Ən böyük xəyanət – Rəbiqə yazır...

Ən böyük xəyanət – <span style="color:red;">Rəbiqə yazır...
13 sentyabr 2017
# 10:02

Kulis.az Rəbiqə Nazimqızının “Ən böyük xəyanət sənsizliyin özüdür” essesini təqdim edir.

Almalı qəlyanının ətri gəlir aralıdan. Hava soyuyub. Adam azdı. Bir az aralıda tanışlardı. Masalarına dəvət etdilər, getmədim. Özümü görmək istəmirəm, onlar özümü xatırladacaqdılar, başlayacaq bir az ezoterik, bir az ədəbi söhbətlər. O şairin heç vaxt mənasını anlamadığım uzun-uzadı çıxışı.

Yox, tək qalmaq lazımdı. Təm-tək.

- Kimsə gələcək?

- Yox.

- Deməli, 1 çaynik çay, çiyələk mürəbbəsi…

- Yox, bu gün çiyələk istəmirəm. Ağ gilas olsun.

- Başqa nəsə lazımdı?

- Bu stulları götür burdan…

- Bir dənə əlavə stəkan da gətirdim… Lazım deyil? Aparım?

- Fərqi yoxdu.

- Onda qalsın.

“Təəccüblə baxma, nə olar. Sual vermə. Özün də get. Mən də bir az oturub gedəcəm. Bir az anlayışlı ol. Ay sağ ol, bax belə, get başqa müştərilərlə ilgilən”.

Bunu üzümdən oxudu. Ağıllı qarsonları sevirəm. Yox, sevmirəm, onlarla daha rahatdı. İndi heç kəsi sevmirəm. Xüsusən özümü…

Gecə işıqları metal saatıma düşür, parıldayır. Metal parıltısını sevirəm, amma indi ona da baxmaq istəmirəm. Masalara baxıram. Mənim üzbəüz küncdə oturan oğlanın düzgün cizgiləri olan yaraşıqlı sifətinə. Nəyəsə gülür. Bu gülüşdə diqqətimdən yaranan özündənrazılıq da var. Qoy sevinsin.

Nəzərlərimi çevirirəm, nəyə lazımdı bu oyunbazlıq? Özü də indi.

Yadıma 20-24 yaşlarında, tez-tez gördüyüm qəşəng bir oğlanın sifəti düşür. Bu, xəyanət deyil, əzizim. Mənim uşaqlarla uğraşacaq vaxtım deyil. O sifət yalnız bir fikri xatırladır: sənə ən böyük xəyanət sənsizliyin özüdür.

Çay soyuyur. Sakitləşirəm. Telefon zəng çalır. Qızımdı. “Gəlirəm” deyirəm, metal saatımı və gümüşü qolbağımı bağlayıb, ayağa qalxıram. Onlarla mənə rahatdı, yəqin, çoxdan tanış olduğumuz, bir-birimizə vərdiş etdiyimiz üçündü.

Hesabı istəmirəm, gözləməyə səbrim çatmır, kassaya yaxınlaşıram. Ağıllı ofisianta vermək üçün qalıq yoxdu.

Suallarım da yoxdu, tərsinə çevrilmiş bu qarmaqlardan asılmaqdan bezmişəm, mən bu asılqandayam, mən özüm sualam. Müəmmayam, sirrəm və bu mənim xoşuma gəlmir. Sirli olan heç nəyi sevməmişəm, Makedoniyalı İsgəndərə olan böyük sevgimin səbəbini bilirsənmi? Həəə, Qordi düyünü. Qalan hər şey boş şeydi.

Amma İsgəndər düyündən kənarda idi, özü içərisində olsa, qılıncını sıyıra bilməzdi.

Mənim qılıncım da yoxdu, bircə qalxanım var, o da yaman ağırdır, daşımaq olmur.

Gedim, sən də yorulmusan, gedim səni yatırım, yoruldun mənimlə sərgərdan dolaşmaqdan.

# 2970 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər