Müharibə bitdisə axsaq qızın nişanını qaytarmaq olar

Müharibə bitdisə axsaq qızın nişanını qaytarmaq olar
27 fevral 2013
# 08:15

Gəmiciklər

Akiko su ilə dolu vedrəni gülxətmi kolunun yanına qoydu, gavalı ağacının altında bitən kiçikboylu qamışın yarpaqlarından qıraraq onlardan bir neçə gəmicik düzəltdi və vedrədəki suya buraxdı.

- Nə yaxşı! Gəmiciklər! Əla!

Yerə çömbəlib oturan oğlan başını qaldırıb Akikoya mehribancasına gülümsədi.

- Qəşəng gəmilərdir, elə deyilmi? Bax sən ağıllı uşaqsan, ona görə də bacı onları sənin üçün düzəltdi. Burada qal, bir az bacı ilə oyna.

Bunu deyib oğlanın anası evə girdi. Bu qadın həm də Akikonun ərə getməyə hazırlaşdığı oğlanın anası idi.

Yəqin ki, gələcək qayınana Akikonun atası ilə nə isə haqda danışmaq istəyirdi. Bunu anlayan Akiko ayağa qalxdı ki, getsin, lakin bu an uşaq tərslik etməyə başladı. Onda Akiko onu özü ilə bağçaya apardı. Bu uşaq onun adaxlısının ən kiçik qardaşı idi.

Uşaq kiçicik əllərini vedrənin içinə salaraq inadla dalğa yaratmağa çalışırdı.

- Bacı, bu, dəniz döyüşüdür! - o, gəmicikləri vurub yıxaraq sevinclə qışqırırdı.

Akiko bir az ondan aralıda təzəcə yuyulmuş yay kimonolarını sıxıb paltar qurutmaq üçün düzəldilmiş taxtaların üstünə sərirdi.

Müharibə artıq bitmişdi. Amma onun adaxlısı nədənsə gəlib çıxmaq bilmirdi.

- Döyüş gedir! Haydı, savaşın! Cəld olun!

Uşaq lap həvəslənib durmadan əl-qol atır, suyu ətrafa sıçradırdı. Onun üzü tamam yaş olmuşdu.

- Belə olmaz axı! - Akiko onu dayandırdı. - Üz-gözünü islatmısan.

- Görmürsən, onlar üzmür? – oğlan şikayətləndi. Gəmiciklər, həqiqətən də üzmürdülər. Onlar sadəcə, suyun üzərində yırğalanırdılar.

- Haqlısan. Gəl belə edək. Gedək çaya, orada üzərlər.

Oğlan gəmicikləri götürdü. Akiko vedrənin suyunu gülxətmi kolunun dibinə boşaltdı, sonra vedrəni aparıb mətbəxə qoydu.

Onlar ensiz çaydan keçmək üçün düzülmüş daş parçalarının üstündə oturdular və Akiko gəmicikləri bir-bir axınla üzüaşağı buraxdı. Oğlan sevincindən əl çalmağa başladı.

- Urra! Urra! Mənimki irəlidədir!

O, digərlərini ötüb keçmiş gəmiciyini gözdən itirməsin deyə çayın kənarı ilə axın boyunca qaçmağa başladı. Akiko əlindəki gəmilərin hamısını suya necə gəldi atıb uşağın arxasınca götürüldü. Lakin elə o andaca xəstə ayağını xatırlayıb addımlarını yavaşıtdı və ehtiyatla yeriməyə başladı.

Uşaqlıqda keçirdiyi yüngül iflicdən sonra o, dabanını yerə basa bilmirdi. Dabanı çox kiçilmiş və yumşalmış, sol ayağının pəncəsinin üst hissəsi isə həddindən artıq dik olmuşdu. Akiko ip üstündən atlanmağı bacarmır, uzaq gəzintilərə çıxa bilmirdi. O, bütün həyatını sakitlik və tənhalıqda yaşamağa hazırlaşırdı. Amma ona gözlənilmədən elçi gəldilər. O, öz-özünü inandıra bildi ki, iradəsinin gücü ilə öz fiziki natamamlığını aradan qaldıra bilər. Dabanını yerə basa bilsin deyə ciddi şəkildə əvvəllər heç vaxt etmədiyi qədər xüsusi fiziki tapşırıqlar yerinə yetirməyə başladı. Ayaqqabılarının bağları ayağını sürtsələr də Akiko öz inadından dönmürdü. Lakin müharibə bitdikdən sonra o, buna son qoydu. Bağın ayaqda sürtüb döydüyü yer yanıq izinə oxşayırdı.

Oğlan onun adaxlısının qardaşı idi və Akiko axsaqlığını ört-basdır etməkdən ötrü dabanının üstünə basa-basa gedirdi. Çoxdandır ki, belə gəzmirdi.

Ensiz çay, ona bulaq demək daha düzgün olardı, düz evlərinin arxa tərəfindən axırdı. Çayın kənarında gur bitən kollar suyun üzərinə qədər əyilmişdi. Gəmiciklərdən bir neçəsi kollara ilişmişdi.

Ondan təxminən iyirmi metr aralı dayanıb gözləri ilə gəmicikləri yola salan oğlan Akikonun yaxınlaşdığını heç görmədi də. Onun başı gəmiləri seyr etməyə elə qarışmışdı ki, o, Akikonun axsamağına heç fikir vermədi. Profildən baxdıqda uşaq Akikoya böyük qardaşını elə xatırlatdı ki, qız az qaldı onu qucaqlayıb bağrına bassın.

Elə bu an oğlanın anası onlara yaxınlaşdı. O, Akikoya minnətdarlıq edib uşağı özü ilə apardı.

- Hələlik! – uşaq qayğısız şəkildə sağollaşdı.

Ya adaxlım müharibədə həlak olub, ya da onlar nikah müqaviləsini ləğv etməyə qərar veriblər, – Akiko özlüyündə düşündü. – Axsaq qıza elçi düşmək fikri, yəqin ki, müharibə illərində yaşayan insanlara məxsus olan sentimentallıqdan irəli gəlirmiş.

Akiko evə dönmək əvəzinə, yaxınlıqda inşa edilən yeni binaya baxmağa getdi. Buralarda hələ belə hündür bina olmamışdı, ona görə də o həmişə yoldan ötüb keçənlərin diqqətini cəlb edirdi. Müharibə vaxtı tikinti saxlanmış və taxta-şalbanın yığıldığı meydançanı kol-kos basmışdı. Amma indi işlər yenidən bərpa olunmuş və darvazanın ağzında gövdəsi qəribə şəkildə əyilmiş iki şam ağacı əkilmişdi.

Akikoya bu bina sanballı və sərt görünürdü. Amma pəncərələrinin həddindən ziyadə çoxluğu elə təəssürat yaradırdı ki, sanki bina tamamilə şüşədəndir, bu isə onun görünüşünə soyuqluq və rahatsızlıq gətirirdi.

Qonşular arasında buraya necə adamların köçüb gələcəyi barədə cürbəcür söz-söhbət gəzirdi, amma heç kəs dəqiq bir şey bilmirdi.

# 3111 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər