""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova
16 aprel 2025
# 16:08

Kulis.az kinoşünas Sevda Sultanovanın Taleh Yüzbəyovun "Bəlkə də..." filmi haqqında yazısını təqdim edir.

“Bəlkə də..." bədii filmi maraqlı fikrin (və fabulanın) alınmamış ekran işidir. Yalnız bir-iki kadrda Talehin anası ilı bağlı xiffəti, kədəri məni təsirləndirdi...

Film hər şeydən əvvəl emosiyadır. Və “Bəlkə də” filmi ilə aramda sıravi bir tamaşaçının ehtiyacı olduğu emosional bağlantı qurulmadı təəssüf ki.

Problem, təhkiyənin strukturundakı fləşbək epizodlarının bolluğu deyildi. Ssenaridə ( ssenarist Taleh Y), elə çəkilişdə də tələskənlik hiss olunur, sanki rejissor filmi başa vurub ondan canını qurtarmaq istəyib.

Habillə (Taleh Y. oynayır) İranə Kərimovanın oynadığı qəhrəman arasındakı sevginin inkişaf xətti yarımçıq təsir bağışladı- təsvir (vəziyyət) boşluqları vardı.

Hekayənin ideyası-zaman maşını vasitəsilə keçmişdəki tarixi, sosial, şəxsi səhvləri düzəltmək istəyidir və müəllif insanın yanlışları üzərində fəlsəfi, ekzistensial mənada gəzişmələrə cəhd edir. Adı Habil olan qəhrəmanın sonda, Adəm və Həvva hekayəsinə dönüşü, öz ailəsi ilə bu hekayə arasındakı paralellik yaxşı düşünülüb. Amma xüsusən final səhnələrində əsas fikir kinematoqrafik formada həlli edilmir, sadəcə, müəllifin passiv üsyankarlıqla, bir az da şübhə və ümidsizliklə söylədiyi didaktik-illüstrativ monoloq eşidirik. Film (ssenari) elə qurulmalıdır ki, rejissorun öz ideyasının mətndə şərhinə, onu tamaşaçıya izah etməsinə ehtiyacı qalmasın.

Müxtəlif əsrlərdən gələn ruhların Habildən kömək istəyi xətti hekayəyə dinamika, hərəkətlilik, maraqlı forma, vəziyyətlər qata bilərdi. Burda da rejissor tələsib, onlarla görüş əsasən - tempi ləngidən dialoq, mübahisə (və ya dramaturji funksiyası olmayan təsvir) səviyyəsindədir. Zamana səyahət, keçmişə dönüş, nələrisə dəyişmək, yenidən qurmaq- bunlar son dərəcə çətin motivlərdir, çevik, dərin ssenarist düşüncəsi tələb edir, hətta film kütləviliyə hesablansa da. Kinoda bunun çox maraqlı nümunələri var.

Filmdəki reklamların təsviri çox qeyri-estetik, yaradıcı yanaşmadan kənar idi.

Aktyor oyunu

Taleh Yüzbəyov obrazın individual xarakterini, cizgilərini tapmamışdı. Bu, həm də onun öz filmində rejissor olması ilə bağlıdır. İranə Kərimovanın ifası “Gündəlik” serialındakı ifasından fərqlənmirdi: eyni səs tonu, intonasiya, eyni üz ifadələri, eyni reaksiyalar və s. Əli Əlizadə əvvəldə daha çox inandırdı, sonrakı epizodlarda isə sanki obrazın xəttindən yayınmış kimi göründü. Taleh Yüzbəyov başda olmaqla, bütün aktyorlara onların potensialını dəqiq hiss edə, görə bilən və aktyorla işləməyi bacaran rejissorlarla əməkdaşlıq arzulayıram.

Rəssam işi

(Səbuhi Atababayev) sayəsində hekayənin zahiri atmosferi vardı. Operator (İman İmanov) isə sadəcə zahirdə olanı göstərmişdi.

Musiqi həlli.

Musiqi filmdə necə həll edilməlidir, hekayədə rolu nədir, necə olmalıdır, bəstəkarla iş hansı etapda başlamalıdır - cavanlı-qocalı-orta yaşlı - əksər rejissorlarımızın bununla bağlı kurslara, master klasslara ehtiyacı var.

"Sevdalı kino"

# 4013 dəfə oxunub

Oxşar xəbərlər

Ronaldinyo haqda serial çəkilir

Ronaldinyo haqda serial çəkilir

10:06 3 aprel 2026
"Bir adam yaratmaq"  filmi nə vaxt yayımlanacaq?

"Bir adam yaratmaq" filmi nə vaxt yayımlanacaq?

17:49 2 aprel 2026
Məşhur serial yenidən çəkiləcək

Məşhur serial yenidən çəkiləcək

13:00 2 aprel 2026
Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?

16:43 1 aprel 2026
Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

12:41 31 mart 2026
"Delikanlı"nın yayım tarixi dəyişdi

"Delikanlı"nın yayım tarixi dəyişdi

10:39 31 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər