Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda
6 oktyabr 2026
# 13:30

Rejissor Luka Quadaninyonun ekranlaşdırdığı "Süni" (Artificial) filmi Nyu-York Film Festivalında premyerasını edib.

Kulis.az xəbər verir ki, "OpenAI" şirkətinin rəhbəri Sem Altmana həsr olunmuş bu layihə kino mətbuatı tərəfindən "təhrikedici" və "dəhşətli dərəcədə real korporativ dram" kimi qiymətləndirilib.

Bir çox tənqidçi ekran işini rejissorun "son onillikdəki ən yaxşı filmi" adlandırıb.

"Next Best Picture" nəşrinin baş redaktoru Mett Neqlia film barədə qeyd edib:

"Bu ekran işi əyləncəli olduğu qədər də qorxuncdur. Güc, nəzarət, ambisiya və acgözlük haqqında bəlkə də zəmanəmizin ən aktual insan hekayəsidir".

Filmdə "OpenAI"nin sabiq baş alimi İlya Sutskever rolunu oynayan Yura Borisovun perfomansı və Deymon Albarnın bəstələdiyi elektronik musiqi də tənqidçilərin böyük rəğbətini qazanıb. "Variety" nəşrinin yazarı Kleyton Devis ekran işini "Luka Quadaninyonun onillikdəki şedevri" adlandırıb, tənqidçi Xayro Ximenes isə "Süni intellektin əslində maşınlarda deyil, direktorlar şurasının otağında olduğunu sübut edən hərarətli korporativ dram" kimi xarakterizə edib.

Filmin çətin istehsal taleyi və Altmanın reaksiyası

Ekran işi 2023-cü ildə "OpenAI" şirkətində baş verən tarixi xaosdan – Sem Altmanın qəfildən işdən çıxarılması və qısa müddət sonra yenidən vəzifəsinə qaytarılmasından bəhs edir. Layihənin özü də ciddi maneələrlə üzləşib. Belə ki, ilin əvvəlində "Amazon MGM Studios" şirkəti "OpenAI" ilə 50 milyard dollarlıq böyük investisiya tərəfdaşlığı imzaladıqdan dərhal sonra bu filmdən imtina etmişdi. Daha sonra isə "Neon" şirkəti 40 milyon dollarlıq büdcəsi olan layihəni xilas edərək hüquqlarını satın aldı.

Rejissor Luka Quadaninyo verdiyi müsahibədə Sem Altmanın və ya filmdə təsvir olunan digər real şəxslərin qəzəbindən qorxmadığını, böyük gücə sahib insanların cəmiyyət qarşısında məsuliyyət daşımalı olduğunu bildirib.

Sem Altman isə bu yaxınlarda Endrü Qarfildi çəkiliş meydançasında – öz evinin yaxınlığında gördüyünü və bu mənzərənin onu heyrətləndirdiyini etiraf edib:

"Bir səhər qəhvə almaq üçün küçə ilə gedirdim. Kameraları və eynən mənim kimi geyinmiş, eyni bel çantasını taxmış bir adamın mənim kimi yeridiyini gördüm. Elə bildim ki, simulyasiyada hansısa qəribə xəta baş verib. Çox qəribə hiss idi".

Böyük aktyor heyəti və "Oskar" hədəfləri

Ssenarisi Saymon Riç tərəfindən qələmə alınan filmdə kifayət qədər böyük aktyor heyəti yer alıb. İlon Mask rolunu Ayk Barinholts, şirkətin sabiq texniki direktoru Mira Murati rolunu Monika Barbaro, Nobel mükafatı laureatı Ceffri Hinton obrazını isə Mark Raylens canlandırır. Filmdə həmçinin Ceyson Şvartsman, Zosiya Mamet, Kuper Hoffman, Kris O'Daud, Kuper Kox və Billi Lourd kimi simalar da yer alıb.

"Neon" şirkətinin rəsmi qərarına görə, qarşıdan gələn "Oskar" mərasimində Yura Borisov "Ən yaxşı aktyor", Endrü Qarfild və Mark Raylens isə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyaları uğrunda mübarizə aparacaqlar. Monika Barbaro isə ikinci plan aktrisası kimi irəli sürüləcək.

Ülvi Bahadır

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər