Bakirəliyini ögey atası pozmuşdu, yoxsa sevgilisi?

Bakirəliyini ögey atası pozmuşdu, yoxsa sevgilisi?
24 oktyabr 2013
# 17:12

Fəridin fəthi

( hekayə)

- Xlor var, xloor, aseton, kislotaa...

- Qatıq, qatıq, camış qatığı, süd var, süüd…

Afət küçədə qışqıranların səsinə oyandı. Gözlərini ovcalaya-ovcalaya deyinməyə başladı:

- Səsi batmışlar səhərin şirin yuxusunu haram edirlər adama. Doyunca yatmağa da qoymurlar... Səhərin gözü açılmamış anq...

Əsəbini birtəhər cilovlayıb divar saatına baxdı, hələ yeddiyə qalırdı. Yenidən isti yorğan-döşəyə girdi və xumarlanıb şirin yuxuya getdi...

- Xiyar var, xiyaar, təzə pamidoor, badımcan...

Tələm-tələsik yerindən durub Nigarın otağına keçdi. Ürəyində “Allah köməyi olsun bu xiyar satanın!” - deyə fikirləşdi. Yaxınlaşıb Nigarın saçına tumar çəkə-çəkə:

- Bibinin gül balası, saat doqquzdur. Bəlkə durasan, bir həftədir işə də getmirsən,-dedi.

- Eee, bibi, heç həvəsim yoxdu…

- Bəs, verilişin?

- İmandan xahiş eləmişəm, o mənim yerimə montaj eləyəcək. Bir azdan hazırlaşıb evə gedəcəm.

- Yaxşı, nə deyirəm, onda yat. Gecəni də yatmamısan. Elə bildim işə gedəcəksən.

Nigar mobil telefonunu götürüb, gələn zənglərə, ismarışlara nəzər saldı, sonra Fəridə zəng elədi:

- Alo... salam! Bağışlayın, bu Fəridin nömrəsi deyil?

- Bəli, - zəngə nazlı-duzlu səslə bir xanım qız cavab verdi. - Onun telefonudu, maşında qoyub, özü aptekə düşüb. Gələndə nə deyim? Kim zəng vurmuşdu?

- Özü bilir… yenə zəng vuraram, - deyib telefonu söndürdü.

Sonra yaxın rəfiqəsi Səbinəyə zəng vurdu, onunla görüş təyin edib, evdən çıxdı. İçərişəhərdəki “Divan” kafesində görüşdülər. Nigar kofe, Səbinə isə özünə şaftalı şirəsi sifariş verdi.

Səbinə nüfuzedici nəzərlərlə Nigara baxıb:

- Yaxşı görsənmirsən, nəsə olub? – deyə soruşdu.

- Dərdimi bölüşmək istədim. Sənin məsləhətinə ehtiyacım var…

- Mənim ürəyimin qapıları həmişə sənin üzünə açıqdır! – Səbinə zarafatla Nigarın kefini açmaq istədi.

- Bilirsən, səndən əvvəl Fəridə zəng vurmuşdum. Telefonu bir qız götürdü, yəqin istədiyidi.

- Bəsdi sən Allah, onun istədiyi birdi, ikidi bəyəm?! Kim olub görəsən...

- Yox, bu həna o hənalardan deyil… Bu qız onun evlənmək istədiyidi, ona görə məndən ayrıldı.

- Hardan bildin?

- Biz düz üç il görüşmüşük, o heç vaxt icazə verməyib ki, telefonuna əl vurum. Amma o qıza...

- Bilirsən, Nigar, ola bilsin qız ondan icazəsiz götürsün, qərar verməyə tələsmə. Nədənsə mənə həmişə elə gəlib ki, Fərid səni sevir. O səninlə halal-hümmət arvadı kimi davranırdı, qoruyurdu, qısqanırdı...

- Hə, əlbəttə arvadı kimi davranırdı, çünki mən onun nazını çəkirdim, istədiyi vaxt və istədiyi kimi yatırdım, əsəbiləşəndə üstümə qışqırırdı, hökmünü yeridirdi, qadağalar qoyurdu...

- Bəs, niyə birdən hər şey dəyişdi? Nəyə görə səndən ayrıldı?

- Onun həyatında başqa adam olduğunu mən artıq hiss etmişdim, məqam axtarırdım üzünə deyəm. Amma ehtiyac olmadı, özü mənə dedi ki, başqasıyla evlənmək istəyir, buna görə də ayrılmalıyıq. Və biz ayrıldıq.

- Yaxşı, bəs nə üçün bu gün ona zəng vurdun?

- Bilmirəm, mən ondan ayrı yaşayacağımı təsəvvür edə bilmirəm… Bəlkə də istəyirdim deyəm ki, evlənirsən evlən, amma ayrılmayaq. – Nigar qəfildən hönkürdü. - Onsuz özümü kimsəsiz, yetim kimi hiss edirəm. Hər yerdə onu görürəm...

- Bir az zaman lazımdı sənə, unudacaqsan. Ondan da yaxşısıyla tanış olarsan, ərə gedərsən, uşaqların olar. O heç yadına da düşməyəcək. Bir az səbirli olmalısan.

- Sən nə danışırsan? Mən bir ildi onunla demək olar ki, görüşmürəm, nə vaxt zəng vururam, deyir məşğulam, ya Bakıda deyiləm, ya da əməliyyatdayam. Müxtəlif bəhanələrlə qaçır məndən. İndi isə… o gözəlçənin dililə bildirdi ki, açılım yaxasından.

Nigar dolmuş gözlərini sıxdı və yanaqlarına axan yaşı salfetka ilə silib, səsi titrəyə-titrəyə dedi:

- Bu müddətdə bir neçə oğlanla yaxınlıq etmişəm, ancaq heç kim onun yerini verə bilməyib, ayrılmışam... Bilirsən, mən onu sevə-sevə başqasına ərə gedə bilmərəm, başqasıyla bir yerdə yaşaya bilmərəm. Qadının yatağında da, ürəyində də eyni kişi olmalıdır!

- Hə… - Səbinə bir az sözünə ara verib: - Görəsən, o qız kimdi, - deyə pıçıltı ilə Nigara tərəf əyildi.

- Eşitdiyimə görə, atasının dostunun qızıdı. On doqquz yaşı var, atanın-ananın bircə balası, varlı-karlı adamın qızıdı.

- Deməli, ailələrin razılığıyladı bu iş… Ancaq haqqı, hüququ, sevgini, məhəbbəti bir tərəfə qoyuram, bir məsuliyyət hissi də olmalıdı insanda axı, mənəvi məsuliyyət! Bir qızın həyatını məhv edib kef çəkəsən, sonra da başqasıyla evlənəsən. Axı o sənin bakirəliyini pozub başqasıyla necə evlənə bilər?

Nigar Səbinənin bu sözündən bərk diksindi. Gözləri böyüdü, rəng verib rəng aldı. Gözucu ətrafına boylandı. Rəfiqəsinin əllərindən yapışıb bərk-bərk sıxdı.

- Sus! Eşidərlər! Bərkdən danışma…

Sonra güclə eşidiləcək tərzdə:

- Burda səhv edirsən… - deyə bir az da ona tərəf əyildi. - Mənim bakirəliyimi o pozmayıb…

  • Sən nə danışırsan?

Nigar dərindən bir ah çəkib pəncərədən çölə baxdı və sözünə davam etdi:

- Mən balaca olanda atamla-anam ayrılıblar. Hələ də bilmirəm ki, bu ayrılığa səbəb nə olub, hər dəfə soruşanda anam başqa bir söz deyir.

Mənim beş yaşım olanda anam ərə gedib, atamsa evlənməyib. Yadıma gəlir ki, atam gəlib məni anamdan aldı. İki il mən onunla qaldım. Birinci sinfə gedəndə o rəhmətə getdi.

Sonra evə görə anam gəlib zorla bibimdən aldı məni. Onun ərə getdiyi kişinin üzünü ilk dəfə görəndə hönkür-hönkür ağlayıb atamı çağırdım. Anam başıma sığal çəkib sakitləşdirməkdənsə, məni döydü. Həmin gün gecə atamı yuxuda gördüm, məni bərk-bərk qucaqlayıb ağladı. Beləcə, mən anamla birgə yaşadım. Çalışırdım ki, nə onu, nə də ərini incitməyim.

Mən on dörd yaşında olanda, anamın bir qızı oldu. Anam bir neçə gün xəstəxanada yatdığından evin bütün ağırlığı mənim üzərimə düşdü. Səhər durub çay qoymalıydım, atalığımı yedirdib yola salmalıydım, sonra dərsə getməliydim, gəlib yenidən xörək hazırlamalıydım, dərslərimi oxumalıydım…

O vaxtlar məni bir oğlan istəyirdi, mən də onu istəyirdim. Əslində, uşaqlıq istəyi idi bu istək. Tez-tez parkda görüşərdik. Bir gün ögey atam məni gördü. Əvvəl oğlanı, sonra da məni bərk döydü. Səsimizə çıxan qonşulara dedi ki, oğlanla tutub məni...

Allah rəhmət eləsin qonşumuz Abbas dayıya, yaxşı adam idi, gəlib məni aldı onun əlindən. Gecə onlarda qaldım, səhər evimizə gələndə gördüm ki, atalığım işə getməyib. Evə girən kimi kəmərini açıb cumdu üstümə, dedi ki, sənin açıq bədənini bu saat kəmərlə qançır edəcəm. Saldı məni hamama, paltarımı çıxardı, yalvardım, elə bildim döymək istəyir, amma sən demə…

- Nə?! Nə danışırsan? - Səbinə qeyri-ixtiyari yerindən dik atıldı. - Heç kimə demədin? Şikayət etmədin?

Nigarın gözlərindən axan yaş masanın üzərində gölləndi.

- İçin-için o qədər ağlamışam ki… Güman edirdim daha göz yaşlarım quruyub… Elə bilirdim o adama olan nifrətim daha tükənib, sən demə, ürəyimdə halə də qövr edirmiş!..

- Heç olmasa, anana deyəydin...

- Uşaq idim. Qorxumdan gizlədirdim, elə bilirdim bu mənim səhvimdi, günah mənimdi. Sonralar da demədim, çünki anam ona çox bağlıydı, bilmirəm sevirdi, ya qorxurdu. Bir də ki, fikirləşdim, desəm də inanmayacaq.

Bir bəhanəylə bibimin yanına köçdüm. Nədənsə bu, anamın da ürəyindən oldu. Yazıq bibim mənə görə ailə qurmadı.

Nigar köksünü ötürüb dərindən nəfəs aldı. Ofisiant oğlandan bir stəkan sərin su istədi. Bir az toxtayıb, Səbinəyə dedi:

- Bu günə qədər bu sirri səndən başqa heç kimə açmamışam. Sən mənim hər bir işimi bilirsən. Fərid mənim həyatımda sevgi ilə təmasa can atdığım yeganə oğlandır. O isə elə bilir ki, mənim çox tanışlarım olub...

- İlahi, sənin başın nələr çəkib!..

- Hələ bu harasıdı! Mənə deyirdi ki, gəl qaçaq, evlənək, sevirəm səni… - Nigar özü də bilmədi, qəsdən elədi, ya təsadüfən oldu, masanın üstündəki su aşdı və şalvarına dağıldı. Ofisiant tez gəlib dəsmalla masanı quruladı, Nigar isə salfetka ilə şalvarının suyunu çəkdi. Əsəblərini cilovlamağa çalışıb, sözünə davam etdi:

- Anam hiss eləmişdi ki, o mənə biganə deyil, ancaq ağlına da gətirməzdi ki, mənim bakirəliyimi pozub. Anam elə bilirdi ki, ərindən qeyrətli adam yoxdu bu dünyada.

- Bəs bibin, o da bilmirdi bunları?

- Bibim bilsəydi, əlləriylə parçalardı onu!

Nigar boylanıb ofisiant oğlanı çağırdı.

- Daha bəsdi, səni də yordum. Unudaq bunları. Vaxtın varsa, məni anamgilə apar. Bu gün bacımın ad günüdü. İnan, ürəyim uçur, ancaq ayağım heç getmək istəmir. Yazıq uşaq dünəndən on dəfə zəng vurub…

- Əlbəttə, apararam.

- Onda gedək uşağı ayaqüstü təbrik edək, sonra mən çıxım rayona.

- Hara gedəcəksən?

- Yəqin ki, Qəbələyə.

- İstəyirsən, gedək bizdə qal.

- Yox ,rayona gələcəyimi bilirlər.

- Yaxşı, telefonum açıqdı. Nə vaxt istəsən zəng vur, hara istəsən gələrəm, görüşərik. Çalış tək qalmayasan.

- Çalışaram. Gedək?

- Əlbəttə, yadıma sal yolda benzin vurum... İnan, əvvəllər deyirdim, bircə maşın alsaydım, canım qurtarardı, indisə deyirəm, Allah eləyəydi ərə gedəydim, oturub evimin xanımı olardım. Küçəyə belə çıxmazdım. Sən Allah, bir bu yollara bax, hər yerdə qazıntı gedir. Bezmişəm maşın sürməkdən.

- Burda bir yerdə saxla, zəhmət olmasa...

- Noldu ki?

- Saxla, xahiş edirəm. Ay sağ ol. Mən taksiylə gedərəm, bu tıxaclara səni salmaq özü günahdır, öpdüm.

- Aaa, Nika, Nika, vallah sənə görə demədim…

Nigar əliylə “sağ ol” işarəsi göstərib oturdu taksiyə.

Anasıgilə çatanda qapılarının ağzında izdihamı görüb həyəcanlandı.

- Nolub, niyə yığışmısız?

- Qızım, səhər açılandan ananı döyür əli qurumuş…

Nigar tez içəri girdi, anasının göyərmiş, partlamış üzünü görəndə dəli bir nərə çəkdi. Atalığının üstünə şığıdı. Atalığı Nigarın saçından tutub yerə yıxdı və sürüməyə başladı.

- Deyəsən, sənin ağlın başına gəlməyib, hə, qancığın qarnından çıxan?!

Nigar onun əlindən birtəhər qurtulub mətbəxə qaçdı. Atalığı, deyəsən, ondan əl çəkmək fikrində deyildi. O da Nigarın arxasınca mətbəxə cumdu. Nigar mətbəx bıçağını götürüb: - Gəlmə, yoxsa vuraram! – deyə qışqırdı. – Anamı da, bacımı da götürüb gedirəm!

- Nə dedin, pozğun, bircə bu qalıb?.. Vur görüm, vur, hə vur da! Sən mənim evimdə ağalıq etmək fikrindəsən, küçə qızı?! - deyib Nigarın üzərinə yeriyəndə Nigar gözlərini yumub bıçağı onun qarnına sancdı. Atalığı yerə yıxıldı.

Nigar əllərindəki qanı görüb başladı qışqırmağa. Anası qaçaraq mətbəxə gəldi. Yerdə qıvrılan ərinə baxıb:

- Booy, evim yıxıldı!.. Sən mənim ərimi öldürdün, ay ləçər?! Səni türmələrdə çürüdəcəm! – deyərək, ərinin üstünə sərildi.

…Bir azdan atalığı xəstəxanaya, Nigarı isə polis bölməsinə apardılar.

***

Nigar Fəridi polis bölməsində görəndə özünü saxlaya bilmədi, hönkürdü. Onu sakitləşdirməyə çalışan Fəridin köksünə sığınıb ürəkdən ağlamağa başladı.

- Mənim heç kəsim yoxdur, mən kimsəsizəm... Mənim dayaqlarım uçub, mənim qol-qanadım sınıb... Mənim atam, arxam yoxdu deyə hamı məni haqsız çıxarır!.. Mən heç kimə lazım deyiləm! Taleyim, qismətim belə yazılıbmış, görünür...

- Sakit ol, sakit ol, hələ hər şey itirilməyib! Ağlama, qoymaram səni təkləyələr! Bircə dəqiqə də burda qalmağa qoymaram! Sadəcə, mənə düzünü danış.

- Mən heç vaxt sənə yalan danışmamışam!..

- Hadisə necə olub, ümumiyyətlə, sənlə atalığının arasında baş verən bu konfliktin səbəbini mənə aydınlaşdır.

- Yox, Fərid, yox, mən hər şeyi danışa bilmərəm! Sən məni başa düşməzsən.

- Nigar, sən istəmirsənsə ki, ömrünü həbsxana divarları arasında çürüdəsən, heç nəyi gizlətməməlisən! Mənə danışmasan da vəkilə danışacaqsan, vəkili isə sənə mən tutacam.

- Mənə sənin inamın bəsdir, Fərid, sən məni başa düşə biləcəksənmi?!

- Danış, Nigar, danış, sənə aşkar bildirməsəm də mən həmişə səni başa düşmüşəm.

...Nigar hər şeyi Fəridə danışdı.

***

Bu addımı atmaq Fərid üçün elə də asan olmadı. O inanırdı ki, Nigar bu vəziyyətdə daha çox səmimidir, yalan danışmır. Ən başlıcası isə ona Fəriddən yaxın, doğma, məlhəm, sadiq adam, dost, sirdaş, arxa, dayaq ola biləcək ikinci bir şəxs yoxdu! Ümumiyyətlə, Fərid Nigarı həmişə mərdliyinə və səmimiliyinə görə daha çox qiymətləndirirdi.

Polis bölməsindən çıxarkən Fərid Nigarın boynunu qucaqlayıb:

- Sən məni fəth elədin! – dedi.

Nigarsa:

- Xeyr, sənin kişilik, qeyrət, namus təcəssümü olan hərəkətlərin məni heyran etdi! – dedi. - Mən bütün varlığımla sənə təslim oldum! Mən yox, sən məni fəth elədin, mənsə səni, yeni bir Fəridi kəşf elədim!

# 3140 dəfə oxunub

Müəllifin son yazıları

# # #