Nə olsun ki, azad deyil bir adam yer üzündə - GÜNÜN ŞEİRİ

Nə olsun ki, azad deyil bir adam yer üzündə - <span style="color:red;">GÜNÜN ŞEİRİ
30 sentyabr 2016
# 12:19

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Ramiz Rövşən: Toz

Mən bir tozam

Göy üzündə

hərlənən bir tozam mən,

Göydən-yerə

Boylanan bir gözəm mən.

Mən bir gözəm

Kirpiyim yox, qaşım yox,

Mən bir gözəm,

Ayağım yox, başım yox.

Həsəd çəkib

İnsanına, heyvanına, quşuna,

Hərlənirəm bu dünyanın başına.

Bir nəhəng toz dənəsitək

Bu dünya da hərlənir

Min-min ulduz içində,

Bu dünyanın içi tozdu,

Bu dünya toz içində,

Aşağı da, yuxarı da

Tozdu, toz,

Bu dünyanın

əvvəli də,

axırı da

tozdu, toz.

Mən bir tozam, -

kim nə bilir, axı hardan qopmuşam,

Ya əvvəldən,

ya axırdan qopmuşam,

Yorulmuşam toz olmaqdan, ilahi,

Bədənsiz, cansız olmaqdan, ilahi.

Mən bir qadın bətninə yığılmaq istəyirəm

Bu dünyada

İnsan kimi doğulmaq istəyirəm.

Özümə can istəyirəm ətdən-sümükdən

Göz yaşından,

tərdən,

qandan,

ilikdən.

Mən bir tozam, azadam göy üzündə,

Nə olsun ki,

Azad deyil bir adam yer üzündə,

Sən bu cansız azadlığı

Gəl, məndən al, ilahi,

Tez ol məni qəfəsə sal, ilahi!

Nəfəssizəm –

Tez ol, mənə nəfəs ver,

Nəfəsimə

bədən adlı qəfəs ver,

Mənə səs ver, -

Səsə qəfəs ağız ver.

Mənə söz ver –

Sözə qəfəs kağız ver!..

# 3915 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #