Bu filmi ölkə üçün təhqir hesab etdilər

Bu filmi ölkə üçün təhqir hesab etdilər
28 sentyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Əsl kino” layihəsində Hirokazu Koreedanın “Mağaza oğruları” və Culian Şnabelin “Skafandr və kəpənək” filmlərini təqdim edir.

Yapon rejissoru Hirokazu Koreedanın “Mağaza oğruları” filmi 2018-ci ilə Kann festivalında iştirak edib və əsas mükafata layiq görülüb.

Süjet: Sibata ailəsi darısqal, normal şərtləri olmayan mənzildə yaşayır. Ailə daha çox nənənin (Kiki Kirin) təqaüdünün hesabına yaşayır. Düzdür, ata Osamu (Lili Frenki) inşaatda çalışır, ana Nobuyo (Sakura Ando) isə camaşırxanada işləyir. Osamunun bacısı Aki isə (Maya Matsuoka) pip şouda (erotik tamaşa - bu zaman tamaşaçı, səhnədən ayrı qapalı kabinedə oturur) iştirak edir. Amma ailənin məvacibi yaşamaq üçün yetərli deyil. Bu səbəbdən onlar bəzən marketlərdən ərzaq oğurlayırlar. Bu işdə onlara balaca oğulları Şota (Jyo Kairi) kömək edir. Bir gün ailə küçədən beş yaşlı qızı Yurini (Miyu Sasakini) tapır, ona evində sığınacaq verir. Onlar Yurini ailəsinə qaytarmaq istəsələr də, təsadüfən valideynlərinin onu istəmədiyini eşidirlər. Məlum olur ki, Yuri ailədə arzuolunmaz uşaqıdır. O sevilmir, zorakılığa məruz qalır. Qızcığaz özü də geri dönmək arzusunda deyil. Bir müddət sonra qızın itməsi haqda televizorda elan verilir. Buna görə ana Nobuyo iş yoldaşı tərəfindən şantaj olunur və işdən gedir. Günlərin birində Şota mağazadan oğurluq edərkən polisə yaxalanır. Və ailənin bütün sirləri faş olur...

“Mağaza oğruları”nı izləyəndə, dükanlardan xırda oğurluqlar edən, buna görə polis tərəfindən tutulan və telexəbərlərə düşən həmvətənlərimizi xatırladım. Koreedanın dramı mühüm həqiqəti bir daha anladır ki, öncəliklə, ittiham olunanın bioqrafiyasını, düşdüyü vəziyyəti öyrənmək, niyə, nə üçün suallarını vermək, cinayətin səbəblərini axtarmaq lazımdır. Sənətin sakrallığı ondadır ki, o, əksər hallarda bizim həyatda bacarmadığımızı edir: o, mühakimə etmir, linçləmir, hər vəziyyətdə insanı araşdırmağa, görünməyənləri göstərməyə, səbəbləri araşdırmağa çalışır...

“Mağaza oğruları”nın finalına doğru aydınlaşır ki, ailədə heç kim bir-birinə doğma deyil. Osamu Nobuyonun sevgilisi olub, əri bundan xəbərdar olanda onu öldürməyə məcbur imiş. Nənə tənha olduğundan onlarla yaşayır. Şotanı maşında tapıblar, Akidən valideynləri imtina edib. Yuri ilə nə baş verdiyini isə əhvalatdan görürük. İlk baxışda onların hərəkətində cinayət var. Amma eyni zamanda sual yaranır: Baş verənlər cinayətdirmi? O mənada ki, ailə uşaqlara sevgi verib, qayğıkeşlik göstərib. Yəni rejissor ortaya belə bir paradoksal vəziyyət qoyur.

Filmin demək olar ki, yarıdan çoxu personajların yemək yeməsi, uzun, yorucu məişət dialoqları, gündəlik qayğıları ilə yüklənir. Müəllif bu monotonluqda zaman-zaman ailənin mənəvi dəyərlərini qabardır. Belə bir sosial, mətbəx dramı sonlara doğru kriminala, trillerə çevrilir. Beləliklə rejissor alternativ bir ailə modeli təklif edir. Elə bir ailə modeli ki, qan qohumluğu olmayan insanlar mehriban yaşayırlar, bir birini xilas edirlər, daha azaddırlar və arada kiçik oğurluqları da özlərinə rəva görürlər.

Yeri gəlmişkən, Yaponiyanın baş naziri rejissoru bu filmə görə təbrik etməyib. Hakimiyyət hesab edir ki, Koreeda filmi ilə ölkəni təhqir edib.

Amerikalı rejissor Culian Şnabelin “Skafandr və kəpənək” filmi 2007-ci ildə Kann festivalında iki mükafata layiq görülüb.

Süjet: Filmin qəhrəmanı moda, gözəllik və sağlamlıq haqda dünyaca məşhur “Elle” jurnalının redaktoru 43 yaşlı Jan Dominik Bobidir. Həyatsevər Bobi gözəl qadınların sevimlisi idi. 1995-cı ildə Bobi gözlənilmədən insult keçirir. 20 gün sonra komadan ayılanda Bobi anlayır ki, nə hərəkət edə, nə də danişa bilir. Yalnız sol gözü işləkdir. Həkimlər onun üçün xüsusi əlifba düşünüb tapırlar. Loqoped ardıcıllıqla hərfləri oxuyur, lazımi hərf səslənəndə Bobi gözünü bir dəfə qırpır və beləcə fikirlərini göz qırpmaqla ifadə edir. Və bir gözünü qırpmağıyla Bobi özünün daxili dünyasının, hərəkətsiz vücudu dünyaya qapanmış insanın psixoloji əzabları haqda kitab yazır. Kitab Fransda böyük uğur qazanır. Onun çapından az sonra Bobi sətəlcəmdən ölür...

Film real hadisələr əsasında çəkilib. Jan Dominik Bobi 1997-ci ildə, 43 yaşında vəfat edir. Culian Şnabel filmini Bobinin xəstə ikən yazdığı kitabın əsasında çəkib.

Filmdə məsuliyyət daha çox operator Yanuş Kaminskinin üzərinə düşüb. Tamaşaçı dünyaya iflic adamın gözü ilə baxır, subyektiv, bulanıq görüntülər seyrçiyə də xəstənin əzablarını, sıxıntısını yaşadır.

Aktyor Matye Amalrik qəhrəmanın əhvalını, yaşantılarını, fərqli daxili vəziyyətlərini təkcə bir gözünün hərəkəti ilə ustalıqla ifadə edir.

“Skafandr və kəpənək” çətin vəziyyətlərdə belə mümkün olmayanı mümkün edə biləcək insan iradəsinin, insan ruhunun gücü haqdadır.

# 8950 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər