Diz dizə dayansın... TƏCNİSLƏR

Diz dizə dayansın...  <span style="color:red;">TƏCNİSLƏR
5 dekabr 2014
# 11:36

Diz dizə dayansın...

Kulis.az gənc şair Pərviz Axundun təcnislərini təqdim edir

Atama məktub

(cinas gəraylı)

Nə müddətdi görüşmürük,

Salam, atam! Salam, atam!

Xəbər alsan əhvalımı,

Salamatam, salamatam.

Çoxaldıqca ata sini,

Kəc övladdan ata sını.

Kim saymırsa atasını,

Dağ başından salam, atam.

Atam əsli, ya xasında,

Darda çəkməz yaxasın da.

Ömrün uçrum yaxasında

Məğrur duran sala matam.

A yağa-yağa

(alliterativ dodaqdəyməz)

Saxlayar saytallar səylərlə sərhədd,

Sanki sel sızğalar a yağa, yağa.

Sərdarlar səltənət sana səxanı,

Sadəlik sərindən ayağa yağa.

Qışın qasırğası qara qar qalar.

Qardan qıraq qaçar qara qarğalar.

Qarğışdan qarğıyar qara, qarğalar,

Qar qaya qaşına a yağa-yağa.

Daş dağa dayaqdı, daha daşsa da,

Daşıyar dərəyə dağdan daş səda.

Dildarın dardaysa, dərya daşsa da,

Diz dizə dayansın, ayaq ayağa.

Dərdi məndə

(Cığalı təcniz)

Bir dərdə düşmüşəm, deyə bilmirəm

Nə bir yaxın dosta, nə dərdiməndə.

Aşıq nə dərdiməndə,

Dosta, nə dərdiməndə.

Qıfılı pas bağlamış,

Bu dər nə dərdi məndə?

Sayətək sürünüb arxamca gəlir,

Nə özüm əndəyəm, nə dərdim əndə.

Ah çəkdim, fələklər dərdimə yandı,

Hər kim toxundusa dərdimə, yandı.

Aşıq, dərdimə yandı,

Kimlər dərdimə yandı.

Mən qulam, başım üstdə

Xandı dərdim, əyandı.

Çox da ki, xudama dərdim əyandı,

Azaltmaz qüssəni, nə dərdi məndə.

Axundam, əkmişəm yasəmən indi,

Göz yaşım nə varsa yasəmənindi.

Aşıq, yasəmənindi,

Yaşım yasəmənindi.

Bundan belə gülməyə

Qoydum yasa(q) mən indi.

Qəribəm, batmışam yasa mən indi,

Bulunmaz nə doqqaz, nə dər di məndə.

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #