Qonşu binadakı qızın qolları arasına

Qonşu binadakı qızın qolları arasına
13 may 2013
# 13:39

Kamran Şeyxzamanlı

Saçları buludlara ilişib qalan

Uzunboylu əsmər qıza

Yəqin ki, heç vaxt

Nə boyum, nə dodağım

Çata bilməyəcək.

Alnına yazılmış

Qocalıq hökmünün

qırışlarını

yəqin ki, heç vaxt

gözlərim görməyəcək.

Saçlarını üşüdən havanın

Soyuqluğunun dərəcəsini

əllərim ölçməyəcək.

İnsanlar da sevirlər

əlçatmayan əllərə toxunmağı

Şairlər Allaha

Möminlər Kəbəyə

Qovuşmaq istəyir.

İnsanlar da sıxılanda yerdən

Pəncərəni açıb

Uçmaq istəyirlər

Qonşu binadakı qızın

Qollarının arasına.

İnsanlar da akvarium balıqları

Kimi

Həyatdan bezəndə

Suyun üzünə çıxıb

İntihar edirlər.

Saçları buludlara ilişib qalan

Uzunboylu əsmər qız

Yəqin ki, heç vaxt

əllərini mənim boynuma

sarıya bilməyəcək.

Əvvəldən ayırıb Tanrı onları

birini balaca

birini hündür

Yaratmaqla.

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #