Desələr şair balan ölüb

Desələr şair balan ölüb
18 iyun 2014
# 15:21

Anar Məcidzadə

Ağlama, ay ana

O ötən günləri necə qaytaraq?

Gərək biz illəri geri aparaq.

Bağrını qəm ilə, dərdlə yoraraq,

Ağlama, ay ana, mən sənə qurban.

Qarşıda günlərin neçəsi vardır,

Sevincli, kədərli gecəsi vardır.

Dərdin də, qəmin də çarəsi vardır,

Ağlama, ay ana, mən sənə qurban.

Göylərin yağışı gözünə qonub,

Ömrün iztirabı üzünə qonub.

İllərin yorğunu dizinə qonub,

Ağlama, ay ana, mən sənə qurban.

Onsuz da həyatın üzü dönübdü,

Mənalı gözlərin nə vaxt gülübdü?

Desələr, bu şair balan ölübdü,

Ağlama, ay ana, mən sənə qurban.

Ağac

Ağacların kölgəsində böyüdük,

Biz böyüdük ağaclarsa qocaldı.

Bahar çağı çiçək açdı ağaclar,

Payız fəsli yarpaqları saraldı.

İndi ağaclardan biri qalıbdı,

Çoxu ölüb, biri diri qalıbdı.

Ölən ağacların yeri qalıbdı,

Əcəl gəldi, onları da apardı.

Mən belə dünyanı neynirəm, Allah.

Qəm bitir hər zaman bu yer üzündə,

Mən belə dünyanı neynirəm, Allah.

Göz yaşı sel olur ana gözündə,

Mən belə dünyanı sevmirəm, Allah.

Səhərlər günəş yerinə ay doğur,

Namərdlər haqq sözü beşikdə boğur.

Dünyanın xəmrini yenidən yoğur,

Mən belə dünyanı neynirəm, Allah.

Bir yanda toxu var, bir yanda acı,

Görən bitəcəkmi bu ağrı, acı?

Bu dünyanın ölüm imiş son ucu,

Mən belə dünyanı neynirəm, Allah.

Çarxı dönüb bu dövranın, zamanın,

Yeri səhvdir yaxşı ilə yamanın.

Əli boş qayıdır səndən umanın,

Mən belə dünyanı neynirəm, Allah.

Talelər

Talelər müxtəlif,

Talelər oxşamır.

Bəzən insan bəxti ilə barışıb,

Taleyini xoşlamır.

Hər taleyin sevinci var, qəmi var.

Sevincin də, qəmin də,

Öz vaxtı var, dəmi var.

Talelər arxasında,

Min göz yaşı gizlənilir.

Ömrün şirin baharı,

Soyuq qışı gizlənir.

Kiminin taleyi elə yazılıb,

Kiminin taleyi belə yazılıb.

Mənim də taleyim

elə-belə yazılıb.

# 1477 dəfə oxunub

Müəllifin son yazıları

# # #