Qarışqaya yük olmaq

Qarışqaya yük olmaq
2 iyun 2014
# 11:29

Anar Məcidzadə

Yük

Nə olsun ki, böyümüşəm,

böyüyəm.

Hərdən düşünürəm ki,

Kiçik qarışqaya da,

Dünya boyda bir yükəm.

Bakı nəğməsi

Mavi Xəzər qucağında,
Ana vətən ocağında,
Firavan, kefi çağ Bakım.
Hər yanda üzü ağ Bakım.

Yurdum üçün qızıl küzə,
Gözəlliyi bir möcüzə.
Gəlməyəsən heç vaxt gözə,
Xoşbəxt Bakım, gözəl Bakım.
Hər duyğudan əzəl Bakım.

Sənət yurdu, şair yurdu,
Vətənimə işıq, nurdu.
Keçmişin də bir qürurdu,
Adın ellər gəzər Bakım.
Sirdaşındı Xəzər, Bakım.

Hərdən mavi dəniz coşur,
Anar sənə nəğmə qoşur.
Yazım neçə kəlmə, Bakım.
Gözəl Bakım, nəğmə Bakım.

Gözüm yolundadır

Gözlərim gözəlin yoluna baxdı,

Gözəl də gəlməyir heyf nə vaxtdı.

Göydə günəş doğdu, ulduzlar axdı,

Gəlmədi cananım, gözüm yoldadır.

Əsil aşiqlərin bəxti gətirmir,

Çiçək istəyirsən, tale bitirmir.

Taleyim o yarı mənə yetirmir,

Gəlmədi cananım, gözüm yoldadır.

Nədən çin olmayır istək, arzular,

Ürək ki, hər zaman onu arzular.

Hərənin bəxtinə bir yar yazılar;

Gəlmədi cananım, gözüm yoldadır.

Mən ki, taleyimdən küsüb gəzirəm,

Hər şeydən əlimi üzüb gəzirəm.

Bir təhər yaşayıb, dözüb gəzirəm,

Gəlmədi cananım, gözüm yoldadır.

Sən ki gedəndən sonra

Üfüq yenə qızarır,

Sən ki gedəndən sora.

Xoş günlərim azalır,

Sən ki gedəndən sonra.

Payız düşür, qış gəlir,

Ürək dərdə tuş gəlir.

Göy üzündən daş gəlir,

Sən ki gedəndən sonra.

Ay ümidim, pənahım,

Görən nədir günahım?

Söndü ümid çırağım,

Sən ki gedəndən sonra.

Bahar o bahar olmaz,

Anar o Anar olmaz.

Varlığım da var olmaz,

Sən ki gedəndən sonra.

# 1526 dəfə oxunub

Müəllifin son yazıları

# # #