Donumu erməni qızı geyinib

Donumu erməni qızı geyinib
21 dekabr 2012
# 08:50

Ülkər Yusifova

Oğurlanmış zövq

Kənddə təzə ailə quran gənclərə kənd camaatı əlindən gələn köməklik edirdi. Ev tikəndə Həkəri çayının sahilindən tikinti üçün yararlı iri, sal, daşları kənd camaatı maşınlara yüklər, gətirib təzə tikiləcək evlərin həyətinə tökərdilər. Ustalığı bacaran ustalıq edər, o biri suvağını vurar, digərləri isə evin döşəmə və tavanını düzəldərdi. Həmin ustalar maddiyyat güdmürdü, həyətdəki toyuq-cücədən bişirilmiş yemək onlara bəs edərdi.

Kənddəki evimiz də belə evlərdən idi. Həkəri çayının daşlarından bizə də ev tikmişdilər. Onda hələ çox balaca idim (Yadıma ancaq otaqlardan biri gəlir). Çiyələyə “dıymızı” (qırmızı) dediyim vaxtlar idi. Atam işdən gələn vaxt balaca olmağıma rəğmən maşının səsini tanıyıb həyətə, taxta qapının yanına qaçar, qapının açılmağını səbirsizliklə gözləyərdim. Atam qapını açanda əlindən tutub balaca çiyələk koluna yaxınlaşardım. Əlimi uzatdığım yarıqızarmış çiyələkləri atam yığıb mənə verərdi. Mən də elə oradaca çiyələkləri bəh-bəhlə yeyərdim.

Atam mənə balaca səhəng almışdı. İki stəkanlıq su tutan səhənglə yaşadığımız evdən 100-120 metrlik məsafədə yerləşən bulaqdan su gətirməyim və atamın isti yay günlərində birnəfəsə suyu içməyi uşaqlığımın ən gözəl çağları idi. (Atam indi balaca qızıma o səhəngdən almaq istəyir. Şəhər yerində elə səhənglər çətin tapılar, ata!)

Anamı tez-tez döşəməsi təzə salınmış, nəm taxta iyi verən qara suvaqlı evimizin ən geniş otağına aparardım. Otaqda təkcə anamın sandığı vardı. Sandığı anama tez-tez açdırar, içindən çəhrayı rəngli, otağın nəm iyi üstünə hopmuş donumu çıxartdırardım. Həmin o don ki, illər boyu ağlımın bir küncündə mənə əzab verir. Həmin o don ki, zövqümün formalaşması üçün başlanğıc ola biləcəyi halda son oldu. Həmin o don ki, mən geyinə bilmədim. Yıxılıb ətəyini zığa, palçığa bulaşdırmadım ki, sonda gözümdən düşsün, adi bir əskiyə çevrilsin. O don elə təp-təzə qaldığına görə ona nifrət edirəm, həm də dəlicəsinə həsrətindəyəm. Donu geyinmədiyimə görə anamı, özümü qınayır, qaçqınlıq həyatını qarğayıram.

Anam birtəhər məni otaqdan çıxarar, əvvəlcə sandığı, sonra isə qapını bağlayardı. Bax mənim zövqüm də sandığa vurulan qıfıl kimi bəxti bağlı qaldı. Torpağımız işğal olunanda ağlaya-ağlaya anamdan çəhrayı donu götürməsini istəmişdim. Amma o vurhavurda geri qayıtmaq ölümə bərabər idi.

Hərdən fikirləşirəm ki, nəfsimin qaldığı o çəhrayı donu hansısa bir burnu selikli erməni qızı əyninə dürtüşdürməyib ki? Görəsən, evimizi bombalayanda o ev, o sandıq və içindəki o çəhrayı don yanmayıb ki?

Hərdən internetdə axtarışa verib kəndimizin indiki vəziyyətinə baxıram. Bütün evlər yandırılıb, divarları qalsa da, kənddəki evlərin heç birinin tavanı yoxdu. Amma bizim evin tavanı var. Bəlkə o nəm, taxta iyi verən o otaq da, o sandıq da, həsrət qaldığım çəhrayı donum da yerindədi? Hərdən fikirləşirəm ki, o evi yanmağa, yox olmağa qoymayan mənim çəhrayı donuma olan həsrətimdir.

Çəhrayı donumu qaytarın mənə!!!

# 2298 dəfə oxunub

Müəllifin son yazıları

# # #