"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?
5 dekabr 2025
# 15:00

5 dekabr Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür.

Kulis.az bu münasibətlə Tofiq Abdinin "Onların dünəni: Ağasadıq Gəraybəyli" yazısını təqdim edir.

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİndən başlayıb. Onlar - sənətimizin və ədəbiyyatımızın dünəni.

Dünən onlar kim idi, haradaydılar və nələr yaşayırdılar?

Yeni ədəbi nəsil üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədir.

Bu gün unudulmaz aktyorumuz Ağasadıq Gəraybəylinin DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.

***

Bu gün bu adamla üz-üzə oturanda, onunla sənəti haqqında söhbət eləyəndə çox şey səni təəccübləndirir. Təəccüblənirsən ki, bu gün-sabah onun doxsan yaşı tamam olacaq. Bu ömür şairlər demiş, axarlı-baxarlı bulaqları olan dağlarda, çiçəkli və çəmənli düzlərdə keçməyib. Bu ömrün ilk illəri Bakının pis günlərinə düşüb, hər halda belə deyirlər, mübarizə dolu illərindən keçib bu ömür, "maşın səsi", tramvayların taqqatuq harayı, şəhərin min cür qayğısı dolub bu həyatın hər anına. Hər şeydən özəl bu ömürdü: qayğılı, kədərli, sevincli və arzularla dolu bir ömür! Doğulmuşdu Bakıdan xeyli aralıda - qədim Şamaxıda. Tale onu gətirib çıxardı Bakıya. Axtarsaq indi, Şamaxıda - gözəl dağları, bulaqları olan, təmiz suyu, gözəl havası olan bir yerdə, bəlkə də bu adam yaşında bir qoca tapılmaz.

Ancaq o var.

O yaşayır.

Bir şeyi tapmayanda, o birisini tapıb.

Kirayənişin yaşayıb.

Kənddə bunu bilməzlər.

Bəzən qonşuları tanımayıb, qonşular onu tanımayıb.

Kənddə bunu da bilməzlər.

Şəhərdə bir neçə sənətin qulpundan yapışıb.

Orda ya arabaçı olardı, ya gözətçi.

Bəlkə də bunların heç birindən olmazdı. Olmazdı ona görə ki, yaxşı ailədən idi - ziyaı ailəsindən idi.

"O, 1897-ci ildə Şamaxıda doğulmuşdur. Uşaqlıq illərində Şamaxıya tez-tez ailəsinə baş çəkməyə gələn qardaşı Ağalar Gəraybəylinin Ağasadığa hələ o vaxt böyük təsiri olmuşdu. 1902-ci ildə bütün Şamaxı əhalisi kimi Gəraybəyli ailəsi də böyük bədbəxtliyə məruz qalmışdı. Şamaxıda baş verən şiddətli zəlzələ nəticəsində onların evləri dağılmış, ailə üzvlərinə isə heç bir şey olmamışdı. Bu hadisədən sonra Ağasadıq ailəsini götürüb (? - T.A.) Bakıya köçmüş və uzun zaman tikintidə işləmişdir".

(Bu sətirlər "Azərnəşr"də çap olunan Tofiq Kazımovun "A.Gəraybəyli" kitabındandır. 1958, səh. 8)

Haşiyə və yaxud düzəliş: 1897-ci ildə dünyaya gələn bir uşaq 1902-ci il zəlzələsindən sonra ailə sahibi ola bilməzdi. Ona görə ki, onun cəmi-cümlətanı 5 yaşı vardı.

Hər bir dəhşətli və ağır hadisənin faciəvi tərəfindən başqa müsbət keyfiyyəti də var. Və eləcə də 1902-ci il Şamaxı zəlzələsinin. Əgər bu hadisə olmasaydı, bəlkə də Ağasadıq Gəraybəylinin bugünkü taleyi tamamilə başqa bir yöndə formalaşar və ümumiyyətlə, bu gün biz belə bir adam, belə bir sənətkar haqqında yazmaya da bilərdik.

...Oturmuşuq onun Bakı bulvarına yaxın evində. Onun sabah-birisigün doxsan yaşı tamam olacaq, dedim. Evini hələ indi təmir elətdirir. Respublikanın Xalq artistidir. Adlı-sanlıdır. Çox böyük hörmət sahibidir. Ancaq bu hörmətin dəyər-üstünlüyü tamamilə başqadır.

Baxıram bu evə. Divardan beş-on şəkil asılıb. Və mən bu şəkillərdəki Ağasadıq Gəraybəylini tanıyıram. Ağasadıq müəllimdən çox-çox cavan. Bu şəkillərdən birində Ağasadıq müəllim lap cavan görünür. Bu barədə sonra.

Qıraqda bir dəst parket var. Pəncərələr təzədən qoyulub. Nə demək olar, təmirdi, elətdirir də. Və mən bir şeyi deməyi özümə borc bilirəm: zəng eləyib deyəndə ki, sizinlə söhbətimiz var, telefonda bir az tutulub, evimdə təmir gedir, - dedi. Bunun bizim söhbətimizə dəxli yox idi. Bunun güman ki, ona dəxli vardı ki, onun 90 yaşı tamam olacaqdı və 90 yaşlı bir Azərbaycan Xalq artisti evini indi təmir elətdirirdi. Bu, məni bir qədər təəccübləndirirdi. Görünür, heç burada təəccüblü bir şey də yox idi. Və bəlkə də belə olmalıdı.

"Sən baxma indiki artistlərə. O vaxtlar belə şeylər yox idi. Onlar təmiz adamlardı. İndiki kimi min cür qastrol onda yox idi. Axı nə qazancı olurdu ki, başı ayılıb evinə baxsın?"

Bunu mənə bir həmkarım dedi. Deməsəydi də bilirdim.

... Baxıram divardakı şəkillərə. Səhnəmizin ilk Kobası. Səməd Vurğunun "Xanlar" əsəri. O vaxtlar bizim nəsil uşaq olub. Biz bu rolda Ağasadıq Gəraybəylini görə bilməmişik. Ancaq bu aktyorun gözəl oyunu barədə yazılanların hamısını oxumuşuq. Və mənim bu aktyora belə bir sualım vardı: "Aktyorluq elədiyiniz uzun illər ərzində çox gözəl rollarınız olub. Maraqlı obrazlar yaratmısınız. Deyə bilərsinizmi, həmin rollardan hansı sizi daha çox sevindirib, hansı rol üçün təəssüf eləyirsiniz?"

Verirəm bu sualı. Ağasadıq Gəraybəyli mənim sualımın ikinci hissəsindən başlayır. Mən bunu çox təbii hesab eləyirəm. Ona görə ki, söhbətimiz ərzində hiss elədim ki, sual uzananda o əvvəli unudur. Yaş öz işini görürdü. 90 yaşı olacaqdı onun. Belə bir sualım da vardı:

"Yaddaşınızdan gileyli deyilsiniz ki?.."

"Yox" - dedi Ağasadıq müəllim. "Bir az gözlərim zəifləyib".

Bir az! Bunun özü də təəccüblüdü. Axı o, həmişə kitab-dəftərlə əlləşib. Göz yazıq neyləsin! Ancaq aktyor heç də kitab-dəftəri qınamır. Səbəbini izah eləməyə çalışır.

Bu barədə də sonra. Aktyor təəssüf hissilə xatırladığı rolu barədə danışır. Mən dinləyirəm. Və arada bir fikir verir ki, indi bunları xatırlamaq onun üçün həm əzizdir, həm çətin.

Əzizdir ona görə ki, nə vaxtsa bunlar olub, artıq tarixdi. Çətindir, ona görə ki, son illərdə başqa rollarına dəfələrlə qayıtsa da, Koba rolunu bir də oynamayıb.

Tənqidçilər, sənətkarlar o vaxt belə yazıb bu rol barədə. Onlardan biri: Doktor Cəfər Cəfərov: "Ağasadıq Gəraybəyli Kobanın canlı və təsirli sözlərini böyük bir etiqad qüvvəsiylə, dərin bir ilhamla söyləyir, arxayın və sakit oynayır, surəti real və aydın cizgilərlə təsvir edirdi".

Aktyor özü belə deyir bu obraz haqqında:

- Bu rol da başqa rollarım kimi ömrümün bir parçasıdır. Hələ bir az da artıqdı. Mən bu rol üçün daha çox zəhmət çəkmişəm. Bu obrazı daha çox sevirdim. Səməd Vurğun özü dəfələrlə gəlib, mənim bu roluma baxardı. Dəfələrlə. Və heç zaman da narazı getməzdi. Xüsusilə bu rolun bir yeri var, mən o hissəni oynayanda Səmədə ləzzət eləyirdi. Təkcə Səmədinmi xoşuna gəlirdi? Yox. O vaxtlar mən bu rolu oynayanda tamaşaçılar o qədər alqışlayırdılar ki, bir monoloq var ey, oranı deyəndə daha çox əl çalırdılar.

Və mənim bütün təəccübümün əksinə olaraq, bir az əvvəl verdiyim sualın birinci hissəsini unudub, ikinci hissəsindən başlamasına baxmayaraq, Ağasadıq Gəraybəyli Kobanın məşhur monoloqunu söyləyir:

Xanlar! Bir bura gəl, Günəşə bir bax

Sənin gəncliyin tək o da yanaraq,

Yayır şəfəqini bizim dənizə.

Qardaş yaranmışdır Günəş də bizə.

Odur, bax, qızardır şəfəq hər yanı,

Siz namusla sevin Azərbaycanı,

Burdan yayılacaq işıq hər yana;

İrana, Əfqana, Ərəbistana.

Bu torpaq deyildir, bir laləzardır,

Burda hünər də var, namus da vardır...

Və mən həqiqətən də onun yaddaşının hələ də cavan qalmasına təəccüb eləyirəm. Ancaq bir şeyi unutmayaq ki, bu aktyor yaddaşıdır. Adi yaddaş sahibi bəlkə də tamamilə başqa cürdür. Adi yaddaş sahibi çox şeyləri unuda bilər. O şeyləri ki, ona lazım deyil, ona gərək deyil.

Deyə bilərlər ki, aktyor yaddaşı ilə fəxr eləməməlidir. Bəlkə də belədir. Ancaq otuz-otuz beş və daha çox illər bundan qabaq öyrənilib, sonralar təkrarlanmayan bir obrazın sözlərini söyləyən aktyorun 90 yaşı olduğunu gərək unutmayaq.

Ağasadıq Gəraybəyli Kobadan danışır. Arada bir gözlərini qıyır. Diqqətlə üzümə baxır. Bəlkə də bilmək istəyir ki, onu eşidirəm ya yox. Onu eşidirəm və gözlərinin işığının zəifləməsini izah eləyir: "Bu yaxınlarda mənə bir rol vermişdilər. Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi" əsərindən. Həmin rolun mətnini köçürmüşdülər. Ancaq çox səliqəsiz idi. İstədim ki, özüm öz xəttimlə həmin mətni köçürüm. Nə qədər elədim oxuya bilmədim. Əsəbilik məni özümdən çıxardı. İki əlli başıma bir yumruq ilişdirdim. Az qaldım ki, ağlayım!

(Diqqət! Mən haçansa, haradasa çox aktyorlar barədə "səhnə fədaisi" ifadəsini oxumuşam. Bilmirəm, bir çox ifadələr kimi biz həmişəmi bu kəlməni vaxtında və yerində işlədirik? Aktyor var, yanında yel keçəndə bülleten alır. Bir az xəstələnəndə, bəhanə eləyib teatra gəlmir. Kinoya çəkilişə gedir, televiziyaya çıxışa gedir, radioya qaçır. Belələri indi daha çoxdur).

"Az qaldı, ağlayım" - o, davam eləyir. Mərahim mənə yaxınlaşdı. Sakitləşdirdi, "Ağasadıq müəllim, tələsməyin, hövsələli olun, hər şey düzələr. Yaxşı olar, - dedi. Bax, o vaxtdan gözlərimin işığı bir az da zəifləyib. Özüm öz əlimlə elədim".

Ağasadıq müəllim deyir ki, gözlərimin işığı zəifləyib, mən qəhərlənirəm. Bu gözlər tutula da bilər. Yaşın, ömrün vəfası olmasa.

Ağasadıq müəllim hələ qıvraqdır. Canı suludur. Hələ bizə neçə-neçə xoşbəxt dəqiqələr bəxş eləyə bilər.

"Gözümün işığı bir az zəifləyib"- deyir o.

Mən qəhərlənirəm. Haradansa dünyanın məşhur qapıçılarından biri, son illərdə qıçları kəsilmiş Lev Yaşin yadıma düşür.

Bu da həyatın bir təzadıdır. İnsafsızlıqdır bəlkə?

"Gözlərimin işığı azalıb!"

Bu sözlər Ağasadıq Gəraybəylinindi!

Diqqət!

"Gəraybəyli hər şeydən əvvəl obrazın gözünü tapır. Obrazın gözü onun baxmaq qaydasıdır, onun düşüncələrinin təzahür formasıdır. Məşədi Hüseyn həmişə bərəlmiş gözlərlə ətrafa və insanlara nəzər salır. Bu gözlər daima cinayətkarlıq nəzərləriylə doludu. O, həmişə dik qarşısına baxır, başı tərpənmir, ancaq hər şeyi yaxşı görür. Gözlər öz hədəqələrində bəzən çox ağır-ağır, bəzən də çox sürətlə hərlənir. Ümumiyyətlə, Məşədi Hüseyn ("Həyat", M.İbrahimov. T.A.) heç bir hərəkət etmir. Onun yalnız təsbeh çevirən barmaqları işləyir. Lakin bu barmaqlar və gözlər onun bütün daxili həyəcan və düşüncələrini büruzə verir...

...Gecədir... Abbas öz yoldaşlarından ayrılır. O, çayı keçib sevimli Atlasının yanına getməlidir. Birdən Heydərqulunun namərd gülləsi Abbası həlak edir. Məşədi Hüseyn Süleymanla gizləndiyi yerdən çıxır. Bu səhnədə tamaşaçı Məşədi Hüseynin canavar təbiətini, cəllad və amansız gözlərini görür. Sanki bu gözlər qan gördüyünə sevinir".

Bu sətirlər gözəl rejissorumuz Tofiq Kazımovun kitabındandır.

Xatırlayırıq ötənləri. Arxada qalan illəri. Birini o deyəndə, birini mən deyirəm. Ağasadıq Gəraybəylinin ən yaxşı obrazlarından biri Məşədi Hüseynin adını çəkirəm. Ağasadıq müəllim diqqətlə üzümə baxır. Mən bu baxışda bir təəssüf hissi oxuyuram.

Deyir: "Uşaqsan, görməmisən. Gərək görəydin o rolu. Onu necə oynayırdım..."

Susur. Və mən indi çılpaqlığı ilə hiss eləyirəm ki, adam var özünü tərifləyə bilmir, nəinki tərifləmək, hətta olanları da deyə bilmir. Ancaq burda, bu saat Ağasadıq müəllimin özünü tərifləməsi mənə çox lazımdır. Ona görə ki, bütün yazılanlardan başqa ən dürüst sözü o özü deyə bilər.

***

Ağasadıq Ağəli oğlu Gəraybəyli. Şamaxıda doğulub. 1897-ci ildə. Vəfat eləyib Bakıda. 1989-cu ildə. Azərbaycan SSR xalq artisti (1940). Fəaliyyətə H.Ərəblinskinin rəhbərlik etdiyi dram dərnəyində başlayıb. Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının teatrında müxtəlif rollarda oynayıb. Sonralar Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında işləyib. Onun yaradıcılığına xas xüsusiyyətlər: dramatik və komik səpgili səhnə obrazları. Dram teatrının səhnəsində Məşədi Hüseyn ("Həyat"), Koba ("Xanlar"), Bələdiyyə rəisi ("Müfəttiş"), Əliqulu ("Əliqulu evlənir"), Altunbəy ("Od gəlini") və başqa obrazların yaradıcısı olmuşdur.

"Azərbaycanfilm"də çəkilmişdir: "Sevil", "Fətəli xan", "Sevimli mahnı", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Bəxtiyar" və sairə filmlərdə.

Saysız-hesabsız rollar oynayan Ağasadıq Gəraybəylinin də aktyorluq bioqrafiyasında ürəkaçan, ustalıqla yaradılan, diqqətçəkən rollar arasında hər kəsin özünün sevdiyi obrazlar var. Hər tamaşaçı üçün sevilən bir xarakter yaradıb bu aktyor.

Mənim şəxsən özümün də sevdiyim neçə obraz var. Bu barədə də bir qədər sonra.

İndi isə bir daha Məşədi Hüseyn barədə. Bu obraz kiçikdir. Ağasadıq müəllim özü demiş, cəmi-cümlətanı yarım qranka sözü var. Aktyor bu sözsüzlüyün içindən elə ustalıqla çıxır ki, tamaşaçılara elə gəlir, harda Məşədi Hüseyn görünürsə, ordan səs gəlir, nəsə danışır, öz-özünə deyinir. Bir az sözlərin, cümlələrin içərisində Məşədi Hüseynin özünün tez-tez təkrar etdiyi belə bir ifadə var: "Bax, buna mən müştəri!" Məsələ təkcə bu ifadədə deyil. Aktyor Ağasadıq Gəraybəyli bu adi sözləri işlədə-işlədə, çox mətləblərə toxunur, çox fikirlər söyləyir. Ona görə ki, həmin sözlər elə məqamda, elə vəziyyətlərdə təkrar olunur ki, bu fikrin çalarları aydın sezilir. Misal üçün: desən ki, filankəs yaxşı adamdı. Məşədi Hüseyn gözlərini qıyıb deyəcək: "Bax, buna mən müştəri!" Və yaxud desən ki, filankəsi öldürək. Məşədi Hüseyn gözlərini bərəldib yenə də deyəcək: "Bax, buna mən müştəri!"

Rejissor Tofiq Kazımov yazır: "Aktyorun oyununda ən maraqlı yerlərdən biri də bu səhnədir: Məşədi Hüseyn - Gəraybəyli öz adəti üzrə bərəlmiş gözləriylə ətarıfını süzür. Birdən onun gözləri Süleymana sataşır, bir az ona baxır və sonra dodaqaltı mırıldaya-mırıldaya səhnədən çıxır. Bu mırıltıda gah Süleymana qarşı sonsuz lənət və qorxu ifadə etdiyi, gah da kimisə hədələdiyi hiss olunur".

Ağasadıq müəllim deyir: "Üzeyir bəy görmüşdü bu rolu. Bir dəfə mənə rast gəldi, dedi, Ağasadıq, gözəl oynayırsan, yaxşı oynayırsan. Yaman oyun çıxarırsan, Ağasadıq! O balaca rolu sən necə də gözəl sevdirə bilirsən".

Ağasadıq müəllim danışır. Əslində o danışmır, Üzeyir bəyin sözlərini öz yaddaşından keçirib bir az düz, bir az yanlış deyir və mən yenə də təəccüblənirəm. Təəccüblənirəm ona görə ki, həqiqətən bu adam qəribə bir həyat yolu keçib. Biz danışırıq onun oynadığı Məşədi Hüseyn barədə, bütün şeyləri deyir, necə oynayıb, nə cür oynayıb, bir-bir sadalayır, fikirləşirəm, axı niyə demir ki, bu Məşədi Hüseyn obrazını yaradan bir sənətkar var. Gedin onun özündən soruşun. Demir və mən bu fasilədən istifadə eləyib (onu da deyim ki, bu cür fasilələr bütün söhbətimiz vaxtı tez-tez olurdu) başqa bir sual verirəm:

- Özgə sənət adamlarından kimlərlə daha çox ünsiyyətdə olmusunuz, kimlərlə dostluq etmisiniz?

Ola bilər bu sual bir qədər nisbidir, ona görə ki, 90 yaşlı bir insan, bir sənətkar bu suala cavab verəndə çox şeyi saf-çürük eləsin, götür-qoy eləsin, nəhayət, yaddaşının ən kamil adamını, ən etibarlı adamını desin. Ola bilər. Ancaq mənim təəccübümün əvəzinə Ağasadıq müəllim iki nəfərin adını çəkdi. Bu on nəfər də ola bilərdi. Amma uzun fasilədən sonra deyilən bu adları mən qeyd eləmək istəyirəm:

Şair Süleyman Rüstəm və aktyor Ağahüseyn Cavadov.

Və sonra bu adamları özünə görə izah etməyə çalışır: "Süleymanla lap qonşu olmuşuq, uzun müddət. Onun əsərində də oynamışam. "Qaçaq Nəbi"də. Ağahüseyn Cavadov mənim dostum olub".

O deyir "dostum olub". Mən də Ağahüseynlə Ağasadıq müəllimin dostluğuna çox inanıram.

Soruşuram, Ağasadıq müəllim, yaşadığınız illər ərzində çox adamları itirmisiniz. Bu adamlar arasında sizi ən çox yandıran kim olub?

- Ələsgər olub. Ələsgər.

Üzümə baxır. Bilmək istəyir ki, mən sənət adamlarını nəzərdə tuturam, yoxsa ümumiyyətlə deyirəm.

- Ələsgər Ələkbərovu deyirəm. O, mənə həmişə "müəllim" deyərdi. Onu mən səhnəyə gətirmişəm. İndi görürsən də, mən onun haqqında danışıram. Ancaq o yoxdu.

Yenə də sual verirəm:

- Sizin haqqınızda çox adamlar, çox jurnalistlər, tənqidçilər yazıblar. Həmin adamlardan kimləri xatırlayırsınız?

- Abbas Zamanovu, mərhum rejissorumuz Tofiq Kazımovu, İlham Rəhimlini.

- Sizin vaxtilə gözəl oynadığınız rolları indi başqa aktyorlar ifa eləyirlər. Siz onlardan kimləri bəyənirsiniz?

- Oynayırlar, lap əcəb eləyib oynayırlar. Axı mən hələ sağam. Mən varam. Mən onu görürəm. Görürəm ki, bu cür oynamaq olmaz.

- Ağasadıq müəllim, təcrübəli bir aktyor kimi, yaşlı bir insan kimi deyə bilərsinizmi, kino yaxşıdı, teatr?

- Aktyor gərək teatrda olsun.

- Aktyorların çoxu teatrdan gedir. Bunu nəylə izah edirsiniz?

- Gedirlərsə, çox yaxşı eləyirlər!

Ağasadıq müəllim bu sözləri elə acıqlı və elə sərt deyir ki, mən bu sualın izahının deyilməsinə çalışmıram. Güman ki, bu məsələ haçansa köklü müzakirəyə səbəb olacaq. Bəlkə heç olmadı da...

Kim nə deyir-desin: mənim fikrimcə, bu aktyor xoşbəxtdir. Başqa söz tapa bilmirəm. Və açığını deyim ki, bu sözdən bir o qədər də xoşum gəlmir. Ona görə ki, heç kəs və heç nə haqqında qəti söz demək mümkün deyil. O saat "nisbilik" fikri məşğul eləyir. Ancaq mən hansı mənada onu xoşbəxt hesab eləyirəm?

Əsrimizin səksəninci illərinə gəlib çıxan və çox mənalı bir ömür sürən bu adam görün kimləri görüb, görün kimlərlə işləyib: Hüseyn Ərəblinski, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəfər Cabbarlı, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Abbasmirəz Şərifzadə və sairə... və sairə..

Görün hansı obrazları yaradıb: "Məşədi İbad"da Rza bəy, sonralar Rüstəm bəy, "Arşın mal alan"da Soltan bəy, "Həyatın dibində" tamaşasında Satin, "Oqtay Eloğlu"da Xaspolad, "Ölülər"də İsgəndər, "Od gəlini"ndə Altunbay və sairə... və sairə...

Belə yazıblar onun rolları barədə.

"Gəraybəylinin İsgəndəri içir, ancaq onu kefli göstərmək doğru deyildi. İsgəndər ağıllı adamdır. O, nadanlığa, cəhalətə, avamlığa dözmür.

... Birdən İsgəndər - Gəraybəyli qəhqəhə çəkib gülür. Hacı Həsən ağa bu gülüşdən səksənir. Tamaşaçılar İsgəndərin - Gəraybəylinin gülüşünü həmişə alqışla qarşılamışlar. Bu da səbəbsiz deyil. Çünki İsgəndər - Gəraybəylinin gülüşündə böyük məna vardır. Bu gülüş hacı həsənlərin, hacı baxşəlilərin fikrini tərpədir, düşündürür, utandırır Şeyx Əhməd və Şeyx Nəsrullahı titrədir və bütün cəhalət dünyasını vəlvələyə salırdı. Ağasadığın İsgəndəri eyni zamanda yumşaq qəlbli, səmimi bir adamdır".

Bu sözlər Tofiq Kazımovundur. Bu sözlər iyirmi yeddi il qabaq deyilmişdir.

"Aktyor Gəraybəyli Altunbayın kim olduğunu, onun məhkumlara qarşı amansız, hakimlərə qarşı isə yaltaq və qorxaq simasını olduğu kimi əks etdirə bildi".

Bu sətirlərin yaşı daha çoxdur. Bu sözlər əlli üç il qabaq deyilib. Onda Ağasadıq Gəraybəylinin otuz altı yaşı vardı.

"Əliqulu - Gəraybəyli vahiməli görünməyə çalışır, onun əqidəsincə müdir güləndə bütün işçilər gülməli, dilxor olanda, hamı qaş-qabağını salmalıdır. Ancaq bu zahiri "vahimədir" və aktyor bunu məharətlə ifa edirdi...

... Aktyor Əliqulunun xarakterini birdən-birə təqdim etmirdi. Onu tədricən hadisələrin məntiqiylə bağlı rəsm edirdi...".

Bu sətirlər isə 1979-cu ildə çap olunan İlham Rəhimlinin "Ağasadıq Gəraybəli" kitabındandır.

Bu sətirlərin isə cəmi yeddi yaşı var.

"Yaradıcılığımın tarixini xatırlayarkən həmişə gözümün önündə Cəlil Məmmədquluzadənin əsərlərində oynadığım rollar gəlib durur. Rüstəm bəy olub. İskəndərlə Rüstəm bir-birinin əksidirlər. Mən bu obrazlar üzərində böyük məhəbbətlə işləmişəm".

Bu aktyorun öz sözləridir.

Bu sözlər o vaxt da deyilib.

İndi də deyilir.

İyirmi yeddi, əlli üç, yeddi və bizim günlər. Bu qədər vaxt axarında, neçə-neçə hadisələr fonunda, aktyor nəsli dəyişkənliyində Ağasadıq Gəraybəyli öz oyun təravətini, öz sənət yönünü saxlaya bilmiş və yaşayıb-yaratmaqda davam etmişdir.

"VALLAH, AĞABALA, GƏLƏCƏKLƏR!"

Bu sözləri Münəvvər xanım deyir. Münəvvər Kələntərli!

"Gələcəklər, gələcəklər! Sizin kimi qohumun başını yerə soxum. Artistə də qabaqcadan pul verərlər?"

Bilmirəm dəqiq belədi, ya yox. Bu sözləri isə Ağasadıq deyir.

"Bəxtiyar" kinofilmindəndir.

Mən niyə məhz bu sözlərin, bu ifadələrin üstündə dayandım. Bu ifadələr təkcə söz deyil, bu ifadələri söyləyən hər adam sanki Gəraybəyli ilə Münəvvər xanımın gününə düşür.

Belə bir ifadə də var: "Yox, yox, hələ Hüseynova bacıları öz məharətlərini göstərəcəklər".

Bunları da Ağasadıq Gəraybəyli deyir. Və bu ifadələr də eyni əhval-ruhiyyə, eyni ovqat yaradır. Və açığını deyim ki, xalq arasında bu ifadələr artıq çox yayılmış və yaxşı ovqat yaratmaq bəhanəsi olmuşdur.

Heç şübhəsiz, Ağasadıq Gəraybəylinin kino yaradıcılığından söhbət gedəndə onun oynadığı gözəl obrazlar arasında Ağabala və məşhur Rüstəm bəy boy verib görünür. Aktyor hər iki obrazın kino həllini çox böyük ustalıqla tapmış, bü filmləri görənlər ("Bəxtiyar" və "O olmasın, bu olsun") onu çətin ki, unuda bilsinlər. Ağabala rolunda aktyorun hər hərəkəti, hər mizanı diqqəti çəkir, yadda qalır. Unudulmayacaq, sənətin uğurlu, gözəl dəqiqələrinin, anlarının məhsuludur. Şübhəsiz, aktyor şəxsi mənafeyini güdən (bu hiss aktyorun təbiətinə yaddır), karyerasını hər şeydən üstün tutan (aktyor heç vaxt vəzifələrdə olmayıb), xaraktercə ölgün (aktyor Gəraybəli təbiətcə cəld və qıvraqdır), mənəviyyatcı cılız (bilirik ki, Ağasadıq Gəraybəyli ziyalı ailəsindən çıxıb), Ağabalanın obrazını daxili imkanlarından gen-bol istifadə etməklə, zahiri effektlər hesabına sevdirə bilib.

Ağasadıq Gəraybəyli Rüstəm bəyi oynayıb. Bizə o bəxtəvərlik də üz verib ki, onun bu rolunu görə bilmişik. Dəfələrlə. Kinonun bu işi yaxşıdı. Onun Rüstəm bəyi bəlkə də bəyliyin adına ləkədir. Ancan neyləmək olar ki, ləkə də olsa, şübhəsiz belə bəylər də olub. Hər halda Rüstəm bəy bir ata kimi başını itirdiyindən və görünür, övlad hissinin üstün gəlməsindən bəylik şəxsiyyətinə yaraşmayan hərəkətlər eləməli olur. Tənqidçilər yazırlar ki, Rüstəm bəy mənəviyyatca kasıb və cılızdır. Hər halda bu, mübahisəli məsələdir.

Ağasadıq Gəraybəyli çox obrazlar yaradıb. Lap çox! T. Kazımov hələ 1958-ci ildə yazırdı: "Gəraybəyli yüzlərlə obrazlar yaratmış bir sənətkardır. Cəsarətlə demək olar ki, Gəraybəyli qədər çox rol oynayan ikinci bir aktyora Dram Teatrında çətin rast gəlmək olar".

- Ağasadıq müəllim, çox rejissorlarla işləmisiniz. Kimləri daha çox xatırlayırsınız?

- İvanovu, bir də Adil İsgəndərovu. Mehdi Məmmədovla da işləmişəm.

Ağasadıq müəllimdən soruşulası bir neçə sualım da vardı. Bəzi yoldaşlar dedi ki, bu suallar etik deyil (?). Neyləmək olar. Yəqin ki, hələ belə, bu cür sualların vaxtına var. Bəlkə də bizdən sonra gələn nəsil özündən yaşlılarla daha sərbəst, daha inamlı, daha səmimi danışacaq. Mənsə bu sualların üstündən vaz keçirəm. Və nəhayət soruşuram:

- Səhnəyə son dəfə çıxdığınız yadınızdadırmı?

- Mən hələ oynayıram! - dedi Ağasadıq müəllim.

1987-ci il

# 123 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər