Külək əsdirməyi var saçlarının – Qəzəllər

İsa Şirinov

İsa Şirinov

2 mart 2022
# 17:40

Kulis.az İsa Şirinovun qəzəllərini təqdim edir.

Zamanla yadlaşıb məhəbbəti alışdığım qızın,
Baxışlarında donmuşam baxıb alışdığım qızın.

Rəqibimə könül verib, vurulmağın eşitmişəm,
Rəqib ilə yolunda bir zaman vuruşduğum qızın.

Gələndə gəlməyiylə şad olub, qəmiylə küsmüşəm,
Gedəndə getməyiylə birtəhər barışdığım qızın.

Sınaydı əllərim şeirlər həsr edəndə qəlbinə,
Gözündə nöqtə boyda bir yerə sığışdığım qızın.

Xəyalını sonuncu parta arxasında qoymuşam,
Çıxanda lövhəyə uzun-uzun baxışdığım qızın.

Güləndə qəmzəsində itmişəm, kədərdən ağlayıb,
Gözün yaşın tökəndə sellərə qarışdığım qızın.

Üzündən adi bir sözün üzündən ayrı düşmüşəm,
Özündən hər qəzəldə ayrı söz danışdığım qızın.

Deyirlər ömrünün baharıdır, ey İsa, hansı ki,
Kədərli həsrətiylə hər payız qovuşduğum qızın.

***

Sən gedəndə qış idi, qarda izin qalmışdı,
Bir də ağlımda o qartək bənizin qalmışdı.

"Yaşamaqçün gedirəm, gəlmə!" - deyib, getmişdin,
Təsiri bir neçə il məhz o sözün qalmışdı.

Səndə buz dağları getdikcə qalınlaşmışdı,
Məndə tufanları məzlum dənizin qalmışdı.

Könlümün telli sazı düşsə də kökdən qəmdən,
Sinəmin yanğılı fəryadı həzin qalmışdı.

Sevgimin bəxt çırağın üfürüb getmişdin,
Ömrümün bəlkə də nurunda gözün qalmışdı.

Darağın üstünə barmaqların həkk olmuşdu,
Güzgünün çatladığı yerdə üzün qalmışdı.

Ahını sinəyə çəkmişdi, Ey İsa, dağlar,
Canının yandığı səhradə közün qalmışdı.

***

Bir vəqt eşq pak, müəzzəm məqam idi,
Ölmək bir eşqin eşqinə ali məram idi.

Fərq eyləmirdi hicr qəmi, vəsl nəşəsi,
Onsuz da aşiqə gecə yatmaq haram idi.

Görsəndi, şükr, surətin, ey mah, qeybdən,
Sən olmasaydın, ah, gecəm natamam idi.

Bəzm içrə ruhu aram idim, huşyar idim,
Badəm doluydu, saqi də şirin kəlam idi.

Mən yarə aşiq idim, o da şer zövqümə,
Bu yar ilə aramdakı həqqü-səlam idi.

Mən şahi-eşq ikən, mənə çıxmırdı bir rəqib,
Fərhad növcavan idi, Məcnun xam idi.

İsa gərək həyat verə ruhən ölənlərə,
Ölsə desinlər adına layiq adam idi.

***

Ömrün çətinləşir qəmi, sənsiz çətin çəkim,
Gəl ki, ümidlənib, fələyin möhnətin çəkim.

Üstündə xar olub, batım əğyar köksünə,
Borcumdu gül ləyaqətinin qeyrətin çəkim.

Məndən qabaqkılar ki, çəkib yar həsrətin,
Sən gəl seçil, mən həsrətinin həsrətin çəkim.

Kölgəntək, ey günüzlü gözəl, izlədim səni,
Bir yol nəsibim olmadı ki, diqqətin çəkim.

Fərhadtək gərəkdi bu sinəmdə çəkdiyin,
Dağın ətəklərində şirin surətin çəkim.

Bir ah edim, ipək kimi zülfündə gəzdirim,
Hərdən şəhər küləklərinin zəhmətin çəkim.

İsa, çağır nigarımı, kökdən düşüb təbim,
Nəzmə həzin-həzin oturum vüslətin çəkim.

***

Düzümüylə ürək əsdirməyi var saçlarının,
Oynamaqçün külək əsdirməyi var saçlarının.

Üzünü oxşamağa əlləri var tellərinin,
Burulur ucları naz ilə buxar tellərinin.

Gözünün yaşı olub həmdəmi kirpiklərinin,
Ta ölüncə çəkəcək matəmi kipriklərinin.

Dərdi də, nəşəsi də ruha hopur gözlərinin,
Gəl ki, bir mən qəribi dərdi tapır gözlərinin.

İncədir, mədhi gəzir aləmi barmaqlarının,
Yanaram eşqinə kibrit kimi barmaqlarının.

Rəngbərəng nöqtəli barmaqları var əllərinin,
Bir də göy qurşağıtək oxşarı var əllərinin.

Sözümün canı, əzizim, özüdür varlığının,
Gözümün çəkdiyi yollar izidir varlığının.

***

Yağa bu yaz aylarında, çobanaldadan yağışlar.
Qızara öpüş yanaqda, utana sevən baxışlar.

Unuda qəmi, əzabı, unuda təmiz ürəklər,
Açıla bənövşələrtək, üzə həkk olan qırışlar.

Qayıda çıxıb gedənlər, sevinə qərib sevənlər,
Dəb ola gözəllər üçün, mütəvaze davranışlar.

Səhərin ilıq mehiylə, yıxıla soyuq divarlar,
Sala bir-birin hər axşam, yada köhnə dost-tanışlar.

Ola ulduz ilə həmdəm, göyə yüksələn dualar,
Nola qalmaya cavabsız, bu səmimi yalvarışlar.

Bizə də düşə günəşdən, ruh isindirən şəfəqlər,
Aça ömrümüzdə güllər, bitə ömrümüzdə qışlar.

Bu diləklərintək olsa, ürəyin təmiz, Ey İsa,
Səni Tarı imtahandan, elə keçməmiş bağışlar.

***

Bata-bat dövrünə düşdüm gözə batdım getdim,
Baha ömrü çox ucuz qiymətə satdım getdim.

Uzun ömrün yolu getdikcə darıxdırdı məni,
Yarısından da çoxun bəlkə də yatdım getdim.

Dəlil olsun deyə məcnunluğuma, səhraya,
Eşqə xatir dəlilik həddinə çatdım getdim.

Sən gəlib çıxmadığınçün, daşürəklim, yuxuya,
Yolunu gözləməyin daşını atdım getdim.

Dadı qəmdir dedilər sevgilərin, sevgimizə,
Dadı olsun deyə həsrət payı qatdım getdim.

Gəldi ölmək dəmi, İsalığımı saldım işə,
Ömrümün vaxtını möcüzlə uzatdım getdim.

***

Sonsuz eşqin gidi dünyanı qatıb bir-birinə,
Sona çatmaz qəmi-röyanı qatıb bir-birinə.

Qarışıb gözlərimin yaşı cigər qanım ilə,
Kami-vəslin neçə dəryanı qatıb bir-birinə.

Xəlq edib Tarı səni eşqlər əfsanəsitək,
Əslini, Şirini, Leylanı qatıb bir-birinə.

Səni yerdən göyə qaldırmağa xatir, mələyim,
Pərilər ərşi-müəllanı qatıb bir-birinə.

Məni Fərhad kimi, Məcnun kimi yandırmaq üçün,
Həsrətin dağ ilə səhranı qatıb bir-birinə.

Əhli-sözçün neçə məna yığılıb surətinə,
Surətin surəti-mənanı qatıb bir-birinə.

Gecə həsrət çəkib əğyar, yuxuda vəsl görüb
Bəxtəvər gerçəyi xülyanı qatıb bir-birinə.

Gah susdurmağa, gah susmağa qadir baxışın,
Bir neçə sirri-müəmmanı qatıb bir-birinə.

Bəxş edib cansıza can verməyi Allah bizə,
Bu xüsusda iki İsanı qatıb bir-birinə.

***

Bağlayıb kəndirini köksümə möhkəm dərdin,
Çəkib eşqi sinəmə, çəkməmişəm qəm dərdin.

Dərdi-naməhrəmi hiddətlə içimdən qovuram,
Yeri könlümdə çoxalsın deyə məhrəm dərdin.

Səni bu fanidə görsəydi əgər, çəkməzdi,
Cənnətin bəlkə də, ey hurivəş, Adəm dərdin.

Dərd əlindən gecələr yatmamağı dərd eləyib
Çəkirəm möhnətini həm yuxunun, həm dərdin.

Fəndi-Məcnuna baxın, çəkmədi aləm dərdi,
Oldu divanə ki, çəksin onun aləm dərdin.

Bir ömür, pul-para dərdi bizə şah olmazdı,
Olmasaydıq qulu bu müftə müsəlləm dərdin.

Özünün dərdi başından aşır İsa yetimin,
Yoxdur həmdərdi, çəkir üstəlik həmdəm dərdin.

***

Gedişin tutmaq olar fərqin ayaqdan-ayağa,
Tək qalan dartar özün evdə otaqdan-otağa.

Gedənin son sözü çox vaxtı üzrxahlıq olar,
Dəyişər hərdən utanc hissi yanaqdan-yanağa.

Qalanın hicri göyü fəth eləyər, dərdi yeri,
Asan olmaz kimisə sevmək uzaqdan-uzağa.

Ömrünə bir qapı tıqqıltısı bayram gətirər,
Mənzilin də dəyişər rəngi qonaqdan-qonağa.

Get-gedə buz kəsər eşqin dili, gözlər dinməz,
Toxunuşlar unudulduqca dodaqdan-dodağa.

Dərd alıb, qəm yeməyi aşiqə azdır, qadası,
Quş kimi uçmalıdır fikri budaqdan-budağa.

Narahat olma, Ey İsa, səni qəmkeş bilirik,
Macəranı eşidib xəlq qulaqdan-qulağa.

# 4092 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #