Kitab qoxusu qalan ev

Kitab qoxusu qalan ev
18 yanvar 2016
# 15:20

Hə, gəlib çatdım. İllər əvvəl qoyub getdiyim son dayanacağa... Gödəkcəmin qarını silkələyirəm, ayaqlarımı qapının ağzındakı köhnə kəsilmiş kiçik xalıya silirəm və budur kitabçı həmişəki kimi köhnə mizin üzərində əyləşib. Səliqə ilə əlindəki kitabı cildləyir. O biri dayanacaqlardakı məyusluqlardan sonra bu qapını həm böyük ümidlə, həm də qorxuyla döyürəm.

Səssizliyi pozmamaq üçün başımı azacıq aşağı əyərək salam verirəm. Gözaltı məni süzür. Təkrar işinə davam edir. Qərarsızam: məni tanıdı, ya yox. Boynundan asılan zəncirli eynək, divarın sol küncündən asılan məleykə rəsmi, kitab rəfinin üzərindəki yaşıl rəngli saat, hətta armudu stəkanındakı çayda da illərin doğmalığı qoxuyur. Qaşlarını çatıb bütün diqqətini işinə verməsi də keçmişin hissəsidir. Amma nədənsə toxuna bilmirəm. Özümü toplayıb mənə aid olmayan zəif, amma sevincli səslə KİTABÇI deyirəm. Başını qaldırıb eynəyinin altından qaynar, xırda gözləri ilə düz gözümün içinə baxır. Bu dəfə də başını sirkələyərək asta səslə salam deyir. Özümə sığmıram, təəccüb yox, sevinc yox, həyəcan yox. Donuq, laqeyd baxışlar. Nəfəsim təntiyir, bəlkə çıxıb gedim. Bu şəhərdə döyə biləcəyim sonuncu qapıdır bu. Tərəddüdsüz döyə biləcəyim dörd qapıdan biri. Nə baş verib? Gözüm divarlara asılmış vallara sataşır. Oradan sıra ilə klassiklərin şəkillərinə keçir. Hər şey qoyub getdiyim kimidir. Kitab qoxusu, qəhvə qoxusu, təzə dəmlənmiş çay qoxusu... ev dedikləri yer yəqin elə buradır.

Yanındakı stulu irəli çəkib həmişəki səslə əyləş deyir. Əyləşirəm. Dunuqluğumu aradan qaldırmaq üçün bir neçə saniyə üzümə baxır.

- Nə vaxt gəlmisən?

- Dünən.

Harada qaldığımı, nə üçün gəldiyimi soruşmur.

- Uşaqlar yenə bura toplaşır? - soruşuram.

- Hə, həmişəki kimi.

Qalxıb iki stəkan təzə dəmlənmiş mürəbbəli çay gətirir.

- Uşaqlara zəng elədim, görüşmək üçün.

- Nə dedilər?

- Hamının işi varmış bu günlərdə.

- Hə, demək işləri varmış.

- Çox darıxmışdım, gör neçə ildir görüşmürük. Yəqin istəmədilər görüşmək.

- Niyə istəməsinlər?

- Bilmirəm.

- Sonuncu dəfə nə vaxt danışmısan uşaqlarla.

- Bilmirəm düzü... 3-4 il olar əlaqəmiz yoxdu.

- Yaxşı, niyə qayıtdın?

- Son yarım ildə işlər yaxşı gətirmədi.

- Demək belə...

- Ümidim uşaqlara idi. - təəssüflə başımı aşağı salıram.

Eynəyini gözündən çıxarır. Məni də dəvət edərək qarşıdakı alçaq divana keçir.

- Bax, sənə bir hekayə danışacam. Məni dinlə və nəticə çıxarmağa çalış.

Əllərini iç-içə keçirib, baş barmaqlarını bir birinə dolaya-dolaya söhbətə başlayır:

- Bir gün bir yeniyetmə yaşlı birisindən dostluq nədir deyə soruşur. Yaşlı adam, yeniyetməyə deyir: gəl sən mənim üçün, mən də sənin üçün bir ağac əkək. Hər birimiz digərimizin əkdiyi ağaca qulluq edib onu böyüdək. Razılaşırlar. İllər keçir. Bir gün yaşlı adam gəncin evinə gəlir və əkdiyi ağacı görmək istədiyini deyir. Gənc ağacın illər əvvəl qızmar istilərdə quruduğunu deyir. Sonra qoca, oğlanı öz bağına dəvət edir. Gənc əkdiyi kiçik çinar ağacının yerində uca, qol budaqlı, kölgəli bir çinar görür. Yaşlı adam gəncə deyir: “Dostluq birinin sənə əmanətidir. Eyni bu ağac kimi. Onun nazını çəkib, qulluq etməlisən. Gübrə verməlisən, dibini boşaltmalısan, suvarmalısan, qızmar günlərdə qollarında su daşımalısan, qurumuş budaqlarını budamalısan. Bu ağacların meyvəsindən, kölgəsindən bəhrələnməlisən. Bax sənin mənim həyətimdə əkdiyin ağacı mən böyütdüm, amma mənim sənin həyətində əkdiyim ağac baxımsızlıqdan qurudu. Quraq günlərdə mən əllərimlə su daşıyıb bu çinarı qurumaqdan qorudum. Dostluq kimi. Dostluq da diqqət istəyir, baxım istəyir, zəhmət istəyir. Əvvəla əgər birisi ilə dost oldunsa çalış bar verməyən ağacı əkənlə dostluq eləmə. Eləsən qulluqsuz da bitəcək, kökünü kəsə bilməyəcəksən. İkincisi dostluqda verimli ol, dostunun dərdinə şərik ol, sevincinə sevin, lazım gələndə qurumuş budaqlarını budamağı bacar. Onda sənin əkdiyin dostluq daimi olacaq. Sonra onu nə quraqlıq, nə də baxımsızlıq quruda biləcək. Dostun üçün həmişə keçilməz olacaqsan. Yox əgər dostun sən əkən ağaca qulluq etməsə, səndə onun dostluğu qalmayacaq. Nizam pozulacaq. Bir tərəfdə dost yaşayacaq. Bu da dostluq olmayacaq”.

İndi bildinmi sən onları illər sonra niyə axtarırsan, onlar səndən niyə qaçır?

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #