Heminquey onu 39 dəfə edir, Etimad Başkeçid 1 dəfə

Heminquey onu 39 dəfə edir, Etimad Başkeçid 1 dəfə
18 mart 2015
# 14:13

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Bu dəfəki layihədə Ernest Heminqeyin müsahibəsində cavablandırdığı suallar yazıçı Etimad Başkeçidə ünvanlanıb.

Yazmaqla keçirdiyiniz bütün saatlardan, təkbaşına keçən zamanlardan məmnunsunuz?

Ernest Heminquey:

Çox. Əks halda yazmaq da çətinləşər.

Etimad Başkeçid:

Bilmirəm, bu bəlkə də, mənim fizioloji özəlliyimdir, amma özümü heç vaxt tənha hiss etmirəm. Hətta tək qalmaqdan xoşum gəlir. Sosial şəbəkələrdə “darıxıram”, “tək-tənhayam” deyə həşir təpən insanları görəndə gülməyim gəlir. Bir dəfə “Facebook”da Romen Rollanın sözlərilə bu statuslara reaksiya da verdim: “Böyük ürək heç vaxt tək qalmır. Tale onu bütün dostlarından məhrum etsə də, o yenidən öz dünyasını yaradır”. Bizim bir para şairlərin “ilahi” darıxmaqlığı isə bir ayrı söhbətin mövzusudur. Bunların hamısı bekarçılıqdandır. Bu mənada darıxmaq xoşbəxt adamların mərəzidir.

Bir az bu proses haqqında danışa bilərsinizmi? Nə zaman işləyirsiniz, iş qrafikiniz necədir? Xüsusi, ciddi əməl etdiyiniz iş rejiminiz varmı?

Ernest Heminquey:

İstər əsər olsun, istərsə də hekayə – nəyin üzərində işləməyimdən asılı olmayaraq günəşin ilk işıqları ilə birgə oyanır və yazmağa başlayıram. Onda nəinki çöldə, heç evdə də insanı narahat edən kimsə olmur. Çox vaxt həmin saatlarda hava soyuq, ya da sərin olur, amma mənim üçün fərq etmir, çünki yazdıqca həm işləyirəm, həm də isinirəm. Əvvəlcə yazını harada saxladığıma, nə yazdığıma baxıram. Ümumiyyətlə, çalışıram yazını elə yerdə saxlayım ki, onu davam etdirəndə son cümləyə baxmaq kifayət etsin. Bugünlük yazım harda qalırsa bitirirəmsə, elə yerdə yekunlaşdırıram ki, onun ardı mənə məlum olsun, sabah qaldığım yerdən davam edə bilim. Ya da başqa cür izah etsəm, ehtiyat tükənənə kimi yazmıram, elə yerdə dayanıram ki, ehtiyatda nəsə qalır. Növbəti gün işə başlayanda yazacaq konkret şeylərin olduğunu bilirəm. Yeni iş gününə kimi ideya və söz ehtiyatına da, yazıya da özü üçün yaşamaq, dolmaq imkanı verirəm. Səhər saat altıdan təxminən günorta saatlarına, nahara kimi bəzən bir az ondan tez vaxta qədər işləyirəm. Günorta dayananda özümü boş hiss edirəm, əslində isə əksinə doluyam. Bilirsiniz, bu sevdiyin adamı yenidən sevməyə məcbur edilmək kimi bir şeydir. Növbəti gün yenə yazmağa başlayana kimi heç nə səni incitmir, heç nə baş vermir, sanki dünya fırlanmır, heç nə əhəmiyyət kəsb etmir, hər şey öz boşluğu ilə səni yazıya məcbur qoyur, ona məhkum edir. Halbuki mən onsuz da yazmağı sevirəm. Yenidən yaşamaq üçün növbəti günü gözləyirəm.

Etimad Başkeçid:

Saat ikidə yatıram, səhər səkkizə işləmiş oyanıram. Saat doqquzdan altıya kimi işdə oluram. Bütün günü yazı-pozu, yazışmalar, tərcümə… Buna qrafik demək olarmı, bilmirəm. Yeni yazdığım romanı üzərində axşam saat ondan sonra, bir də altıncı-bazar günləri işləyə bilirəm.


Başqa yerdə olanda da fikriniz yazıda olur, yoxsa yazıdan uzaqlaşanda üzərində işlədiyiniz əsəri beyninizdən uzaq tuta bilirsiniz?

Ernest Heminquey:

Əlbəttə, yazmıramsa, yazı barədə düşünmürəm. Amma onu qeyd etməliyəm ki, bu, müəyyən mənada intizam tələb edir və mən illərdir ki, buna əməl etdiyim üçün beynimi yazıdan azad etmək o qədər də çətin olmur.

Etimad Başkeçid:

Burda heç bir sirr yoxdur: bədii əsər yazırsansa, onu bütün proses boyu beyninin bir küncündə tutmalısan. Bir əsəri uzun müddət yaza bilərsən, amma yaxşısı fasiləsiz işləməkdir. Fasilələrlə yazılan mətndə monolitlik və ahəng pozulur, parçalar bir-birinə yamaq kimi olur. Amma tutalım, Lev Tolstoy “Dirilmə” romanını on il müddətində, arada bəzən beş il, üç il fasilə verə-verə yazmışdı. İndi biz Tolstoy deyilik, ona görə də, belə çalışırıq.


Nəyisə yenidən yazmağa çox ehtiyacınız olur?

Ernest Heminquey:

Bu baxır əsərə, mövzuya. Məsələn, “Əlvida silah” (“Farewell to Arms”) əsərinin sonunu, sonuncu bir səhifəsini yazanda nəsə alınmırdı. O sonuncu səhifədən razı qalana kimi həmin hissəni 39 dəfə yenidən yazmışam.

Etimad Başkeçid:

Heç vaxt heç nəyi yenidən yazmıram. Yazdıqlarımı təzədən oxumaq belə mənə məşəqqətli gəlir. Rövşən Ramizoğlu olmasaydı, “Min yol mənə söylər” romanı elə kobud səhvlərlə çap olunacaqdı ki, onu adam içinə çıxarmaq mümkün olmayacaqdı. Rövşəni Allah yetirdi, dedi ver, oxuyum, mən də verdim. Ona görə də, yazdıqlarına mütləq yaxşı redaktor tapmaq lazımdır. Bəzən çap olunmuş yazıya baxanda hiss edirsən ki, filan yerdə filan şeyi bir az başqa cür eləmək olardı. Amma mənə nəyisə yenidən işləmək ağırdır, sadəcə dərs çıxarıram, vəssalam.

Yazarkən ilham gəlməyən, şövqünüz oyanmayan zamanlar olurmu?

Ernest Heminquey:

Təbii ki, olur. Amma yazını saxlayanda həmin hissədən sonra nə gələcəyini, bunun necə davam edəcəyini dəqiqləşdirib, saxlayırsınızsa, onda ilhamlıq bir şey qalmır. Əsas çətinlik, problem yazmağa başlayana qədər olur, başladınsa, hər şey öz axarında gedir. Dünəndən toplanmış ehtiyat da əlinin altındadır. Bunun üçün bir də iki karandaş lazımdır, günə iki karandaş.

Etimad Başkeçid:

Əlbəttə olur. Bəzən bir cümlənin iki saata qura bilmirsən. Belə hallarda özünü əziyyətə salmaq lazım deyil, salamatı gedib başqa işlə məşğul olmaqdır.


Gənc yazarlara qəzetdə işləməyi, jurnalistika ilə məşğul olmağı məsləhət görürsünüzmü?

Ernest Heminquey:

“Star”da bizə sadə nəqli cümlə yazmağı öyrədirdilər, daha yaxşı yazmaq vərdişinə yiyələnirdik. Bu hamıya lazımdır. Qəzet işi gənc yazarı korlamaz, əksinə vaxtında uzaqlaşa bilsə, bu olduqca yararlıdır.

Etimad Başkeçid:

Məsləhət görürəm, çünki dünyanın ən məşhur yazıçılarının çoxusu, o cümlədən də, Heminquey, Markes və s. vaxtilə jurnalist fəaliyyəti ilə məşğul olublar. Jurnalistika yazı üslubunun formalaşmasına kömək eləyə bilər. Amma bu iki işi paralel aparmaq hardasa mümkün deyil. Yaxşısı odur ki, yazıçılığa başlayandan sonra jurnalistikanın daşını atasan.


Yazanda heç oxuduğunuz əsərlərin təsirində qaldığınızı və ya hansısa yazıçının təsirlərini hiss edirsinizmi?

Ernest Heminquey:

Ceyms Coysun “Uliss”indən başqa heç bir əsərin təsirində qalmamışam. Onun da təsiri birbaşa deyildi. Sadəcə o vaxtlar elə dönəm idi ki, bildiyimiz sözləri demək qadağan olunmuşdu, adi bir sözü yaza bilmək üçün nə qədər mübarizə aparmalı olurduq. Onun üslubuna yaxınlaşmaq hər şeyi dəyişdi. Coysun üslubundan yararlanmaq sözün fərqli ifadə formasından istifadə edərək, müəyyən qədər məhdudiyyətləri aşmağa imkan verirdi.

Etimad Başkeçid:

Yazmağa oturmazdan minimum yarım saat, bir saat qabaq gözəl romanlardan birini mütaliə edirəm. Bu, yazının havasına girməyə kömək edir. Hər kəsə məsləhət görürəm. Amma hansısa əsərin təsiri ilə bədii yazı yazdığımı xatırlamıram.


Ədəbi metr, müəllim hesab etdiyiniz yazarlardan danışaq. Bu siyahıda kimlərin adını çəkə bilərsiniz? Kimləri sevə-sevə mütaliə edirsiniz?

Ernest Heminquey:

Mark Tven, Qustav Flobert, Stendal, İvan Turqenev, Lev Tolstoy, Fyodor Dostoyevski, Anton Çexov, Andreu Marvell, Con Don, Gi de Mopassan, Şekspir, Xuan de la Kruz, Qoya, Bax, Van Qoq, Dante, Vircil, Kipling – hamısını sadalamaq istəsəm, bir gün çəkər. Bundan başqa xatırlamağa çalışsam da yaradıcılığıma, yazıçı kimi formalaşmağıma təsir göstərənlərin adını unudaram və müdriklik iddiasına düşmüş kimi görünə bilərəm. Etiraf edim ki, bu köhnə də olsa, sıxıcı sual deyil. Amma daha çox imtahan sualı kimidir, ciddi düşüncə və vicdan tərəzisi lazım olur. Fikir verdinizsə, sadaladıqlarımın arasında rəssamlar, bəstəkarlar var – çünki mən onların yazdıqlarından da yazıçılardan öyrəndiyim qədər çox şey öyrənmişəm. Sual oluna bilər ki, necə? Yazıçı rəssamdan nə öyrənə bilər? Bu sualın da cavabını izah etmək ayrıca bir gün tələb edir. Amma hər ədibin mükəmməl ədəbi nümunə yaratmaq üçün bəstəkar və rəssamdan öyrənməli olduğu şeylərin çoxluğuna əminəm.

Etimad Başkeçid:

Daniel Defo, Servantes, Cek London, Latın Amerikasından olan müəlliflər.


Yazıçı üçün əlində olan iş haqqında danışmaq, müzakirə aparmaq təhlükəlidir, əgər çox istəsə, öz-özünə danışa bilər. Niyə belə olmalıdır? Soruşmaq istədiyim məsələni konkretləşdirim ki, bir çox yazarlar – əsərlərini oxucularla müzakirə edərək, ya da belə deyim onlar üzərində sınayaraq cilalayıb.

Ernest Heminquey:

İnanmıram ki, Tven haçansa “Hakleberi Fin”i dinləyicilərə danışaraq sınasın, onların fikrini öyrənmək istəsin. Əmin olun ki, əgər bunu eləsə, o qədər fərqli insanın hamısını nəzərə alsa, dinləyənlər həmin əsərin ən yaxşı hissələrini ixtisara salmalarını tövsiyə edərdilər. Bu görünür, insanların həmin yazıçılar haqqında olan təəssüratlarına istinadən formalaşmış fikirdir. Çünki Oskar Ualydı tanıyanlar onun vaxtının çoxunun danışmaqla keçdiyini deyirdi, ya da elə Stefensin özü danışmağın öhdəsindən daha yaxşı gəldiyini düşünürdü. Amma bu o demək deyil ki, yazdıqlarından danışıblar.

Etimad Başkeçid:

Dəqiq bilirəm ki, hələ tamamlanmamış mətni bir başqasına oxumağa verdinsə, iş uzanacaq, istədiyin şəkli ala bilməyəcəksən. Odur ki, Koroğlunun atları kimi, mətn «qanad» çıxaranacan onu kənar gözdən uzaq tutsan yaxşıdır.


Özünüzü müasirlərinizlə yarış içində hesab edirsinizmi?

Ernest Heminquey:

Qətiyyən. Bir vaxtlar dəyərli və dahi hesab etdiyim yazarlardan daha yaxşı əsərlər yazmağa cəhd edirdim, bütün gücümü buna sərf edirdim. Amma uzun bir müddətdir ki, yalnız və yalnız beynimdəki hekayəni yaza biləcəyim ən mükəmməl formada yazmaqdan başqa hədəfim yoxdur. Bəzən bəxtim gətirir və bacardığımdan da yaxşısını yaza bilirəm.

Etimad Başkeçid:

Yarışma mənlik deyil, bütün mənalarda. Mən bəri başdan hamını “böyük sənətkar” adlandırmağa hazıram. Yarışmasız-filansız.


Yaratdığınız obrazlardan danışaq. Əsərlərinizin qəhrəmanları real həyatdan uzaq bir dünyadan, beyindən götürülüb?

Ernest Heminquey:

Əlbəttə, yox. Bəziləri real həyatdandır. Amma təbii ki, oxuduqca, insanları dinlədikcə, təcrübə artdıqca, daha çox insan tanıdıqca beyində yaranan qəhrəmanlar da olur.

Etimad Başkeçid:

Mənim qəhrəmanlarımın hamısının prototipi var, obrazlarının xarakterinin açılmasına xidmət edən yardımçı obrazlardan başqa. Amma prototipin olması hələ heç nə demək deyil. Onsuz da, insanların hərəsi öz-özlüyündə bir obrazdır. Əsas məsələ odur ki, onları “oyuna gətirə” biləsən. Bu məsələdə mən gördüyünü qoyub, görəcəyinin arxasınca qaçan adamlardan deyiləm. Bəlkə elə buna görədir ki, fantastika janrında yazılmış əsərlərdən zəhləm gedir.


Bizə real həyatdakı insanı hekayə qəhrəmanına çevirdiyiniz mərhələdən danışa bilərsinizmi?

Ernest Heminquey:

Əgər indi bunu izah etsəm, böhtan atan və böhtançıları müdafiə edən vəkillər üçün cib kitabı yazmış olaram.

Etimad Başkeçid:

İstənilən adam, bizim ən yararsız saydığımız insanlar belə hekayə qəhrəmanı ola bilər. Burada vacib olanı odur ki, həmin adamı hansı insan tipinin təmsilçisi kimi qələmə alırsan. Yaxşı əsər insan tiplərindən danışır, pis isə ayrıca götürülmüş insanın başına gələn əhvalatlardan.


Qəhrəmanlarınızın adlandırılması necə olur? Onları hekayəni yazdığınız müddətcə ağlınıza gəldikcə adlandırırsınız?

Ernest Heminqey:

Yox, adətən, bütün əsəri bitirdikdən sonra uzun siyahı tərtib edirəm. Həmin siyahıda hardasa yüzə yaxın ad olur. Sonra əsəri yenidən oxuyur və həmin siyahıdan adlar seçirəm, bəzən elə olur ki, hamısını əsərə yerləşdirirəm.

Etimad Başkeçid:

Bunlar konkret tanıdığım adamların adlarıdır. Beynimdə qarışıqlıq yaranmasın deyə yazdığım müddətdə bu adlardan istifadə edirəm. Yazıb qurtarandan sonra bu adları dəyişdirə bilərəm.

Yazmadığınız zamanlarda yəqin ki, müşahidə edirsiniz, ətrafınızda yazacağınız mətnə uyğun xarakterlər axtarırsınız.

Ernest Heminqey:

Əlbəttə. Əgər yazıçı müşahidə etmirsə, o deməli, tükənib, bitib. Amma bir məsələ var ki, “yazıçı kimdənsə istifadə etmək məqsədi ilə müşahidə aparmalıdır” fikri ilə razı deyiləm. Ola bilər ki, bu yeni başlayan yazıçı üçün doğru olsun. Amma sonrakı mərhələdə müşahidə ehtiyat yaradır, yəni yazıçının müşahidə edərək topladıqları onun gördüklərindən, eşitdiklərindən, bildiklərindən ibarət xəzinə olur. Bəlkə də bu gün müşahidə edərkən gördüyü bir şeyi o heç vaxt istifadə etməyəcək, amma bu onun ehtiyatında olur. Bu prosesi həmişə aysberqə bənzədirəm. Aysberqin suyun üzündə görünən hissəsinin 7-8 qatı qədəri suyun altında olur. Yazarın müşahidə edərək topladıqları da aysberqin görünməyən hissəsidir.

Etimad Başkeçid:

İndi xarakter axtarmaq zamanı deyil. Mütləq xarakter yaratmaq ənənəsi əski zamanlarda qaldı. Odur ki, hər oxuduğun əsərdə Cahandar ağa obrazı axtarmağa dəyməz. Özünüz baxın, Koelyoda, Züskinddə, Pamukda və ya Xalid Hüseyninin əsərlərində hansı xarakterlər var? İndiki zamanda insanların düşdüyü situasiyalar və bu situasiyalara verilən reaksiyalar önəmlidir.

Zəruri qeyd: E.Heminqeyin bu müsahibəsi “Kaspi” qəzetində Elcan Salmanqızının tərcüməsində dərc edilib. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.


Hazırladı: FƏRİD HÜSEYN

# 2749 dəfə oxunub

Müəllifin son yazıları

# # #