Oğlan-oğlanla, qız da qızla

Oğlan-oğlanla, qız da qızla
14 mart 2014
# 15:15

Şəhriyyə Qəzənfərqızı

Bəşəriyyətin yaranması barədə çox rəvayətlər var. Dünyanın 6 günə yaranması, quyunun və suyun necə ayrılması. Biz bilirik ki, bunlar hamısı rəvayətlərdi. Amma dünya necə yaranıb? Bunun elmi izahları var. Hər zaman dünyanın 7 möcüzəsindən danışırıq.

Məncə, bu kiçik rəqəmdi. Bunu artırmaq olar. Mən dünyanın ən birinci möcüzəsini insan hesab edərdim. İnsanın yaranışı tibbi cəhətdən yanaşanda da, dini cəhətdən yanaşanda da möcüzədir. İnsanın yaranışı haqqında rəvayət var. Adəm və Həvva. Əslində, əlbəttə ki, bunlar rəvayətlərdir. Ancaq Allah qadını kişi üçün, kişini qadın üçün YARadıb. Onların orqanizmlərini bir-birinə uyğun yaradıb.

Mən kiçik olarkən həyətimizdə bir oğlan var idi. O vaxt hamı ona “qız-oğlan”deyərdi. Mən o zaman anlamırdım bu sözün mənasını. Bəlkə də, heç böyüklər də anlamırdılar. Sadəcə, oğlan bədənli, qız hərəkətli bir insan idi. Zaman keçdikcə, tibb inkişaf etdikcə, ”Avropaya meylləndikcə” bunu dərindən dərk etməyə başladıq. Hərdən düşünürük ,niyə əvvəllər belə insanlar az idi? Az idimi? Yoxsa bu qədər aşikar deyildi?

Bu cür insanlara “cinsi azlıqlar” deyilir. Amma mən “azlıq” sözünü dəyişərdim. Artıq o qədər də azlıq təşkil etmirlər. Çoxlarımız, bəlkə də, hamımız belə insanlara gülürük, ələ salırıq. Elə mən özüm də gülürdüm. Onlarla şəxsi tanışlığa qədər. Onlar da bizlər kimi normal insanlardır. Bəziləri davranışlarından utanırlar. Siz düşünürsüz ki, ”mavilərin” etdiyi jestlər, pozalar bu xəstəliyin əlamətidir?

YOX. Qeyri-verbal ünsiyyət formaları onların tanıtımı deməkdir, onların imicidir. Əslində, ”mavilərin“ əl hərəkətləri qadınlarda yoxdur. Biz qadınlar o qədər də əzilib-büzülmürük.

Mən bir ailəli qadının qadına meylləndiyi üçün intihara cəhd etdiyinin şahidi olmuşam. O an düşündüm, biz bu insanların daxilini, hislərini bilmədən, onları anlamağa çalışmadan necə asan mühakimə edirik. Bu insanlıqmıdı? Elə düşünməyin ki, mən onları dəstəkləyirəm?

ƏSLA. Sadəcə anlamağa çalışıram. Düşünürəm, insanın öz əlində olsa, gülünc hədəfinə çevrilərmi? Məncə, yox.

Yenə də dünyanın yaranışına qayıdaq. Allah qadını kişi üçün yaradıb. Hər şey əzəl yaranışı kimi daha gözəldir. Övladlar da bu cütlükdən yaranır. Cinsi azlıqlar belə çoxalsa, sonda insan nəslinin tükənməsinə gətirib çıxaracaq. Poeziya diliylə desək:

Bu dünyadan heç nə anlamıram mən,
Hansı xətlə, hansı cızla fırlanır?
Qiyamətdən əlamətdir yəqin ki,
Oğlan-oğlan, qız da qızla fırlanır.

(Qərib)

# 3950 dəfə oxunub

Müəllifin son yazıları

# # #