Mentalitetin pisi və yaxşısı

Mentalitetin pisi və yaxşısı
7 aprel 2014
# 17:09

Şəhriyyə Qəzənfərqızı

Əsrlərdən gələn mentalitet. Mentalitet nədir? Hər birimiz bu mentalitetə əməl etməyə məcburuqmu? Zənnimcə, mentalitet qadınları alçaltmaq, onların hüquqlarını tapdalamaq üçün kişilərin yaratdığı bir “qanun”dur.

Ümumiyyətlə, qanundurmu? Niyəsə qadınlarımız da bu “qanun”lara canla-başla əməl edirlər. Bu keçmişdən gələn yazılmamış qanunları mən qəti surətdə inkar edirəm.

İnsanlarımızın əksəriyyəti hansısa bir məlumatı qəbul etdikləri kimi də icra edirlər. Özləri düşünmədən, özləri üçün daha məntiqli bir izah açmadan. “Bu bizim mental dəyərlərimizdir, nənə-babalarımızdan belə görmüşük” deyib, bu cür də həyatlarına daxil edirlər.

Düzdür, “böyüyə hörmət etmək, qayğı göstərmək, oturuşunun-duruşunun yerini bilmək, danışığına fikir vermək lazımdır” kimi gözəl fikirlər var. Tərbiyəedici fikirlərdi. Amma hamısı belə deyil. “Bu bizim əcdadlarımızdan gəlib, bunu belə də qoruyub saxlamalıyıq” düşüncəsi yanlışdır.

Biz həmişə “ Qadın və kişi hüquqları bərabərdir” deyirik. Bəs buna əməl edirikmi? YOX. Yeni nəslin oğlanlarının belə “Qadın hər zaman kişidən bir addım arxada qalmalıdır. Mən qadını maddi tərəfdən təmin edirəm. Ona nə lazımdır? Mənim işlərimə qarışmasın” kimi düşüncələri bir qadın kimi məni çox kədərləndirir.

Hətta “ Məni təmin etsin, axşam evinə gəlsin, hara gedir getsin” deyə düşünən qadınlarımız hələ də var. Çünki nənələrimiz deyib: “Kişinin pulu evdə olar, özü çoldə. Kişi çölquşudur.” Nənələrimizin fikirləri həmişə doğrumu sayılmalıdır?

Rəhmətlik anam həmişə deyərdi: “Yeməyin ən yaxşısını kişiyə yedizdir. Kişi əsəbi olanda onunla danışma (amma sən əsəbi olanda kişi sənə nə desə də haqqı var. Çünki o kişidi).”

Müasir qadınlar kişi qədər işləyir, qazanır, ailəsinə, uşağına, evinə qayğı göstərir. Günün 24 saatı həm əli, həm də beyni çalışır. Bəs kişi nə edir? İşləyir, pul qazanır. Onu qadın da edir. Bəs kişi hansı keyfiyyətlərinə görə qadından bir addım öndədir? Dindən o qədər də məlumatlı biri deyiləm. Ancaq bir dəfə bir fikir oxudum. Peyğəmbərimiz buyurub ki, əgər qadın uşaqlara baxırsa, evini təmiz saxlayırsa, bu onun vəzifəsi deyil, kişiyə olan hədiyyəsidir. Burdan məlum ki, nə dində, nə də qanunlarda “Kişi qadından öndə olmalıdır” kimi fikirlər önə çəkilmir.

Yanlış mental dəyərlərimizdən daha biri: “Anaya, ataya oğul baxmalıdır, qız yox.” Bu düşüncə mənim məntiqimcə tamamilə beyinlərdən silinməlidir. Əgər ana hər iki cinsi bətnində 9 ay gəzdirirsə, doğuşda hər ikisində ölümlə üzləşirsə, hər ikisini böyüdəndə eyni çətinliklər çəkirsə, niyə anaya ancaq oğul baxmalıdir? Əgər bir ananın oğlu yoxdursa, belə görünür ki, ona heç kim baxmamalıdır? Sizcə, bu mental dəyəri gələcək nəsillərə də ötürmək nə dərəcədə doğrudur?

Kişinin qadından “üstünlüyü” yalnız qadının üzərində göstərdiyi qolunun gücündədir. O isə insani hiss deyil.

Qadın və kişi bərabərhüquqludur.( Daha çox düşünsək, qadının hüquqlarını kişininkindən daha üstün tutmaq olar). Ailədə də, uşaqların tərbiyəsində də eyni dərəcədə iştirak etməlidirlər. Bəs bu mentaliteti niyə hələ də təbliğ edirik?

Bunu anlamaqda zorlanıram...

# 2858 dəfə oxunub

Müəllifin son yazıları

# # #