Doğrudanmı, Mədəniyyət Nazirliyinin 3 min manatı yoxdur?

Doğrudanmı, Mədəniyyət Nazirliyinin 3 min manatı yoxdur?
18 noyabr 2022
# 09:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Kino sahəsinin problemlərini mütəmadi olaraq aktuallaşdırmağa, müxtəlif kino adamlarının şəxsimə yazdığı, dediyi haqlı gileyləri ictimailəşdirməyə çalışıram. Adi bir kino-tənqidçinin göstərə biləcəyi dəstəyi imkanlarım daxilində əsirgəmirəm, bundan sonra da belə olacaq.

Ancaq kino adamları da əlverişli fürsətlərdən yararlanıb, problemlərin həll olunmamasıyla bağlı müvafiq quruma etirazlarını bildirməlidirlər. Nəinki etiraz etməli, hətta onu hadisəyə çevirməyi bacarmalıdırlar. Etiraz üçün adekvat şəraitlərdən biri yaxınlarda bitmiş 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı idi.

Kinofestivallar həm də protestlər məkanı kimi tarixdə yer alıb. Misalçün, 2004-cü ildə Kann festivalında fransız kino işçiləri, kürəklərində “Danışıqlar” yazısı ilə qırmızı xalçaya çıxaraq kino sənayesindəki iş şərtləri ilə bağlı etiraz aksiyası keçirmişdilər.

Digər məşhur hadisə, 1973-cü ildə “Xaç atası” filmindəki Don Korleone roluna görə Oskar mükafatına layiq görülən Marlon Brandonun mərasimə qatılmamasıydı. O, mükafatı almaq üçün yerinə hindli aktivist Saşin Littllfizeri göndərir və mərasimdə çıxış eləyən qadın bildirir ki, Brando bununla da Amerika hakimiyyətinin yerli sakinlərə (hindilərə) ədalətsiz münasibətinə etiraz edir.

Qısası, kinofestivallarda protest motivləri müxtəlifdir: gender bərabərliyi, ictimai, mədəni, siyasi.

Ötən il, qalmaqalla müşayiət olunan Bakı Beynəlxalq Qısa Filmlər Festivalından narazılığın əsas səbəbi, mükafat fondunun 3 min manat olduğu üç nominasiyanın ("ən yaxşı bədii film", "ən yaxşı rejissor" və "ən yaxşı animasiya") sahibsiz qalması idi. Təşkilatçıların arqumenti bundan ibarət idi ki, müsabiqədəki bədii filmlər qalib olmağa layiq deyildi. O zaman bu haqda ətraflı yazdığımdan mövzu üzərində dayanmaq istəmirəm.

Bütün hallarda kino adamlarının etiraz eləməli olduğu ən vacib məsələ müasir kinoda yaranmış böhranlı vəziyyətdir. Yaxınlarda Milli Məclisdə bir neçə komitənin birgə iclasında maliyyə naziri Samir Şərifov haqlı olaraq, əsas məsələnin kinoya ayrılan büdcənin necə xərclənməsi olduğunu deyib.

Kinoya ayrılmış maliyyənin istifadəsi, şəffaflığı – kino adamlarını razı salmayan əsas məsələ budur. Və nə baş verir? Bu il DokuBaku Beynəlxalq Sənədli Film Festivalının qapanış mərasimində, səhnədən mövcud vəziyyətə etirazını bildirən tək rejissor Amil Amal olur. Haqlı olaraq deyir ki, DokuBaku-da Mədəniyyət nazirliyinin dəstəyi ilə çəkilən bir film belə yer almayıb. Niyə? Çünki xırda istisnalarla, gənclərə faktiki dəstək yoxdur.

Gələk bu ilin noyabrın 11-15-də keçirilimiş 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına. Festivalın açılış mərasimi zamanı aparıcı bir neçə dəfə festivalın təşkilatçısı qismində Mədəniyyət Nazirliyinin adını xüsusi vurğulasa da, zalın yarıdan çoxu nazirliyi alqışlamadı. Hətta nazirliyin bəzi nümyəndələri belə...

Aparıcı məcbur olub zalı alqışa səsləsə də, bir nəticə hasil olmadı. Özlüyündə bu da etirazdır. Amma passiv. Sonra səhnəyə qalxan, Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənov şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif elədi. İkinci Qarabağ Müharibəsi haqda iki ildə ortaya əhəmiyyətli bir bədii məhsul qoymayan şöbə müdirinin şəhidlərin adını çəkməyə mənəvi haqqı yoxdur və elə məhz buna görə o, ümumiyyətlə, səhnəyə çıxmamalıydı. Daha sonra festival sahibi Fehruz Şamıyev də çıxışında nazirliyin dəstəyini məxsusi vurğuladı.

Qeyri-səmimilik məni mərasimdən çıxmağa vadar elədi. Zalın qapısında, gənc xanımın “gedirsiz? Yaxşı filmlər nümayiş olunacaq indi” sualına “Serialımın vaxtıdır, ona çatmalıyam” dedim. Əlbəttə ki, serial izləməyi, saxta parıltılı festivallardan üstün tuturam.

Festivalın qapanış mərasimində yenə də səhnədən təkcə Amil Amal çıxışında kinodakı mövcud duruma etiraz elədi və rejissorun çıxışı dəstək alqışlarıyla qarşılandı. Məni məyus edən o idi ki, səhnədən mükafatı alanlar və mükafatı təqdim edənlərdən (həmçinin, dostum Əli İsa Cabbarov) heç biri kinonun durumuna bir etiraz cümləsi səsləndirmədi.

Bağlanış mərasimində Fehruz Şamıyev yenə də Mədəniyyət Nazirlyinə dəstəyinə görə təşəkkür elədi. Maraqlıdır nədən ibarət idi bu dəstək? Keçən ildən fərqli olaraq festivalda bu il pul mükafatı olmadı. Doğrudanmı, Mədəniyyət Nazirliyinin 5 min manatı (çoxdu? Yaxşı 3 min olsun) yoxuydu ki, qaliblərə təqdim etsin? Hara gedib 2022-ci il kinoya ayrılan 6 milyon yarım? Bəlkə, hamısını Elnur Əliyev mənimsəyib? Bu suallarım həm də nazir Anar Kərimovadır. Hörmətli Anar müəllim, 2022-ci ildə kinoya ayrılmış 6 milyon yarımdan qaliblərə veriləcək 3-5 min manat tapılmadı?

Kino adamları tez tez gileylənirlər ki, kino mühiti yoxdur. O mühiti siz özünüz təkcə yaradıcılığınızla yox, həm də iradənizlə yaratmalısız.

Bundan ötrü yetərli səbəbləriniz var:
- Hesablama Palatasının aşkarladığı maliyyə pozuntuları
- Kino haqda qanunun yenilənməməsi
- Kinoya ayrılan büdcənin hesabatının verilməməsi
- Tammetrajlı bədii filmlər üçün nəzərdə tutulmuş müsabiqənin qaliblərinə 300 min manatın verilməməsi – 2022-ci ildə bir tammetrajlı bədii filmin istehsalata buraxılmaması
- Debüt işlərə dəstəyin yoxluğu
- Aşkarlanmış korrupsiya faktları

Yadıma düşmüşkən, festivalın açılışından əvvəl, bir dəstək müsahibəsi vermişdim. Müsahibəmi geri götürürəm və nə qədər ki, kino sahəsi böhrandadır, bütün kinofestivalları Axundov demiş, “puç və əfsanə” sayıram.

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #