Bu gün rus əsilli ABŞ yazıçısı Vladimir Nabokovun məşhur "Lolita" romanının nəşr olunduğu gündür.
Kulis.az Erdinç Akkoyunlıunun "Lolita"nı niyə oxumalısınız?" yazısını təqdim edir.
Kim sizə əsl ədəbiyyatın bu qədər cəsur, ürəkli və əxlaqlı olduğunu söylədi ki? Burada insanın ağlından deyil, ruhunun belə bələd olmadığı qaranlıq düşüncələrdə yuyunub çirklənmədən ötüb keçmək və keyfiyyətli bir mətn yazmaq mümkün deyil…
Öz işini ən mükəmməl şəkildə görən, lakin təvazökarlıq qapısından baş əyib keçməyi rədd edərək, hər kəsin onu görə biləcəyi ən yüksək zirvəyə heç kimin gözünün yaşına baxmadan dırmaşanlar, tarixin adını ən qalın şriftlərlə yazdığı şəxslər sırasında yer alır. Bu, belədir. Hara baxsanız baxın, bu dövran dəyişmir. Mövzu ədəbiyyat olanda bu tərifə ən çox kim uyğun gəlir desəniz, zərgər dəqiqliyi ilə bu titulun ancaq Vladimir Nabokova yaraşdığını söyləyərəm. Sualınıza "nə üçün" kəlməsini əlavə etsəniz, sizə "Lolita" cavabını verərəm. Lakin bu cavab, mövzunu açıb dərininə enməsək, yanlış anlaşılmaları da özü ilə gətirər ki, ondan sonra gəl durub izah et…
Nabokovun "Lolita" adlı bu modern romanı, iyirminci əsr dünya yazısında ədəbiyyata yeni sərhədlər qazandıran bir meydan müharibəsinin adı sayılmalıdır. Onsuz da dünya ədəbiyyatına qiymət verən bütün səriştəli akademiklər və tənqidçilər eyni fikirdə birləşirlər: "Lolita", iyirminci əsrin və bütövlükdə dünya ədəbiyyatının ən əlçatmaz, ən mühüm və ən qeyri-adi mətnlərindən biridir. Bəs necə?
İstər hüquqi, istər əxlaqi baxış olsun
Bu sualın açıq və aydın bir cavabı yoxdur. Çünki əsas mövzusu yetkin bir kişinin yeniyetməlik çağındakı azyaşlı qıza duyduğu cinsi meyil olan bu mətn, istər-istəməz ədəbiyyat ilə əxlaq qaydaları arasında bir ziddiyyət yaratdığından, "Lolita"ya dair fikirlər insanın ədəbi, yoxsa əxlaqi meyarlarla düşündüyünə dair dəqiq məlumat vermir. Ədəbiyyata dair dərin dünyagörüşü olan birinin "Lolita"ya əsaslanaraq və haqsız da sayılmayacaq tərzdə – əxlaq, din və hüquq qaydalarına söykənən bir baxışla dağıdıcı tənqid irəli sürməsi, bu mətni roman saymaması, hətta cinayət kimi qiymətləndirməsi tez-tez rast gəlinən haldır. Digər tərəfdən, həyatını əxlaqçılıq və inandığı İbrahimi dinlər (Yəhudilik, Xristianlıq və İslam) üzərində quran bir insanın, bu dinlərdə açıqca qadağan edildiyi halda, yetkin bir kişinin həddi-büluğa çatmamış bir "qız uşağı" ilə cinsi əlaqəsini mövzu alan mətnə tamamilə ədəbi gözlə yanaşması və onu müdafiə etməsi də mümkündür.
Bəs biz bu gün bu iki cəbhə arasında qalmaq vəziyyətindən söz oyunları ilə yayınaraqmı təhlil aparacağıq? Qətiyyən yox. Çünki "Lolita", mövzusu etibarilə bəşəri həyatın mühüm qayda və doktrinalarına böyük sürətlə çırpılan bir narahatlıq daşısa da, müəllifi Nabokovun belə romanın sonunda mətni nə üçün yazdığına dair qələmə aldığı məcburi məktubunda ifadə edə bilmədiyi şəkildə bir ədəbiyyat hasil etmək cəhdinin məhsuludur. Məhz buna görə də o, sonuna qədər əxlaqi, dini və hüquqi baxış bucağından həm ayrı, həm də onlardan sadəcə mətni tədqiq etməyə yarayacaq qədər qidalanaraq izah olunmalı bir şah əsərdir.
Oxucular bilir ki, mən romanların xülasəsini yazmıram. Çox zəruri hallarda süjet xəttindən bəhs etməyim isə qaydanı pozmur. Bu mətn Nabokovun süjeti ilə Humbert Humbert adlı yaşa dolmuş, Avropa mənşəli amerikalı ədəbiyyat professorunun Lolita adlı bir yeniyetmə ilə yaşadığı, cinsəlliyin də olduğu eşq hekayəsi nəticəsində qızın sevgilisini öldürmə cinayəti ilə mühakimə olunması ilə başlayır. Daha doğrusu, Humbertin bu mühakimədən əvvəl əlindəki mətnlərin, etirafların və sənədlərin, onun məhkəmədən dərhal qabaq infarkt nəticəsində həyatını itirməsindən sonra psixiatr professor Con Rey tərəfindən bir araya gətirilməsindən ibarətdir.
Buna əsasən, Humbert Avropada yaşayan bir uşaq ikən həmyaşıdı Annabelə "aşıq" olur; yeniyetməlik çağlarına qədəm qoyarkən yaşadıqları cinsəllik həmişə yarım qalır və Annabel bir epidemiya səbəbindən həyatını itirincə, Humbert azyaşlı qız uşaqlarına qarşı patoloji aludəçiliyə düçar olur. O, bu qınaq doğuran halını Paris cəmiyyətində fahişələrlə yaşanan, xoş qarşılanan könül əyləncələrində boğmağı vərdişə çevirir. Ta ki, parklarda, məktəb avtobuslarında, çimərlik kabinələrində izlədiyi qız uşaqlarından birinə yaxınlaşıb vicdanına, qanunlara və din qaydalarına görə cəzası ağır olan bir cinayət törətməkdən özünü çəkindirmək üçün Valeriya adlı, zahirən qız uşağından fərqlənməyən fransız qadınla evlənənə qədər. Nə yazıq ki, Valeriyanın bu balaca qız görkəmi dördillik evlilikdə kökəlib sürətlə qocalması ilə itir və ən nəhayət, Amerikaya getmələrinə mane olmaq naminə Humbertə ağqvardiyaçı bir rus taksi sürücüsü ilə xəyanət etməsinə gətirib çıxarır. Azyaşlı qızlarla yaxınlıq etmək fikrini ağlından çıxara bilməyən baş qəhrəman bir anda məzlum kişiyə çevrilir və heç vecinə almasa da, qəlbiqırıq və zədələnmiş qürurla Yeni Dünyaya üz tutur.
Burada ona qalan məhdud mirasla həm ətriyyat ticarəti işinə girir, həm də ədəbi biliyindən bəhrələnmək istəyən məktəbin fransız ədəbiyyatı dərsləri vermək təklifini qəbul edir. Lakin Humbert əvvəlcə düşdüyü dərin böhranlar səbəbindən bir il ruhi xəstəxanada qalır, oradan çıxdıqdan sonra Kanadanın qütb bölgəsinə təhlükəli bir səyahət edir, qayıdışında yenidən ruhi dispanserə yatırılır. İkinci dəfə xəstəxanadan buraxılanda isə evi və pulu olmasına rəğmən, bunun əksinə bir tanışını inandıraraq onun evində qalmaq üçün razılıq alır. Beləliklə, Amerikanın əyalətinə doğru yola çıxır, lakin onu qonaq edəcək şəxsin evi yandığı üçün eyni küçədəki başqa bir evə kirayəçi kimi baxmağa gedir. Ev sahibəsi qadının köhnə dəbli hallarından heç xoşlanmır və geri dönmək qərarına gəldiyi anda, həyatının eşqi on yaşlı Lolitanı görür.
Qızı ilə yaxınlıq etmək üçün anası ilə nikaha girir
Humbert bir ay kimi qısa bir müddətdə Lolitadan bir daha ayrılmamağı düşünərək anası xanım Heyz ilə evlənir. Qadın üçün möhtəşəm, kişi üçün isə sadəcə bir fürsət olan bu evlilik, Heyzin uzaq perspektivli planları arasında Lolitanı internat məktəbinə göndərmək fikrinin ortaya çıxması ilə kabusa çevrilir. Humbert bu hadisədən əvvəl Lolita ilə onun bakirəliyini pozmayacaq şəkildə yaxınlıq etdiyi üçün balaca sevgilisinin də bu fikrə isti yanaşacağı qənaətinə gələrək Heyzi öldürməyi planlaşdırır. Hətta bunu adət halına gətirdikləri göl kənarındakı gəzintidə sınamaq istəyir, lakin azyaşlı qızlarla sevişməyi qəbul edən ürəyi, bir qadını qətlə yetirməyə tab gətirmir. Humbertin bu düşüncələrinin qeyd olunduğu gündəliyini oxuyan Heyz, idarə etdiyi avtomobillə qəzaya düşüb həyatını itirincə, Humbert aşiq olduğu Lolitanın rəsmi qəyyumu halına gəlir.
Lolitanı qaldığı yay düşərgəsindən götürən Humbert, qızla birlikdə motellərdə qalır. Ona anasının peritonit xəstəliyinə tutulduğunu deyir və qəzanı gizlədir. Bu arada qızla ilk cinsi təcrübəsini yaşamağa başlayır. Digər tərəfdən, Lolitanın yay düşərgəsində naşı, lakin məsumiyyətinə xələl gətirəcək tərzdə bəzi cinsi təcrübələr qazanması Humberti daxildən yeyib-bitirir. Eyni zamanda Humbert Amerika motellərində qarşısına çıxan heç kimi Lolitanın atası olduğuna inandıra bilmir və bunun sıxıntısını çəkir. O biri tərəfdən isə Lolita bir tərəfdən aramsız olaraq anasını soruşur, digər tərəfdən Humberti seks və uşaqcasına istəkləri — konfet almaq, ventilyatoru işlətmək üçün pul atmaq kimi tələbləri ilə barmağında oynatmağa başlayır.
Anasının ölümünü öyrənənə qədər və sonrasında bir müddət daha Amerikanı başdan-başa dolaşaraq hotellərdə yaşanan bol davalı, küsüşməli və cinsi doyumla uzanan səyahətin ardından Lolita qeybə çəkilir. Uzun gözləyişlərin və axtarışların sonunda, getdiyi yay düşərgəsində tanış olduğu Dik adlı dramaturqla münasibəti olduğu və ondan körpə gözlədiyi üzə çıxır. Xəyalları alt-üst olan Humbert yenə bir çox tərəddüdlərin ardından Lolitaya çatır, lakin qarşısındakı məsumiyyətini ona bəxş edən uşaq deyil; dəyişən, böyüyən və get-gedə anasının surətinə çevrilən gənc bir qadındır. Nəhayətdə Humbert keçirdiyi əsəb böhranlarının da təsiri ilə Diki qətlə yetirir və mühakimə olunmaq üçün bir kameraya salınır. Orada bu romanı təşkil edən etiraflarını yazır və məhkəməni görə bilməyəcəyi kəhanətini irəli sürür. Dediyi kimi də olur: hakimin qarşısına çıxmağa üç gün qalmış vəfat edir.
Oxucular ilk andan hücum etməsin deyə...
Bu uzun xülasəni yazmaqda məqsədim, Nabokovun "Lolita"nı necə qurduğu barədə romanı oxumayanların da ən az mənim qədər məlumatlı olmasını təmin etmək idi. Nabokov romanı yazdığı 1950-ci illərin ilk yarısındakı ən müasir texnikanı tətbiq edərək, birinci şəxsin dilindən nəql ilə həmin dövrün əxlaqi strukturu səbəbindən yazılması xeyli çətin, hətta bir tabu olan mövzuya — uşağa duyulan eşq və cinsi ehtirasa dair mətni məhkəmə səhnəsi ilə başladır. Bir tərəfdən Kafkanın "Məhkəmə" əsərinə göndərmə xarakteri daşıyan bu üsul, Nabokov tərəfindən ona qarşı yönələcəyini bildiyi reaksiyaları səngitmək gedişi sayılır. O illərdə dünya təzəcə böyük bir müharibədən çıxmış, insanlar yenicə rahat nəfəs almağa başlamışdı. Ədəbiyyat da hələlik kinematoqrafiyanın texniki imkanlar çatışmazlığı ucbatından başlada bilmədiyi modern cərəyanı yaratmaq axtarışında idi.
Lakin Nabokov kimi rus mühaciri olan bir Amerika vətəndaşının, üstəlik artıq rusca deyil, ingiliscə və bu dilin bütün imkanlarından ana dili ingiliscə olan yazıçılardan daha təsirli şəkildə istifadə edərək, xüsusilə Amerikada cərəyan edən və azyaşlı qız uşağı ilə yaşanan erotik hekayətləri ehtiva edən mətni ərsəyə gətirməsi zənn edildiyi qədər asan məsələ deyildi. Bunu anlayan Nabokov, romanı əxlaqın, dinin və hüququn dəyərlərini nəzərə alaraq bir mühakimə səhnəsi ilə açıb, törədilən hər cür mənfi davranışın gec-tez cəzasını tapacağı qayəsi ilə romana qarşı yaranacaq reaksiyaları lap əvvəldən səngitməyin planlarını qurmuş və bunda da uğur qazanmışdı.
Roman bir məhkəmə istintaqının qeydlərindən ibarətdir, lakin mətndə irəlilədikcə Humbertinmi mühakimə olunduğu, yoxsa Humbertinmi başda Avropa hüququ ilə əxlaqı, sonra da Yeni Dünyanın - yəni Amerika əxlaqçılığını sorğu-sual etdiyi bir-birinə qarışır. Əsərdə Roma hüququndan başlayaraq həm Avropa, həm də Amerika sivilizasiyasını quran ortaq dəyərlərdə azyaşlı qız uşaqları ilə qanuni nikahların bağlana bildiyinə dair bol miqdarda məlumata yer verilməsi bunun bir sübutudur. Digər tərəfdən, Humbertin bir insanın gözünə baxanda onun niyyətini anlamaq xüsusiyyətinə malik amerikalılar tərəfindən yanındakı şıltaq və laqeyd qızın öz övladı deyil, azyaşlı bir fahişə olduğuna dair mülahizələr yürütməsi, Humbertin pulunu ödədiyi müddətcə qaldığı hotellərdə bu düşüncəyə sahib şəxslər tərəfindən azğın kimi tanınmasına baxmayaraq heç bir problemlə qarşılaşmaması da bunun bariz nümunəsidir.
Qeyd etmək lazımdır ki, Nabokovun Avropa və Amerika əxlaqçılığını balaca qızlarla yaxınlıq etmək xatirinə qızıldan dağlara sahib olsa belə verməyə hazır olan Humbert vasitəsilə təsvir etməsi, o dövrə qədər edilmiş ən sərt sivilizasiya tənqidlərinin başında gəlir. Və bu silkələnmənin bu günə qədər də şiddətindən heç nə itirmədən davam etdiyini deməmək Nabokovun haqqını tapdalamaq olardı.
"Lolita"nın digər bir məziyyəti də roman sənətində adinin deyil, edilməmiş olanın ardınca getməyə yönəlmiş cəhdidir, şübhəsiz. Nabokov romanın sonunda gələcək tənqidləri bir qədər yumşaltmaq naminə mətni nə üçün yazdığı barədə dəqiq bir fikri olmadığını, bunu sığındığı Amerika cəmiyyətini alçaltmaq və ya Avropa sivilizasiyasını qaralamaq xatirinə etmədiyini dilə gətirərkən söz oyunlarına əl atsa da, həqiqəti gizlətmək niyyətində deyildi. Ədəbiyyatda sizə obrazlar, süjet xətti və xarakterlər ilham verə bilər. Hətta buna böyük nisbətdə yaşadığınız mühit və həyat material hasil edər. Bəzən yazıçıların mətn yaratmağa proqramlaşmış zəkası, onlara heç bir səbəb və əsas irəli sürmədən və ya buna girişməyin yazmağın qarşısını kəsəcəyinə dair bir təhlükə duyarsa, müəllifə "Bu mətni yaz" əmrini verir. Beləliklə, qaranlıq bir dənizdə kompassız, səmtini təyin etmədən yol alarsınız.
Nabokovun "Lolita"da etdiyi o bütün - mətni maraqlı etmək üçün balaca qız uşağı ilə cinsi münasibət ardınca qaçan xarakteri yaratması, Avropa əxlaqçılığını, Amerikanın maddiyyatçılığını və iki sivilizasiyanın dəyər və hüquqi mühakiməsini ələ aldığı bütün o ədəbi oyunlara rəğmən, həqiqətən də Nabokov "Lolita"nı nə üçün yazdığına dair bircə tutarlı izahat belə verə bilmədi. Qiyamət qopacağı günə qədər yaşasaydı da verə bilməzdi. Çünki hər nə qədər özünü rus, Avropa və Amerika ədəbiyyatının ən yaxşısı, ən müdriki və ən zəhmətkeşi hesab etsə, Dostoyevskiyə ədavət bəsləyəcək qədər ədəbiyyat biliyinə arxalansa və doğrudan da ruscadan ingiliscəyə keçiddə ədəbi dəyərini nəinki itirməyən, qat-qat artıran mətnlər qura biləcək zəkaya malik olsa da, "Lolita"nı nə üçün yazdığını izah edə bilməzdi.
İzah edə bilməzdi, çünki bütün böyük yazıçılar ömürləri boyu ən azı bir dəfə bunu nə üçün etdiklərinə dair heç bir izahatı olmadan bir əsər qələmə almışlar. Bütün günü, hətta yuxuda belə süjet üzərində çalışan və dahi səviyyəsinə malik bir beyin, yazıçının yaradıcılığında ancaq mətnin ab-havasının, obrazların və daxili meyillərin bir araya gələrək açıqlaya biləcəyi və heç bir ədəbiyyatşünasa bu mövzuda bəhanə yeri qoymayan bir roman ərsəyə gətirə bilər. Nabokov da ağlına "Lolita"nı yazmaq fikri gələndə balaca qızla yetkin kişinin erotik macəralarının cəmiyyəti lərzəyə gətirəcəyinin şübhəsiz, fərqində idi; lakin bu cür təhlükəli, mürəkkəb və anlaşılması çətin bir mətni nə üçün yazdığına dair ən kiçik bir izahatı qaneedici şəkildə verə bilmədi. Vurğuladığımız kimi, bir insanın o işi görməyə köklənmiş beyni - xüsusən mövzu burada ədəbiyyatdırsa, dərin qatları zəngin, çoxsaylı mənaları ehtiva edən və bir-birinə hörülmüş fəsillərdən ibarət mətnin inşa prosesini həmin bədənin və mənliyin sahibinə belə cavab vermədən ortaya qoya bilər.
Bax, "Lolita" bir yazıçının ədəbiyyat haqqında düşünməsinin, bir çox janr və üsluba bələd olmasının, modern ədəbiyyat formalaşdırmaq səyinin, təslim olmamasının və tənqidlərdən qorxmamasının və daha neçə-neçə xüsusiyyətlərinin məcmusundan yaranmışdır.
Keyfiyyətli bir mətn yaza bilmək üçün
Bəs siz "Lolita"nı nə üçün oxumalısınız? Kinematoqrafiyanın qısa müddətdə mənimsədiyi və bir neçə versiyasının ekranlaşdırıldığı bu mətnin ana ideyasını izləməkmi daha önəmlidir, yoxsa oxumaq? Nabokov bir ədəbiyyat müəllimi, daha dəbdəbəli ifadə ilə professoru idi. İşi ədəbiyyatı öyrətmək idi. Lakin doğrudanmı, ədəbiyyat dərslərdə tələbələrə öyrədilə bilər? Şəxsən mən bu fikirdə deyiləm. Lakin "böyük öyrədici yazıçılar" kəlməsinin müəllifi kimi Nabokovun "Lolita" ilə modern ədəbiyyat və yeni roman cərəyanında mövzu-üslub bütövlüyü baxımından bu mətni yazmamış ola biləcəyinə də inanmıram.
Xülasə, əgər ədəbiyyatın şirin və zərərsiz təhlükəsizlik zonasından çıxıb çətin, qəliz və əsl sınaq meydanı olan üslub və mövzu sahəsinə addım atmaq istəyirsinizsə, istər oxucu olun, istərsə də yazıçı - etməli olduğunuz ilk iş, stulunuzu pəncərənin önünə çəkib Humbert ilə Lolitanın keçirdiyi bir gecəni Nabokovun gözündən izləməkdən ibarətdir.
Kim sizə əsl ədəbiyyatın bu qədər cəsur, ürəkli və əxlaqlı olduğunu söyləyib ki? Burada insanın ağlından deyil, ruhunun belə bələd olmadığı qaranlıq düşüncələrdə yuyunub çirklənmədən ötüb keçmək və keyfiyyətli bir mətn yazmaq mümkün deyil…
Tərcümə etdi: Aydan Ağayeva