O əzabkeş idi

O əzabkeş idi
28 fevral 2013
# 12:21

Belə bir ifadə var: “ruhumun şairi”. Pafoslu səslənməsin, Cümhuriyyət dövrü türk ədəbiyyatının seçilən imzalarından olan Behçet Necatigil mənim ruhumun şairidir. Bu ruh söhbətini təsadüfən salmadım, Necatigil öz ruhunu 15-ci əsrin sonlarında yazıb-yaratmış klassik türk ədəbiyyatının usta şairi Necati Bəydə görürdü, buna görə də onun adını özünə təxəllüs götürmüşdü.

Ruh söhbətini inkişaf etdirək və şairin əhval-ruhiyyəsindən danışaq. Necatigilin xəyal gücü ilə şeirlər yazmağı sevməyib, onun yaradıcılığında xüsusi obrazlarla, çılğın ifadələrlə bəzənmiş xülyalı və xəyali şeirlər yoxdur. Bu çatışmazlığından xəbərdar olan şair bir şeirində “Mən kiməm ki xülyaların şeirini yazım?” - deyir.

Maraqlı sual yaranır. Fantaziyalı şeirlər yazmayan bir şair nəyi yaza bilər? Əlbəttə ki, öz həyatını və ictimai ətrafı. Necatigil ev və ailə həyatını, məhəlləsini, mühitini, boya-başa çatdığı şəhəri – İstanbulu qələmə alıb. Onun bir çox şeirində zirzəmidən tutmuş hündür binaların damına qədər ev və ailə həyatıyla bağlı motivlər görünür. Şeirlərinin bir neçəsinin adına baxmaq kifayətdir ki, fikrimizi təsdiqləyək : “Aile durumu”, “Kirli masa”, “Evler”, “Kapı”, “Eşya gücü”, “Evin halleri”, “Eski sokak”, “Çatı” və s.

Behçet Necatigil özünü bədbəxt və pessimist insan kimi qələmə alır. Onun əksər şeirlərində pessimistlik hakimdir. Evdə, otaqda, binada, küçədə, ümumiyyətlə hər yerdə dərin bir hüzn axtarışındadı və axtardığını da həmişə asanlıqla tapır. Dünyanın, zamanın səs-küylü axışı, nəşəsi, sevinci qarşısında özünü aciz hiss edir və əzilir.

Şəhər insanının gündəlik dərdlərini, problemlərini yazmağı sevən şairin poeziyası urbanistik poeziyadır. Böyük şəhərdəki insanlar haqqında Necatigilin dəqiq müşahidələri var. Kim bilir, bəlkə də bu müşahidələri kənarda yox, elə özündə, öz içində aparır və insanda insani olan, insanlığa aid olan nə varsa onu yazır. Bu mənada onun “insan”ında hər kəs özündən bir şey tapa bilir, elə buna görə də onun şeirlərinini ictimai anlamı və dəyəri azdır. Bu şeirlər sadəcə insanların duyğu və hisslərinə ayna tutur. Eyni zamanda deyə bilərik ki, Necatigil türk poeziyasının Dostoyevskisidir. Biz onu həmişə, əzilmişlərin, alçalmışların, xəyanətə uğramışların, bir sözlə həyatdan zərbə almış aşağı təbəqənin insanlarının yanında görürük.

Bu benim yazdıklarım
Kendi halim mi sade?
Yaşadığım çevreden
Bir ses kalsın istedim
Şu koskoca dünyada.
Ey yazdığım şiirlere ilham veren insanlar
Benim işim sizinle...



İçinə qapalı şairin “insan” temasından sonra ən çox müraciət etdiyi mövzu evdir. Tərki-dünya şairin sığındığı yeganə məkandır ev. Onun şeirlərini ev motivi olmadan təsəvvür etmək mümkün deyil. İnsana iztirabdan savayı heç nə bəxş etməyən dünya cəhənnəmdirsə, ev Necatigil üçün xoşbəxt olmağın yeganə çıxış yoludur - cənnətdir. O yalnız evdə rahat nəfəs alır, sərbəst ola bilir. Obrazlı desək, evinin içində, içinin evini təsvir edir. Evə bağlı şair deyir: “Mən hər gün eyni otaqda pərvanə kimi şam işığında yazdım şeirlərimi. Cəmiyyətin və imkanların mənə bağışladığı dar dörd divar arasında, hər dəfə gözümü yumub-açanda, qarşımda böyük şəhərin orta, kasıb sinfinə aid evlərini, ailələrini tapdım. Mənim bu günə qədər tapmaq istədiyim həqiqətlər heç vaxt bundan artıq olmayıb”.

Ne kadar istiyorum akşamlayın ezanda
Eski bir evde olmak, orda Eyüpsultanda
Bir yanda ölmüşlerim, bir yanda kalmışlarım...


Behçet Necatigilin “ev”indən danışırıqsa mütləq onun “Evlər” şeirini xatırlamalıyıq. O, bu şeirdə evi dünyanın kiçik modeli kimi göstərir. Evdən, yəni insanın aid olduğu, məskunlaşdığı məkandan yola çıxaraq mənfi cəhətləri, uçurum yaradan xüsusiyyətləri bir-bir əks etdirir. Otaqlarından kədər yağan bu təmirsiz evlərdə, nə qədər doğulub-ölənlər olub, neçə-neçə cinayətlər işlənib və bütün bunlar heç kəsin ruhu duymadan sirrə çevrilib , çoxlu uşaq, kişi, qadın göz yaşıyla tanış olub, bəzi evlərdə kiçiklər böyüklərin işini görüb, səhər o başdan qazanc arxasınca gedib, məktəb çağlarındakı bu yavruların yeməklərində hər axşam duz əvəzinə alın təri olub, zəngin evlər isə həmişə kasıblara çox yuxarıdan baxıblar... Bunları yazır Behçet Necatigil “Evlər”də. Sonda isə üzünü tutub bu evlərin sakinlərinə deyir :

Şu dünyada oturacak o kadar yer yapıldı:
Kulübeler, evler, hanlar, apartmanlar
Bölüşüldü oda oda, bölüşüldü kapı kapı
Ama size hiçbir hisse ayrılmadı
Duvar dipleri, yangın yerleri halkı,
Külhanlarda, sarnıçlarda yatanlar!

Onun şeirlərində diqqətçəkən məqamlardan biri də şairin keçmişə, dünənə meylli olmağıdır. O, nə qədər sabah üçün, gələcək üçün xəyal qurmaqdan imtina edirsə, bir o qədər dünənin həsrətini çəkir, keçmişin xatirəsi ilə baş qatır.

Küçük ahşap bir dizi evlerdi
On yıl önce o sokak
Sonra geniş caddelere çıktık
Apartman sizden uzak.

Çocuklar orda büyüdü
Orda okula gitti,
Komşunuzduk ama görüşemedik
Hiç vakit yoktu…

Necatigilin yaradıcılığında üç istiqamət birləşir:

1. Türk xalq ədəbiyyatı

2. Türk klasik ədəbiyyatı

3. Qərb ədəbiyyatı.

Hər üç istiqamətdə əsərlər yazmağının sözsüz ki, səbəbləri var. Bu səbəbləri ardıcıl sıralayaq:

Birinci səbəb: Hələ uşaq yaşlarından nağıl və əfsanələrə maraq göstərən Necatigil xalq ədəbiyyatından yan keçə bilməzdi, üstəlik, onun üçün xalqın həyat tərzi, adət-ənənəsi, ağrı-acısı çox doğmaydı.

İkinci səbəb: Klassik ədəbiyyatın özünəməxsus sənətkarlığı, əsrlər boyu eyni məzmunların fərqli şəkildə, zövqlü və incə dəqiqliklə işlənilməsi, Necatigili də özünə cəzb eləmişdi. Bunun ən böyük səbəblərindən biri şairin bəzən həddindən artıq özünə qapanmağı, anlaşılmazlığa yol açmağı olub. Klassik ədəbiyyatda çox vaxt şair demək istədiyini üzdə yox, lap dərində, alt qatda gizlədir. Klassik şeirdəki sözlərin arasında gizli, sehrli bağlılığın, üstü örtülü işarələrin, him-cimlərin olması, Necatigilə bu ədəbi ənənəni sevdirib və onun şeirlərində bu cür fəndlərə tez-tez rast gəlirik.

Üçüncü səbəb: Mifik obrazlar onun üçün əvəzsiz hesab olunurdu. O düşünürdü ki, mifologiya şeiri bəsləyir və onun ayrılmaz bir hissəsidir. O hesab eləyirdi ki, Şərqin mifologiyası da, ən az Qərbin mifologiyası qədər zəngindir. Başdan ayağa insanı yazan bir söz adamı kimi Necatigil ən qədim dövrlərdən, ilk insanların qeyri-adi əhvalatlarını, hekayələrini və bu hekayələrdəki insanın psixologiyasını günümüzə daşıyan mifoloji anlayışlardan istifadə etməyə bilməzdi.

Ormanlarda boğuştuk biz de gergedan
Karşımızda bunca zorluk bir Oğuz Kağan
Gelir nice savaşların üstesinden
Tam kalkar ayağa, düşer Akhilleus
Bu gün var yarın yokuz destan…

Behcet Necatigil “Kitaplarda ölmek” adlı şeirində, şairlərin əbədiliyindən, ölməzliyindən söz açıb deyir ki, şair yalnız oxunmadığı, kitablarının tozlu rəflərdə saraldığı zaman həyatla, əbədiyaşarlıqla vidalaşır. Bütün şairlərin, yazarların taleyi, doğumla-ölümünün mötərizə içinə düşməməyi oxucuların əlindədir.

Adı, soyadı
Açılır parantez
Doğduğu yıl, çizgi, öldüğü yıl, bitti
Kapanır parantez.

O şimdi kitaplarda bir isim, bir soyadı
Bir parantez içinde doğum, ölüm yılları.

Elvin Bakiroğlu

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

# # #