Şairliyin yaşı olmur - Yeni şeirlər

Tapdıq Əlibəyli, şair

Tapdıq Əlibəyli, şair

23 dekabr 2021
# 16:00

Kulis.az Tapdıq Əlibəylinin şeirlərini təqdim edir.

Bir ovqat rəsmi

Gah şıdırğı, gah aramla
Pəncərəmi döyür külək.
Bu küləkdən damla-damla
Yagış səpdi, doldu ürək.

Bu küləyin səmti hanı?
Hardan əsib hara kimi?
Budaq qırıb özü sanı,
Yarpaq töküb hər əsimi.

Bu buludun yolu hara?
Damcılanır gilə-gilə.
Yer boylanır buludlara...
Həyat verir qanqal, gülə.

Səhrada qum təşnə suya,
Yer üzünün dəryası bol...
Çəmən sudan doya-doya,
Tapa bilmir səhraya yol.

Günəş süzür pəncərəmdən,
Güldanda gül dönüb baxır.
Yəqin, bezib daş qəfəsdən,
Çöl-çəmənçün gül darıxır...

Nağıl danışım

Biri var, biri yox idi;
Var etdi Var yoxu yoxdan.
Adəm ki bir alma dərdi,
Dərdi də elə o vaxtdan...

Gəl sənə nağıl danışım,
Lap elə öz nağılımı.
Təpəgöz, divlə çarpışdım...
Tilsimə saldı ağlımı.

Şüşə qəfəsdə can evi,
Bircə zərbdəncə çat verər.
Gör nə qoruyur bu divi?
Zirehi mumtək əriyər.

Ümidlə baxdım göylərə,
Üç alma nə vaxt düşəcək?..
Bu arzu çətin göyərə,
Üzümə göy, bəxt güləcək?..


Şairliyin yaşı olmur

Bəri başdan, dostum, deyim:
Xətrinə mən necə dəyim?
Ay əzizim, xanım alim,
Şairliyin yaşı olmur!

Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdürsə uzun, qısa...
Şairliyin yaşı olmur!

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairliyin yaşı olmur!

Nə vaxt gəlsə ilham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim...
Şairliyin yaşı olmur.

İrad etdin ön sözümə,
Varmadın heç son sözümə.
Geyindirmə don sözümə...
Şairliyin yaşı olmur!

Bir ev vardı...

Bir vaxt bir ev vardı bağlı-bağatlı...
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı...
Səs susub, yanğısı özünə çəkir.

Atamdan yadigar qalan üç söyüd
Yayda sərinlərdi həyət-bacanı...
Nənəm səhər-axşam edərdi öyüd,
Mənsə dinc qoymazdım qardaş-bacını...

Söyüdlər qurudu ilbəil, tək-tək,
Əldən düşməkdəydi daha Bozdar da...
Zəncir çeynəyərdi bir vaxt o köpək,
Elə hürməsiylə çatardı dada...

Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə, elə birdir ağrı-acımız...
Hopub xəyallara uşaqlıq çağı.

O evdə göyərib neçə tumurcuq,
Neçə ləçək-ləçək çiçək arzular.
Ələ qələm alıb bir dəcəl cocuq,
Sevdasına həmdəm gecə ulduzlar...

Xatirələr – yol yorğunu bir qərib

Xatirələr xəzan sayaq boylanır,
Xəyallarım xatirəyə boyanır,
Duyğularım nisgillərdən boy alır...
Xatirələr – yol yorğunu bir qərib...

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəldikcə il üstə,
Xatirələr – yol yorğunu bir qərib...

Xəzan gözü bu yağmurdan nəm çəkib,
Bir sevincə, bir kədərə çən çöküb,
Şair Tapdıq göy üzünə göz dikib...
Xatirələr – yol yorğunu bir qərib...


Maral buynuzu

Mənzilimə bəzək neçə illərdi
Divardan asdığım maral buynuzu.
O gün gözlərindən yaş gilələndi,
Elə bil baxırdı maralın özü...

Maral buynuzunda asılı qalan
Tundra nəfəsli şimal izi var.
Satan bir komidir, qardaşım alan,
İraq illəriylə çəkir uzaqlar...

Xəyallanıb düşdüm yolun ağına,
O yol ki, qayıdıb bir vaxt qardaşım.
O illər aparır gənclik çağına,
Düşünə-düşünə çatılır qaşım...

Bu maral buynuzu gəzib dünyanı,
Gerçəkdən xayallar aləminədək...
Maralın bəlkə də, ürkək bir anı
Divardan asılı indi bir bəzək.

Mənzilimə bəzək, neçə illərdi
Divardan asdığım maral buynuzu.
Sanki gözlərindən yaş gilələndi,
Divardan baxırdı maralın özü...

Dan yerində bitməli

Ürəyimdən gözlərimə düşən şeh,
Kirpiyimdə yarpaq-yarpaq qırovdu.
İçim quzey, hər əsəndə xəfif meh...
Çölüm güney, çınqılanan kösövdü.

Özgəliyim məni məndə göynətdi;
Ağrıları küskünlüyə əkildi
Doğmalığım məni məndə göyərtdi,
Pöhrələri qəm evində əkildi.

İki yolun ayrıcına çatmışam:
Biri işıq, biri zülmət-getməli.
Ay doğanı günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli...


# 2796 dəfə oxunub

Oxşar xəbərlər

# # #