir.
10-cu bölümünün final səhnəsi, vizual estetika və görüntü dili ilə serialın bədii-emosional təsir gücünü artırıb. Xüsusən də musiqi həlli gözəl şəkildə işlənib. Alim Qasımovun ifası mövzuya inteqrasiya edərək, hadisələr zamanı boşluqda qalmış hissləri tam şəkildə çatdırıb. Serialın 1-ci bölümünün ilk səhnələrində də Alim Qasımovun ifasında “Viran” musiqisi kadrları müşaiyət edir və sözlərində də deyildiyi kimi, “Mərifət kəsb etmədən sən fanisən” fikri elə serialın ümumi ideyasını təşkil edir.
Obrazları tanıdıqca bu ifadənin özünü əks etdirdiyini görürük: Nigara təcavüz edən insanların heç nə olmamış kimi rahat yaşaması, Nigarın rəfiqəsinin ərinin arvadını öldürdükdən sonra özündə günah görməməsi, Nigarın anasının, qızının başına gələn hadisəni bilsə də, onu heçə sayaraq susdurması - elə insanlığın bu səbəblərdən fani olduğunu sübut edir.
Final səhnədə poetik formada Nigar ilə Nazimin xəyali qovuşaraq ayrılması, Nazimin serialın bütün bölümlərində polis forması ilə olduğuna baxmayaraq, sonda dəyişməsi (qara kostyumda görünməsi)- formadan, daşıdığı vəzifədən çıxaraq, itkini dərindən yaşayan sevən kişi obrazında təsviri təsirləndirir, unudulmaz hisslər buraxır.
Son səhnədə Alim Qasımovun ifasında “Xatirədir” mahnısında da deyildiyi kimi "dəniz dəli olmuşdu" deyə daha balıq da vermirdi, balıq tutmaq üçün atılan “tilov”lara balıq əvəzinə, haqqını tapdaq altında əzən, haqsızlığa qarşı susmağa məcbur olan, sözünü deməkdən çəkinən insanlar tutulurdu. Necə deyərlər cəmiyyətin “hegemon” təbəqəsinin, ucsuz-bucaqsız dəryada "Tilov"a saldığı həmin günahsız "balıqlar"...