Adam kasıb olanda

Adam kasıb olanda
27 may 2013
# 14:00

Yaxşı ki, İlahi ana yaradır

Canını canıma qıyanım ana,
Hər bir əzabımı duyanım ana.
Gecələr laylanla yatım sübhədək,
Hər səhər nəğmənlə oyanım, ana.

Balasına can verən canım anadır,
Nəfəsim, həyatım qanım anadır.
Onsuz bəşəriyyət, ömür nə gərək?
Yaxşı ki, İlahi ana yaradır.
Ana, sən cavansan hər bir yaşında,
Baş əyirəm milyon kərə qarşında.
Həyat dastanıdır, ey əziz anam,
Sənin baharın da, sənin qışın da.

Yer üzündə hər bir ana var olsun,
Onu əvəz etməz, neçə yar olsun.
Övlad sevincini görüb daima,
Bu dünyada xoşbəxt, bəxtiyar olsun.

İlahinin sevgi payı

Bu eşqin yollarında,
Nə gün, nə gecə bildik.
Nə Tanrı qismətindən,
Nə eşqdən keçə bildik.

Yaradanın qisməti,
Göz yaşı, hicran oldu.
Bəlkə heç kim bilmədi,
Ürəyimiz qan oldu.

Acı, şirin sevgilər,
İlahinin payıdır.
İndi ötən məhəbbət,
Xəyallarla qayıdır.

Necə də xoşdur gülüm,
Məhəbbətlə yaşamaq.
Sevincimi, qəmini,
Ürəyində daşımaq.

Biz ki gəldi-gedərik,
Eşq əbədi qalacaq.
Qışa dönən sevgimiz,
Bəlkə bahar olacaq.

Bu eşqin yollarında,
Nə gün, nə gecə bildik.
Nə Tanrı qismətindən,
Nə eşqdən keçə bildik.

Adam kasıb olanda

Bütün ömrün tərs keçir,
Çoxu sənə dərs keçir.
Qızlar özgəni seçir,
Adam kasıb olanda.

Dilin olmur dinməyə,
Od olmur isinməyə.
Gün olmur sevinməyə,
Adam kasıb olanda.

Yad olur dayın, əmin,
Dəryada batır gəmin.
Kədər olur hər dəmin,
Adam kasıb olanda.

Düşürsən haldan-hala,
Tanımır bibi, xala.
Tanışlar verir yola,
Adam kasıb olanda.

Bir kimsə həyan olmur,
Dərdini duyan olmur.
Pulunu qıyan olmur,
Adam kasıb olanda.

İndi başqa zamandır,
Kasıb olma amandır,
Deyirlər ki, yamandır;
Adam kasıb olanda.

Bakı nəğməsi

Mavi Xəzər qucağında,
Ana vətən ocağında,
Firəvan, kefi çağ Bakım.
Hər yanda üzü ağ Bakım.

Yurdum üçün qızıl küzə,
Gözəlliyi bir möcüzə.
Gəlməyəsən heç vaxt gözə,
Xoşbəxt Bakım, gözəl Bakım.
Hər duyğudan əzəl Bakım.

Sənət yurdu, şair yurdu,
Vətənimə işıq, nurdu.
Keçmişin də bir qürurdu,
Adın ellər gəzər Bakım.
Sirdaşındı Xəzər, Bakım.

Hərdən mavi dəniz coşur,
Anar sənə nəğmə qoşur.
Yazım neçə kəlmə, Bakım.
Gözəl Bakım, nəğmə Bakım.

# 1777 dəfə oxunub

Müəllifin son yazıları

# # #