"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?
7 yanvar 2026
# 12:00

Kulis.az ədəbiyyatşünas alim Mətanət Vahidin "Allahın evinin kölgəsi": sol düyməni basmaq cəsarəti" essesini təqdim edir.

Hədiyyə Şəfaqətin nəzmli-nəsrli bütün yaradıcılığının nəzəri cəlb edən özəlliyi dərin psixologizm və “mən”in ekzistensial dərkidir. Onun gündəlik yaşantıları əks etdirən mətnləri reallıq sərhədlərini aşan transsendent təcrübələr vasitəsilə şüura nüfuz edir. “Allahın evinin kölgəsi” (2025) kitabındakı introspeksiyası və fəlsəfi dərinliyi ilə seçilən hekayələr şüurun dinamikasına, tərəddüd və təbəddülatlara, nəticədən artıq prosesə diqqət çəkməklə müasir Azərbaycan nəsrində özünəməxsus bir xətti ardıcıl və israrla davam etdirir. Əsasən baş verənlərin mərkəzindəki insanın transformasiyasını təsvir edən bu mətnlər xüsusilə çağdaş qadın ədəbiyyatı kontekstində daha çox əhəmiyyət kəsb edir. Bircə personajın fərqli kimlikləri kimi ifadəsini tapan bu obrazların timsalında əsas etibarilə qadının cəmiyyətdəki mövqeyi və fərdi mövcudluqdan daha ümumi, universal varoluşa keçidi izlənilir.

Hədiyyə Şəfaqətin psixoloji hekayələrinin mərkəzi fiquru – nə ideallaşdırılan, nə də klassik qurban modelinə uyğun təqdim edilən qadın öz sevgisi və etibarı ilə sınanan, içəridən qırılma\sınma prosesi keçərək həyatın dibinə “baş vuran”, daxili yaşantılarının yeganə şahidi olaraq hər şeyə rəğmən susan zorən güclü, ruhən tənha obrazdır. Burada sükunətini qorumağa çalışan qadının gücü seçim deyil, tədrici dəyişilmə nəticəsində varılan məcburiyyətdir.

Kitabdakı “Dindirilmə”, “Allahın evinin kölgəsi”, “Əllər”, “Quşlar günəşə sarı uçurlar”, “Sol düymə” hekayələri şüur axını, monoloq, daxili “dialoq”, xatırlama, təsəvvür\xəyal üzərində qurulur. Keçmiş isə arxada qalmış\bitmiş zaman kimi yox, indinin içinə sızan bir hal kimi təqdim olunur. Bu baxımdan Hədiyyə Şəfaqətin nəsri bir çox hallarda travma ədəbiyyatına xas olan mexanizmə müraciət edir.

Kitabda diqqət çəkən cəhətlərdən biri bu mətnlərdə bu və ya digər dərəcədə əks olunan avtobioqrafiklikdir. Əlbəttə, ixtiyari bir oxucu burada qurmaca ilə bioqrafiyanın sərhədlərini müəyyənləşdirə bilməyəcək. Müəllifin də məqsədi “bunları mən yaşamışam” deyə subyektin üzərinə vurğu etmək deyil. Qadın təcrübəsinin fərdi prizmadan, müəllifin özündən keçən yolun xülasəsi kimi təqdim olunması çağdaş qadın ədəbiyyatında dominant tendensiyadır.

“Dindirilmə” hekayəsindən oxucu ilk baxışda qadının müstəntiq tərəfindən sorğuya çəkildiyi təəssüratını alsa da, mətn irəlilədikcə aydın olur ki, “dindirilmə”, əslində, zərərdidənin özü ilə apardığı haqq-hesab anı, çəkişməsidir. Qadının içində formalaşmış nəzarətçi\müstəntiq vicdan, yaddaş, ağrı və özünümüdafiə instinktlərinin cəmi kimi, tələbkarlıqla özünü sorğulayır. Qadın verdiyi cavablarla konkret faktı yox, öz daxili vəziyyətini izah edir. Çünki “qətl” dediyi hadisə fiziki anlamda bir insanın öldürülməsi deyil. O, özündən yaratdığı bir qadını – sevgi ilə yaşayan, sevgidən varlıq qazanan, qanadlanan bir “mən”i qətlə yetirib. Bu baxımdan hekayədə cinayət anlayışı metafizik səviyyəyə keçir və psixoloji transformasiyanın adı olur.

Buradakı yaradılış aktı sənət adamının\şairin özündən “nəfəs üfürməsi” olduğu kimi, qətl də canından can qoparmasıdır: “Əllərim heç titrəmədimi? Hmm, cənab müstəntiq, bu lap şairanə sual oldu. Yox, titrəmədi. Ürəyimə də rəhm-filan dolmadı. Bəlkə bunu ağırlaşdırıcı hal kimi qeyd edəcəksiniz; amma heç üzümü yana da çevirmədim gözlərimə baxıb can verəndə. Yalvarırdı, yalvarışlarına da fikir vermədim. Dərhal ölmədi, yox. Bir az can verdi. Nə etdim? Dayanıb baxdım. Yanında dayanıb baxdım. Axıra qədər. Sizə bir şey deyim? Mən o kişidən yaxşı insanam. Bilirsiniz niyə? O kişi o qadını öldürməmişdi, düzdür, nə bıçaqlamışdı, nə zəhərləmişdi, nə də boğmuşdu. Amma uzaq, qaranlıq, yad və təhlükəli bir nöqtəyə çəkib aparmış, sonra da yolun ortasında qoyub getmişdi.” (səh. 52)

Şair\qadının “öldürdüyü” həddindən artıq həssas, sevgiyə tapınan, sevgiliyə özü kimi etibar edən, bütün varlığını bu yolda itirən qadın idi. Ona edilən haqsızlıq, xəyanət və etibarsızlıq onu yaşamağa “yararsız” hala gətirmişdi. Çünki özünü başqasına fəda edən və sonra aldadılıb tərk edilən qadının həyatı artıq yaşamaq deyildi; depressiv mövcudluq, daimi təlaş, gözü arxada qaldığı, keçmişlə nəfəs aldığı üçün hər dəfə yenidən yaralanmaq demək idi: “Mən onu etmədiyi günahlar üçün öldürdüm. Etmədiyi etiraflar üçün də… Demədiyi sözlər üçün də… Axıtdığı göz yaşları… Bir sözlə, cənab müstəntiq, mən onu, özünü sındırdığı üçün öldürdüm. Özünü itirmişdi, ayaqlar altına düşməyinə isə çox az qalmışdı.” (s.52) “Dindirilmə” hekayəsindəki qətl qisas və ya nifrət aktı yox, özünü xilas etmə instinktidir, dirilmədir. Qadın sevgisi əlindən alınmış, qanadları sındırılmış o halıyla yaşamağı yox, onu öldürüb başqa həyatı – yenidən dirilməyi ilə qisas almağı seçir – Simurq quşu kimi küllərindən doğulur. Nəticə etibarilə, “Dindirilmə” aldadılan, xəyanətə uğrayan qadının içində baş verən ölüm və dirilmə prosesi və sevgidən vaz keçmək yox, sevginin insanı məhv etməsinə icazə verməmək haqqında hekayədir.

“Quşlar günəşə sarı uçurlar” hekayəsi yaddaş qırıntılarını və şüurun içərisində baş verən parçalanma və yenidən toparlanma cəhdini ifadə edən psixoloji-ekzistensial monoloqdur. Hekayə “yola çıxmaq qərarı” ilə açılsa da (“Yola çıxmaq qərarına gəldim. Mənim yol dediyim sənin yol dediyindən fərqlənir.”), yol anlayışı burada məkan dəyişməsi yox, əsarət vəziyyətindən çıxmaq qərarıdır.Mətnin mərkəzində dayanan “qəfəs” metaforu təkcə yaşanılan mənzili deyil, alınmayan münasibəti, psixoloji vəziyyəti, hətta bütövlükdə qadının öz varlığını əhatə edir. Özünü əsir hesab edən qadın artıq vəziyyətinin müvəqqəti yox, taleyinə, bəlkə də xarakterinə hopmuş xüsusiyyətə çevrildiyini göstərir. Qəfəs həm fiziki məkanı – günəşsiz, betonlar arasında sıxılıb qalmış mənzili, həm də psixoloji halı (çıxılmazlıq hissi, nəfəs daralması, qanadların qırılması və s.) ifadə edir. Qadın bu məkanda yaşadığını deyir, amma bildirir ki, əslində burada yaşayan onun cismi olsa da, ruhu azaddır. “Hər səhər quşların günəşə sarı uçduqları yeri qoyub gəlmişdim. Gələndə ürəyimdə bir səmalıq qanad gətirmişdim: kəpənək qanadı, quş qanadı, çiçək qanadı. O mənzildə hamısından olmağa çalışmışdım, heç birinin ömrü çox çəkmirdi.” (s. 75) Divar kağızlarının iyrənc, üzüyuxarı qalxan naxışları qadının psixoloji vəziyyətinin vizual ekvivalentinə çevrilir. O, bu naxışların içərisində çıxış, ümid, həyat əlaməti kimi, qanad, yarpaq, çiçək axtarır. Sağ qalmaq uğrunda mübarizəyə bənzəyən bu qəfəsdə əsir həyatı yaşayan qadını inamı\inancı xilas edir.

“Sol düymə” hekayəsində müəllif bədii məsafəni minimuma endirir və öz bioqrafiyasını mətnin içərisinə gətirir: oxucuya reallıqdan tanış olan fotoşəkillər, Portağal adlı pişik, zəmi, valideynlər, ailə xatirələri yazıçının həyatının fraqmentləri kimi mətnə daxil olur. Lakin hekayənin məqsədi xatirə danışmaq deyil; müəllif keçmişə aid real\və ya irreal detalları indiki zamanın içində, öz evində təsəvvür etməklə xatırlama aktının özünü yazıya alır.

Protaqonist burada və indinin içərisində özünün bitməmiş keçmişini yaşayır: vaxtilə olduğu yerləri, keçirdiyi əhvali-ruhiyyəni, doğmalarını özünün dörd divarının içərisinə “çağırır”. Ev burada sığınacaq yox, yaddaşın səhnəsi funksiyasını daşıyır. Keçmiş məkanlar indiki məkanın içinə köçürülür, zamanlar bir-birinə qarışır. Bu üsul hekayəni şüurmərkəzli edir.

Mətnin əsas metaforası olan “sol düymə” hekayədə texniki detal olmaqdan çıxır, genişlənib psixoloji seçim funksiyasını daşıyır. Hədiyyə Şəfaqətin gerçəkliyindəki “sol yeganə yoldur” inancı bu hekayədə şüar şəklində yox, taleyin sınaqlarından keçmiş həyat mövqeyi kimi ifadə olunur. Sol düyməni basmaq – susmamaq, razılaşmamaq, axına qoşulmamaq deməkdir. Bu klik kor-koranə davam etmək yox, istiqamət dəyişmək jestini bildirir. Bu baxımdan “Sol düymə” daxili etirazın mətni kimi oxunur. Qəhrəman həyatını dəyişmək istədiyi anlarda özündə baş qaldıran narahatlığı, içinin üsyanını xatırlayır. Hekayədə etiraz küçədə, tribunada deyil, şüurun içində baş verir: öz həyatına, öyrədilmiş rollara, qəbul edilmiş rahatlığa qarşı “sola basmaq” cəsarəti gözə alınır.

Bu mənada, “Allahın evinin kölgəsi” hekayəsi ilə ideya paraleli aydın görünür. Orada etiraz, dissidentlik daha çox Tanrı – hakimiyyət – müqəddəslik münasibətləri fonunda üzə çıxırsa, “Sol düymə”də bu, şəxsi həyat və seçimlər müstəvisinə keçir. Mahiyyətcə hər iki mətndə qəlibləşmiş həqiqətə qarşı barışmazlıq, passiv də olsa, etirazçılıq mövqeyi var. Hər iki hekayədə etiraz pafoslu mübarizə kimi yox, yorucu, təkrarlanan, daxili proses kimi göstərilir. Fikrimcə, kitaba adı verilən “Allahın evinin kölgəsi” kimi, “Sol düymə” də Hədiyyə Şəfaqətin nəsrində qismən də olsa, həm avtobioqrafik etiraf, həm də ideoloji mövqe mətnidir.

“Allahın evinin kölgəsi” kitabı qadının daxili azadlığını romantik ideya kimi yox, emosional şantaja meyil etmədən çətin, ağrılı, yorucu bir proses kimi təsvir edir. Burada azadlıq birdən-birə üsyana qalxıb qazanılan mükafat deyil, davamlı daxili mübarizənin, seçimlərin və bu yolda saysız-hesabsız itkilərin nəticəsidir. Müəllif qadının həyatını dəyişdirən əsas dönüş nöqtələrini şüurun dərin qatlarında baş verən sarsıdıcı proseslər kimi təqdim edir. Buna görə də Hədiyyə Şəfaqətin qadını yazan hekayələri həm də daxili etirazın, mövcudluğun, seçim və məsuliyyətin ədəbi ifadəsi kimi oxunur.

# 566 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər