Boğanaq

Boğanaq
15 aprel 2011
# 10:31
Əvvəl həmişə məni «avara» adlandıran əmim danışdı. Dedi ki, nəslin gözü getdi (bilmirəm bu nəsil buna neyləmişdi).
Sonra anam irəli çıxıb yalandan məni vətənə qurban dediyini bildirdi. (Qurbanı qoyun olaydı).
Ən maraqlı fikri bitirdiyim orta məktəbin direktoru söylədi. Sən demə, hələ birinci sinifdən o mənim başqa şagirdlərdən fərqləndiyimi hiss edibmiş (barı o məktəbə mənim adımı verməsinlər).
Sahə müvəkkili dinmirdi. Deyəsən məni küçədən tutub zorla cəbhəyə göndərdiyinə görə canına qorxu düşmüşdü.
Səlim sonuncu siqaretini yandırmışdı.
Dilbər saçlarını yolub qurtarmışdı.
Kərəm hərbi komissarın istədiyi məbləği vaxtında düzəldib dostunun canını müharibədən qurtara bilmədiyi üçün özünə nifrət edirdi.
Ürəkdən ağlayan bir qonşu Gülzar nənə idi, bir də çəpərin dalında qara kəlağayısına bürünüb dayanmış Əsmər.
Əsmərdən nigaran deyiləm.
Bilirəm ki, gec-tez məni unudub başqasını sevəcək.
Amma Gülzar nənədən nigaran qalacam.
Görəsən, yazıq arvad payızda odunlarını kimə doğratdıracaq…
Şükür, axır ki, məni basdırmağa aparırlar….
# 3526 dəfə oxunub

Müəllifin son yazıları

# # #