Orxan Həsəni: "Azərbaycan ədəbiyyatı AYB-nin əsirliyindədir" - Müsahibə

Orxan Həsəni:  "Azərbaycan ədəbiyyatı AYB-nin əsirliyindədir" - Müsahibə
8 avqust 2023
# 15:00

Kulis.az Orxan Həsəni ilə müsahibəni təqdim edir.

– Salam, Orxan. Bu isti yay günlərində nə yazırsan?
– Yeni romana başlamışam. Xeyli yazmışam. İstidə işləmək çətin də olsa, çalışıram ritmi pozmayım.

– Bəs mütaliəyə nə qədər vaxt ayırırsan?
– Günümün səkkiz saatını mütaliə və yazıya ayırıram. Səhər saat doqquzdan günorta on ikiyə kimi yazı prosesi ilə, on ikidən yeddiyə qədər isə mütaliə ilə məşğul oluram.

– Yazanda özünü xoşbəxt hiss edirsən?
– Sevdiyim yazıçıları təkrar-təkrar oxumaq, yeni müəlliflər kəşf eləmək, ədəbiyyat haqqında dostlarımla danışmaq məni xoşbəxt etsə də, yazarkən qətiyyən xoşbəxt olmuram. Yazı prosesi əzablıdır. Niyyətim prosesi romantikləşdirmək deyil. Doğrudan da, əldən düşürsən; həm fiziki, həm də mənəvi yorulursan. Kim deyirsə ki, yazanda xoşbəxt oluram, onun səmimiyyətinə inanmıram. Yazanda yorulmayan, əldən düşməyən adamların yaxşı əsər yazacağına inanmıram. Heminqueyin məşhur ifadəsi var: “Yazmaq çətin, əksərən imkansızdır”.
Eynən mən də günümün yazıya ayırdığım hissəsini fiziki və mənəvi əziyyətlə sadəcə 500 söz yaza bilirəm. Bu günün qazancıdır.

– Bir yazında qeyd etmişdin ki, Lyosa yazıçılığı “soliterlə” gəzməyə bənzədir.
– Bu fikir onun “Gənc romançıya məktublar” kitabındakı “Soliter haqqında pritça” essesindədir. Belə esselər oxumaq motivasiya verir, müəllifi diri saxlayır, yazmağa kökləyir. Ən yaxşı sənətkar ilham verəndir. Lyosa mənə həmişə ilham verib, hər tərəf qaranlıqkən içindəki işığa inanmağın yazıçılıq üçün nə qədər əhəmiyyətli olduğunu beləcə pıçıldayıb. Esseyə gəlincə, müəllifin söylədiyinə görə, aristokrat qadınlar çəkilərini sabit saxlamaq üçün soliter udurmuşlar. Soliter parazitdir. Lyosa da yazıçılığı məhz buna bənzətmişdi. Səndə mövcud olan, daim səndən qidalanan və səni yeyə-yeyə yaşayan intuisiya, yazmağa təşviq edən istək, “parazit”.

– Belə çıxır ki, yazmaq, əslində, ziyanlı prosesdir?
– Burdakı “parazit” mənfi mənada başa düşülməməlidir. Yazmaq ziyanlı yox, əziyyətlidir. Əziyyət isə illuziyadır, yaxşı əsər başa gələndə o görünmür. Bəzən yazmaq prosesi müəllifi fiziki cəhətdən yorsa, taleyində dönüşlər yaratsa da, bütün məhrumiyyətlər, nəhayət, gözəllik uğrunadır. O qadınlar da gözəllik istəyirdilər.

– Müharibə haqqında yazdığın “Qırmızı ayaqqabılar” hekayəsi sanki poetik nəsrdir.
– Bu yanaşma ilə razıyam. Mətnə başlamazdan öncə qəhrəmanın daxili dünyasına girmək, onun hislərini gündəlik vərdişlərin fonunda ifadə eləmək üçün müxtəlif üsullar və üslublar haqqında düşündüm. Müharibənin ilk günü minaya düşən və ölümünü gözləyən əsgərin ölüm öncəsi düşündükləri... Sevgilisinin bir gününü beynində canlandırır, o günün işığıyla gözlərini həyata yummaq istəyir və ola bilsin, təsəvvür ona dinclik verir. “Ölümdən bir az öncə”nin havasını vermək üçün yalnız şeir havası, ritmi ələ gəldi. Hekayə “müharibə” haqqında yox, “müharibənin şəri, faciəsi” haqqındadır. O, müharibəyə yox, həyata səsləyir. Qəhrəman da yaşamaq arzusundadır. “Qırmızı ayaqqabılar” güllə səsi gəlmədən, müharibənin faciəsini danışır və mahiyyətcə müharibəyə qarşı hekayədir.

– Hansı yerli və ya xarici müəllifləri oxuyursan?
Müntəzəm mütaliə edirəm. Son günlər Georgi Qospodinovun üç romanını oxudum. Xeyli bəyəndim. Qospodinov çağdaş dünyanın səsidir. “Zaman sığınacağı”, “Təbii roman” və “Kədərin fizikası” romanları məni müxtəlif hislərin əhatəsinə saldı. Xatırladım ki, "Zaman sığınacağı" romanı Booker mükafatının qalibi olub. Yeni üslub, yeni forma cəhdləri və bunların fonunda həqiqi yazıçı nəfəsi, duyumu, situasiyalara yanaşması, cümlələrin informasiya, emosiya doluluğu, açıq istinadları, mövzuya konseptual yanaşması – hər şeyi ilə məni xeyli təəccübləndirdi, sevindirdi. Yaddaş, zaman otaqları, siyasi olanla bədii olanın, həqiqi olanla, qurama olanın, mətnlə gerçəyin, keçmişlə gələcəyin, keçmişlə indinin heyrətamiz ahəngi. Bu roman konkret ölkənin, millətin deyil, XXI əsr Avropa qitəsinin romanıdır.
Havanı yarada bilmək, üç yüzə yaxın səhifədə olduqca geniş mövzunun dizini yerə qoymaq çox çətindir. Qospodinov bunun öhdəsindən ustalıqla gəlib. Müəllifin göz vurduğu Borxes-Prust qarışıq xəttini sevirəm. Müasir ədəbiyyatda bunun uğurlu ifadəsini görmək xüsusi zövq verdi.
Milli ədəbiyyatdan isə yaxın zamanlarda Rəşad Səfərin “Keçilərin nəğmələri” romanını oxudum. Bu roman haqqında olsun ki, payızda esse yazacam. Əsərin ağır, bəzən yorucu dili oxucunu sınağa çəkir. Hadisələrə yanaşmada isə oriyentalist bir hava duyulur. Bunu Rəşadın uzun müddət xaricdə yaşaması ilə əlaqələndirirəm. Roman barəsində ümumi fikrim müsbətdir. “Keçilərin nəğmələri” haqqında ətraflı danışmaq istəmirəm və fikirlərimi esseyə saxlayıram.
Bu yayı Nabokovun külliyyatını oxumağa həsr etmişəm. İndi “Danış, yaddaş” əsərini oxuyuram.

– Nobokov dedin. Səncə, Azərbaycan ədəbiyyatına postmodernizim gəlib?
– Bilmirəm.

– “Füzulinin dişi” ilk kitabındır. Həmin kitabdakı hekayələr bədii-estetik cəhətdən səni qane etdimi?
– Bu kitaba təxminən, 18-22 yaş ərəfələrində yazdığım hekayələri daxil etmişəm. Hekayələrdə məni müxtəlif dövrlərdə narahat edən problemlərin bədii həllini verməyə çalışmışam. “Buynuzsuz kərgədan” hekayəsi mətn-müəllif konteksindədir; obraz müəllifi öldürür və əsərin sonunu özü yazır. “Yusifin quyusu” hekayəsində qədim mətnlər və müasir həyat arasındakı səsləşmə, yuxu-həqiqət əlaqəsi işlənib. “Faciəvi hekayə” düz, təkqatlı, təntənəsiz, Çexovvari hekayə tiplərinə parodiyadır. “Qırmızı ayaqqabılar” anti-müharibə hekayəsidir. “Metro terminalının sevgisi” texnika və insan mövzusunu işləyir və s.
“Füzulinin dişi” kitabındakı hekayələr mənim üçün bir mərhələ idi və o mərhələni keçdim. Artıq hekayə yazmayacağam.

– Məcburi köçkün ailəsində böyümüsən. Müharibə şiddətini və travmasını yaşamısan. Ədəbiyyatın bu travmaları unutmaqda sənə kömək etdiyini düşünürsənmi?
– Ədəbiyyat unutmaq deyil, xatırlamaq sənətidir. Məşhur ifadə var: “ədəbiyyat fərdi mifologiyanı yaratmaqdır”. Fərdi mifologiya da öz impuluslarını yaşadığın hadisələrdən alır. Yaşadığım hadisələrin ağırlığını, bunun cəmiyyət üçün necə böyük faciə olduğunu zamanla dərk etdim. Müharibə və məhrumiyyətlər ətrafımdakı hamıya silinməz izlər qoydu. Ölənlər öldü, sağ qalanlar da dava-dərmana möhtac ömür sürürlər. Məhv olmuş insan taleləri, bir-biri ilə yanaşı düzülüb uzanan miskin, tək göz qaçqın evləri, qaçqın evlərinin həyətində asılan bəyaz, yardım payı mələfələr, tozlu küləyin yaş mələfələri yeləməsi, xarici təşkilatların, yad dildə danışan, ağ dərili qadınların bizə oyuncaqlar hədiyyə verməsi, ilk dəfə oyuncaq görən uşaqların gözündəki utancaq təbəssüm, uşaqların qazı qutarmış alışqanlardan təsbeh düzəltməsi, corabları yumrulayıb futbol oynamaq, rayonun işğal günündə çalınan qaboy səsi, rezin şəpitlərlə əlində qərənfil abidəyə yaxınlaşan balaca bir oğlan...
Aradan illər keçdikcə, başqa-başqa dünyaları gördükcə, mənim üçün adi olan gerçəklər laxlayır, beləliklə anlayıram ki, sən demə hər şey başqa cür də ola bilərmiş. Hər şeyin başqa cür olması ehtimalı canlanan kimi mənim üçün yaşanıla-yaşanıla adiləşən gerçəklərin ümumi fonda necə faciəvi gördünüyünü dərk edirəm.
Uşaqlıq kosmos kimidir, heç vaxt bitmir. Heyranlıqla oxuduğum yazıçıların əsərlərindən çıxartdığım nəticə budur: Yazıçı nədən yazır yazsın, yalnız öz kökünə, yəni uşaqlığına, yəni öz həyatına, yəni onu lap dərindən titrədən sarı simin səsinə, yəni taleyinə, ondan asılı olmadan alnına yazılanlara sadiq olmadıqca, onu eşmədikcə, üstünə getmədikcə yaxşı əsər yaza bilməz. Şübhəsiz, ədəbiyyat bir müddət mənə bu hadisələrin psixoloji zədəsindən xilas olmaqda kömək edib. Ümumiyyətlə, ədəbiyyat həmişə mənim üçün qaçış olub. Vaxt ötdükcə isə başa düşürəm ki, yaxşı yazıçı olmaq üçün özündən qaçmamalısan, əksinə, özünlə üzləşməlisən.

– “Və dalğalandı yaddaş tarlası”... Yazmaq istədiyini yaza bildin?
– Bu roman formalar və üslublar çələngidir. Oxumaq istədiyim romanı yazdım. Geniş mənada isə heç bir yazıçı istədiyi mətni yaza bilmir. Bu mümkün deyil. Reallıq cazibəni öldürür. Yazıçı Roman Qari “Dan üzündə verilmiş vəd” əsərində yazır ki, məktəb illərində beş-altı topu əlimdə oynadıb jonqlyorluq edirdim və topların sayını yeddiyə, səkkizə, doqquza qaldırmaq istəyirdim. Əlimə imkan düşən kimi harda gəldi məşq edirdim. Tənəffüsdə, yolda, küçədə, evdə… Ustalığa, mükəmməlliyə can atırdım. Nəhayət mən kobud faktla qarşılaşdım. Altıncı topdan o tərəfə keçə bilmədim. Mən dirəşmişdim, özü də necə dirəşmişdim. Gündə yeddi-səkkiz saat məşq edirdim. Nə qədər əlləşsəm də yeddinci topa keçmək mümkün olmadı. Yeddinci şarı dövriyyəyə buraxan kimi hər şey dağılırdı. Beləliklə, heç vaxt sonuncu topu tutmaq mənə müyəssər olmadı. Bütün ömrüm boyu buna cəhd etdim. Uzun illərdən sonra bir həqiqəti başa düşdüm. Başa düşdüm ki, sonuncu top ümumiyyətlə, mövcud deyil. Bu çox kədərli həqiqətdir və bu haqda uşaqlara danışmaq lazım deyil.
Beləliklə, “Və dalğalandı yaddaş tarlası” sonrakı romanlar üçün yaxşı təcrübə oldu. Romanı yazdıqca işin nə qədər əziyyətli, çətin olduğunu anladım. Yorulursan, bezirsən, sonra təzədən özünü buna hazırlayırsan. Həyat da belədir: çətin və əziyyətli. Lakin gərək yaşayasan və gərək yazasan. Nə yazmağından asılı olmayaraq bütün romanlar müəllifin bioqrafiyasıdır. Əhəmiyytli olan, əsərin alınıb-alınmamasıdır.

– Satış və oxuculardan nə dərəcədə razısan?
– Böyük nəticə gözləmirdim. Azərbaycanın kitab bazarı məlumdur. Zövqünə güvəndiyim insanların reaksiyası mənim üçün maraqlı idi. Mənfi-müsbət müxtəlif rəylər alıram. Açığı, mənfi rəyləri eşitmək daha maraqlıdır.

– AYB-yə üzv olmaq istəyərsənmi?
– Bunu heç vaxt düşünməmişəm. Gənc yazıçı müstəqil olmalıdır, hər hansı təşkilata və ya birliyə, xüsusilə, AYB kimi birliyə üzv olmaq haqqında yox, saf niyyətlə, təmiz qəlblə yaxşı əsərlər yazmaq haqqında düşünməlidir. Bu gün Azərbaycan ədəbiyyatı AYB-nin, yəni müstəsna ortabablığın əsirliyindədir.

– AYB-nin üzvü olmaq yaradıcılıq üçün maneədir?
– Bəli.

– Ədəbiyyatla məşğul olmasa idin, nə iş görərdin?
– Heç bir təsəvvürüm yoxdur.

Foto: İlkin Nəbiyev

# 2108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #