İsa Məsihə aşiq olan rahibə – Sevda Sultanova yazır...

İsa Məsihə aşiq olan rahibə – Sevda Sultanova yazır...
28 oktyabr 2022
# 09:00

Kulis.az kinotənqidçi Sevda Sultanovanın “Bendetta” filmi haqqında yazısını təqdim edir.

Niderland və amerikalı rejissor Pol Verhovenin 2021-ci il Kann kinofestivalında premyerası baş tutan “Bendetta” filmini janr etibarilə bodi horror (janra bədənə terror, onun mutasiyası və s. xarakterikdir) adlandırmaq daha düzgündür.

Verhoven filmlərində insan təbiətinin qaranlıq, qəddar tərəflərinin üzə çıxmasının ifadəli-plastik həllini daha çox bədəndə, bədənlərin qarşılıqlı təmasında, naturalizmdə və fiziki zorakılıqda təcəssüm etdirir. Başqa cür desək, onun əhvalatlarının məğzinin, ideyasının realizəsində bədənlə ifadə əsas rol oynayır. Və personajların ehtirasları, istəkləri, psixoloji vəziyyətlərinin idarəolunmazlığı horror elementləri ilə verilir. Bədən, seks, azadlıq, tutqulardan xilasa cəhd Verhovenin əsas motivləridir. Bundan başqa, onun kinohekayələrində kişilər gözəl, ehtiraslı, hiyləgər, güclü və azad qadınlar tərəfindən (“Əsas instinkt”, “Şouqölz”, “O qadın”, “Dördüncü kişi” ) əzilirlər.

Son filmində də rejissor ənənəsinə, qadın personaj konsepsiyasına sadiq qalır. Real faktlara əsaslanan hadisələr XVII əsrdə Toskanada balaca bir katolik monastırında baş verir. Filmin qəhrəmanı rahibə Bendetta (Vircini Efira) uşaqlıqdan sərt dini qaydalarla tərbiyələnir. Ailəsi tərəfindən monastıra verilən qızcığaz yuxularında fiziki zorakılğa məruz qalır və onu dəhşətlərdən sevgilisi kimi gördüyü İsa Məsih xilas edir. Bədənindəki ağrılar, stigmatlar (İsanın çarmıxa çəkilməsi zamanı bədənində yaranan yaralar, qanaxma, ləkələr), hamının qarşısında guya ölüb sonradan dirilməsi nəticəsində o, müqəddəs elan olunur. Bendetta hətta monastırın rəhbəri, abbatisa Felisitanın (Şarlotta Remplinq) hakimiyyətini devirir, monastra yeni gəlmiş, atası tərəfindən zorlanan Bartolomeya (Dafna Patakiya) ilə intim münasibətlərə girir. Çətinliyə düşəndə müqəddəs roluna girib kişi səsiylə ətrafı ittiham edir. Bir müddət sonra, Bendetta məhkəməyə cəlb edilərək, iblislə əməkdaşlıqda ittiham olunur.

Tarixi faktlara görə, Bendetta Karli 1626-cı ildə həbs olunub və 71 yaşında vəfat edib.

Bəzi araşdırmaçılar hesab edir ki, Bendettanın fəaliyyəti psixi pozğunluq deyildi, həmin illərdə dini təcrübə qadınlara özünüifadə üçün imkan verən yeganə vasitəydi.

Verhoven qəhrəmanını birmənalı göstərmir, onun obrazını ziddiyyətli cizgilərlə verir: Bendetta ürəkdən İsa Məsihə, onun sevgilisi olduğuna inanır, eyni zamanda monastırda rəhbərliyi ələ keçirməklə onu qorumaq, güc mərkəzinə çevrilmək istəyir. Qısacası, film siyasi hakimiyyət, lezbi münasibətləri və dinin riyakarlığı haqdadr.

Sadəcə, digər filmlərindən fərqli olaraq, rejissor burda ideya problematikanı bir qədər araxa planda tutaraq, şəhvaniliyə, çılpaq bədənlərə, cinsi münasibətlərə geniş yer verir. Şarlottanın odda yanması, Bartolomeyaya verilən işgəncə, Bendettanın qarabasmalarında ilanların hücumu, zorlanması səhnələrindəki naturalizm, onların tipik horror kinosuna xas estetikada göstərilməsi filmin bədii-estetik məziyyətlərini azaldaraq ekspluatasiya məhsuluna çevirir. Filmin ssenaristlərdən biri Cerald Seteman seks temasına çox yer ayrılması səbəbindən layihədən gedir və adının titrlərdən çıxarılmasına nail olur. Bir müsahibəsində Verhoven qeyd edir ki, Setemen filmdə diktaturanın metaforunu, orta əsrdə yaşayan qadının hakimiyyət hərisliyini vermək istəyirdi: “Onunla razılaşsam da, qəhrəmanın lesbi münasibətləri də vacib idi. O, amansız və qeyri-insani səhnələrlə razılaşmadı”.

Verhoven ssenarini sonradan, əvvəllər də əməkdaşlıq elədiyi Devid Birklə işləyib. Müəlliflət ssenarinin yazılması zamanı Bendettanın məhkəməsində tərtib edilmiş protokollara, tarixçi Cudit K.Braunun 1986-cı ildə yayımlanan, intibah dövründə lesbi münasibətərini araşdıran kitabına əsaslanıblar.

Yeri gəlmişkən, Verhoven ateistdir, filmlərində dini təfəkkürə tənqidi rakurs sərgiləyir. Ona görə də “Bendetta”da dindarların riyakarlığını qara yumora, karikaturaya çevirməyə cəhd göstərir.

Filmin çəkilişləri İtaliya və Fransada baş tutub. Prodüser Said ben Saind çəkiliş zamanı katolik kilsəsinin qəzəbli reaksiyasından ehtiyatlanıb.

Rusiya və Belorusiyada “Bendetta” küfr sayıldığına görə prokatına icazə verilməyb. Misalçün, epzodlardan birində Bartolomeya Müqəddəs Məryəmin heykəlciyindən kişi cinsiyyət orqanı düzəldir və bunun vasitəsilə qadınlar sekslə məşğul olurlar.

# 3824 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #