Kommunist, ateist, homoseksualist rejissor

Kommunist, ateist, homoseksualist rejissor
28 may 2011
# 08:00
Marksist, kommunist, rejissor, şair, ateist, yazıçı, homoseksualist, intellektual, antiburjuy, qiyamçı, dahi.... Bütün bunlar bir adamda - görkəmli italyan rejissoru Pyer Paolo Pazolininin şəxsiyyətində cəmləşir.

1922-ci ildə katolik ailədə doğulan Pazolini özünü ateist sayırdı və Roma katolik kilsəsini az tənqid etmirdi. Hətta “RoQoPaQ” (qısametrajlı filmlərdən ibarət olan bu ekran əsəri onu çəkən – 4 rejissorun Rosselininin, Qodarın, Pazolininin, Qriqorettinin adlarının baş hərfləri ilə adlandırılıb) filmində dini təhqir etdiyinə görə 4 ay həbsdə yatıb.

“Lümpen proletariat məsumdur”

1962-ci ildə rejissorluğa başlayan Pazolini filmlərində ( “Accatone”, \\\"Mама Pоmа\\\"da) obrazlı düşüncəni və sosial analizi birləşdirirdi.

Onun qəhrəmanları lümpen-proletariat – səfillər, fahişələr, dilənçilər, cinayətkarlar idi. Pazolini bunu belə izah edirdi: “Fəhlə sinfi İtaliyada satılıb, burjua mədəniyyətinin bələdçisinə çevrilib və ona görə də kino üçün maraqsızlaşıb. Onlar həyatda öz yerlərini tapmaqdan məhrumdular”.

Rejissor üçün sadə, açıq insan tipi daha maraqlıydı: “Məni lümpen proletariatın siması cəlb edir, çünki ləkəsizdir (burjua isə kirlidir); o məsumdur(burjua isə günahkardır ); o safdır (burjua isə vulqardır); o səmimidir (burjua isə ehtiyatlıdır); o rəngarəngdir, (burjua isə bozdur)”.

Əqidəli homoseksualist

İkinci Dünya müharibəsindən sonra Pazolini İtaliya Kommunist Partiyasına daxil olur. Amma az sonra azyaşlıları yoldan çıxardığına görə partiyadan qovulur. Əslində, qovulmanın real səbəbi rejissorun homoseksuallığını gizlətməməsi idi. Bununla belə, o ömrünün sonuna kimi kommunist əqidəsinə sadiq qaldı.

70-ci illərin əvvəlində şərq ölkələrinə- İrana, Yəmənə, Nepala səyahət edən rejissor “Həyatın trilogiyası” (“Dekameron”, “Kenterber hekayətləri”, “1001 gecənin çiçəyi”) filminə material toplayır. Pazolini bu trilogiyanı sol partiyaların həddən artıq siyasiləşməsinə, mənfəətpərəstliyinə və kütləvi mədəniyyətin qeyri-reallığına etiraz olaraq çəkdiyini deyirdi.

Burjua üsyanı - 1968

1968-ci il dünya tarixinə tələbə üsyanı kimi düşüb. Amma Pazolininin bu hadisəyə baxışı Avropanın sol intellektuallarının mövqeyindən fəqrlənirdi. Onun fikrincə, ucuz geyinən, üfunət qoxuyan, pis qidalanan polislər xalqın övladlarıdır. Bahalı cins geyinmiş üsyançılar - burjuaların harın övladları isə onlara daş atır. Pazolini iddia edirdi ki, 1968-ci il hadisəsi burjua gənclərin atalarına qarşı üsyanı idi. Üsyanın əsasında onların valideynlərindən daha çox şey qoparmaq məqsədi dayanırdı.

Pazolini polis və tələbə qarşıdurmasına münasibətini “Kompartiya-gənclər” şeirində ifadə etmişdi. Bu onun ən çox müzakirə olunan məşhur şeirlərindən biri hesab edilir. Hərçənd rejissor inkar etmirdi ki, tələbə hərəkatı – özünün də tərfədarı olduğu sol ideyalardan ruhlanmışdılar.

Şeir sol tələbə mühitində dərhal kəskin etirazla qarşılandı. Bu da təbii idi, çünki o zaman qəzəbli tələbə hərəkatı özünün zirvəsində idi.

Pazolini isə bir neçə dəfə diskussiyalarda şeiri birbaşa mənada qəbul etmək lazım olmadığını demişdi: “Şeir sadəcə, təxribat xarakteri daşıyır. Yəni tələbələr vəziyyəti düzgün qiymətləndirsinlər və lazımi seçim etsinlər: üsyandan inqilaba gəlsinlər”.

Kannibal burjua

Rejissorun “Donuz damı” filmi də məhz 1968-ci il tələbə hərəkatına həsr edilib. Bu film Pazolininin hərəkatla bağlı məyusluğunu ifadə edir. “Donuz damı”nda burjua gənclərini təmsil edən Yulius darıxdırıcı həyatdan sıxılır. Ona qarşı isə keçmiş dövrün qəhrəmanı – cəmiyyətin qanunlarına etiraz edən gənc qiyamçı qoyulur.

Film boyu “Mən atamı öldürdüm, insan əti yedim və sevincimdən titrəyirəm”- deyən qəhrəman öldürülür, Yuliusu isə donuzlar yeyir. Donuzların onu yeməsi müasir kapitalist dünyasında gənclərin mənəvi ölümünə metaforadır.

Pazolininin qətli

Pazolini ölümündən əvvəl dünya kino tarixinin ən qalmaqallı filmlərindən birini – “Salo və ya Sodomun 120 günü”nü çəkir. O, faşizmə sosial-tarixi yox, seksual zorakılıq aspektindən yanaşaraq bu ideologiyanın törətdiyi mənəvi terrorun sarhədsizliyini göstərir.

Rejissor 1975-ci ildə Roma yaxınlığında Ostiya deyilən ərazidə öldürülüb. Onun 10 qabırğası, çənəsi sındırılmış, sol qolu qırılmış, qulağınını yarısı qoparılmışdı. Meyitinin üstündən isə bir neçə dəfə avtomobil keçmişdi. Qətldə günahlandırılan və rejissoru homoseksual olduğuna görə öldürdüyünü deyən 17 yaşlı Pino Pelozi həbs olunsa da, 2005-ci ildə o bu qətli törətmədyini etiraf edib. Pelozinin dediyinə görə, istintaq o zaman ona təzyiq göstərib. Bundan sonra mədəniyyət və siyasət xadimlərinin tələbi ilə istintaq işi yenidən qaldırılıb.

Məlum olub ki, cinayətdə Pelozidən başqa iki yeniyetmənin də əli varmış. Onlardan ikisi Franko və Cüzeppe Borselino qardaşları QİÇS-dən dünyalarını dəyişiblər. Digərinin isə şəxsiyyəti bəlli deyil.

İtaliyada XX əsrin açılmamış sirlərindən biri hesab olunan bu cinayətin motivlərinin daha bir neçə fərziyyəsi var.

Qətlinin ssenarisini özü cızdı

Pazolininin dostlarından biri Cüzeppe Dziqaynın fikrincə, bu qətl yox, rejissorun şübhə doğrmayan intiharıdır. Məhz onun öldürüldüyü yerdə “Kenterber hekayətləri”nin bir neçə səhnəsi çəkilib. Dziqayn əmindir ki, bu, sadəcə, intihar yox, dəqiq düşünülmüş və əsaslandırılmış yaradıcı akt idi. Onun fikrincə, rejissor özü bu ssenarini əvvəlcədən qurmuşdu.

Niyə məhz Ostiyada? Çünki qədim qurbanvermə məbədi sayılan Ostiyada yüzlərlə romalı öldürülüb. Rejissorun öldürüldüyü 2 noyabr tarixi isə bütün ruhların katolik günüdür.

Dziqaynın məntiqinə görə, özünü belə öldürən insan yeni tarixin modernləşmiş panteonuna daxil olmaya bilməzdi. Onun intiharının səbəbi isə hakimiyyətdə və ya kilsədə deyildi. Sadəcə, Pazolininin dərin ruhi böhranında, müvazinətini itirməsində, özünə və bütün dünyaya inamsızlığında idi.

Cinayətdə digər şübhəli - “ENİ” neft şirkəti

Başqa bir fərziyyəyə görə, onun ölümünə “Neft” adlı bitməmiş romanı səbəb olub. Burada İtaliyanın nəhəng neft qaz qrupu ENİ ilə bağlı fraqmentlər yer alıb. Roman 1992-ci ildə nəşr edilib. Amma senator Marçello Dellutri 2010-cu ildə romanın - kiminsə rejissorun emalatxanasından oğurladığı bəzi hissələrinin tapıldığını bəyan etsə də, həmin parçalar yayımlanmadı.

Hesab olunur ki, rejissorun romanının oğurlanan hissələrində milli neft nəhəngi “ENİ”-nin iki vacib fiquru Enriko Mattei və Eudcenio Çefisdən bəhs edilir. Mattei 1962-ci ildə qəsdən quraşdırılmış avtoqəzada öldürülüb. Matteinin varisi Çefis isə 2005-ci ildə öz əcəli ilə ölüb. Sabiq hərbçi Çefis İtaliyanın xüsusi xidmət orqanlarına bağlı adam idi.

Çoxları Çefisin Matteinin qətlində əli olduğunu güman edir. Ölümünə az qalmış Pazolininin “Corriere della Sera” qəzetində “Mən bilirəm, amma mənim nə birbaşa, nə də dolayı sübutlarım var” başlıqlı məqaləsində “ENİ” haqda ifşaedici məqalə yazmışdı. Fərziyyələrdən birinə görə, Pazolini şirkətin pərdəarxası fəaliyyəti haqda məlumatlar əldə etmişdi.

Maraqlı qeydlər

“Deyirlər, mənim 3 idolum var: İsa Məsih, Marks və Freyd. Bunlar boş sözlərdir. Mənim yeganə idolum həqiqətdir”.

Öz kino dilini yaradan Pazolininin filmlərinin əksəriyyəti senzuraya məruz qalırdı. İtalyan faşistləri isə kinoteatrda onun filmlərinə etiraz əlaməti olaraq kresloları yandırmışdılar.

“Matveyin İncili” filmində o, İsa Məsihi qiyamçı və marksisit kimi təsvir edir.

Pazolini dünya kinosunu mifik-poetik əsaslarla, hadisələri freydizm və marksizm ruhunda analizlərlə zənginləşdirib.


Sevda SULTANOVA
# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Kann festivalına seçilən filmimizin posteri yayımlanıb

Kann festivalına seçilən filmimizin posteri yayımlanıb

16:44 13 may 2024
“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…

“Azərbaycanfilm” Qazaxıstanın və ya Belarusun olsaydı…

12:00 13 may 2024
Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

13:25 10 may 2024
Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

09:27 6 may 2024
İsveçli rejissor Naxçıvanda film çəkəcək

İsveçli rejissor Naxçıvanda film çəkəcək

14:00 3 may 2024
Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

12:00 3 may 2024
# # #