Ən çox baxılan filmimiz hansıdır? - Araşdırma

Ən çox baxılan filmimiz hansıdır? - Araşdırma
5 may 2025
# 13:10

Ən çox izlənən Azərbaycan filmlərinin hansı olduğunu bilirsinizmi?

Kulis.az həm sovet vaxtı, həm də müstəqillik dövründə ən çox izlənilən filmlər haqqında Ağa Cəfərlinin araşdırmasını təqdim edir.

Məşhur rejissor Oleq Səfərəliyevin verdiyi məlumata görə, SSRİ dövründə ən çox baxılan Azərbaycan filmi “İstintaq davam edir”dir. Bu filmə o vaxt ümumilikdə 28 milyondan çox adam baxıb. Film 1966-ci ildə çəkilib. Filmin rejissoru Azərbaycanın ən məşhur sənət adamlarından biri Əlisəttar Atakişiyevdir. Film ölkəmizdə detektiv janrın əsasını qoyan Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin motivləri əsasında lentə alınıb. Ekran işində Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən söhbət açılır, təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Cəmşid Əmirov “Sahil əməliyyatı” povesti ilə məşhurlaşmışdı, deyilənə görə, əsər nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda da yayılıb, bir neçə dilə tərcümə olunub. Buna görə də əsərin ssenarisinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə, povest əsasında “İstintaq davam edir” filmi çəkilir. Ssenarini yazmaq üçün Moskvadan Maklarovski soyadlı bir müəllif də göndərilir. Mövzu kəşfiyyat və əks-kəşfiyyat olduğuna görə, çəkilişə ciddi nəzarət edilirmiş. O vaxt respublikanın təhlükəsizlik idarəsinə Sviqun soyadlı generalın rəhbərlik etməsinə baxmayaraq, filmin çəkilişinə nəzarət o zaman komitənin sədr müavini olmuş Heydər Əliyevə həvalə edilibmiş.

Mütəxəssislər deyir ki, filmin tamaşaçı rəğbəti qazanmasının əsas səbəbi “danışılan əhvalatın” müxtəlif xalqların nümayəndələri tərəfindən çox asanlıqla başa düşülməsi, klassik dramaturgiya ənənəsinin qorunması, rejissorun film boyu tamaşaçını gərginlikdə saxlaya bilməsidir.

Sovet dövründə ən çox baxılan ikinci filmimiz isə “Uzaq sahillər”dədir. Filmə prokata çıxandan sonra 27 milyondan çox adam baxıb. Görkəmli rejissor Tofiq Tağızadənin rejissoru olduğu bu film deyilənə, yazılana görə, 100-dən çox ölkədə nümayiş edilib.

O zamanlar milyonların sevgisini qazanan daha bir filmimiz isə “Ögey ana”dır. 1959-cu ildə çəkilmiş bu filmi 21 milyondan çox insan izləyib. Rejissor Həbib İsmayılovun bu filmi indi də populyarlığını qoruyub saxlayır.

Sonrakı sıralama belədir:

“Dağlarda döyüş” – 21,5 milyon tamaşaçı

“26 Bakı komissarı” – 19,7 milyon tamaşaçı

“O qızı tapın” – 17,5 milyon tamaşaçı

“Arşın mal alan” (1966) – 16,6 milyon tamaşaçı

“Babək” – 16,5 milyon tamaşaçı

“Arşın mal alan” (1945) – 16,2 milyon tamaşaçı

“Romeo mənim qonşumdur” – 16,2 milyon tamaşaçı

“Arxadan vurulan zərbə” – 15 milyon tamaşaçı

“Qatır Məmməd” – 12,1 milyon tamaşaçı

“Bakıda küləklər əsir” – 11,8 milyon tamaşaçı

“Dəli Kür” – 10,4 milyon tamaşaçı

“İstintaq”- 10,2 milyon tamaşaçı

İndi kinoteatrlarda bu qədər adamın filmlərə baxması bizə fantastik görünə bilər. Amma bəzi mütəxəssislər öz dövrünə görə bu göstəriciləri çox yüksək hesab etmirlər.

Müqayisə üçün deyək ki, Sovet dövründə çəkilmiş “Moskva göz yaşlarına inanmır” filminə 84,4 milyon, “Brilliant əl” filminə 76,7 milyon, “Qafqaz əsiri” filminə isə 76,5 milyon adam baxıb. SSRİ-də ən çox baxılan film isə 1979-cu ildə Boris Durovun çəkdiyi “20-ci əsrin piratları” olub. Bu filmə 87,6 milyon insan kinoteatrlarda tamaşa edib. İlk beşliyin sonuncu filmi isə 1967-ci ildə lentə alınmış “Malinovkada toy”dur, 74,6 milyon tamaşaçı…

Bəs hazırda Azərbaycanda vəziyyət necədir?

SSRİ-nin dağılmasından sonra digər müttəfiq ölkələr kimi Azərbaycan da çox ciddi çətinliklərlə üzləşdi. Qarabağ münaqişəsi xalqımıza böyük zərbələr vurdu. Belə vəziyyətdə kino sənayesinin inkişafından, kinoteatrların normal fəaliyyətindən danışmaq yersiz olardı. Hətta vəziyyətdən məharətlə istifadə edən işbazlar kinoteatrları çayxanaya, qumarxanaya çevirmişdi. Ən parlaq misal kimi Bakının mərkəzində yerləşən “Nizami” kinoteatrını göstərə bilərik. Ötən əsrin 90-cı illərində burda ticarət obyektləri, kafelər açılmış, otaqlar videozallara çevrilmişdi. Kinoteatr yalnız 2011-ci ilin noyabrında üç illik əsaslı təmir və bərpadan sonra tamaşaçıların ixtiyarına verildi. Kinoteatrlar yüksək səviyyədə təmir olunub camaatın ixtiyarına veriləndə isə camaat kinodan çox uzaq düşmüşdü. Artıq tamaşaçını geri qaytarmaq çox çətin idi. Sözsüz ki, vəziyyətin bu cür alınmasında texnologiyanın ən yüksək səviyyədə inkişafının da mühüm rolu var. Əlqərəz, bu gün kinoteatrda normal Azərbaycan filminə baxan tamaşaçının sayı 50 mindən çox deyil. “Youtube” platformasında isə 10 milyona yaxın tamaşaçının izlədiyi filmlər var. Bu baxış sayları isə film yaradıcılarına maddi baxımdan çox şey qazandırmır.

Sovet dövründə çəkilən filmlərimiz həm də 14 müttəfiq respublikada nümayiş etdirilir, təbii ki, bu da tamaşaçı sayına müsbət təsir göstərirdi. İndi isə film ərsəyə gətirənlərin xarici ölkələrə çıxış imkanları yetərincə zəifdir. Heç kim bu məsələ ilə maraqlanmaq, problemin həlli üçün həvəs göstərmək istəmir.

Daha bir ağrılı məqam ondan ibarətdir ki, beynəlxalq festivallarda dəfələrlə mükafat qazanmış bir neçə filmimiz tamaşaçıda maraq oyatmadığı üçün Bakı kinoteatrlarından yığışdırılıb.

# 176 dəfə oxunub

Oxşar xəbərlər

"Kurtlar vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar vadisi"nin aktyoru vəfat etdi

10:13 5 may 2025
Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz

10:00 5 may 2025
"Ölü Həsən" - Yeni film

"Ölü Həsən" - Yeni film

09:00 5 may 2025
"Coker 2"  ən çox ziyan gətirən film oldu

"Coker 2" ən çox ziyan gətirən film oldu

15:26 3 may 2025
Din xadimi olmaq istəyən cinayətkar - Günün filmi

Din xadimi olmaq istəyən cinayətkar - Günün filmi

14:14 3 may 2025
Gözünüzü ekrandan çəkməyəcəksiniz! - Ən həyəcanlı 5 film

Gözünüzü ekrandan çəkməyəcəksiniz! - Ən həyəcanlı 5 film

18:30 2 may 2025
# # #