Mən hürriyyətin ta kəndisiyəm!

Mən hürriyyətin ta kəndisiyəm!
22 iyun 2016
# 17:36

Nihad İsa

Yelləncək

Bir titrək yataqda uzanmış,
titrək pəncərənin halını sordum.

Dedi ki, qonşular dalaşmır çoxdan,
Səs-küyün yerində sükut oturub.
Uşaqlar oynamaz artıq həyətdə
bütün yelləncəklər göyə sovrulub.

Otağın ciyərin üşüdən payız,
ömrün ayağına xəzəl üfürür.
Pəncərə deyir ki, hər gün, hər axşam
camın arasından əcəl üfürür.

İntihar

Hər kəs öz rəqsini
gətirir bu məclisə.
Ağlayaraq rəqs edir
qonaqlar.
Badələrə dəniz suyu
doldurur gələnlər.

Badə dolmaz,
badə daşmaz.
Ataların misalında
məşhur olan quyulara
bənzəyir badələr.

Heç kəs sərxoş deyil.
hər kəs sərxoşluğa susamış.

Bu hayda, bu harayda
intihar düşünən varmıdır görən?
Düşüncələr çoxdan ölüb,
cəsədləri varmı görən ?

Gedirəm,
torpağa doğulmağa,
gedirəm yoğrulmağa.

Həqiqətin sinəsində
yaşamağa gedirəm,
sükut adlanan
o böyük məmləkətə ...

Sərxoş ağızlardan
hürriyyət şüarı eşitməyə
yoxdur həvəsim.
Mən hürriyyətin
ta kəndisiyəm!

Lənət şeytana

Əsəbdən əlimdə
qələm incəldi.
Sənin can alarkən
güldüyünü görəndə.

Vücudunda torpaq
verimli deyil.
Sən özün də
həvəsli deyilsən
canında can yaratmağa.

Qan axıtmağa
axır həvəsin.
Yolunu azmış
nəhrlər kibi.

Bataqlığa
axır
nəfəsin.

Sənin də üzünə
qaranlıq çökdü.
Vay bə!
Nə zülmətmiş
zülmətin oğlu?!

Sanki mən gördüyüm
fani gözəlləri,
ani gözəllikləri
işğal edir bu qaranlıq.

Sən isə hər işğalı
dəstəkləyən xainlərdən
birisən.
Öyünürsən, öyürsən,
qorxular, inkarlar içində
dirisən.
Həqiqətdə ölüsən.

Kədərdən əlimdə
qələm incəldi.
Sənin can alarkən
öldüyünü görəndə.

# 1283 dəfə oxunub

Müəllifin son yazıları

# # #