Amerikalı aktrisa Luiza Lasser 87 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Verilən məlumata görə, sənətçi Manhettendəki evində təbii səbəblərdən vəfat edib.
Vudi Allenlə evlilik və ortaq layihələr
Karyerasına 1960-cı illərdə başlayan Lasser elə həmin dövrdə məşhur rejissor və ssenarist Vudi Allenlə tanış olub. 1966-cı ildə Allenlə ailə həyatı quran aktrisa onun rejissor kimi debüt filmində rol alıb.
Daha sonra o, həyat yoldaşının daha üç məşhur layihəsində – "Pulu götür və qaç", "Bananlar" və "Seks haqqında bilmək istədiyiniz, lakin soruşmağa çəkindiyiniz hər şey" filmlərində çəkilib. Məşhur cütlüyün evliliyi 1970-ci ildə rəsmi boşanma ilə başa çatıb.
"Yuxu üçün rekviem" və karyera zirvəsi
Boşandıqdan sonra da aktyorluq fəaliyyətini uğurla davam etdirən aktrisa bir sıra televiziya layihələrində və filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun ən çox diqqət çəkən rollarından biri də Darren Aronofskinin kulta çevrilmiş "Yuxu üçün rekviem" filmindəki iştirakı olub. Lakin aktrisaya karyerasının ən böyük şöhrətini "Meri Hartman, Meri Hartman" satirik serialındakı baş rolu qazandırıb.