Müdirinin arvadını şantaj edən bank işçisi

Müdirinin arvadını şantaj edən bank işçisi
30 oktyabr 2021
# 09:00

Kulis.az Henrix İbsenin "Oyuncaq ev" pyesi əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.

Süjet: Əsərin qəhrəmanı Nora vəkil Torvaldın arvadıdır. Ailə üç uşağı ilə birlikdə xudmani, rahat evdə yaşayır. Hadisələr Milad bayramı öncəsi baş verir. Nora Milad öncəsi uşaqlarına və ərinə bayram hədiyyəsi alır. Torvald arvadını israfçılıqda günahlandırır. Çünki ailə maddi sıxıntıları üzündən qənaət etməyə məcburdur. Yaxınlarda Torvald banka direktor təyin olunsa da, onun donluğu yalnız bir neçə aydan sonra artırılacaq. Ona görə Torvald arvadının qənaət etməsini vacib sayır.

Torvald öz kabinetinə çəkilir, az sonra onlara Noranın çoxdankı rəfiqəsi Kristin Linde gəlir. Uzun illərdir ki, rəfiqələr görüşmür. Kristinin əri ölüb, nikahdan isə onun uşağı yoxdur.

Noranın isə bu illər ərzində ciddi problemləri olub. Nikahın ilk illərində Torvald çox işlədiyindən xəstələnir. Həkimlər məsləhət görür ki, sağalması üçün ona mütləq cənub iqlimi lazımdır. Bütün ailənin İtaliyaya köçməsinə böyük pullar lazım olduğundan, Nora bir adamdan borc götürməli olur. Ərinə isə pulları atasından aldığını deyir. Və Nora bu müddətdə faizlə borcları qaytarır.

Nora rəfiqəsinə söz verir ki, onu ərinin işlədiyi bankda işə düzəldəcək. Həmin məqamda isə əri kabinetində Kroqstadla söhbət edir. Əri Kroqstadı işdən qovmağa hazırlaşır. Boş qalmış yerə isə o, Kristini götürəcək.

Torvaldın Kroqstadı qovmasına səbəb onun ləkəli keçmişidir. Nə vaxtsa o, bir maliyyə sənədinə saxtakarlıqla imza atıbmış. Amma məhkəmədən yayınaraq vəziyyətdən çıxa bilir.


Dramaturq Henri İbsen

Əri bilmir ki, eyni saxtakarlığı Nora da edib. Qadın Kroqstaddan borc alarkən, atasının zəmanət məktubuna onun əvəzindən imza atıb. Çünki atası həmin vaxt ölüm ayağında idi və imza ata bilməzdi. İşdən qovulan Kroqstad Noradan onun işdə qalması üçün köməklik göstərməsini xahiş edir. Nora ərindən onun qovulmaması üçün xahiş etsə də, Torvald arvadını ciddiyə almır. Onda Kroqstad Noranı hədələyir ki, borcun ondan aldığı haqda ərinə deyəcək. İstəyinə nail olmayan Kroqstad cütlüyü şantaj edir. O, Torvalda göndərdiyi məktubda Noranın saxtakarlığının üzə çıxacağı təqdirdə, onun bankdakı vəzifəsində qalmayacağını, nüfuzunun ləkələnəcəyini yazır. Nora çıxış yolu axtarmağa başlayır. O, bir tərəfdən ailənin dostu həkim Ranka da naz edir. Sifilisdən əziyyət çəkən və tezliklə öləcək həkim Noraya aşiq olsa da, bunu dilə gətirmir. O, Noraya istədiyi məbləği verməyə hazırdır. Amma iş elə gətirir ki, Rank son günlərini qapalı keçirərək heç kəsi qəbul etmir.

Kroqtsad Noraya xəbərdarlıq edir ki, intihar çıxış yolu deyil, bu halda onun xatirəsi də rüsvay olacaq. Çıxılmaz vəziyyətdə qalan Noraya Kristin kömək edir. O, uzun illər öncə Kroqstadla sevgili olubmuş. Amma qadın başqasına ərə gedir. Çünki anası və iki qardaşını dolandırmaq üçün maliyyə lazım idi. İndi isə o, azaddır və Kroqstada ərə gedə bilər. Onun əri və anası ölüb, qardaşlar isə özləri müstəqil yaşaya bilirlər. Kroqstad qadının təklifini sevinclə qəbul edir və şantajdan əl çəkir. Amma məktub artıq Torvaldın poçtunda olur. Torvald məktubu oxuyanda isterikaya düşür. O, uşaqları arvadından ayırmağı qərara alır. Söz-söhbət olmaması üçün Noranın onunla eyni evdə yaşamasına izin verir, amma ər-arvad münasibətinin olmayacağını deyir.

Bu vaxtda Kroqstaddan tələblərinin geri çəkməsi haqda məktub gəlir. Torvaldın ovqatı bir anda dəyişir, çünki ailə xilas olunub. O, Noranı yenidən əzizləməyə başlayır. Torvald düşünür ki, Nora onun itaətkar oyuncağıdır və istədiyini edəcək. Amma Nora onunla razılaşmır və evdən ayrılmağı qərara alır. Çünki əri onunla həmişə oyuncağı kimi rəftar edib, Nora bunu bilsə də, sevdiyi üçün ərini bağışlayır. O düşünürdü ki, əri çətin vəziyyətdə günahı öz üzərinə götürəcək, onun arxasında dayanacaq. Amma onun qorxaqlığı, özünü düşünməsi qadını məyus edir. Nora dərk edir ki, əslində, onlar həmişə yad olub və aralarında böyük uçurum dayanırmış. Noranın qərarı Helmeri sarsıtsa da, qadın fikrindən dönmür...

Norveçli dramaturq Henrik İbsen (1828-1906) pyesində dövrünün çox vacib məsələlərini əhatə edir: qadının cəmiyyətdə yeri, ona kişimərkəzçi münasibət, insan azadlığı, saxta dəyərlər, meşşanlıq, burjua dünyasının riyakar ləyaqət anlayışı və fərdin bunun girovuna çevrilərək özündən imtinası. Yeri gəlmişkən, müəllifin müasirləri arasında əsəri feminizmin manifesti kimi dəyərləndirənlər də vardı.

İbsen pyesi real hadisələr əsasında yazıb. Nora norveçli-danimarkalı yazıçı Laura Kilerin prototipidir. Onunla İbsen arasında dostluq münasibəti olub. Laura Danimarkaya gedir və burada Viktor Kilerlə ailə qurur. Əri xeyirxah olsa da, bəzən onunla amansız davranır, xüsusən də pulla bağlı problemi olanda, o bunu ağır keçirirdi. Sonralar Viktor vərəmə tutulur və müalicə üçün Cənuba getməsi lazım gəlir. Viktorun zəngin atası ona dəstək olmadığından Laura ərindən xəbərsiz bankdan ssuda götürür. Ailə İtaliyaya gedir və əri sağalır. Onlar geri dönəndə Laura bu barədə İbsenin həyat yoldaşına danışır. Sonralar da Laura bankdan pul götürür, amma onu ödəməkdə çətinlik çəkir. Bunu bilən əri dostlarının təsiri ilə ondan ayrılır, uşaqları da əlindən alır. Ancaq Viktor sonralar ona yenidən evlənmək təklif edir və qadın onun təklifinə razılaşır. Laura isə ədəbi fəaliyyətinə qayıdır. Beləliklə, onun taleyi "Oyuncaq ev"in süjetini təşkil edir.

"Oyuncaq ev" pyesi dəfələrlə müxtəlif ölkələrin teatrlarında tamaşaya qoyulub. Və bir neçə dəfə əsərin ekran versiyası işlənib. Bu ekran versiyalarının müəllifləri arasında bir isim xüsusən diqqətimi çəkdi. Yeni alman kinosunun liderlərindən biri, tematik və stilistik baxımdan novatorluğu ilə kinoya təravət gətirən Rayner Verner Fasbinderi nəzərdə tuturam. Təəssüf ki, bu film və pyesin əsasında lentə alınan digər ekran işləri əlçatan olmadığından, ancaq Patrik Qarlendın versiyası üzərində dayanacağıq.

Britaniyalı rejissor Patrik Qarlendin 1973-cü ildə çəkdiyi eyniadlı film pyesin atmosferini demək olar ki, tamlıqla çatdıra bilib. Film hər şeydən əvvəl doğru seçilmiş aktyorlar, aktyor ifası, interyerin, məkan həllinin hesabına alınıb. "Oyuncaq ev" kamera dramıdır və hadisə, konfliktlər qısa müddətdə baş verir. Onu da qeyd edim ki, İbsen Avqust Strindberq, Anton Çexov, Moris Meterlinklə birlikdə "yeni dram"ın yaradıcılarından biri hesab olunur. Yəni "Yeni dram" yeni tip konfliktdir və burda fərdin gerçəkliklə toqquşması onun mənəvi aləmini təhrifə məruz qoyur. Müəlliflər insanın daxili aləminə fokslanır, onun şüurundakı, vicdanındakı konfliktə diqqəti çəkir. Remarkalar köməkçi vasitədən həlledici elementə çevrilir. Və sosial həyatın bir qayda olaraq, haqqında susulan tərəfləri araşdırılır. Çexova görə, insanlar səhnədə nahar edir, çay içir, bu müddətdə isə onların taleyi alt-üst olur. Bu mənada Çexovun fikrini filmə proyeksiya etsək, hermetik, dar məkanda, sadəcə bir evin içində anidən ailə idilliyası dağılır, meşşan dünyasında yerini rahatlamış personajlar özlərinin komfort zonasından çıxmalı olur. Personajların reallığı gözardı edərək, qurduqları illüziyalarla dolu dünya bir anda dağılır.

Rejissor münasibətlərdəki, ailədəki saxtalığı, hadisələrin gedişatında baş verən gərginliyi ifadə etməkdən ötrü barokko tonallığına yaxın interyerlərdən istifadə edib. Məkanlarda barokkaya xas kontrastlıq, gərginlik, dinamiklik, qeyri-təbiilik duyulur və dekorasiyalara dəbdəbə, ehtişam xasdır. Torvaldın (Entoni Hopkins) riyakarlığı - adi vəziyyətlərdə arvadını əzizləyici adlarla çağırması, çətinliklə qarşılaşanda isə öz yaxasını kənara çəkərək onu ittiham etməsi- söz və vizual səviyyədə çatdırılır.

Yuxarıda aktyor oyununu təsadüfən qeyd eləmədim. Hadisələrin əvvəlindən finala doğru, kulminasiya nöqtəsindək Noranı (Kler Blum) sadəlövh, yüngülfikirli qadınları andıran qrimdə görürük. O, faktura və mahiyyətcə ərinin istəyini ifadə edən marionetdir. Finalda o, ərinə məyus olandan sonra oyundan çıxır və tamaşaçı qarşısında sadə, ciddi, qətiyyətli, maskasız bir qadını görür. Öncəki qrimdə Noranın infantilliyi, sonrakı qrimdə isə onun yetkinliyi qabardılır. Torvaldın simasında, Noranın üsyanınadək təmkinli, mülayim, amma basqıçı əri tanıyırıq, sonda isə o, özünəinamsız, zavallı, miskin birinə çevrilir. Hər iki aktyor obrazlarının təyinatını dəqiq anladığından, bu, filmin ümumi keyfiyyətinə mühüm təsir göstərir.

Filmdə qadın, ümumiyyətlə, insan azadlığı radikal şəkildə qoyulur. Noranın simasında mənəvi istifadəsinə, istismarına son qoyan, meşşan dünyanın oyuncağı olmaqdan imtina etməyə cəsarət tapan obraz qabardılır.

# 6813 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #