Kimsəsizlik

Kimsəsizlik
25 aprel 2014
# 14:01

Kulis.az İlqar Rəsulun “Kimsəsizlik” hekayəsini təqdim edir.

Hərəsi öz körpə uşağını qoyub qaçdı. Aralıda, gözdən uzaq yerdə birləşdilər. Dünyanın ən ucuz şərabını və siqaretini aldılar. Bir az da pendir. Getdilər dünyanın ən ucuz otelini tapdılar. İndicə sınıb töküləcək kimi cırıldayan taxta pilləkənlərlə yuxarı qaçaraq ən ucuz nömrəyə girdilər. Yataq otağına qədər getməyə səbri çatmayanların etdiyini etdilər. Qadın içəridən indicə örtülən qapıya çırpılaraq söykəndi. O da əlindəkiləri döşəməyə atıb sevdiyinə sarıldı. Gözlərini, boynunu, boğazını öpdü. Sinəsini qoxuladı. Qadın mane olmurdu. Astaca başımı sığallayaraq ana nəvazişi göstərdi atası yaşda kişiyə. Sonra sanki kim daha tez bacaracaq sayağı bir birinin köynəyinin yaxasını açmağa tələsdilər. Bir az təngənəfəs oldular. Bir az da tərlədilər. Onun ağlının itdiyi anda qadının ağlına söykənib yataq otağına keçdilər. Uzandılar. Susdular. Utandılar. Sonra o qorxdu yenidən başlamağa. Sonra qadın ona kömək etdi. Qaxıb pərdələri çəkdi. Ona soyunmaqda kömək etdi. Sonra özü soyundu. O həddi ki, keçməsinə heç vaxt razı olmazdı, nəvazişinlə ona cəsarətləndirdi onu.

Hətta onun etməli olduqlarını da özü etdi bəzən. Ürəyi partlamasın deyə, bir ara anası olub alnımın tərini sildi, üzümdən, gözlərimdən öpdü. Sonra ...

Sonra ikisi də gözlərini yumub qaranlıq kosmosda uçdular, uçdular, uçdular...


Tamam halsız düşəndə açdılar gözlərini. Gördülər ki, xeyli qocalıblar. İllərdi döşəmədə düşüb qalmış şərabı içib pendirdən yedilər. Adama bir siqaret çəkdilər...

Qapı döyüldü... Açıb gördülər otelçi ikinci günün pulunu istəyir. Olmadı pulları. Otelçi çıxarıb atdı bayıra, artıq heç nəyə yaramayan onları. Getdilər uşaqlarını axtarmağa. Axtardılar və tapdılar. Tapdılar gördülər ki, ikisi də yekə kişidi. Qəbul etmədilər övladları onları. İmtina etdilər biri atasından, biri də anasından. Qovdular onları qocalar evinə...

Bir də qocalar evində görüşdülər. Qaçdılar ordan. Aralıda, gözdən uzaq yerdə birləşdilər. İkinci günün pulunu dilənib dünyanın ən ucuz şərabını, siqaretini, pendirini alıb yenidən qayıtdılar dünyanın ən ucuz otelinə. Çiyin çiyinə söykənib indicə sınıb töküləcək kimi cırıldayan taxta pilləkənlərlə yuxarı qalxaraq ən ucuz nömrəyə girdilər. Yataq otağına qədər getməyə səbri çatmayanların etdiyini etdilər. Qadın içəridən indicə örtülən qapıya söykəndi. Ondan xeyli qoca və daha əldən düşmüş kişi əlimdəkiləri döşəməyə buraxdı. Qadın onu özünə sıxıb nəfəsini sakitləşdirdi. Sonra yataq otağına apardı. Bir az şərab içib pendir yedilər. Adama bir siqaret çəkdilər. Yanaşı uzanıb bir az dincəldilər. Sonra qadın qalxıb pərdələri çəkdi. Əvvəl onu soyundurdu. Sonra özü soyundu. Ehtirası çoxdan tükənmiş bədənlərini yenə həmin köhnə çarpayıda yanaşı uzatdılar. Qadın onun başını sinəsinə sıxdı. Sonra o qorxdu son həddi keçməyə. Sonra qadın ona kömək etdi. Cəsarətləndirdi. Əvvəl o etdi. Sonra qadın. İntihar yəni. Damarlarını kəsmişdilər. Ölümləri də bir oldu. Bir birinin ayaqlarını qucaqlamışdılar.

Otelçi gəlib paltarlarını növbəti günün pulu əvəzinə götürdü. Özlərini də aparıb kimsəsizlər məzarlığında basdırdı. Onlar istəyən yerdə. Bütün sevdaları boyu, yəni hər rastlaşanda kimsəsiz bir yerə necə ehtiyacları olduğunu özlərindən başqa kimsə bilməzdi. Bu da kimsəsizlik. Demək ki, dünyanın ən rahat kimsəsiz yeri, kimsəsizlər məzarlığı imiş. Heç kimin görmədiyi, heç kimin heç kimin tanımadığı, heç kimin qınamadığı bir yer. Sağ olanda bu heç ağıllarına gəlməmişdi. Yoxsa bu qədər qocalmazdılar...

(Hekayə çap üçün məqbul sayılmayan bəzi zəruri ixtisarlarla verilir)

# 2520 dəfə oxunub

Müəllifin son yazıları

# # #