Toz basmış Qarabağ şeirləri

Toz basmış Qarabağ şeirləri
11 noyabr 2014
# 14:17

Müasir Azərbaycan ədəbiyyatını, xüsusən poeziyamızı izləyirəm. Gənc şairlərdən tutmuş ziyalılarımıza kimi çalışıram hər şairin yaradıcılığı ilə yaxından-uzaqdan tanış olum.

Həqiqətən çox gözəl şairlərimiz var. Bəzən elə gözəl şeir oxuyuram ki, bu şeirə çatmayacaqsa niyə şeir yazım, deyə düşünürəm. Bəzən isə elə şeir oxuyuram ki, buna da şeir deyəcəcəklər mən yazdığıma da, deyib yazmaq fikrindən daşınıram. Əlbəttə bu da normaldır. Hətta dahi şairlərin də zəif şeirləri olub.

N.A.Nekrasovun “25 yaşıma kimi yazdığım şeirlər çox bərbad idi, çünki onları pul qazanmaq üçün yazırdım” deməsi zəif şeirin səbəbini ortaya qoyur. Şeir gərək məcburi yazılmasın. Qələmi əlinizə məcbur almayın. Qələm özü vərəqi götürüb gəlsin yanınıza. Çünki vərəqin hayıf olması günahdır.

Tədbirlərdən birində bir ziyalı gənclərə məsləhət verərək dedi: “Torpaqları işğal altında olan ölkənin şairləri güldən, çiçəkdən yazmamalıdır!” Hamı başladı bu cümlədən sonra çapı çalmağa. Mənə görə bu, çox yanlış fikirdir. Elə şairlər tanıyıram ki, yaradıcılığının 90 faizi, bəlkə də daha çox hissəsi Qarabağ mövzusundadır. Yəni, Qarabağ qayıtsa bu şairlər qələmsiz qalacaq kimi görünür. Yazmağa mövzu tapammayacaqlar!

Səhər oyanır Qarabağdan yazır, axşam yatır Qarabağdan yazır. Mən Qarabağa aid şeirlər yazılmasın demirəm, mən Qarabağ mövzusu bu qədər bəsitləşdirilməsin deyirəm. Şəxsən mən indiyə kimi Qarabağ mövzusuna aid şeir yazmağa cəsarət etməmişəm çünki bu çox məsuliyyətli mövzudur. Özümü vətənpərvər göstərmək üçün Qarabağ mövzusunu bəsitləşdirməyə haqqım yoxdur.

Baxırsan yaşlı-başlı şairdi, Qarabağ haqqında şeir yazıb: “Körpələri yaşlıları qırdılar, evləri taladılar, ay Şuşa, vay Xocalı, lənət olsun erməni köpəyinə!” Qardaş, sən şairsən e! Tarixçi deyilsən! Belə şeirlər ucbatından gələcəkdən indiki ədəbiyyatımıza baxanlar xüsusi bir janrmı deyim, elmmi deyim, ya nəsə yaradacaq, adını da qoyacaqlar “Qarabağşünaslıq”. Etməyin, eləməyin! Qarabağa aid şeir yazacaqsansa, bir dəfə yaz və ömrünün axırına kimi o şeirə düzəlişlər et. Bu xalqın tək dərdi Qarabağ deyil məncə. Başqa dərdlərinə də toxun bu xalqın. Özünə yazığın gəlsin. Papağını çıxar, qoy qabağına və fikirləş.

Bu gün-sabah Qarabağ qayıtsa sənin şeirlərini oxuyan olmayacaq. Br rəfdə tozlanacaq. Sonra tozla bərabər silinib atılacaq həmin o rəfdən.

# 26992 dəfə oxunub

Müəllifin son yazıları

# # #