Məzarlar da dostlaşır

Məzarlar da dostlaşır
15 aprel 2019
# 18:47

Kulis.az Əyyub Məmmədovun yeni şeirlərinə təqdim edir

Nənəmin təsəllisi

Ört üstünü yat ay bala
Getmə dərin xəyala
Qış da bitir çox az qalıb
Gül-çiçəkli bahara

Bilirəm, heç sevmirsən
Soyuq qışı, qarı sən
Ayaqqabın su buraxır
Dərsə gedə bilmirsən

Dua edib nənə-bala
Tapşırarıq yaradana
Çətin olmaz bu qışı da
Yetişərik bahara

Böyük oğlan olarsan
Sən də bir gün ucalarsan
Hər nə qədər imkan olsa
Keçmişini unutmazsan

Məzarlar da danışır

Məzarlar da zamanla
Dostlaşıb tanış olur
Bəzi daşlar orda da
Fəhləyə məmur olur

Məzar var ki, başında
Bir abidə ucalır
Məzar var ki, başında
Adi bir daş dayanır

Məzar var ki, il boyu
Həmişə yada düşür
Məzar var tarix boyu
Heç ora yolun düşmür

Məzar var yanı hasar
Bir qoruğa bənzəyir
Məzar var kol-kos basır
Kim olduğu bilinmir

Adama elə gəlir
O daşlar da danışır
Ona yaxın məzarla
Öz dərdini paylaşır

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun

Bir ürək nə qədər sevgi daşıyar
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil ki, kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub tərk etdi məni
De ki, mən qəlbimi açıq qoymuşam
Hər gələn atını oynadıb getdi

Bir gün mən geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb yandırar səni

Mərhum şairə Rəhilə Elçinin xatirəsinə

Bir çiçək idin ki, ömürlük təzə
Araz yadigarı qalmışdın bizə
Qəlbində nə böyük gözəl arzular
Heyf xəyalların düşdü dənizə

Səndən bizə qalan dəyərli miras
Təmiz duyğuların, hisslərin oldu
Yazdığın alovlu, odlu şeirlər
Bir də kitab dolu xatirən oldu

Gözəl nümunədir həyat yolların
Vaxtsız yola çıxdı ömür karvanın
Bilməzdik Rəhilə ziyarətinə
Şahidlik edəcək nurlu məzarın

Nə xoşbəxt insansan sevənin çoxdur
Sənin ürəklərdə heykəlin tuncdur
Uzanır cənnətə indi qolların
Qovuşar ruhuna Məmməd Arazın

# 2423 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #