Müəllimlik seçim yox, məcburiyyətdir - Faiq Xudanlı

Müəllimlik seçim yox, məcburiyyətdir - Faiq Xudanlı
5 oktyabr 2023
# 16:40

Kulis.az Faiq Xudanlının "Müəllim" yazısını təqdim edir.

Yenidən başdan başlamalı, 25 il əvvələ qayıtmalı oluram. Ali məktəbə yeni daxil olmuşam. Nə təhsili, nə də həyatı tam dərk edirəm. Eləcə tələbəyəm. Sözün düzü, mən yaşımdan bir az da gec böyümüşəm. Yəni psixoloji yaşımın fizioloji yaşımdan bir xeyli kiçik olduğunu düşünürəm. Müəllimlərimlə bir qədər fərqli münasibətim var idi, açığı çox zaman onları anlamırdım. Əksəriyyətini heç qəbul da etmirdim. Ölkənin ən mühüm universitetinin müəllimlərini böyük günahkarlar ordusu olduğunu düşünürdüm. Bəlkə də elədir. Bəlkə də... Qaçqın düşdüyümüz üçün içimdə onları asıb kəsirdim. İlk vaxtlar müəllimlərimi xoşlamasam da, çox çalışırdım. Bircə mühazirəni yazmaqda çətinlik çəkirdim. Tez-tez yaza bilmirdim, arada cümlələri, fikirləri buraxırdım, ya da öz bildiyim kimi qeyd aparırdım. Dəftər mənim, qələm mənim, özüm bilərəm nə yazaram. Zarafat eləmirəm, elə düşünürdüm. Kitab verin kitabdan oxuyaq da. Niyə bu zülmü çəkməliyik axı? Hətta müəllimlərimizi ittiham da edirdim ki, kitab yazıb verin, onu oxuyaq. Onlar da elə bir uzun siyahı verirdilər ki, ilin axırına kimi heç o kitabları tapmaq mümkün olmurdu, nəinki oxumaq. Əksəriyyəti də mənim bilmədiyim və nifrət etdiyim rus dilində...

Mütaliə etməyi xoşlayırdım, nə edim ki, ancaq Azərbaycan dilində oxuya bilirdim. Əlimə nə kitab düşsə, nəzərdən keçirərdim, bu minvalla rus dilini də məcburən birtəhər öyrəndim. Qrup yoldaşlarımın məndən üstün tərəfləri çox idi. Bəziləri rus dilini yaxşı bilir, bəzilərinin isə təhsili açıq-aşkar məndən yüksək idi. Özüm bilirdim ki, zəifəm. Güclü tərəfim onlardan çox oxumağım olsa da, bu mütaliə sistemsiz idi. Yəni nə barədə daha çox bilgiyə sahib olduğumdan xəbərsizdim.

Beləcə müəllimlərimi yavaş-yavaş tanıdım. Cəmil Əhmədlini tanıyırsınız? 1998-ci ilə qədər mən də tanımırdım. Cəmil müəllim zamanla mənim üçün oxuduqca bitməyən canlı kitab oldu. Əvvəlcə nə danışdığını heç anlamırdım. Bir anlayışdan başqa anlayışın izahına keçir, sonra kəndə gedir, arılarla qayıdırdı. Elə bil biologiya, zoologiya, coğrafiya, rəsmxət dərsi keçirik. Beynim error verəndə bir sual verir və beləcə dərs bitirdi. Mənasız sualıma elə məna qatıb geri qaytarırdı ki, təslim olmaqdan başqa çarəm qalmırdı.

Düz gözlərimin içinə baxıb danışırdı. Hər halda mənə elə gəlirdi. Qəribə əl hərəkətləri var idi, əsəbdən idi yəqin. Elə düşünürdüm. Hətta bir dəfə onu da soruşdum. Dedi, ürəyimdə hansısa melodiyaları ifa edirəm, elə belə də dedi.

Sonralar Cəmil müəllimin dərsində qəribə melodiyaları hiss etməyə başladım. Fəlsəfə təhsili almısınız, qəribəlikləriniz olmalıdır deyə düşünürsünüz yəqin. Cəmil müəllimi tanıyanlar və duyanlar o melodiyanı xatırlayar əlbəttə. Məsələ onda deyil. Məsələ ondadır ki, Cəmil müəllim müəllimliyə elə incəsənət kimi yanaşır, dərsi elə deyirdi. Bütün varlığımla çalışırdım Cəmil müəllimin dərsini yaxşı öyrənim. Ən çox əzab verən Azərbaycan dilində fəlsəfi anlayışların anlaşıqsız olması, fəlsəfəyə aid öz doğma dilimizdə mütaliə etdiyim kitablar mücərrəd, qəliz və anlaşılmaz ifadələrlə zənginliyi idi. Cəmil müəllimdən çəkinirdim düzü, ona bu haqda deyə bilməzdim. Axı Cəmil müəllimin dilimizdə çıxan kitabını tapa bilmirdim. Bu qədər gözəl, aydın danışan müəllimin niyə öz doğma dilində fəlsəfəyə aid kitabı olmasın?!

Birini qoyum, o birindən danışım. Qərbdə ən populyar filosofların, elm adamlarının canlı mühazirələri kitab halında nəşr olunur və bir çox dillərə tərcümə olunaraq satılır. Bu işin təşkili adətən universitet rəhbərliyinin üzərinə düşür, ya da tələbələr təşəbbüs göstərirlər. Və bu, yalnız fəlsəfə müəllimlərinə aid deyil. Məncə, ölkəmizdə bütün elm sahələrində bənzəri problemlər mövcuddur. Bax belə, bizdə bu ənənə təəssüf ki, yoxdur. Varsa da mənim xəbərim yoxdur. Geniş mövzudur, sadəcə yeri gəldi dedim.

Hesab edirəm, zamanla bütün şıltaqlıqlarıma baxmayaraq, Cəmil müəllim məni fəlsəfə dünyasına həbs etdi. Elmi rəhbərim olan Fərman İsmayılov deyərdi ki, fəlsəfə ilə məşğul olmaq üçün xəstələnmək lazımdır. Deyəsən, arada-sırada xəstələndim də, ancaq canımı bu xəstəlikdən tez xilas edə bildim.
Hər il yeni möcüzəvi müəllim gəlirdi və mənim bu xəstəlikdən tam canımı qurtarmağıma imkan vermirdi. Fuad Qasımzadə – fərqli, cəlbedici diksiyası, unikal yaddaşı və sevgisi ilə dünyaya yeni pəncərədən baxmağı öyrətdi bizə və ya baxmaq istəyənə... Daha çox Füzulidən danışardı. Heç vaxt mühazirəni bitirə bilməzdi, yarımçıq saxlayardı. Onda Fuad müəllimin kim olduğunu bilmirdim. İnanmayacaqsınız, ancaq onu Sokrat kimi qəbul edirdim. Əziz Məmmədov rasionalizm və irrasionalizmdən bizə nağıl kimi danışar, mühazirəni mükəmməl redaktə olunmuş formada təqdim edərdi.
Əlqərəz, çox gözəl müəllimlərimiz olub. Bizə ana qayğısı ilə yanaşan Qızılgül xanım Abbasova, vətənə, hər bir tələbəyə sevdalı olan Qəmər xanım Mürşüdlü, irfanı öyrədən Firudin Qurbansoy, Cəlal Zahidi... Hər biri fərqli ladda, fərqli notda, özümüz də fərqində varmadan həm elmi, həm də həyatı öyrədirdi bizə.

Həyata baxışımı, düşüncəmi, bütün varlığımı dəyişən Fərman İsmayılov isə bir başqa məqam idi mənim üçün. Fərman müəllimin aristokrat duruşu, sakit və həzin danışığı insanın içinə su kimi axırdı. O, yalnız müəllim, elmi rəhbər deyildi, həm də dost, sirdaş, mənəvi dayaq idi. Vaxtaşırı danışardıq, dərdləşərdik. Allah nəsib elədi ki, təkcə kitablarını deyil, onun özünü də müəyyən qədər oxumaq qismətim oldu. Burada dayanım mətləbə keçim. Müəllimlərimin hamısını sevirəm. İbtidai sinif müəllimim Surayya müəllimdən həyat müəllimim Fərman müəllimə qədər.
Müəllimə münasibət cəmiyyətin güzgüsüdür. Tələbəlik illərimdən əsl müəllimlərin həm maddi, həm də mənəvi cəhətdən hansı əzablardan keçdiyinin şahidi olmuşam. Burada təsadüfən əsl müəllimlər ifadəsi işlətmirəm, ola bilsin, heç işlətməməliyəm, çünki ya müəllim olur, ya da olmur. Ancaq aydın olsun deyə belə yazmağı uyğun bildim.

Müəllimlik əsasən seçim yox, məcburiyyətdir. Səbəbi bəllidir. İnanmıram ki, bu haqda geniş yazmağa ehtiyac var. Belə olmamalıdır axı. Əgər cənnət anaların ayağı altındadırsa, elm də müəllimlərin ayağı altındadır. Sadəcə əyilmək, müəllimə yox, elmə əyilmək lazımdır, müəllim onu özü götürüb sizə, bizə verəcək.

Bakı Dövlət Universitetində təhsil alarkən tələbələrin təşəbbüsü və bir neçə müəllimin dəstəyi ilə Fəlsəfə Akademiyası formalaşdırılmışdı. Burada müxtəlif mövzularda müzakirə aparır, diskussiyalar açırdıq. Bir sözlə, axtarışda idik. Sonra Səlahəddin Xəlilovla tanış olduq. Səlahəddim müəllimin birbaşa rəhbərliyi ilə fəlsəfi diskussiyalarda iştirak etdik. Bütün tələbələr sanki hücum edir, günahlandırır, günahlandırılırdı. İnsafən haqlı tərəflərimiz çox idi. Bir dəfə uşaqlardan kimsə təxminən belə bir çıxış etdi: Bizdə fəlsəfi ədəbiyyat yoxdur, fəlsəfi əsərlər tərcümə edilmir, elmi-fəlsəfi dilimiz qəliz və anlaşılmazdır və sair. Səlahəddin müəllim təxminən belə cavab verdi: Biz bu reallıqlar çərçivəsində bu qədərini bacardıq, az oxuyursunuz, mən bax buradakı kitabxananı sizə vermişəm, sərbəst istifadə edə bilərsiniz, gələcək sizin əlinizdədir, şübhəsiz həlli müşkül problemlərimiz var, ancaq onları da siz həll etməlisiniz...

Bu məqamda Səlahəddin müəllimin bu sözlərini xatırladım: “Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir”. İndi özüm özümə sual edirəm, bu gün biz hərəkətverici qüvvəni böyüdə, intellektual cəhdləri gücləndirə bilirikmi?! Müəllimlərimizi öz fəaliyyətimizlə dəyərləndirə bilirikmi?! Müəllimlərimizdən etdiyimiz şikayətlərin aradan qaldırılması üçün nə edirik?

İndi biz qalib xalqıq, qalib dövlətik. Ali Baş Komandanın iradəsi, şəhidlərimizin qanı, qazilərimizin əzmi, silahlı qüvvələrimizin hər bir nəfərinin şücaəti, bütövlükdə xalqımızın birliyi sayəsində təsəvvür etdiyimizdən də uca bir qalibiyyət duyğusunu yaşayırıq. Bu gün arzu edirəm ki, müəllimlərimizə verdiyimiz real dəyərlə elmin bütün sahələrində öndə gedən xalq kimi seçilək.

Müəllimlərimi və bütün müəllim adını uca tutan, müqəddəsləşdirən müəllimlərimizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək.

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

# # #